Məhkəmə qərarları › İş №2(007)-836/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-836/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-836/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən artıq alınmış 20509,3 AZN məbləğin, 6152,79 AZN məbləğində hesablanmış faizin və 8000 AZN mənəvi zərərin, ümumilikdə 34662,09 AZN məbləğin cavabdehdən tutularaq ona geri qaytarılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 02 avqust 2014-cü il tarixində Cavabdeh MMC-nin direktoru X2 ilə onun arasında “Daşınmaz əmlakın (qeyri-yaşayış sahəsinin) tikilməsi sifarişi üzrə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi sahəsi 145,01 kv.m olan, hər kv.m üçün isə 830 AZN ödənilməklə, ümumi olaraq, 120358 AZN ödəməli imiş, əvəzində isə ona cavabdeh tərəfindən mənzil təqdim edilməli imiş. Həmin məbləğin onun tərəfindən tam ödənilməsi haqqında Cavabdeh MMC tərəfində 11 avqust 2014-cü il tarixində maliyyə arayışı təqdim edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən qeydiyyat nömrəsi ********* olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 yanvar 2020-ci il tarixli çıxarışda yuxarıda qeyd edilən yaşayış sahəsinin 120,30 kv.m olduğu qeyd edilmişdir. Bu çıxarışdan açıq aşkar görünür ki, Cavabdeh MMC ondan 24,71 kv.m üçün ödədiyi 20509,3 AZN artıq almışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, Cavabdeh MMC ilə bağlanmış müqavilə əsasında əldə etdiyi mənzilin sahəsinin müqavilədə qeyd edilən ölçülərə uyğun olmadığını, DƏDRX-dən çıxarış əldə etdikdən sonra xəbərdar olmuşdur. Qeyd edilən uyğunsuzluq aşkarlıqdan sonra Cavabdeh MMC-nin Nərimanov metro stansiyası yaxınlığında yerləşən ofisinə yaxınlaşaraq şirkətin baş mühasibi Zakir bəylə bu məsələni müzakirə etmişdir. Zakir bəy isə onu şirkətin digər əməkdaşı Mətləb bəyə yönəltmişdir. Mətləb bəy onu dinlədikdən sonra mənzilin yenidən ölçülməsi üçün əməkdaşların yaxın zamanda yaxınlaşmağını söz vermiş, lakin hal-hazıradək həmin şirkətdən nə əməkdaş yaxınlaşmış, nə də ki, əlaqə saxlanılmamışdır. Şahinlər MMC tərəfindən ona verilmiş müqavilə və digər sənədlərin əslini DƏDRX-yə təqdim etdiyi üçün arxiv sürətlərinin təqdim olunması üçün həm özü, həmdə vəkilim vasitəsilə 29.09.2020 tarixli 592 saylı sorğuya DƏDRX 02.10.2020 tarixli **********30 saylı cavabında bidirmişdir ki, müvafiq sənəd surələri yalnız məhkəmə qərarı əsasında verilə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilədə qeyd edilmişdir ki, iddiaçı “Şahinlər" MMC-yə müqaviləyə əsasən ümumi sahəsi 145,01 kv.m olan, hər kv.m üçün isə 830 AZN ödənilməklə, ümumi olaraq, 120358 AZN ödəməlidir, əvəzində isə iddiaçıya cavabdeh tərərfindən ev tikilməli imiş. Daşınmaz Əmlakın Dövlət reyestrindən verilən 13 yanvar 2020-ci İ tarixli çıxarışda yuxarıda qeyd edilən yaşayış sahəsinin 120,30 kv.m olduğu qeyd edilmişdir. Bu çıxarışdan açıq aşkar görünür ki, Cavabdeh MMC iddiaçıdan 24,71 kv.m. üçün ödədiyi 20509,3 AZN pulu artıq almışdır. Ekspert rəyindəndə göstərilmişdir ki, mənzilin ümumi sahəsi çıxarışdakı kimidir. Oxdan-oxa sahə anlayışına qanunvericilikdə rast gəlməmişdir. Mənzilin ümumi sahəsini ilə tikinti sahəsi fərqli anlayışlardır. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsinin 145,01 kv.m olacağı müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirdi ki, “Şahinlər" MMC ilə iddiaçı arasında “Daşınmaz əmlakın tikilməsi sifarişi üzrə" müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçının sifariş verdiyi mənzil tikilərək ona təhvil verilmişdir. Lakin iddiaçı mənzilin alqı-satqı müqaviləsinin tələbləri ilə əmlakın tikilməsi sifarişi müqaviləsinin tələblərini səhv salaraq belə bir əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Sifariş müqaviləsi əsasında əmlakın ümumi, oxdan-oxa, yəni tikilmiş bütün sahə ölçülərək müqaviləyə qeyd olunmuşdur. Əgər iddiaçı ilə əmlakın alqısatqı müqaviləsi bağlansaymış, həmin vaxt başqa formada ölçmə aparılarmış. Cəmiyyət tərəfindən müqavilə üzrə öhdəlik tam yerinə yetirilmişdir. Layihə əsasında tikinti həyata keçirilmişdir. Ekspert rəyində də qeyd etdikləri öz təsdiqini tapmışdır. Ekspert rəyi ilə razıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13.01.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2561-ci məhəllə, 72F, 72D, 72E, mənzil 211. Yeni qaydalarla: AZ1118, ünvan 1 ünvanında yerləşən sahəsi 120,30 kv.m olan mənzil X4 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə il tarixdə qeydiyyata alınmışdır. - İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış 02 avqust 2014-cü il tarixli Daşınmaz əmlakın (qeyri-yaşayış sahəsinin) tikilməsi sifarişi üzrə müqavilədən görünür ki, sifarişçi ailəsinin mənzil təminatını ödəmək üçün ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 4 blokunun 6 mərtəbəsində, ümumi sahəsi 145,01 kv.m olan 211 nömrəli, 3 otaqlı mənzilə ehyiyacı olduğunu və bunun tikilməsinə çəkiləcək xərcləri öz öhdəsinə götürmüş, icraçı isə sifarişçinin istəyinə uyğun qeyri-yaşayış sahəsinin ayrılmasını və tikilib təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri 120358 manat (145,01 x 830) müəyyən edilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş 11.08.2014-cü il tarixli 201 saylı arayışın surətindən görünür ki, Bakı şəhəri, Qara Qarayev prospekti 2561-ci məhəllədə yerləşən Cavabdeh MMC-yə məxsus olan binanın 4 blok 6 yaşayış mərtəbəsində ümümi sahəsi 145,01 kv.m olan 3 otaqlı 211 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Payçı İddiaçı Cavabdeh MMC-yə borcu yoxdur. - Məhkəmə tərəfindən təyin olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19.08.2021-ci il tarixli 10/1931 nömrəli məhkəmə-tikinti texniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, ünvan 1 ünvanda yerləşən mənzilin ümumi sahəsi 120,2 kv.m təşkil etdiyi müəyyən olunur. ünvan 1 ünvanda yerləşən mənzilin faktiki ümumi sahəsinin (locyaya və balkona azalma əmsalı tətbiq olunmadıqda) 126,2 kv.m təşkil etdiyi müəyyən olunur. Qərardadın ikinci və üçüncü sualları üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq aparılmış hesablamalarla müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən mənzilin oxdan-oxa, yəni tikilmiş bütün ölçülərin sahələri (divarlar, içdən-içə arakəsmələr, həmçinin eyvan və lociya daxil olmaqla) nəzərə alınmaqla sahəsi 144,8 kv.m təşkil etdiyi müəyyən olunur. Mənzilin oxdan-oxa olan sahəsinin (144,8 kv.m) 02 avqust 2014-cü il tarixli müqavilədə göstərilən (145,01 kv.m) sahəyə təqribən uyğun olduğunu və ünvan 1 ünvanda yerləşən mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən müəyyən edilmiş sahəsinin (120,2 kv.m) 13.01.2020-ci il tarixli çıxarışında göstərilən (120,30 kv.m) sahəyə uyğun olduğunu nəzərə alaraq, 13.01.2020-ci il tarixli çıxarışında göstərilən (120,30 kv.m) sahə ilə 02.08.2014-cü il tarixli müqavilədə göstərilən sahə (145,01 kv.m) arasında fərqin yaranmasının səbəbi “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları” və digər əlaqəli qanunlarda nəzərdə tutulmuş mənzilin ümumi sahəsi hesablanarkən nəzərə alınmayan sahələr (divarlar, arakəsmə divarlar, azalma əmsallarının tətbiq olunması və s.) olduğu müəyyən olunur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh MMC ilə bağladığı 02 avqust 2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh MMC ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 4 blokunun 6 mərtəbəsində, ümumi sahəsi 145,01 kv.m olan 211 nömrəli, 3 otaqlı mənzili tikərək iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzilin dəyəri olan 120358 manat (145,01 x 830) məbləğində pulu cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən mənzilin tam dəyəri Cavabdeh MMC-yə ödənilmiş, bu barədə maliyyə arayışı verilmişdir. Hazırda tərəflər arasında mübahisə mənzilin ümumi sahəsi ilə bağlıdır. Belə ki, iddiaçı hazırda məhkəmədə mənzilin həqiqi sahəsinin 120,30 kv.metr olmasını, ondan həmin mənzilə görə ödənilmiş artıq məbləğin alınmasını cavabdehdən tələb edir. Cavabdeh isə mənzilin sahəsinin müqavilədə göstərildiyi kimi düzgün müəyyən edildiyini bildirmişdir. Məhkəmə tərəfindən yaranmış mübahisə ilə əlaqədar tikinti-texniki ekspertiza təyin edilmiş və ekspertin 26.08.2021-ci il tarixli 10/2289 saylı rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, ünvan 1 ünvanda yerləşən mənzilin ümumi sahəsi 120,2 kv.m təşkil etdiyi müəyyən olunur. ünvan 1 ünvanda yerləşən mənzilin faktiki ümumi sahəsinin (locyaya və balkona azalma əmsalı tətbiq olunmadıqda) 126,2 kv.m təşkil etdiyi müəyyən olunur. Qərardadın ikinci və üçüncü sualları üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq aparılmış hesablamalarla müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən mənzilin oxdan-oxa, yəni tikilmiş bütün ölçülərin sahələri (divarlar, içdən-içə arakəsmələr, həmçinin eyvan və lociya daxil olmaqla) nəzərə alınmaqla sahəsi 144,8 kv.m təşkil etdiyi müəyyən olunur. Mənzilin oxdan-oxa olan sahəsinin (144,8 kv.m) 02 avqust 2014-cü il tarixli müqavilədə göstərilən (145,01 kv.m) sahəyə təqribən uyğun olduğunu və ünvan 1 ünvanda yerləşən mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən müəyyən edilmiş sahəsinin (120,2 kv.m) 13.01.2020-ci il tarixli çıxarışında göstərilən (120,30 kv.m) sahəyə uyğun olduğunu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadanmüəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə hesab edir ki, keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini və qanunvericiliyin normalarını nəzərə alaraq, hesab edir ki, cavabdeh iddiaçı qarşısında müqavilə üzrə öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahəyə uyğun mənzil təhvil vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Belə ki, iş üzrə ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan mübahisəli mənzilin faktiki ümumi sahəsi 144,8 kvadrat metr olmaqla, 02 avqust 2014-cü il tarixli müqavilədə göstərilən (145,01 kv.m) sahəyə təqribən uyğundur. Lakin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq hesabladıqda isə mənzilin ümumi sahəsi 120,30 kvadrat metr müəyyən edilir. Beləliklə müəyyən olunur ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahəyə uyğun mənzil təhvil vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə daşınmaz əmlakın tikilməsi sifarişi üzrə müqavilədir və Cavabdeh MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəliklərini yerinə yetirərək müqavilədə göstərilən sahədə tikintini iddiaçıya təhvil vermişdir. Nəticədə, məhkəmə araşdırması zamanı Cavabdeh MMC tərəfindən iddiaçıya maddi ziyan vurulması halı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC tərəfindən artıq alınmış 20509,3 AZN məbləğin, 6152,79 AZN məbləğində hesablanmış faizin cavabdehdən tutularaq ona geri qaytarılmasının təmin edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iddia tələbinin “8000 manat mənəvi zərərin cavabdehdən tutularaq ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “mənəvi ziyana görə 8000 manat pulun cavabdehdən tutularaq ona geri qaytarılması” hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan 19.08.2021-ci il tarixli 10/1931 nömrəli ekspert rəylərindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ödənilmiş dövlət rüsumu ilə bağlı tələbi olmadığından iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona aid edilməli, həmçinin, iddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyi üçün keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC tərəfindən artıq alınmış 20509,3 AZN məbləğin, 6152,79 AZN məbləğində hesablanmış faizin və 8000 AZN mənəvi zərərin, ümumilikdə 34662,09 AZN məbləğin cavabdehdən tutularaq ona geri qaytarılmasının təmin edilməsi” tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC tərəfindən artıq alınmış 20509,3 AZN məbləğin, 6152,79 AZN məbləğində hesablanmış faizin və 8000 AZN mənəvi zərərin, ümumilikdə 34662,09 AZN məbləğin cavabdehdən tutularaq ona geri qaytarılmasının təmin edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar