Məhkəmə qərarları › İş №2(007)-849/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-849/2025

17.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-849/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X9 üzrə Dövlət Komitəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması və mənzildən çıxarılma”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Fərhad qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X9 üzrə Dövlət Komitəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onların azyaşlı uşaqları X15, X13 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, M. X. Şərifli küçəsi, ev 1/2 , 14 saylı mənzildən çıxarılması və mənzilin cavabdehin vəsaiti hesabına boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra hakimiyyəti başçısının 016795 saylı, xx.xx.1994-cü il tarixli orderinə əsasən Bakı şəhəri Zərdabi küçəsi 1/2 saylı evin mən. 2-ci blokunda, 2-ci mərtəbəsində yerləşən sahəsi 45.86 kv.m olan 14 saylı mənzil onun X4na 4 nəfər ailə tərkibi olmaqla (atası, anası, o və qardaşı) verilmişdir. Mənzildə təmir işlərinə başlamaq, sonra isə yaşamaq niyyətində idilər ki, 1997ci ildə Cəbrayıl rayonundan məcburi köçkün olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onların məlumatları olmadan həmin ünvana məskunlaşmışlar. X4 03 oktyabr 2023-cü ildə ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. Onlar onların vərəsələridir. Daşınmaz Əmlaka mənzilin vərəsəlik qaydasında öz adlarına keçirmək üçün müraciət etdikdə, imtinanın səbəblərdən biri də mənzildə başqa şəxslərin yaşaması olmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onların azyaşlı uşaqları X17, X13 ilə birlikdə həmin vaxtdan hazırkı vaxtadək həmin mənzildə yaşayırlar. Dəfərlərlə mənzildən çıxmasını tələb etsələr də, onlar mənzildən çıxmırlar və mənzili boşaltmırlar. Bildirir ki, hamıya məlumdur ki, 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikasının bütün torpaqları düşmənlərdən azad edilmiş və məcburi köçkünlər torpaqlarına, evlərinə qayıdış proqramı əsasında hərəkətlər olunur. Artıq məcburi köçkünlər mərhələli surətdə evlərinə kömürülmüşlər. Lakin onların evdə yaşayan məcburi köçkünlər evlərini boşaltmaq niyyətində deyillər. Beləliklə, cavabdehlər onlara məxsus olan evdə yaşamaqla, ondan qanunsuz istifadə və sahiblik edirlər.

İş materialları :

3. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 rayonu, Şükürbəyli kəndində qeydiyyatdadırlar.

4. İV-ЖГ seriyalı, 359771 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 ilə İddiaçı1 xx.xx.1987-ci il tarixdə nikah bağlamış və Pirili kənd XDS İcraiyyə Komitəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeyd edilmişdir.

5. Azərbaycan Respublikası DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı2 xx.xx.2008-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.

6. Azərbaycan Respublikası DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı1 xx.xx.2008-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.

7. Nizami rayon İcra Hakimiyyəti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 84 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 M.X.Şərifli küçəsi, 1/2 №-li evin 14 mənzilində qeydiyyatdadır. X16 rəhmətə gedib, X18 və X19 mənzildə yaşamır. Mənzildə Cəbrayıl rayonundan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X15, X13 yaşayır.

8. Xətai rayonu Xalq deputatları Soveti tərəfindən H.N.Əhmədova verilmiş xx.xx.1994cü il tarixli, 016795 nömrəli orderdən görünür ki, Bakı şəhəri, Zərdabi küçəsində yerləşən 1/2 №-li evin 14 saylı mənzilində Əhmədov.H.N oğluna, İddiaçı1E qızına, Əhmədov.N.H oğluna, Əhmədova.P.H qızına yaşamaq hüququ verilmişdir.

9. AZ-İİ seriyalı, 367875 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il 1005 nömrə ilə qeyd edilmişdir.

10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 1/2 saylı evin 14 saylı mənzilinin beşmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşdiyi, qeyd edilən mənzil yerləşən yaşayış binasının tikintisinin başa çatmadığı və mənzildə məcburi köçkün ailəsinin məskunlaşdığı müəyyən edilmişdir.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 1/2 saylı evin 14 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilmədiyi qeyd edilmişdir.

12. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məktubda qeyd etdiyiniz vətəndaşlar Cəbrayıl rayonundan məcburi köçkünlər – Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 148, yardımçı binada məskunlaşmışlar.

13. Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli sərəncamından görünür ki, vətəndaş X16 Sənayetikinti trestində 19.02.91-ci ildən işləyir. Binəqədi RİK-in xx.xx.1986-cı il tarixli 25 nömrəli qərarı ilə özü tək mənzil uçotuna götürülmüşdür. Hazırda ailəsi 4 nəfərdir : özü, arvadı, oğlu, qızı. Sənayetikinti trestinin müdiriyyəti və HK-nın xx.xx.1993-cü il tarixli 14№-li birgə protokolu ilə H.N.Əhmədova növbə əsasında Zərdabi küçəsi İ-2 nömrəli evin sahəsi 45.86.kv.m. olan 3 otaqlı 14 nömrəli mənzili verilmişdir. Uçot ili 19.Xİ.93-cü il tarixli məktubla baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45-ci maddəsinə əsasən X10 Zərdabi küçəsi, 1-2 №-li evin 2-ci mərtəbəsində sahəsi 45.86 kv.metr olan 3 otaqlı, 14№-li mənzilin verilməsi haqqında Sənayetikinti trestinin müdiriyyəti və HK-nın xx.xx.1993-cü il tarixli 14№-li birgə protokolu təsdiq edilmiş və ona order verilmiş, X3nun, İddiaçı1, X6 və X7 daxil edilmişdir. Mənzil uçotundan çıxarılmışdır.

14. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

15. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, həmin mənzil 1994-cü ildə onun mərhum həyat yodaşına işlədikləri yerdən verilmişdir. Həyat yoldaşı ilə bərabər onun iş yoldaşlarına da həmin binadan mənzillər verilmişdir. Mənzil 1994-cü ildə verilsə də, həmin vaxt bina tam tikilib başa çatmadığı üçün onlar mənzilə köçməmişlər. Həyat yoldaşının iş yoldaşlarının bəziləri həmin mənzillərə köçmüş və hazırda da yaşamaqdadırlar. Cavabdehlər 1996-cı ilin oktyabr ayından orada məskunlaşmışlar. Ev onlara verilən vaxt təmirsiz olmuşdur. Mənzil verilən zaman yoldaşı xəstə olduğu mənzili təmir edə bilməmiş, sonra isə məcburi köçkünlər köçüb yaşamış, çıxmalarını tələb etsələrdə çıxamışlar. Yoldaşı həmin mənzildə yaşaya bilmədən vəfat etmişdir. Cavabdehlər həmin mənzilə köçdükdən sonra dəfələrlə mənzilə getmişdir. Qaçqınların və X9 üzrə Dövlət Komitəsi onlara məhkəməyə müraciət etmələrini bildirmişdir.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, onlar 1996-cı ildən mübahisə predmeti olan mənzildə məskunlaşmışlar. Mənzilə köçdükləri zaman mənzilin qapısı, pəncərəsi, su, qaz olmamışdır. Onlar həmin mənzili təmir edib yaşamışlar. Onları həmin mənzildə Komitə yerləşdirməmişdir, özləri məskunlaşmışlar. İddiaçını isə tanıyır. Belə ki, o gəlib onların mənzili boşaltmalarını tələb etmişdir. Son zamanlarda da gəmişdir. Həmçinin uşaqlar Aylin və İsmayılda onlarla birlikdə yaşayır, məktəbdə oxuyurlar. Həmçinin qeyd etmişdir ki, onlar mənzilə köçdükləri vaxtdan həmin binada 5 mənzil sahibi yaşayır. İşğaldan azad olunmuş torpaqlara köç gedənədək mənzildən çıxmaq istəmədiklərini, köç zamanı birinci özlərinin gedəcəyini bildirdi. İddianı qəbul edir, sadəcə öz yurd-yuvalarına köçənədək möhlət verilməsini xahiş edir.

18. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, 2-3 aya işğaldan azad olunmuş ərazilərə, Cəbrayıl rayonuna köçəcəklər. Belə ki, onlar siyahıya alınmışdır.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh X11 və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

20. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

21. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 1/2 ünvanında yerləşən və sahəsi 45.86 kv.m olan mənzil Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, m-156 saylı sərəncamı əsasında X10 verilmiş, həmin mənzilə dair X12 xx.xx.1994-cü il tarixli, 016795 nömrəli order verilmişdir.

22. Orderdə adları qeyd edilmiş X8 arvadı İddiaçı1 və qızı İddiaçı2 xx.xx.2008-ci ildən həmin mənzildə qeydiyyatdadırlar.

23. X16 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçılar həmin əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müraciət etmişlər.

24. Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ½ saylı evin, 14 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

25. Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 1/2 ünvanında yerləşən və sahəsi 45.86 kv.m olan mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 faktiki sahiblik və istifadəsindədir.

26. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitədə olan məlumata əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 148, yardımçı binada məskunlaşmışlar

Məhkəmə baxışının hədləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

28. Azərbaycan Respublikası Konstitusiyasının :

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3. İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Məhkəmənin mövqeyi :

31. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

32. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbini onlara məxsus olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 1/2 ünvanında yerləşən və sahəsi 45.86 kv.m olan mənzilin cavabdehlər tərəfindən heç bir əsas olmadan zəbt edilməsi ilə əsaslandırmışdır.

33. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

35. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

36. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

37. Belə ki, iddia tələbinin faktiki hallarına əsasən iddiaçılar İddiaçı1 əri və İddiaçı2 atası olan X10 verilmiş Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 1/2 ünvanında yerləşən və sahəsi 45.86 kv.m olan mənzildə məcburi köçkün olan cavabdehlər yaşayırlar və onlar öz yurd-yuvalarına köç edənədək mənzildən çıxmaqdan imtina edirlər.

38. Məhkəmə qeyd edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

39. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.

40. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.

41. Məhkəmə qeyd edir ki, belə olan halda hazırki iddianın qanuni əsası kimi mübahisəyə Mülki Məcəllənin 157.2-ci maddəsi tətbiq edilməlidir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

42. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır.

43. Qeyd edilən normanın dispozisiya şərtləri isə aşağıdakılardır:

1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;

2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;

3. Cavadbehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır.

44. Məhkəmə qeyd edir ki, hazırki mülki işin faktiki halları qeyd edilən normanın dispozisiya şərtləri ilə üst-üstə düşür.

Tələb edilən əmlak iddiaçının mülkiyyətində olması:

45. İşin faktiki hal odur ki, İddiaçı1 əri, İddiaçı2 X4 mənzil uçotuna götürülmüş, Sənayetikinti trestinin müdiriyyəti və HK-nın xx.xx.1993-cü il tarixli 14№-li birgə protokolu ilə H.N.Əhmədova növbə əsasında Zərdabi küçəsi İ-2 nömrəli evin sahəsi 45.86.kv.m. olan 3 otaqlı 14 nömrəli mənzili verilmişdir. Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli sərəncamı ilə Sənayetikinti trestinin müdiriyyəti və HK-nın xx.xx.1993-cü il tarixli 14№-li birgə protokolu təsdiq edilmiş və ona order verilmişdir. X3 ilə yanaşı ailə üzvləri arvadı İddiaçı1, oğlu X18 və qızı X19 daxil edilmişdir.

46. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 1/2 ünvanında yerləşən və sahəsi 45.86 kv.m olan 14 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin əsaslardan biri Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (AR Prezidenti) tərəfindən müəyyən edilən sənədlərdir.

48. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi həmin siyahıya əlavə edilmişdir.

49. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında, o cümlədən “İatridis Yunanıstana qarşı” işində qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir.

50. Məhkəmə Avropa İnsan hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 1/2 ünvanında yerləşən 14 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da özbaşına tikili deyil, həmin əmlaka mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması hüquqi akta əsaslandığı üçün həmin əmlaka “gözlənilən” mülkiyyət hüququ vardır.

51. Məhkəmə qeyd edir ki, hazırki mərhələdə məhkəmə tərəfindən qiymət verilməli olan digər məsələ həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququnun iddiaçılar İddiaçı1 və İddiaçı2 keçib-keçməməsi, onlar tərəfindən miras əmlak kimi qəbul edilibedilməməsidir. Məhkəmə bu məqamda qeyd etməyi zəruri hesab edir ki, həmin fərdi yaşayış evinə “gözlənilən” mülkiyyət hüququ olduğundan miras kütləsinə daxil edilməlidir.

52. İşin müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, mübahisə obyekti olan mənzil iddiaçılara verildikdən sonra onlar həmin mənzildə yaşamaq imkanı tapmamış, Cəbrayıl rayonundan məcburi köçkün düşmüş cavabdehlər həmin mənzildə yaşamağa başlamışlar və mənzildə çıxmaqdan imtina etmişlər, hazırda da imtina edirlər.

53. Məhkəmə iclasında iddiaçı və cavabdehlərin izahatlarına əsasən müəyyən edilmişdir ki, İddiaçı1 cavabdehlər həmin ünvanda məskunlaşdıqdan sonra dəfələrlə həmin ünvana gedərək cavabdehlərdən çıxmalarını tələb etmişdir. Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçı gəlib çıxmalarını tələb etsə də, başqa yaşayış yeri olmadığı üçün çıxmaqdan imtina etmişlər.

54. İşin müəyyən edilmiş digər faktiki halı isə odur ki, X16 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X5 ölümündən sonra iddiaçılar miras əmlak olaraq həmin mənzilə çıxarış almaq üçün müraciət etsələr də, bundan imtina edilmişdir.

55. X1 ölümündən sonra da, iddiaçılar mübahisə obyekti olan mənzilə gedərək cavabdehlərdən çıxmlarını tələb etmişdir. Belə ki, qeyd edilən hal Cavabdeh1 öz izahatı ilə də təsdiqini tapmışdır.

56. Mülki qanunvericiliyə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

57. Mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur.

58. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir.

59. Oxşar hüquqi mövqe Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur.

60. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur.

61. Belə ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.

62. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.

63. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları).

64. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

66. Həmçinin həmin Plenum Qərarında qeyd edilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.

67. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, miras əmlak, yəni Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 1/2, 14 saylı mənzilə gözlənilən mülkiyyət hüququ iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki olaraq qəbul edilmiş, həmin əmlaka faktiki olaraq yiyələnmişdir.

68. Məhkəmə qeyd edir ki, iddiaçıların həmin evlə əlaqəsini itirməməsi, həmin mənzilə köçürülməsi ilə bağlı etdikləri hərəkətlər onların həmin yaşayış sahəsini faktiki qəbul etməsini, onun tərəfindən idarə edilməsini, yiyələnməsini göstərən hərəkət kimi qiymətləndirilməlidir.

69. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti olan yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə qanuni gözlənti hüququ olduğundan onların cavabdehlərə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları vardır.

Əmlakın cavabdehin sahibliyində olması:

70. İşin mübahisəsiz halı odur ki, ünvan 1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 sahiblik və istifadəsindədir.

71. Belə ki, məhkəmə iclasında İddiaçı1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 izahatlarına əsasən müəyyən edilmişdir ki, cavabdehlər 1996-cı ildən mübahisə obyekti olan mənzildə yaşayırlar.

Cavadbehin əmlaka sahibliyinin qanunsuz olması:

72. İşin araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 1/2 ünvanında yerləşən 14 nömrəli mənzilə sahiblik və istifadə hüquq yoxdur. Əmlakın hazırda onların sahibliyində olmasının qanuni əsası mövcud deyil.

73. Belə ki, məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdehlər mübahisə obyekti olan mənzildə məcburi köçkün düşdüksən sonra özləri gəlib yerləşmişlər, yəni cavabdehlər dövlət tərəfindən həmin əmlakda yerləşdirilməmişlər.

74. İddiaçıların həmin mənzilə mülkiyyət hüququnu əldə etməyə gözlənti hüquqları olduğu və cavabdehlərin hazırda da həmin mənzildə yaşayıb, iddiaçıların tələbinə baxmayaraq, mənzildən çıxmadığı, habelə, cavabdehlərin iddiaçların ailə üzvü olmadığı və sonuncuların razılığı olmadan həmin mənzildə yaşadığı işin mübahisəsiz halı olmaqla, cavabdehlərin mənzildə yaşamağa davam etmək üçün iddiaçı ilə hər hansı qaydada razılığa gəldiyi (müqavilə bağladığı) və məhz bu əsasla cavabdehlərin mübahisəli mənzil üzərində istifadə hüququnun olduğu müəyyən edilməmişdir.

75. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli Qanunda nəzərdə tutulmuşdur ki, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər məcburi köçkünlər hesab olunurlar (2-ci maddə). Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvaflq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər (5ci maddə).

76. Hazırkı mübahisəli mənzil Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin balansında olmamışdır, cavabdehlərə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nda nəzərdə tutulduğu kimi, Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin qərarı ilə verilməmiş, onlarla kirayə müqaviləsi bağlanmamışdır.

77. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qaqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, Cəbrayıl rayonundan məcburi köçkünlər – Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 148, yardımçı binada məskunlaşmışlar.

78. Məhkəmə qeyd edir ki, məcburi köçkünlərin mənzillə təmin olunması öhdəliyi dövlətin vəzifəsi olması səbəbindən hazırki halda iddiaçılar cavabdehlərin mübahisə obyekti olan mənzildən çıxarılması ilə bağlı tələb irəli sürməkdə haqlı olmuşlar.

79. Məhkəmə nəzərə alır ki, 90-cı illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdır. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmin hadisələrin üzərindən 30 ildən artıq müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir.

80. Hazırki iş üzrə cavabdehlər Cəbrayıl rayonundan məcburi köçkün düşmüş şəxslər olmaqla, iddiaçılara məxsus mənzildə yaşayırlar. Lakin onların 30 ilə yaxın həmin ərazidə yaşaması iddiaçıların öz əmlakına sahiblik, istifadə və sərəncam hüquqlarını qanunsuz məhdudlaşdırmaqla, iddiaçının dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur.

81. Eyni zamanda 2020-2023-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin edilərək, işğal altında olan bütün ərazilər, o cümlədən, cavabdehlərin məcburi köçkün düşənədək yaşadıqları Cəbrayıl, Kəlbəcər, Laçın şəhərləri işğaldan tam azad edilmiş, artıq məcburi köçkünlərin öz evlərinə geri dönməsi prosesi başlanmışdır.

82. Mövcud vəziyyətdə mülkiyyətçinin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər.

83. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz

84. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında bildirmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən dövlət qurumları tərəfindən mülkiyyətdən maneəsiz istifadə etmək hüququnun məhdudlaşdırılmasına birinci və ən vacib tələb həmin məhdudlaşdırmanın qanuni olmasıdır. İkinci bəndə əsasən Dövlətin milli qanunvericiliyə uyğun olaraq əmlakın istifadə edilməsinə nəzarətin həyata keçirilməsi hüququ tanınır. Eyni zamanda, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi prinsipi Konvensiyanın hər bir maddəsinə aiddir. Ümumi ictimai maraqlarla şəxsin fundamental hüquqlarının müdafiəsi vəzifəsi arasında ədalətli tarazlığın qorunması məsələsi yalnız müdaxilənin qanunilik və əsaslılıq tələblərinə uyğun olmasının müəyyənləşdirilməsindən sonra yaranır (Baklanov Rusiyaya qarşı, 09 iyun 2005-ci il, Frizen Rusiyaya qarşı, 24 mart 2005-ci il,). “Qanun” anlayışını təfsir edərək Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi Konvensiyanın digər müddəalarında qeyd olunan eyni konsepsiyaya istinad edir. Həmin konsepsiyaya əsasən həyata keçirilən tədbir mütləq milli qanunvericilikdə öz əsasını tapmalıdır. Eyni zamanda, həmin məsələ qanunun keyfiyyətinə aiddir. Qanun hər bir şəxs üçün istifadə edilməsi mümkün olan, dəqiq və əvvəlcədən görünən olmalıdır (baxın, Beyeler İtaliyaya qarşı).

85. Buna görə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

86. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan ünvan 1 ünvanı cavabdehlər tərəfindən iddiaçıya geri qaytarılması iddiaçıların pozulmuş mülkiyyət hüququnu (gözlənti hüququnu) bərpa edəcəkdir.

87. Məhkəmə həmçinin iddia tələbinin cavabdehlərin yetkinlik yaşıan çatmayan ailə üzvləri X15 və X13 ilə birlikdə mübahisəli mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

88. İşin hallarından görünür ki, hazırda X15 və X13 yetkinlik yaşına çatmayıblar və valideynləri ilə birlikdə yaşayırlar. Belə olan halda, iddia tələbi cavabdehlər ilə birlikdə yaşayan yetkinlik yaşına çatmayan uşaqlarına münasibətdə də əsaslıdır.

Nəticə :

89. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 1/2 ünvanında yerləşən 14 saylı mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən onların azyaşlı uşaqları X15 və X13 və əşyaları ilə birlikdə cavabdehlərin vəsaiti hesabına boşaldılaraq iddiaçılara təhvil verilməlidir.

90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 1/2 ünvanında yerləşən 14 saylı mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən onların azyaşlı uşaqları X15 və X13 və əşyaları ilə birlikdə cavabdehlərin vəsaiti hesabına boşaldılaraq iddiaçıya təhvil verilsin. İddiaçı2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar