Məhkəmə qərarları › İş №2(007)-833/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-833/2024

22.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-833/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, X1 tərcüməçiliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atasından miras qalmiş əmlakı anası Cavabdeh xeyrinə imtina etmiş və məhz onun əsasında Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 16 saylı evin, 8 nömrəli mənzili ananın mülkiyyətinə keçmişdir. O, sözügedən həmin evdə pasport qeydiyyatda olmaqla, anadan olduğu gündən etibarən uzun illər fasiləsiz olaraq orada yaşamışdır. Bir müddət keçdikdən sonra, bina köhnə olduğundan, yəni Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 16 saylı bina söküntüyə getdiyinə görə, onlar ailə üzvləri ilə birlikdə oradan çıxarılmışlar. Bir müddət sonra, həmin tikinti şirkəti onlara, yəni 1 otaq anasına, 1 otaqda ona vermişdir. Bir müddət keçdikdən sonra, anası belə qərara gəlmişdir ki, yaşlı olduğundan, onda başqa heç kimi olmadığına görə, ona belə bir təklif irəli sürmüşdür ki, “hər iki 1 otaqlı otağımızı sataq, bir ev alaq və bir yerdə yaşayaq”. Cavabdeh onun doğma anası olduğuna görə, onun təklifini qəbul etmişdir. Anası özü hər iki yeni tikilidə olan mənzilləri sataraq, əvəzində 3 otaqdan ibarət olan, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 7 saylı evin, 22 nömrəli mənzilini almışdır. O, iki azyaşlı uşaqları ilə birlikdə, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 7 saylı evin, 22 nömrəli mənzilinə köçərək orada yaşamağa başlamışlar. Bir neçə aylar orada yaşadıqdan sonra, heç bir səbəb olmadan, anası Cavabdeh onunla mübahisə edərək, onu və iki azyaşlı uşaqları ilə birlikdə, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 7 saylı evin, 22 nömrəli mənzilindən qovmuşdur. İndi isə, o, iki azyaşlı uşaqları ilə birlikdə xalasının evində qalır. 62 yaşlı anası Cavabdeh dediyinə görə, o aldığı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 7 saylı evin, 22 nömrəli mənzili satıb, qeyrirəsmi 45 yaşİı yaşadığı həmin şəxslə qaçıb getmək istəyir və ya mənzili ona bağışlayacaq, onu iki ayzaşlı uşaqları ilə birlikdə küçədə qoymaq istəyir. Hazırda anası Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 7 saylı evin, 22 nömrəli mənzil (mülkiyyəti təsdiq edən) **********05-05101-093005 nömrəli reyestrlə, ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, xüsusi mülkiyyətindədir. Məhkəmənin diqqətinə bir daha çatdırmaq istərdi ki, anası, yəni Cavabdeh ilə, birgə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 7 saylı evin, 22 nömrəli mənzilə köçərək, fasiləsiz orada yaşamağa başlamışdır. Son günə qədər anası, Cavabdeh ilə yaşayıb birgə təsərrüfat aparmış, onun ailə üzvüdür, son qovulan günə qədər sözegedən mübahisəli mənzildə iki azyaşlı uşaqları ilə orada yaşamışdır. Sonra anası Cavabdeh çox güman edir ki, məhz görüşdüyü, 45 yaşlı görüşdüyü Rauf adlı şəxsin plan göstərişinə əsasən, onu və azyaşlı uşaqlarını ananın vasitəsi ilə qovdurmuşdur ki, sonra həmin mənzilə yiyələnsin. Anası onu və uşaqlarını sözügedən mənzildən qovduqdan sonra, ona bildirmişdir ki, “sənin bu mənzildə hər hansı payın yoxdur və cavadeh mənzili ona yox başqa bir şəxsə bağışlamaq istəyir”, bu ifadəni dəfələrlə bildirmişdir. Çox güman ki, anası, Cavabdeh sözügedən mübahisəli mənzili məhz görüşdüyü Rauf adlı şəxsə bağışlamaq istəyir. Halbuki, atasından miras qalmış əvvəlki Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 16 saylı evin 8 nömrəli mənzilində uşaqlıqdan yaşamış, atasının vəfatından sonra, atasından miras qalmış yuxarıda qeyd etdiyi mənzil onun razılığı ilə anasının adına qeydiyyatdan keçərək, onun xüsusi mülkiyyətinə keçmişdir. Bir daha xatırlatmaq istərdi ki, həmin ev söküntüyə getmiş, əvəzində anası və ona 2 ədəd 1 otaqlı mənzil verilmiş, amma mənzillərə dair müqavilələr anasının adına olmuşdur. Qısa müddət keçdikdən sonra, Cavabdeh ona bildirmişdir ki, “gəl bu 2 ədəd 1 otaqlı mənzili sataq bir mənzil alaq və hamımız bir mənzildə yaşayaq. Mən də, anası, Cavabdeh inanaraq razılaşdır”. "xxxx" MTK-nın 17 noyabr 2023-cü il tarixli, № 608 nömrəli verilmiş sorğuya cavab olaraq, bildirmişdir ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 31 mart 2021-ci il tarixli müqaviləyə əsasən onun xüsusi mülkiyyətində olmuş, ünvan 1 ünvandakı 2 otaqlı, ümumi sahəsi 34,5 kv.m olan mənzilin əvəzinə, kooperativi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manaf, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllə ünvanda inşa etdiyi 9 saylı binanın 6 cı mərtəbəsindəki sahəsi 51,0 kv.metrdən ibarət 1 otaqlı 25 saylı və həmin binanın 7-ci mərtəbəsindəki sahəsi 51,0 kv.metrdən ibarət 1 otaqlı 31 saylı mənzilləri ona təhvil verərək onun adına rəsmləşdirilib. Sonradan Cavabdeh kooperativə təqdim etdiyi notariat qaydada təsdiq edilmiş imtina ərizələri əsasında qeyd olunan mənzillər başqa şəxslərin adına rəsimləşdirilib. Cavabdeh mənzillərin alqı satqısı ilə bağlı sövdələşmələri barədə "xxxx" MTK-da heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən, onun Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 7 saylı evin 22 saylı mənzilə dair istifadə hüququnun tanınması və onu sözügedən həmin mübahisəli mənzilə iki azyaşlı uşaqları ilə birlikdə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, o və qızı əvvəlki yaşadıqları T.Abbasov küçəsi, ev 16, mənzil 8 ünvanı sökülməmişdən əvvəl orada birlikdə yaşamışlar. Qızı Yuliya da orada qeydiyyatda olmuşdur. Sonradan həmin mənzil şirkət tərəfindən sökülmüş və mənzilin əvəzinə iki ədəd 1 otaqlı mənzillər verilmişdir. Belə ki, həmin 2 ədəd mənzildən biri onun sökülən evinin əvəzinə verilmiş, digər mənzilin dəyərini isə o, MTK-ya öz şəxsi vəsaiti hesabına tam ödəmişdir. Bundan sonra o, həmin iki ədəd 1 otaqlı mənzilləri satmış və əvəzinə 3 otaqlı mənzili almışdır. 3 otaqlı mənzil Özbəkistan küçəsi, ev 7, mənzil 22 ünvanında yerləşir. İddiaçı isə ona və bacısına mərhum analarından miras qalmış Şərifli küçəsi, ev 98, mənzil 98 ünvanında yaşayır, iddiaçının övladları da həmin mənzildə doğulublar və bugünə kimi də orada yaşayırlar. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh verilmiş suala cavab olaraq bildirmişdir ki, MTK tərəfindən əldə edilmiş 2 ədəd mənzilin satılması üçün iddiaçı ilə aralarında yalnız şifahi razılaşma olmuşdur ki, həmin mənzilləri satsınlar və əvəzində 3 otaqlı mənzil alsınlar. 3 otaqlı mənzildə onlar bir müddət yaşamışlar, sonradan münasibətləri pozulmuşdur, hətta polisə də müraciət etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ÖM seriyalı 137073 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 16 saylı evin 34.5 kv.m ümumi sahədən ibarət bir otaqlı mənzili Cavabdeh tam payda xüsusi mülkiyyəti kimi xx.xx.2002-ci ildə qeydiyyata alınmışdır. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Mənzil Kommunal Təsərrüfatı Birliyinin 120 saylı MKİS-in xx.xx.2023-cü il tarixli, 522 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də ünvan 1 ünvanda yaşayır. xx.xx.1997-ci ildən hal-hazıradək həmin ünvanda qeydiyyatdadır. Bina 2022-ci ildə sökülüb. Ailə üzvləri xx.xx.2017-ci il təvəllüdlü qızı X9 və xx.xx.2017-ci il təvəllüdlü X3. - "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən onun xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvandakı 2 otaqlı, ümumi sahəsi 34.5 kv.m olan mənzilin əvəzinə, kooperativin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllə ünvanda inşa etdiyi 9 saylı binanın 6-cı mərtəbəsindəki sahəsi 51 kv.m-dən ibarət 1 otaqlı 25 saylı və həmin binanın 7-ci mərtəbəsindəki sahəsi 51 kv.m-dən ibarət 1 otaqlı 31 saylı mənzilləri ona təhvil verərək onun adına sənədləşdirib. Sonradan Cavabdeh kooperativə təqdim etdiyi notariat qaydada təsdiq olunmuş imtina ərizələri əsasında qeyd olunan mənzillər başqa şəxslərin adına rəsmiləşdirilib. Cavabdeh mənzillərin alqı-satqısı ilə bağlı sövdələşmələri barədə "xxxx" MTK-da heç bir məlumat yoxdur. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 (Yeni qaydalarla: AZ1002, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2023-cü ildə Cavabdeh tam payda xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilə ½ hissədə X7, ½ hissədə isə Cavabdeh pay hüquqları tanınmış və müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə qeydiyyata alınmışdır. - 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. - AZ-T seriyalı 251788 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1992-ci ildə doğulmuşdur. Atası X12, anası X11. - “Elektron notariat” X2 vasitəsilə “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, son yaşayış yeri ünvan 1 kimi qeyd edilmiş xx.xx.1959-cu il təvəllüdlü X12 xx.xx.1999-cu ildə vəfat etmişdir. - AZ-İİ seriyalı 052287 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X8 xx.xx.2015-ci ildə Nizami rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşlar, bu barədə həmin tarixdə 655 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Pokasova soyadı verilmişdir. - AZ-İİİ seriyalı 925719 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci ildə doğulmuşdur. Atası X5, anası İddiaçıdır. - AZ-İİİ seriyalı 925718 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci ildə doğulmuşdur. Atası X5, anası İddiaçıdır. - MŞB/8/2023-02473 saylı xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya xərcini ödəmişdir. - xx.xx.2023-cü il tarixli, 15511 nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan sübutlarla müəyyən olunur ki, hazırkı İddiaçı anası olan hazırkı Cavabdeh tam payda xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 16 saylı evin 8 saylı mənzilində övladları xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə birlikdə yaşamışdır. Sonradan qeyd olunan mənzil "xxxx" MTK tərəfindən sökülmüş, həmin mənzilin müqabilində MTK tərəfindən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllə ünvanda inşa etdiyi 9 saylı binanın 6-cı mərtəbəsindəki sahəsi 51 kv.m-dən ibarət 1 otaqlı 25 saylı və həmin binanın 7-ci mərtəbəsindəki sahəsi 51 kv.m-dən ibarət 1 otaqlı 31 saylı mənzillər verilmişdir. MTK tərəfindən sözügedən mənzillərdən biri sökülmüş mənzilin əvəzinə verilmiş, digər mənzil isə cavabdehin əlavə pul ödəməsi barədə təklifi qarşılığında verilmişdir. Bundan sonra isə qeyd olunan hər iki mənzil cavabdeh tərəfindən özgəninkiləşdirilmiş və əldə edilmiş pul hesabına Cavabdeh ünvan 4 (Yeni qaydalarla: AZ1002, ünvan 2 ünvanında yerləşən mənzili almışdır, hazırda isə iddiaçı, qeyd olunan mənzilə azyaşlı övladları ilə birlikdə qeyd olunan mənzilə yaşayış hüquqları tanınmaqla köçürülməsini xahiş edir. Burada Cavabdeh qəbul etmədiyi hal ondan ibarətdir ki, o, hazırkı iddiaçı olan qızı İddiaçı sökülməmişdən əvvəl Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 16 saylı evin 8 saylı mənzilində övladları ilə birlikdə yaşadığını, lakin sonradan ona və bacısına mərhum anasından miras qalmış ünvan 3 ünvanına getdiyini və övladları və onun bacısı ilə birlikdə yaşadığını qeyd etməklə iddia tələbinin rədd edilməsini xahiş edir, o cümlədən həmin mənzilə tanınmış ½ hissədə payını iddiaçıya verməyə razı olduğunu bildirmişdir. Lakin, iddiaçı məhkəmə iclasında anasının həmin payı ümumiyyətlə ona vermək fikrinin olmadığını, bununla bağlı hər hansı real hərəkət etmədiyini (məhkəmə iclasında da bununla bağlı razılıq əldə edilməmişdir), anasının qeyd olunan əmlakları özgəninləşdirmək fikrinin olduğunu, o cümlədən MTK tərəfindən onlara verilmiş mənzillərin satışından sonra əldə edilmiş mənzilə yaşayış hüququnun tanınmaqla oraya köçürülməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı işin faktiki halları yanaşı, cavabdehə verilmiş suallara cavab olaraq Cavabdeh ilk əvvəllər Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 16 saylı evin 8 saylı mənzilində iddiaçı və onun övladları ilə birlikdə yaşadıqlarını, iddiaçının həmin mənzildə qeydiyyatda olduğunu, daha sonra həmin mənzil söküldüyü üçün "xxxx" MTK tərəfindən ona həmin mənzilin müqabilində 1 otaqlı yeni mənzil verildiyini, habelə özünün əlavə pul təklif etməsi müqabilində MTK tərəfindən onlara əlavə 1 otaqlı mənzil də verildiyini, həmin mənzilin birində özünün, digərində isə qızının qalmasını nəzərdə tutduğunu, daha sonra isə qızına "xxxx" bildirib buna görə də MTK tərəfindən verilmiş hər iki mənzilin satılaraq 3 otaqlı mənzil almalarını təklif etdiyini, daha sonra ünvan 4 ünvanında yerləşən mənzili aldıqlarını, lakin qısa müddət ərzində qızının orada yaşadığını və aralarında mübahisə olduqdan sonra qızının getdiyini bildirmiş, hazırda qeyd olunan sonuncu mənzilə qızının köçürülməsini istəmədiyini və bacısına və ona miras qalmış mənzildə qızının yaşamasını istədiyini bildirmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, hazırkı İddiaçı hazırkı Cavabdeh qızıdır. İddiaçı iki azyaşlı övladı ilə birlikdə anasına (cavabdehə) məxsus ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşamış, həmin mənzilə istifadə hüququ olmuşdur. Sonradan mənzilin söküntüsü ilə əlaqədar, həmin mənzilin əvəzinə "xxxx" MTK tərəfindən cavabdehə 1 otaqlı mənzil verilmiş, sonuncu əlavə pul ödəməklə daha 1 otaqlı mənzilin verilməsini MTK-dan xahiş etmiş, MTK ilə bununla bağlı aralarında razılaşma əldə edilmişdir. Məhkəmə iclasında cavabdeh, həqiqətən də həmin mənzillərdən birini özü üçün, digərini qızı üçün nəzərdə tutduğunu, daha sonra qızı ilə razılaşma əsasında həmin mənzilləri satıb 3 otaqlı, Özbəkistan küçəsində yerləşən mənzili aldıqlarını, daha sonra həmin mənzildə bir müddət yaşadıqdan sonra qızı ilə aralarında mübahisə olduğundan qızının oradan getdiyini bildirmişdir. Göründüyü kimi, İddiaçı iki azyaşlı övladı ilə birlikdə sökülməmişdən əvvəl ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşamış və həmin yaşayış sahəsinə istifadə hüququ olmuş, lakin MTK tərəfindən iki mənzil verilməsi, daha sonra həmin mənzillərin satışından 3 otaqlı mənzil əldə edilməsinə baxmayaraq, həmin mənzilə istifadə hüququ əldə edə bilməmiş, faktiki olaraq iddiaçının istifadə hüququ mövcud olmuş mənzillə cavabdeh tərəfindən sonuncu əldə edilmiş mənzilin əldə edilməsi arasında keçən müddət ərzində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Məhkəmə cavabdehin- bacısı ilə ona miras qalmış və ½ hissədə pay hüquqları tanınmış ünvan 5 ünvanında yerləşən mənzildə iddiaçının “məcburiyyət qarşısında qalaraq” yaşamasına istinad etməsinə münasibətdə isə qeyd edir ki, həmin əsas hazırkı iddia tələbinin təmin edilməməsi üçün əsas ola bilməz, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 7 saylı evin 22 saylı mənzilinə istifadə hüququ tanınmalı və İddiaçı azyaşlı uşaqları- xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 7 saylı evin 22 saylı mənzilinə köçürülməlidirlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 7 saylı evin 22 saylı mənzilinə istifadə hüququ tanınsın və İddiaçı azyaşlı uşaqları- xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 7 saylı evin 22 saylı mənzilinə köçürülsünlər. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar