Məhkəmə qərarları › İş №2(007)-851/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-851/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-851/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquna xitam verilməsi”tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətçisi olduğu ünvan 1 üzrə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 51, 46 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Mənzili o, 2003-cü ildə 207093 saylı alqı-satqı müqaviləsi ilə almış, mənzili aldıqdan sonra ona qeydiyyat vəsiqəsi də verilmişdir. Bu mənzildə o, ailə üzvləri ilə birlikdə yaşayır. Onların mənzilində onlardan başqa mənzilin əvvəlki sakinləri- Cavabdeh1, Cavabdeh2 hələ də qeydiyyatdadırlar. Onlar bu mənzildə qeydiyyatda olsalar da, burada yaşamır və harada yaşaması onlara məlum deyildir. Onların onun mənzilində qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun mənzil hüqauqlarını pozur. O, məcbur qalıb onların da yerinə kommunal xərclərini ödəyir və bu da onun maddi vəziyyətinin pisləşməsinə səbəb olur. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər köhnə sakinlərin övladlarıdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 09.10.2003-cü il tarixli, 207093 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 51, 46 saylı mənzili İddiaçı satmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya ÖM 174235 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 51, 46 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 04.12.2003-cü il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2774/2012 saylı, 03.10.2012-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X2, X3, X4 və X1 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 51, 46 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab olunması qət edilmişdir. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 13.12.2019-cu il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. - 84 saylı MKİS-nin 8 saylı 11.01.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 51, 46 saylı mənzildə yaşayır. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 51, 46 saylı mənzilində köhnə sakin olaraq qeydiyyatdadırlar. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə X5 arasında bağlanmış 09.10.2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə X5 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 51, 46 saylı mənzili İddiaçı satmış, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya ÖM 174235 nömrəli qeydiyyat vəsiqəsi ilə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 51, 46 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 04.12.2003-cü il tarixdə qeydiyyata alınmışdır. 84 saylı MKİS-nin 8 saylı 11.01.2022ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 51, 46 saylı mənzildə yaşayır. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 51, 46 saylı mənzilində köhnə sakin olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 15.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. 178.1-ci maddəsinə əsasən- daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 51, 46 saylı mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdehlər mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirmiş və həmin mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 51, 46 saylı mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsiində yerləşən 51 saylı evin, 46 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar