Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-83/2025 13.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “öhdəliyin icrası, iradə ifadəsinin təfsiri” ) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X8, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 Məhəmməd oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, iddia tələbi üzrə Cavabdeh ilə aralarında bağlanmış Bakı şəhəri, 41 saylı notariat kontorunda 3M-268 Reyestr nömrəsi ilə qeydə alınaraq notariat qaydada təsdiq edilmiş müqaviləyə əsasən cavabdehə sökülməsi üçün təhvil verdiyi xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 201 nömrəli evin, birinci mərtəbəsində yerləşən 12 nömrəli mənzilinin ½ hissəsinin əvəzində onun həmin ərazidə inşa etdiyi binanın S.Rəhimov küçəsi istiqamətində olan hissənin birinci mərtəbəsində yerləşən 50 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdehdən alınaraq ona verilməsinə və qeyriyaşayış sahəsinin ona təhvil verilən tarixədək hər ayı üçün 400 (dörd yüz) manat olmaqla yığılmış kirayə haqqı borcunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hal-hazıradək kirayə haqqını vermədiyindən kirayə haqqını artmış vəziyyətdə 1500 manat məbləğində hesablanmaqla ödənilməsini xahiş etmişdir.
3. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 Məhəmməd oğlu xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə (dəyişdirilməsinə dair) dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı cavabdeh "xxxx" MTK-dan Bakı şəhəri, 41 saylı notariat kontorunda 3M-268 Reyestr nömrəsi ilə qeydə alınaraq notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən cavabdehə sökülməsi üçün təhvil verdiyi xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 201 nömrəli evin, birinci mərtəbəsində yerləşən, S.Rəhimov küçəsi istiqamətində, "Nikola Tesla" parkına qiriş qapısı birbaşa açılan 12 nömrəli mənzilin ½ hissəsinin əvəzində cavabdehin həmin ərazidə inşa etdiyi binanın birinci mərtəbəsində, S.Rəhimov küçəsi istiqamətində, "Nikola Tesla" Parkına qiriş qapısı birbaşa açılan hissəsindən 50 kv.m sahəsi olan qeyriyaşayış sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair və cavabdehdən xx.xx.2023-cü il tarixdən ödəmədiyi kirayə haqqı, hər ay üçün 1500 (min beş yüz) manat olmaq şərti ilə hesablanaraq, ondan alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 201 nömrəli evin 12 nömrəli mənzilinin ½ hissəsi onun xüsusi mülkiyyətindədir və bu haqda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ona seriya RX ******* №-li çıxarış verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı Qərarının və Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 263 və 264 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Nəsimi Rayonu, Azadlıq prospekti, Ş.Əzizbəyov, M.Qaşqay və S.Rəhimov küçələrində yerləşən yaşayış binalarının söküntüsü və bu sahədə yeni yaşayış binalarının tikintisi öhdəliyinin həyata keçirilməsinə dair Nəsimi Rayon İcra Hakimiyyəti ilə "xxxx"Mənzil Tikinti Kooperativi arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Onun xüsusi mülkiyyətində olan mənzil də qeyd olunan ərazidə yerləşməsini nəzərə alaraq xx.xx.2019cu il tarixdə iddia tələbləri üzrə cavabdeh -"xxxx" Mənzil Tikinti Kooperativi ilə aralarında müqavilə bağlanmışdır. Həmin müqavilə Bakı şəhəri, 41 saylı notariat kontorunda 3M-268 reyestr nömrəsi ilə qeydə alınaraq notarial qaydada təsdiq edilmişdir. Müqavilənin şərtlərinə görə o özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 201 nömrəli evin, birinci mərtəbəsində yerləşən 12 nömrəli mənzilinin ½ hissəsini cavabdehə sökülməsi üçün təhvil verir, əvəzində isə cavabdeh həmin ərazidə inşa edəcək binanın inşası yekunlaşdıqdan sonra S.Rəhimov küçəsi istiqamətində olan hissənin birinci mərtəbəsində yerləşən 50 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini ona verir. Əlavə olaraq sahə söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq hər ay üçün 400 (dörd yüz) manat məbləğində kirayə haqqı əvvəlcədən ilk ödəniş gününə istinad etməklə 3 ayda bir dəfə olmaqla, yeni inşa edilmiş sahə ona təhvil verilənə qədər ödəməsini cavabdeh öhdəsinə götürür. Həmçinin müqavilənin 2.2.1. bəndinə əsasən cavabdeh yeni tikiləcək yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində yekunlaşdıraraq müqavilə şərtlərinə əsasən sahəni ona təhvil verməsini öz öhdəsinə götürmüşdür. Lakin müqavilə bağlandıqdan 5 (beş) ilə yaxın müddət keçməsinə baxmayaraq Cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, bu günə kimi müqavilə şərtlərinə əsasən qeyri-yaşavış sahəsi ona təhvil verilməmişdir, kirayə haqları isə 6 aydır ki, ödənilmir. Binanın inşasının yekunlaşmasını nəzərə alaraq dəfələrlə "xxxx"Mənzil Tikinti Kooperativinə şifahi müraciətlərinə baxmayaraq qeyri-yaşayış sahəsi onlara təhvil verilməmiş, kirayə haqqı ödənilməmişdir. Binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin bir qisminin fəaliyyət belə göstərdiyi, digər hissəsinin isə icarəyə verildiyi haqda giriş qapılarına və vitrinlərinə vurulmuş elanların olmasına baxmayaraq cavabdeh müqavilə öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Yuxanda qeyd olunanları nəzərə alaraq müqavilənin 4.2 bəndini əsas tutaraq tərəfindən məsələni danışıq yolu ilə həll etmək üçün cavabdehə xx.xx.2023-cü il tarixdə rəsmi məktub göndərilmiş, lakin məktuba cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir.
5. İddia tələbinin dəqiqləşdirilməsinə dair (dəyişdirilməsinə dair) ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin bu günədək yeni inşa edilən binanın S.Rəhimov küçəsi istiqamətində olan hissəsinin birinci mərtəbəsindən 50 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini iddiaçıya 24 ay ərzində təhvil verməli olduğu halda, beş ildən artıq müddətdir ki təhvil verməməsini, icarə haqqı qismində hər ay üçün ödənilməli olan vəsaiti 14 (on dörd) ay ödəməməsini və icarə haqlarının müqavilə bağlanılan 2019-cu ildən sonra dəfələrlə artmasını nəzərə alaraq hesab edir ki, cavabdeh kirayə haqqı borcunu bu gün üçün həmin ərazidə mövcud olan bazar qiymətinə uyğun ödəməlidir. Həmçinin xx.xx.2024 -cü il, saat 11:05 tarixə təyin olunmuş məhkəmənin hazırlıq iclasının keçirilməməsi və həmin tarixdə saat 11:20-də keçirilmiş baxış iclasında, cavabdeh müqavilə öhdəliklərinə uyğun iddiaçıya məxsus olmuş, Süleyman Rəhimov küçəsində yerləşən 201 nömrəli evin birinci mərtəbəsində yerləşən, qapısının birbaşa S.Rəhimov küçəsi istiqamətində yerləşən "Nikola Tesla" Parkına açılan sahəsinin əvəzində binanın sayca üçüncü mərtəbəsində Azadlıq prospekti istiqamətinə baxan hissədən sahə verə biləcəyi məlum olmuşdur. Dəqiqləşdirmək istəyir ki, iddiaçının cavabdehə təhvil verdiyi sahənin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 201 nömrəli evin birinci mərtəbəsində yerləşməsini, qapısının bir başa S.Rəhimov küçəsi istiqamətində yerləşən "Nikola Tesla" Parkına açılmasını nəzərə alaraq, cavabdeh öz müqavilə öhdəliklərini yerinə yetirərək inşa etdiyi binanın birinci mərtəbəsində, S.Rəhimov küçəsi istiqamətində yerləşən, giriş qapısı bir başa X22 açılan hissəsindən 50 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməlidir. Belə ki, müqavilədə qeyd olunduğu kimi yeni yaşayış binasının inşasını cavabdeh, həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarının icrasını təmin etmək məqsədilə inşa etmişdir. Həmin qərarda qeyd edilmiş, qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi əsas götürülmüsdür. Lakin cavabdeh iddiaçının şəraitinin yaxşılaşdırmaq əvəzinə iddiaçının təhvil verdiyi sahəyə uyğun olmayan, bazar dəyəri təqribən üç dəfə az olan sahəni iddiaçıya təklif edir. Müqavilə bağlanan zaman cavabdeh yeni inşa ediləcək binanın layihəsini göstərməmiş, şifahi olaraq bildirmişdir ki binanın bir mərtəbəsinin qeyri-yaşayış sahəsi olması nəzərdə tutulmuşdur və bizə verilən bukletlərdə də bu öz əksini tapmışdır. Həmçinin cavabdehin müqavilə öhdəliyinə uyğun olaraq verməli olduğu sahənin güya layihə üzrə birinci mərtəbə deyil, kürsülü mərtəbə olması arqumentidə əsassızdır, belə ki nə Azərbaycan Republikası Şəhərsalma və Tikinti Məcəlləsində, nə də Azərbaycan Respublikası Mənzil Məcəlləsində, mərtəbə səviyyəsini göstərən anlayış və termin kimi "kürsülü" ifadəsi öz əksini tapmamışdır.
İş materialları :
6. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il il tarixli müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən, "Tikinti şirkəti" söküntüsü nəzərdə tutulmuş binada "Mülkiyyətçi" X1 məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış (reyestr nömrəsi: **********60- 05101- 093030, qeydiyyat nömrəsi:**********) ilə mülkiyyət hüquqlarını təsdiq edən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76.6 kv.m. olan 12 saylı mənzilin paylı mülkiyyət hüququ əsasında ona məxsus olan ½ hissəsi sökülmək üçün təhvil alıb, "Tikinti şirkəti" tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra S.Rəhimov küçəsi istiqamətində, 1-ci mərtəbəsində 50 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini mülkiyyətçiyə verməyi, mülkiyyətiçi bu müqaviləni imzalandığı tarixdən etibarən 10 gün ərzində ona məxsus mənzili söküntü üçün "Tikinti şirkəti"nə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən qeyri-yaşayış sahəsini qəbul edəcəyini, tikinti şirkəti mənzil söküntü üçün ona təhvil verildikdən sonra növbəti aydan başlayaraq hər ay üçün 400 (dörd yüz) manat məbləğində kirayə haqqı əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 3 ayda bir dəfə olmaqla, yeni mənzil mülkiyyətçiyə təhvil verilən günədək ödənilməsi, mülkiyyətçinin kommunal borcları olduğu halda "Tikinti şirkəti"nin həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəyi barədə razılığa gəlmişlər.
7. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilin ½ hissəsi X4, ½ hissəsi isə İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsusdur.
8. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehdə müqavilə öhdəliklərini yerinə yetirərək, qeyri-yaşayış sahəsini ona təhvil verilməsini, əks təqdirdə müqavilənin 4.3-cü bəndinə əsasən məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.
9. İş materiallarına ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə dair Texniki pasport əlavə edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5243 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1-də yerləşən, ümumi sahəsi 76.6 kv.m olan 12 saylı mənzilin yerləşdiyi ünvan ilə həmin mənzilin texniki pasportunda koordinatlar, siyuasiya planı və digər yerləşmə göstəriciləri qeyd olunmamışdır. İddiaçı tərəfindən iddia olunan sahənin Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin əhatə etdiyi ərazidə 15 (+mansard) mərtəbəli yaşayış binalarının (sifarişçi Cavabdeh MMC) İşçi Layihəsində “A” blokunun S.Rəhimov küçəsi istiqamətində 1-7 oxları arasında yerləşən və ya “F” blokunun S.Rəhimov küçəsi istiqamətində 8-12 oxları arasında yerləşən, -3.3 səviyyəsində kürsü mərtəbəsi kimi qeyd olunan hissəyə uyğun gəldiyi müəyyən olundu. Həmin iddia olunan sahələr (-3.3 səviyyəsində kürsülük mərtəbəsi) faktiki vəziyyətdə ayrıayrı qeyri-yaşayış sahələri kimi istifadə olunur. Baxış zamanı təqdim olunan, vətəndaşa (iddiaçıya) təklif edilən sahənin Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin əhatə etdiyi ərazidə 15 (+mansard) mərtəbəli yaşayış binalarının (sifarişçi Cavabdeh MMC) İşçi Layihəsində “B” blokunda “E-F və 2-4 oxları arasında, 0.00 səviyyəsində 1-ci mərtəbədə yerləşdiyi, həmin sahənin S.Rəhimov küçəsinə çıxışının olmadığı müəyyən edilmişdir. Təklif olunan sahənin çıxışının binanın həyəti istiqamətində olduğu, kənar divarlarının faktiki vəziyyətdə hörülmədiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin əhatə etdiyi ərazidə 15 (+mansard) mərtəbəli yaşayış binalarının işçi layihəsində S.Rəhimov küçəsinin istiqamətində olan “A” blokunun 1-7 oxları arasında, “F” blokunun 8-12 oxları arasında qalan birinci mərtəbədə sahələrin qeyri-yaşayış sahəsi olduğu müəyyən edilmişdir. Müqaviləyə sxem əlavə olunmadığından qeyd olunan 50 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi faktiki olaraq binanın 1-ci mərtəbəsinin hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır.
11. İş materiallarına "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin əhatə etdiyi ərazidə 15 (+mansard) mərtəbəli yaşayış binalarının işçi layihəsi əlavə edilmişdir.
12. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2023-2024-cü illər ərzində 28 May metrostansiyası, Azadlıq prospekti, S.Rəhimov küçəsi yaxınlığında yerləşən qeyri-yaşayış sahələrinin aylıq icarə haqqı orta bazar məbləği təmir vəziyyəti və digər amillərdən asılı olaraq bir kv.m üçün 60-100 manat aralığında olmuşdur. Əlavə olaraq qeyd olunan ərazidə olan çoxmərtəbəli binalarda qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbəsindən asılı olaraq satış qiymətidə fərqlidir. Belə ki, binanın birinci mərtəbəsində yerləşən və birbaşa küçəyə çıxışı olan qeyri-yaşayış sahəsinin orta bazar qiyməti, eyni binanın yuxarı mərtəbələrində yerləşən və küçəyə birbaşa çıxışı olmayan qeyri-yaşayı sahəsindən təqribən üç dəfə çoxdur.
13. İddiaçı ilə “X23” MMC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Muradəli qızı tərəfindən ÖM seriyalı, 189493 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.rəhimov küçəsi, 201 nömrəli evin 12 nömrəli mənzilinin, ümumi sahəsi 71.3 sahəsi olan 13.0 kv.metr olan hissəsinin 28 noyabr 2014-cü il tarixindən 28 noyabr 2019-cu il tarixinədək 5 il müddətinə icarəçiyə icarə vermişdir.
14. İddiaçı ilə “X23” MMC arasında bağlanılmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Muradəli qızı xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya ÖM № 189493 saylı xx.xx.2004-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 35.83 kv metr olan yaşayış sahəsini aylıq icarə haqqı 70 (yetmiş) manat olmaqla 01 iyul 2012-ci il tarixdən 01 iyul 2014-cü il tarixədək “icarəçi”yə icarə vermişdir.
15. “X23”nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "X23" MMC 01 iyun 2012ci il tarixdən 2017-ci il tarixədək icarə götürülmüş sahədə - ünvan 1, qeyri-yaşayış sahəsi 12-də, 35.83 kv. metrdə fəaliyyət göstərmişdir. Sahənin mülkiyyətçisi İddiaçı olmuşdur. Bu qeyri-yaşayış sahəsi 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşməklə səki ilə bərabər birbaşa Süleyman Rəhimov küçəsinə (parka baxan tərəfdə Tesla Heykəlinin) olmuşdur.
16. Mənzil Komunnal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı mülkiyyətində olmuş, sonra Cavabdeh MTK tərəfindən sökülmüş ünvan 3 ünvanında yerləşən 12 saylı mənzil binanın birinci mərtəbəsində yerləşib, giriş qapısı isə Süleyman Rəhimov küçəsi istiqamətində olmaqla birbaşa Tesla Parkına açılmışdır.
17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X17 və Uçotun Təşkili Baş İdarəsinin məktubundan görünür ki, Təsərrüfat subyektinizin (obyektinizin) icarəyə verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********410500 nömrəli) aidiyyəti üzrə Bakı şəhəri X17 və Uçotun Təşkili Baş İdarəsində baxılmışdır. Uçot baza məlumatlarına əsasən ünvan 4 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) xx.xx.2014-cü il tarixdə icarəyə verilməsi, hazırda təsərrüfat subyektinin (obyektinin) bağlı olması barədə məlumat müəyyən edilmişdir.
18. Cavabdeh MTK tərəfindən iş materiallarına X11 ilə bağlanılmış xx.xx.2019-cu il tarixli və X12 ilə bağlanılmış 22.012018-ci il tarixli müqavilələr əlavə edilmişdir.
19. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ayrı-ayrılıqda 100 manat və 62 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
20. İddiaçı nümayəndəsi X15 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq izahatında bildirmişdir ki, ondan başqa həmin binada qeyri-yaşayış obyekti olan digər şəxslərin əmlakının əvəzinə cavabdeh tərəfindən öz yerində əmlak verilmişdir.
21. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Məhəmməd oğlu izahatında bildirmişdir ki, binada sütunlar arası məsafə 6 m-dir. İşçi layihə təqdim edilməli və layidə layihənin nə vaxt tərtib edilməsi, təsdiq edilməsi, nə vaxt dəyişiklik edildiyi görünməlidir. Mən bu layihəyə belə baxanda da görürəm ki, bina faktiki 18 mərtəbədir. Dövlət Şəhərəsalma Arxitektura Komitəsinin saytında binanın mərtəbə sayı 15 üstəgəl bir, axırıncı mərtəbə monsard tipli qeyd edilmişdir. Dövlət Şəhərəsalma Arxitektura Komitəsinin saytında heç bu qeyd edilməyib, ona görə də bu layihə özü sual doğurur. İddiaçı 2019-cu il tarixində müqavilə bağladığı zaman haradan bilə bilərdi ki, binanın birinci mərtəbəsi 3-cü mərtəbədə yerləşəcək. Müqavilə bağlandığı zaman iddiaçıya şəkil verilmişdir. Şəkildə görünür ki, birinci mərtəbə obyektdir. MTK-nın borcu idi ki, müqavilə bağlandığı zaman eskiz layihəni təqdim etsin. Lakin təqdim etməyiblər. İndi də deyirlər ki, binada 800, 1000 kv.m obyektlər tikmişik. Təqdim edilmiş müqavilələrin isə sübut kimi qəbul oluna bilməsi halı mübahisəlidir. X18 baxan hissədə küçədən girişi olan obyekti istəyirlər. Bizim məqsədimiz odur ki, iddiaçı küçədən girişi olan obyekt vermiş, küçədən girişi olan obyekti almaqdır. Onun əvəzinə 3-cü mərtəbədən obyekt verilməsi deyil.
22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektləri başqa şəxslərin mülkiyyətinə verildiyindən iddiaçıya birinci mərtəbədə qeyri-yaşayış obyektinin təhvil verilməsi mümkün deyildir. Qeyd etmişdir ki, hazırda məhkəməyə 2 müqavilə təqdim edir. Digər obyektlə bağlı məhkəmə mübahisəsi olmuş və həmin əmlakla bağlı müqavilə məhkəməyə təqdim edildiyindən hazırda həmin müqaviləni təqdim edə bilmir.
Şahid İfadələri :
23. xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid kimi dindirilən X5 izahatında bildirmişdir ki, o, iddiaçını tanıyır. İddiaçı ilə qonşu olmuş və eyni binada yaşamışdır. Hazırda kirayədə qalır. Mənzili MTK tərəfindən təhvil verilməmişdir. İddiaçının həmin binada obyekti olmuş, obyektin qapısı heykəlin arxa tərəfinə açılmışdır. İddiaçını 20 ilə yaxındır ki, tanıyır və tanıdığı vaxtdan həmin əmlakdan obyekt kimi istifadə etmişdir. Axırıncı dəfə hüquqi xidmət göstərilməsi üçün istifadə edilmişdir. İddiaçının evi 4 otaqlı olmuş, iki otağında özü yaşamış, iki otağını isə icarəyə vermiş, obyekt kimi istifadə edilmişdir. İddiaçı binaya ondan sonra köçmüş, köçəndə həmin mənzil “ev” olsa da, köçdükdən dərhal sonra obyekt kimi istifadə edilmişdir.
24. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid kimi dindirilən X13 izahatında bildirmişdir ki, iddiaçı onun 20 illik qonşusudur. İddiaçı ilə eyni binada, o 3-cü mərtəbədə, iddiaçı isə 1-ci mərtəbədə yaşamışdır. İddiaçı həmin evdə həm yaşamış, həm də icarəyə vermişdir. İddiaçının obyekti Tesla parkının arxasında yerləşirdi. Obyektin girişi Tesla tərəfdən idi.
İşin faktiki halı :
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-qruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarının icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında 23 oktyabr 2017-ci il tarixdə müvafiq müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Tikinti Şirkəti” Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış sahələrinin söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməyi öz üzərinə götürmüşdür.
26. İddiaçı X2 ilə Cavabdeh MTK arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən iddaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 76.6 kv.m olan 12 saylı mənzilin paylı mülkiyyət hüququ əsasında ona məxsus olan ½ hissəsini sökülmək üçün təhvil verib, cavabdeh isə həmin əmlakı təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra S.Rəhimov küçəsi istqiamətində, 1-ci mərtəbəsində 50 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini mülkiyyətçi-iddiaçıya verməyi öhdəsinə götürmüşdür.
27. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 76.6 kv.m olan 12 saylı mənzilin ½ hissəsi iddiaçının paylı mülkiyyətində, ½ hissəsi isə qızı X3 paylı mülkiyyətində olmuşdur.
28. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən onun payına münasibətdə qeyri-yaşayış obyekti, iddiaçının qızı ilə cavabdeh arasında bağlanılmış müqaviləyə əsasən isə mənzil verilməsi barədə razılıq əldə edilmişdir.
29. İşin müəyyən edilmiş halı odur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 76.6 kv.m olan 12 saylı mənzilin bir hissəsindən yaşayış üçün istifadə edərək ailəsi ilə birlikdə həmin ünvanda yaşamış, bir hissəsindən isə qeyri-yaşayış obyekti kimi istifadə etmişdir.
30. İşin mübahisəsiz halı odur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 76.6 kv.m olan 12 saylı mənzil cavabdeh tərəfindən sökülən binanın birinci mərtəbəsində yerləşməklə, giriş qapısı Süleyman Rəhimov küçəsi istiqamətində olmuş və birbaşa Tesla parkına açılmışdır.
31. İşin mübahisəli halı odur ki, iddiaçı yer səthinə bitişik olan qeyri-yaşayış obyektinin verilməsini tələb edir, cavabdeh isə sökülən binanın yerində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin layihəyə əsasən binanın 3-cü mərtəbəsinə düşdüyünü, yer səthinə bitişik olan hissənin isə layihəyə əsasən zirzəmi qatı olduğunu bildirməklə iddiaçıya 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış obyektini təklif edir.
32. İşin müəyyən edilmiş halı odur ki, cavabdeh tərəfindən iddiaçıya təklif edilən qeyriyaşayış obyektinin S.Rəhimov küçəsi istiqamətinə çıxışı yoxdur, həmin qeyri-yaşayış obyektinin çıxışı binanın həyəti istiqamətindədir.
33. Cavabdeh tərəf sökülən binanın yerində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının yer səthinə bitişik olan hissəsində yerləşən qeyri-yaşayış obyektlərinin satıldığını bildirir.
34. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən yeni mənzil mülkiyyətçiyə təhvil verilən günədək cavabdeh tərəfindən iddiaçıya hər ay üçün 400 manat məbləğində kirayə haqqı ödəniləcəyi barədə razılaşmışlar.
35. İddiaçı xx.xx.2023-cü il tarixdən hər ay üçün 1500 manat hesablanmaqla kirayə haqqının tutulmasını tələb edir, cavabdeh isə xx.xx.2023-cü il tarixdən kirayə haqqının ödənilmədiyini qəbul edərək, hər ay üçün 400 manat kirayə haqqı tutulmasına razı olduğunu bildirir.
Məhkəmə baxışının hədləri:
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsi :
324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
388. Öhdəlikdən bu və ya başqa məlumatı almaq hüququ irəli gələ bilər. məlumat verilməsi onun öhdəliyin məzmununu müəyyənləşdirmək üçün əhəmiyyətli olduğu və kontragentin belə məlumatı öz hüquqlarına xələl gətirmədən verə biləcəyi halda da təmin edilməlidir. məlumatı alan onun verilməsi xərclərinin əvəzini mükəlləfiyyətli şəxsə ödəməlidir.
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. 437.1. Əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. 437.2. Əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir. Əgər borclu həmin əşyanın verilməsi üçün zəruri olan özündən asılı hər şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə məhdudlaşır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
Məhkəmənin mövqeyi :
39. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
40. İddiaçı Cavabdeh MTK-ya qarşı olan “öhdəliyin icrası”na dair iddia tələbini cavabdehin tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır
41. İddiaçı iddia tələbinin faktiki əsası qismində məhkəməyə cavabdeh tərəfindən tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 24 ay müddətində qeyri-yaşayış sahəsinin təhvil verilməli olmasına baxmayaraq təhvil verilməməsi, həmçinin mənzil təhvil verilənədək ödənilməli olan kirayə haqqının ödənilməməsini bildirmişdir.
42. Mülki qanunvericilik tərəflərə Məcəlləyə zidd olmayan müstəqil müqavilə bağlamaq sərbəstliyi vermişdir.
43. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
44. İşin müəyyən edilmiş faktiki halı odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 263 və 264 saylı 16 oktyabr 2017-ci il tarixli sərəncamı əsas tutularaq iddiaçı X2 ilə Cavabdeh MTK arasında xx.xx.2019-cu il tarixdə əvəzləşdirmə müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən iddaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 76.6 kv.m olan 12 saylı mənzilin paylı mülkiyyət hüququ əsasında ona məxsus olan ½ hissəsini sökülmək üçün təhvil verməyi, cavabdeh isə həmin əmlakı təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra S.Rəhimov küçəsi istqiamətində, 1-ci mərtəbəsində 50 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini mülkiyyətçi-iddiaçıya verməyi öhdəsinə götürmüşdür.
45. Həmin müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuşdur ki, mənzil söküntü üçün təhvil verildikdən sonra növbəti aydan başlayaraq hər ay üçün 400 manat məbləğində kirayə haqqı əvvəlcədən ilkin ödəniş gününə istinad etməklə üç ayda bir dəfə olmaqla, yeni mənzil mülkiyyətçiyə təhvil verilən günədək ödəniləcəkdir.
46. Müqavilənin 2.2.1-ci bəndinə əsasən isə tikinti şirkəti yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mənzili mülkiyyətçiyə təhvil verməlidir.
47. İşin mübahisəsiz halı odur ki, Cavabdeh MTK tərəfindən əvəzləşdirmə müqaviləsi üzrə üzərinə götürülmüş öhdəliklərin icrası tam təmin edilməmiş, kirayə haqqı tam şəkildə ödənilməmiş və qeyri-yaşayış obyekti iddiaçıya təhvil verilməmişdir.
48. İşin mübahisəli halı isə odur ki, iddiaçı bildirir ki, cavabdeh inşa etdiyi binanın faktiki birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini vermək öhdəliyini yerinə yetirmir, cavabdeh isə inşa edilmiş binanın faktiki 3-cü mərtəbəsinin layihəyə əsasən binanın birinci mərtəbəsi olduğunu bildirməklə qeyd edir ki, iddiaçıya binanın faktiki birinci mərtəbəsindən yox, 3-cü mərtəbəsindən qeyri-yaşayış sahəsi verməlidir.
49. İddiaçı isə onun tərəfindən cavabdehə təhvil verilmiş qeyri-yaşayış obyektinin sökülən binanın birinci mərtəbəsində, yəni binanın yer səthinə bitişik hissəsində yerləşdiyini, cavabdeh tərəfindən müqavilə bağlanılan zaman ona qeyri-yaşayış obyektinin binanın faktiki 3-cü mərtəbəsindən veriləcəyi bildirilmədiyini, ümumiyyətlə layihə təqdim edilmədiyini, sadəcə bukletlər təqdim edildiyini bildirməklə ona cavabdeh tərəfindən inşa edilmiş binanın öz qeyri-yaşayış obyektinin olduğu (S.Rəhimov küçəsi istiqamətində, giriş qapısı X22 açılan hissə) hissəsindən müqavilə şərtlərinə uyğun qeyri-yaşayış obyektinin təhvil verilməsini tələb edir.
50. Göründüyü kimi əvəzləşdirmə müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli olan qeyri-yaşayış sahəsinin binadakı yerləşmə yeri tərəflər arasında mübahisəlidir.
51. Məhkəmə qeyd edir ki, mübahisə olduqda müqavilənin növünün və daxili məzmununun müəyyənləşdirilməsində tərəflərin yalnışlıqla və ya bilərəkdən istifadə etdikləri sözlərə baxılmadan, həqiqi və ortaq iradələri təsbit olunmalı və nəzərə alınmalıdır. Məhkəmə tərəflərin müqavilə şərtlərinə uyğun iradələrini müəyyənləşdirməli, onların iradə ifadələrinin həqiqi məzmununun nədən ibarət olmasını aydınlaşdırmalı, işdəki sübutları müvafiq qaydada qiymətləndirməlidir.
52. Hazırkı işdə mübahisəli hal üzrə tərəflərin yazılı müqavilədə ifadə etdikləri iradələrinin həqiqi mənası düzgün müəyyənləşdirilməlidir (təfsir edilməlidir). Bunun üçün sözügedən əqdin bağlanması ilə tərəflərin hədəflədikləri nəticə, yəni iddiaçının verdiyi sahə müqabilində əldə etmək istədiyi (o cümlədən cavabdehin vermək istədiyi) sahənin nədən ibarət olması aydınlaşdırılmalıdır.
53. Mülki Məcəlləyə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM 404.1 və 404.2-ci maddələr).
54. Məhkəmə işin məhkəmə icraatı zamanı müəyyən edilmiş faktiki hallarına əsasən qeyd edir ki, iddiaçının müqavilə bağlanılan zaman iradə ifadəsi təhvil verdiyi əmlakın əvəzində cavabdeh tərəfindən yeni inşa ediləcək coxmərtəbəli yaşayış binasının faktiki birinci mərtəbəsində, cavabdehə təhvil verdiyi öz əmlakının yerləşdiyi yerdə yerləşən qeyri-yaşayış obyektinin əldə edilməsinə yönəlmişdir.
55. Belə ki, məhkəmə prosesi zamanı müəyyən edilmiş faktiki hal odur ki, iddiaçı məhkəməyə cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin bir qisminin fəaliyyət göstərməsinə baxmayaraq cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək ona qeyri-yaşayış obyektini təhvil verməməsi ilə bağlı cavabahin üzərinə müqavilə şərtlərinə uyğun öhdəliyin qoyulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir.
56. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında cavabdehin nümayəndəsi izahatında məhkəmə mübahisəsi olduğu üçün 2 ay binada tikinti işlərinin aparılmasının dayandırıldığını, müvəqqəti təminat tədbiri tərəflərindən mübahisələndirildikdən sonra binada tikinti işlərinin aparılmasının bərpa edildiyini, hazırda binanın birinci və ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektlərində təmir işləri getdiyini, işin yekunlaşdığını və yaxın zamanda öhdəliyin yerinə yetiriləcəyi bildirilmişdir.
57. Belə olan halda məhkəmə tərəflərə aralarında olan mübahisənin barışıq yolu ilə həllini, aralarında barışıq sazişinin bağlanılmasını təklif etmişdir.
58. Növbəti məhkəmə iclası (xx.xx.2024) zamanı isə iddiaçının nümayəndəsi bildirmişdir ki, o gedib tanış olmuş, cavabdeh tərəfindən ona 4-cü mərtəbədə yerləşən qeyri-yaşayış obyekti təklif edilmişdir. Onun 4-cü mərtəbədə deyil, birinci mərtəbədə yerləşən qeyri-yaşayış obyektinin verilməsi ilə bağlı razılaşdığını bildirmişdir.
59. Yəni məhkəmə icraatı zamanı iddiaçı tərəfə məlum olmuşdur ki, cavabdeh tərəfindən ona birinci mərtəbə deyil, faktiki binanın 3-4-cü mərtəbəsində yerləşən qeyriyaşayış obyekti layihəyə əsasən birinci mərtəbə olaraq iddiaçıya təklif edilir.
60. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlara (MKİS arayış, şahid ifadələri vəd) əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş əmlak cavabdeh tərəfindən inşa edilmiş coxmərtəbəli yaşayış binasının S.Rəhimov istiqamətinə düşən hissəsində, giriş qapısı Tesla parkına açılan hissəsində yerləşmişdir.
61. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/5243 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, müqaviləyə əsasən iddiaçıya təhvil verilməli olan qeyri yaşayış obyekti Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının İşçi Layihəsində S.Rəhimov istiqamətində olan “A” blokunun 1-7 oxları arasında, “F” blokunun 8-12 oxları arasında yerləşən hissəsinə uyğun gəlir.
62. Yəni işin mübahisəsiz halı odur ki, tərəflər arasında bağlanılmış müqavilədə qeyd edilən, cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli olan inşa ediləcək binanın S.Rəhimov istiqamətində yerləşən qeyri-yaşayış obyekti hazırda inşa edilmiş binanın S.Rəhimov istiqamətində olan “A” blokunun 1-7 oxları arasında, “F” blokunun 8-12 oxları arasında yerləşən hissəsinə uyğun gəlir.
63. Mübahisəli hal isə ondan ibarətdir ki, ekpert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia olunan sahə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçəsinin əhatə etdiyi ərazidə 15 (+ mansard) mərtəbəli yaşayış binalarının (sifarişçi Cavabdeh MMC) İşçi Layihəsində “A” blokunun S.Rəhimov küçəsi istiqamətində 1-7 oxları arasında yerləşən və ya “F” blokunun S.Rəhimov küçəsi istiqamətində 8-12 oxları arasında yerləşən, -3.3 səviyyəsində kürsü mərtəbəsi kimi qeyd olunan hissəyə uyğun gəldiyi müəyyən olunmuş, müqavilədə qeyd edilən birinci mərtəbənin işçi layihəyəyə əsasən S.Rəhimov küçəsinin istiqamətində olan “A” blokunun 1-7 oxları arasında, “F” blokunun 8-12 oxları arasında qalan hissəsinə layihədə 0.00 səviyyəsinə uyğun gəldiyi müəyyən edilmişdir.
64. Həmçinin iddiaçının mülkiyyətində olmuş ünvan 1-də yerləşən 76.6 kv.m. olan 12 saylı mənzilin yerləşdiyi ünvan ilə həmin mənzilin texniki pasportunda koordinatlar, siyuasiya planı və digər yerləşmə göstəriciləri qeyd olunmadığı üçün iddiaçının mülkiyyətində olmuş əmlakın yeni inşa edilmiş binanın S.Rəhimov istiqamətində olan hissəsində faktiki yerini müəyyən etmək mümkün olmamışdır.
65. Həmçinin ekspert rəyindən görünür ki, baxış zamanı cavabdeh tərəfindən vətəndaşa (iddiaçıya) təklif edilən sahənin, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin əhatə etdiyi ərazidə 15 (+mansard) mərtəbəli yaşayış binalarının (sifarişçi Cavabdeh MMC) İşçi Layihəsində “B” blokunda “E-F və 2-4 oxları arasında, 0.00 səviyyəsində 1-ci mərtəbədə yerləşdiyi, həmin sahənin S.Rəhimov küçəsinə çıxışının olmadığı müəyyən edilmişdir. Təklif olunan sahənin çıxışının binanın həyəti istiqamətində olduğu, kənar divarlarının faktiki vəziyyətdə hörülmədiyi müəyyən olunmuşdur.
66. Məhkəmə qeyd edir ki, ekspert rəyindən göründüyü kimi müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən iddiaçıya təqdim edilməli olan qeyri yaşayış obyekti binanın S.Rəhimov istiqamətində olan “A” blokunun 1-7 oxları arasında, “F” blokunun 8-12 oxları arasında yerləşən hissəsinə uyğun gəlir.
67. Həmçinin rəydən görünür ki, S.Rəhimov istiqamətində olan “A” blokunun 1-7 oxları arasında, “F” blokunun 8-12 oxları arasında yerləşən hissəsinin həm layihədə kürsü mərtəbəsi kimi qeyd edilən faktiki birinci mərtəbəsi, həmçinin layihədə birinci mərtəbə kimi qeyd edilən faktiki 2-3-cü mərtəbəsi qeyri-yaşayış obyektləridir.
68. İşin məhkəmə tərəfindən müəyyən edilmiş yuxarıda qeyd edilən faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilə bağlanılan zaman iradə ifadəsinin cavabdeh tərəfindən ona yeni inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin verilməsinə yönəlməsi ağlabatan deyildir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən layihə iddiaçıya təqdim edilməmiş, qeyd edilən hal cavabdeh tərəfindən sübuta yetirilməmişdir.
69. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə müqavilə bağlanılan zaman iddiaçının müqavilədə qeyd edilən birinci mərtəbənin cavabdeh tərəfindən yeni inşa edilləcək binanın 3-cü mərtəbəsində yerləşəcəyi barədə məlumatlı olması, cavabdeh tərəfindən ona bu barədə məlumat verilməsinin sübuta yetirilməsi cavabdehin üzərinə düşməsinə baxmayaraq cavabdeh tərəfindən qeyd edilən hal sübuta yetirilməmişdir.
70. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında cavabdehin nümayəndəsinə məhkəmə tərəfindən iddiaçıya birinci mərtəbənin yer səthindən olmayacağı barədə məlumat verilmişdirmi sualına cavabında dəqiq cavab yəni, “verilmişdir” cavabı verilməmiş, yalnız layihəyə istinad edilərək, iddiaçının tələb etdiyi yer səthinə bitişik olan hissənin müqaviləyə əsasən kürsü mərtəbəsi olduğu və başqa şəxslərin mülkiyyətində olduğu bildirilmişdir.
71. Yəni bu onu deməyə əsas verir ki, müqavilə bağlanılan zaman cavabdeh tərəfindən iddiaçıya müqavilədə qeyd edilən birinci mərtəbənin faktiki 3-cü mərtəbə olduğu barədə məlumat verilməmişdir.
72. Həmçinin məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, müqavilə bağlanılan zaman iddiaçı öz mülkiyyətində olan, faktiki birinci mərtəbədə yerləşən, giriş qapısı parka açılan hissədə olan qeyri-yaşayış obyektinin əvəzi olaraq cavabdeh tərəfindən ona girişi binanın həyət hissəsinə olan, 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış obyekti veriləcəyini bilsə idi müqavilə bağlamazdı.
73. İddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsi nəqliyyatın işlək vəziyyətdə olan və insanların daha çox istifadə etdiyi bir küçədə yerləşirdi. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ona məxsus əmlakdan gəlir əldə etmək üçün istifadə edilmişdir.
74. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabeh tərəfindən iddiaçıya müqavilə şərtlərinə uyğun olmayan, çoxmərtəbəli yaşayış binasının S.Rəhimov küçəsi istiqamətinə çıxış olmayan, binanın həyəti istiqamətinə çıxışı olan, faktiki 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış obyekti təklif edilir.
75. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, 28 May metrostansiyası, Azadlıq prospekti, S.Rəhimov küçəsi yaxınlığında yerləşən qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbəsindən asılı olaraq satış qiyməti fərqlidir. Belə ki, binanın birinci mərtəbəsində yerləşən və birbaşa küçəyə çıxışı olan qeyri-yaşayış sahəsinin orta bazar qiyməti, eyni binanın yuxarı mərtəbələrində yerləşən və küçəyə birbaşa çıxışı olmayan qeyri-yaşayı sahəsindən təqribən üç dəfə çoxdur.
76. Məhkəmə qeyd edir ki, yeni qeyri-yaşayış sahəsinin yeri tərəflərin hər hansı birinin arzusundan, yəni iddiaçının tələbi və ya cavabdehin təklifindən asılı edilməməklə, əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə uyğun, yəni həmin ərazinin xarakterik xüsusiyyətləri (yol kənarında yerləşməsi, işləklilik vəziyyəti) nəzərə alınmaqla, həll olunmalıdır.
77. Bu zaman nəzərə alınamlıdır ki, iddiaçının tələbi cavabdeh tərəfindən yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binasının S.Rəhimov istiqamətində olan hissəsində, birinci mərtəbədə yerləşən qeyri-yaşayış obyektinin cavabdeh tərəfindən ona təhvil verilməsindən ibarətdir. Həmçinin tərəflər arasında balanılmış müqaviləyə əsasən də cavabdeh tərəfindən yeni inşa edilmiş binanın məhz S.Rəhimov istiqaməti hissəsində yerləşən qeyri-yaşayış obyekti iddiaçıya təhvil verilməldir. Odur ki, məhkəmə tərəfindən cavabdeh tərəfindən öhdəliyin iddia tələbi həcmində və müqavilənin şərtlərinə uyğun olaraq icrasının mümkünlüyü istiqamətində araşdırılma aparılmalıdır.
78. Cavabdehin nümayəndəsi hazırda binanın faktiki birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektlərinin satıldığını, iddiaçıya binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin verilməsinin qeyri-mümkün olduğunu bildirsədə, bu faktı təsdiq edəcək müqavilələri və digər sübutları məhkəməyə təqdim etməmişdir.
79. Məhkəmə tərəfindən işin hallarının hərtərəfli, obyektiv araşdırılmasını təmin etmək üçün cavabdehə vaxt verilmiş, cavabdehin nümayəndəsinin izahatında qeyd edilən halları təsdiq etmək üçün məhkəmə iclası təxirə salınmış, lakin cavabdeh tərəfindən qeyd edilən hal sübuta yetirilməmişdir.
80. Cavabdehin nümayəndəsi tərəfindən qeyd halı təsdiq etmək üçün məhkəməyə 2 müqavilə təqdim edilmişdir. Lakin həmin müqavilələrdə nəzərdə tutulan sahələrin məhz iddiaçıya məxsus olan əmlakın yerləşdiyi sahə ilə eyni sahələr olması, onların üst-üstə düşməsi, S.Rəhimov istiqamətində olan bütün qeyri-yaşayış obyektlərinin faktiki başqa şəxslərə mülkiyyət hüuqu ilə məxsus olması sübuta yetirilməmişdir. (iddiaçı tərəfindən qeyd edilən hal sübuta yetirilmədiyin həmin müqavilədə qeyd edilən şəxslər üçüncü şəxs qismində cəlb edilməmişdir).
81. Həmçinin məhkəmə nəzərə çatdırmağı zəruri hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilərlərdən biri notarial qaydada təsdiq edilməmişdir.
82. Məlum olduğu kimi, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. (MM, 144.1. 405.1 və 406.1-ci maddələr). Odur ki, sözügedən razılaşmanın etibarlı bir əqd kimi hüquqi nəticə yaratması üçün qanunla müəyyən edilmiş formada bağlanması zəruridir.
83. Cavabdehin nümayəndəsi izahatında notarial qaydada təsdiq edilmiş müqavilələrin həmin ərazidə əvvəllər əmlakı olan şəxslərlə bağlanılmış müqavilələr, digər müqvilələrin 99%i MTK ilə bağlanılmış müqavilələr olduğunu bildirsədə, təqdim edilmiş hər iki müqavilənin predmetinə nəzər saldıqda aydın olur ki, hər iki müqavilə əvvəlki mülkiyyətçilərlə bağlanılmış müqavilələrdir.
84. Həmçinin həmin müqavilələrə baxdıqda aydın olur ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ünvan 5 ünvanda) yerləşən X7 məxsus olan 98.8 kv.m. sahəsi olan birinci mərtəbədə yerləşən əmlakın əvəzi qismində cavabdeh mülkiyyətçiyə yeni inşa ediləcək binanın yarımzirzəmi sahəsində 131.20 kv.m. sahəsi olan qeyri-yaşayış obyekti verməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən isə X9 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi 205 ünvanında yerləşən ikimərtəbəli binanın zirzəmisindəki 58.9 kv.m. olan qeyri-yaşayış sahəsinin əvəzi olaraq cavabdeh mülkiyyətçiyə inşa ediləcək binada sökülmüş qeyri-yaşayış sahəsinin (zirzəminin) yerində, 120 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini (yarımzirzəmini) verməyi öhdəsinə götürmüşdür.
85. Qeyd edilən müqavilələrin tədqiq edilməsinin nəticəsi onu deməyə əsas verir ki, cavabdeh tərəfindən təqdim edilən müqavilələr cavabdeh tərəfindən öhdəliyin icrasının mümkünsüzlüyünü, iddiaçıya məxsus olan əmlakın başqa şəxsin mülkiyyətinə verilməsi halını təsdiq etmir.
86. Belə ki, göründüyü kimi X14 ilə bağlanan müqavilədə öz əmlakının olduğu yerdə (hansıki həmçinin onun əmlakı 205 ünvanındadır) əmlak verilməsi barədə razılıq əldə edilmişdir, həmçinin X6 da iddiaçı kimi həmin ünvanda öz əmlakı olmuşdur. Yəni həmin mülkiyyətçi ilə bağlanılmış müqavilənin icrasının təmin edilməsi, həmin ünvanda mülkiyyətində əmlak olan iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnməməlidir.
87. Həmçinin cavabdeh tərəfindən iddiaçı ilə eyni ünvanda yerləşən əmlakı olan şəxsə müqaviləyə əsasən yarımzirzəmini verməsi, lakin iddiaçıya münasibətdə isə faktiki 2-3-cü mərtəbənin təklif edilməsi, 1-ci mərtəbənin faktiki yuxarı mərtəbə olduğu cavabdehə məlum olmasına baxmayaraq iddiaçıya məlumat verilməməsi cavabdeh tərəfindən iddiaçının konstitusion hüququ olan mülkiyyət pozulmasıdır.
88. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021ci il 17 sentyabr tarixli Qərarı).
89. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan sui-istifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərar).
90. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə şərtlərinə uyğun olaraq çoxmərətəbəli yaşayış binasının S.Rəhimov istiqaməti hissəsində olan birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyekti verilməlidir.
91. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir.
92. Göründüyü kimi qanunverici müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etməyi, hətta onun dəyərinin çox olduğu halda belə kreditorun hüququ kimi müəyyən etmişdir. Hazırki iş üzrə isə cavabdehin təklif etdiyi icranın dəyəri müqavilədə nəzərdə tutulandan daha aşağıdır.
93. Həmçinin mülki qanunvericilikdə müəyyən edilmişdir ki, əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir. Əgər borclu həmin əşyanın verilməsi üçün zəruri olan özündən asılı hər şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə məhdudlaşır.
94. Hazırki mülki iş üzrə isə cavabdeh tərəfindən iddiaçıya orta tipli və keyfiyyətli eyni əşyanı deyil, tikintisi başa çatmamış, dəyəri 3 dəfə aşağı olan, girişi faktiki binanın içəri hissəsindən olan qeyri-yaşayış obyekti təklif edilmiş (halbuki iddiaçıya məxsus əmlak yol kənarında yerləşmiş, faktiki birinci mərtəbədə olmuş, birbaşa giriş hissəsi parka olmuş, işlək yolda olmuşdur), həmçinin cavabdeh tərəfindən iddiaçıya eyni əşyanın verilməsi üçün özündən asılı olan zəruri hərəkətlərin həyata keçirilməsi sübuta yetirilməmişdir.
95. Mülki qanunvericiliyə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır.
96. Cavabdeh tərəfindən qeyd etdiyimiz kimi öhdəliyin icrasının mümkünsüzlüyü, müqavilədə nəzərdə tutulduğu kimi binanın S.Rəhimov istiqamətində birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektlərinin başqasının mülkiyyətinə verilməsi sübuta yetirilməmişdir.
97. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, onların əsas istəyi müqaviləyə uyğun olaraq binanın S.Rəhimov istiqaməti hissəsində, birinci mərtəbədə (faktiki) yerləşən qeyri-yaşayış obyektinin iddiaçıya təhvil verilməsidir. Bildirmişdir ki, onlar girişi cavabdehin təklif etdiyi kimi binanın həyət hissəsindən yox, girişi küçəyə açılan hissədən olan obyektin verilməsini istəyirlər.
98. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya yeni inşa ediləcək binanın S.Rəhimov istiqamətində, 1-ci mərtəbədə qeyri yaşayış obyekti verilməli olduğundan, iddiaçının iddiaçının iddia tələbi müqaviləyə uyğun olaraq binanın məhz S.Rəhimov istiqaməti hissəsində birinci (faktiki) mərtəbədə yerləşən qeyri-yaşayış obyektinin cavabdeh tərəfindən ona təhvil verilməsinə yönəldiyindən, məhkəmə tərəfindən işin araşdırılan halları ilə cavabdeh tərəfindən iddiaçıya təqdim edilməli olan qeyri yaşayış obyektinin cavabdeh tərəfindən inşa edilmiş binanın binanın S.Rəhimov istiqamətində olan “A” blokunun 1-7 oxları arasında, “F” blokunun 8-12 oxları arasında yerləşən hissəsinə uyğun gəldiyi müəyyən edildiyindən cavabdehin üzərinə yeni inşa edilmiş binanın S.Rəhimov istiqaməti hissəsində birinci mərtəbədə yerləşən qeyri-yaşayış obyektinin iddiaçıya təhvil verilməsi öhdəliyi qoyulmalıdır.
İddia tələbinin kirayə haqqının ödənilməsi hissəsi:
99. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya mənzil təhvil verilənədək hər ay üçün 400 manat hesablanmaqla kirayə haqqı ödənilməli olması və cavabdehin üzərinə düşən öhdəliyi tam şəkildə icra etməməsi işin mbüahisəsiz halıdır.
100. İddia tələbinin kirayə haqqının ödənilməsinə dair hissədə işin mübahisəli halı kirayə haqqının nə vaxtdan ödənilməməsi və kirayə haqqının məbləği ilə bağlıdır.
101. İlk növbədə qeyd edək ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında məhkəmə tərəfindən kirayə haqqının nə vaxtdan ödənilməməsi məsələsi araşdırılan zaman iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəliyi kirayə haqqının ödənilməsinə dair hissədə qismən icra edilmiş, son vaxtlar icra edilməmişdir və bununla bağlı məhkəməyə dəqiqləşmə ərizəsi təqdim ediləcəkdir.
102. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək xx.xx.2023-cü il tarixdən kirayə haqqının ödənilmədiyini bildirməklə həmin tarixdən hər ay üçün 1500 manat hesablanmaqla kirayə haqqının tutulmasını xahiş etmişdir.
103. Cavabdehin nümayəndəsi iddia tələbini xx.xx.2023-cü il tarixdən kirayə haqqlarının ödənilmədiyi hissəsində qəbul etməklə, izahatında bildirmişdir ki, tək iddiaçı yox, digər vətəndaşların da kirayə haqqı şirkətin maliyyə vəziyyəti ilə bağlı ödənilməmişdir. Lakin iddia tələbini kirayə haqqının məbləğinin 1500 manatdan hesablanmasına dair hissədə qəbul etməmişdir.
104. xx.xx.2024-cü il tarixdə isə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək kirayə haqqının xx.xx.2023-cü il tarixdən ödənilmədiyini bildirməklə həmin tarixdən hesablanmasını xahiş etmiş, lakin məhkəməyə qeyd edilən halı təsdiq edən sübut təqdim etməmişdir.
105. Belə olan halda, məhkəmə qeyd edir ki, kirayə haqqının xx.xx.2023-cü il tarixdən başlanaraq hesablanmaqla cavabdehdən tutulmalıdır.
106. İddiaçı həmçinin cavabdehdən kirayə haqqının məbləğinin hər ay üçün 1500 manat olaraq hesablanmaqla tutulması tələbini irəli sürmüşdür.
107. Kirayə haqqının məbləği ilə bağlı isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilədə müqavilə azadlığı, iradə sərbəstliyi prinsipinə uyğun olaraq kirayə haqqının məbləği müəyyən edilmiş, iddiaçı tərəfindən müqavilənin bağlanıldığı vaxtdan sonra cavabdehə qarşı müqavilədə nəzərdə tutulan kirayə haqqının məbləğinin artırılması ilə bağlı təklif irəli sürüldüyünü təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.
108. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi icarə müqavilələrindən də görünür ki, mülkiyyətçi tərəfindən ona məxsus əmlak 2012-1014-cü illərdə 70 manat, 2014-2019cu illərdə isə hər ay üçün 100 manat icarə haqqı ödənilməsi şərti ilə icarəyə verilmişdir.
109. Belə olan halda məhkəmə qeyd edir ki, iddaçının cavabdehdən hər ay üçün 1500 manat hesablanmaqla kirayə haqqının tutulmasına dair hissədə tələbi əsassızdır, cavabdehdən hər ay üçün 400 manat olaraq hesablanmaqla kirayə haqqı tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri :
110. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
Nəticə :
111. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MTK arasında Bakı şəhəri, 41 saylı notariat kontorunda bağlanılmış xx.xx.2019-cu il tarixli, 3M-268 Reyestr nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə sökülməsi üçün təhvil verilmiş xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 201 nömrəli evin, birinci mərtəbəsində yerləşən 12 nömrəli mənzilin ½ hissəsinin əvəzində cavabdeh tərəfindən həmin ərazidə (Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin əhatə etdiyi ərazidə) inşa edilmiş çoxmərtəbəli yaşayış binasının birinci (faktiki) mərtəbəsində, S.Rəhimov istiqamətində (giriş qapısı küçəyə, X22 açılan hissə) 50 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay üçün 400 manat hesablanmaqla kirayə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
112. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında Bakı şəhəri, 41 saylı notariat kontorunda bağlanılmış xx.xx.2019-cu il tarixli, 3M-268 Reyestr nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə sökülməsi üçün təhvil verilmiş xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 201 nömrəli evin, birinci mərtəbəsində yerləşən 12 nömrəli mənzilin ½ hissəsinin əvəzində cavabdeh tərəfindən həmin ərazidə (Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin əhatə etdiyi ərazidə) inşa edilmiş çoxmərtəbəli yaşayış binasının birinci (faktiki) mərtəbəsində, S.Rəhimov istiqamətində (giriş qapısı küçəyə, X22 açılan hissə) 50 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilsin. Cavabdeh MTK-dan xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay üçün 400 manat hesablanmaqla kirayə haqqı tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva