Məhkəmə qərarları › İş №2(007)-845/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-845/2023

31.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-845/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialına qarşı əmrin ləğvi,işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialına qarşı əmrin ləğvi,işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh müəssisədə 2021-ci il 4 iyun tarixindən sürücü vəzifəsində işə qəbul olunmuşdur. İşləri Şuşa şəhərinin Daşaltı kəndində olub. 22 sentyabr 2021-ci il tarixdə işin azalması ilə əlaqədar onu işdə qalmaq şərti ilə evə göndəriblər. 07 ay ona heç bir məvacib ödənilməyib. Əslində ona orta əmək haqqı ödənilməli idi. 10 iyun 2022-ci il tarixdə onu geri çağırıb 40 gün müddətində işlədiyi, 20 iyul tarixdən heç bir səbəb olmadan işdən azad etdilər. Halbuki, onunla bağlanmış müddətli əmək müqaviləsi 09 sentyabr tarixdə bitirdi. Həmin dövrdə ona məvacib ödəmədilər. Onu əmək müqaviləsi əsasında gecə növbəsi olmadan geçə işlədiblər və üç saat artıq işlədiblər. Odur ki, həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa olunmalı,ona ödənilməmiş 8 ay 18 günün orta aylıq əmək haqqı və 20 gün işlədiyi əmək haqqı, ödənilməsinə dair qətnamə qəbul edilməlidir.Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməyib.Sadalanan normanın məzmunundan göründüyü kimi əslində onunla 09 sentyabr 2022-ci il tarixə müddətli əmək müqaviləsi bağlanıb və həmin müqavilənin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olub. Cavabdehlə aralarında yaranan mübahisəni yoluna qoymaq cəhdlərim nəticə verməyib.Buna görə də cavabdehlə aralarında yaranan mübahisənin dostcasına həll edilməsi üçün qanunla nəzərdə tutulan qaydada 15 avqust 2022-ci il tarixdə “Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkət’’-nin Azərbaycan Respublikasındakı fılalına mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Lakin cavabdehə qanunvericiliyə uyğun olaraq, ilkin mediasiya sessiyasının tarixi, saatı yeri barədə ətraflı məlumat verilsədə, sonuncu yazılı olaraq ilkin mediasiya iclasında iştirak etməkdən imtina edir.Qeyd olunanlara əsasən “Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkət’’-nin Azərbaycan Respublikasındakı fılalının 20 iyul 2022ci il tarixli əmrinin ləğv edilməsi,əmək müqaviləsində göstərilən işə bərpa olunması və 20 iyul 2022-ci il tarixdən işə bərpa olunan günədək məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi,ödənilməmiş 8 aya 18 günün orta aylıq əmək haqqının və 20 gün işlədiyi günlərin hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,iddia tam olaraq əsassızdır. Vətəndaş işdən çıxarılması ilə bağlı ərizə ilə müraciət edib və qanunvericiliyin tələbinə uyğun olaraq onun işdən çıxarılması əmrləşdirilib və əmək kitabçası ona təhvil verilib.İşdən çıxarılma barədə ərizə elektron formada çap olunur və işçi həmin ərizəni imzalayır.İşçilərin əksəriyyəti fəhlə olduğundan və onların ərizə yazmağa savadları çatmadığından müəssisə qərara qəlib ki, ərizələr elektron tərtib olunsun və işçilər şəxsən imazalasınlar.xx.xx.2022-ci il tarixli işdən çıxma barədə ərizəni İddiaçı şəxsən özü imzalayıb. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2022-ci il tarixli, müddətli (xx.xx.2022-ci il tarixinədək) əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı həmin tarixdən “Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkət’’-nin Azərbaycan Respublikasındakı fılalında yük avtomobili sürücüsü vəzifəsinə qəbul edilib.Aylıq əmək haqqı 841.14 manat müəyyən olunub. Yük avtomobilinin sürücüsü İddiaçı “Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkət’’nin Azərbaycan Respublikasındakı fılalının direktoru X2 ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizədə qeyd olunur ki, “Sizdən xahiş edirəm ki, məni öz xahişimlə xx.xx.2022-ci il tarixdən tutduğum vəzifədən azad edəsiniz və mənimlə bağlanmış əmək müqaviləsini ləğv edəsiniz” Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2a maddəsinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. “Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkət’’-nin Azərbaycan Respublikasındakı fılalınının icraçı direktoru Ekrem Tütünçü tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2a maddəsinə əsasən(tərəflərdən birinin təşəbbüsü ilə)xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixdən 20.072022-ci il tarixinədək istifadə edilməmiş 2 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə (departamentinə) həvalə edilməsi, işçinin əmək kitabçasında lazimi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. Cavabdeh “Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkət’’-nin Azərbaycan Respublikasındakı fılalının xx.xx.2022-ci il tarixli arayışında qeyd olunur ki, “Verilir İddiaçı ondan ötrü ki,o həqiqətən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər (vəzifə maaşı 831.64 manat) və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər (vəzifə maaşı 841.14 manat) yük avtomobilinin sürücüsi vəzifəsində işləyib və hal-hazırda onunla şirkət arasında əmək münasibətləri davam etdirilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən:

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. İşin hallarından görünür ki,İddiaçı cavabdeh müəssisədə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər (vəzifə maaşı 831.64 manat) və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər (vəzifə maaşı 841.14 manat) yük avtomobilinin sürücüsi vəzifəsində işləyib. xx.xx.2022-ci il tarixdə ərizə ilə işəgötürənə ərizə ilə müraciət edərək öz xahişi ilə xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İşəgötürənin mübahisələndirilən əmri ilə ərizə təmin olunmuş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı suallara cavab olaraq bildirmişdir ki, ərizədəki imza ona məxsusdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki,iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarının pozulması hallarına yol verilməmişdir. Ona görə də əmrin ləğv edilməsi,əmək müqaviləsində göstərilən işə bərpa olunması və 20 iyul 2022-ci il tarixdən işə bərpa olunan günədək məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi hissəsində iddia əsassız olduğundan təmin olunmamalıdır. Ödənilməmiş 8 ay 18 günün orta aylıq əmək haqqının və 20 gün işlədiyi günlərin hesablanıb ödənilməsi tələblərinə qiymət verərkən məhkəmə qeyd etməyi zəruri hesab edir ki,həmin tələblər iddiaçı tərəfindən yetərincə əsaslandırılmamış,qeyd olunan tələblərin nədə ifadə olunduğunu tam aydınlıqla göstərməmişdir. Cavabdeh isə iddianı bütövlükdə qəbul etməmişdir. Bu səbəbdən qeyd edilən tələblər üzrə də iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki,iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh “Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialına qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar