Məhkəmə qərarları › İş №2(007)-881/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-881/2024

15.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-881/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: "müavinət məbləğinin artırılması" tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "müavinət məbləğinin artırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "müavinət məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmidar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə əsasən İddiaçı verilən müavinətin məbləğini artıraraq 270 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. 21 iyul 1966-cı il tarixdə 13 yaşında olarkən 4 saylı X2 zavodunun indiki “Bakı Dəmir Beton-4" Açıq Səhmdar Cəmiyyətinin təqsiri ucbatından xəsarət almış və nəticədə ayağı amputasiya olmuşdur. Həkim komissiyasının rəyinə əsasən 80 faiz əmək qabiliyyətsiz hesab olunmuş və ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Bu xüsusatlar Bakı Şəhəri Şaumyan Rayon Xalq Məhkəməsinin 20 mart 1967-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Bütün bunlara görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona 196 manat ömürlük müavinə ödənilir. Lakin “Azərbaycan Respublikası 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat məbləğində müəyyən edilmişdir. O, dəfələrlə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ona verilən müavinətin məbləğini artırılaraq 270 manat təyin edilməsini xahiş etsə də, onlar məhkəməyə müraciət etməyin qanuna müvafiq olduğunu bildirmişlər. Buna görə də o, Azərbaycan Respublikası 2024-cü il üçün yaşayış minimumu haqqında “Azərbaycan Respublikası Qanunun əsas gətirərək məhəməyə müraciət etmək qərarına gəlmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh “Bakı Dəmir Beton-4" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddianın təmin edilməməsini xahiş etmişdir.

İş materialları:

5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-756/2023 nömrəli 17 aprel 2023cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən aylıq ödənilən müavinət məbləği artırılaraq hər ay 246 manat müəyyən edilməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4458/2023 nömrəli 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-756/2023 nömrəli 17 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlamılmışdır.

7. “Azemis”dən çıxarışdan görünür ki, İddiaçı əlilliyə görə 374.93 manat pensiya alır.

8. 042279 nömrəli vəsiqədən görünür ki, İddiaçı müddətsiz İİ qrup əlildir.

9. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-756/2023 nömrəli 17 aprel 2023cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı 21 iyul 1966-cı il tarixdə 13 yaşında olarkən 4 saylı X2 Zavodunun indiki "xxxx" Açıq Səhmdar Cəmiyyəti təqsiri ucbatından xəsarət almış və nəticədə ayağı amputasiya olmuşdur. Həkim Komissiyasının rəyinə əsasən 80 faiz əmək qabilliyətsiz hesab olunmuş və ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Bu hallar Bakı Şəhər Şaumyan Rayon Xalq Məhkəməsinin 20 mart 1967-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Bütün bunlara görə cavabdeh “Bakı Dəmir Beton-4" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona əvvəlki üç il zərərə görə hər il üzrə yaşayış minimumunun məbləği nəzərə alınmaqla birdəfəlik qaydada 4641 manat və 2016ci ilin mart ayından hesablanmaqla hər ay aylıq ödəniş şəklində 136 manat pul vəsaitinin tutulması qət edilmişdir.

İşin faktiki halları:

10. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 21 iyul 1966-cı il tarixdə 13 yaşında olarkən 4 saylı X2 Zavodunun indiki "xxxx" Açıq Səhmdar Cəmiyyəti təqsiri ucbatından xəsarət almış və nəticədə ayağı amputasiya olmuşdur. Həkim Komissiyasının rəyinə əsasən 80 faiz əmək qabilliyətsiz hesab olunmuş və ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Bu hallar Bakı Şəhər Şaumyan Rayon Xalq Məhkəməsinin 20 mart 1967-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bütün bunlara görə cavabdeh “Bakı Dəmir Beton-4" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona əvvəlki üç il zərərə görə hər il üzrə yaşayış minimumunun məbləği nəzərə alınmaqla birdəfəlik qaydada 4641 manat və 2016-ci ilin mart ayından hesablanmaqla hər ay aylıq ödəniş şəklində 136 manat pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 756/2023 nömrəli 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən aylıq ödənilən müavinət məbləği artırılaraq hər ay 246 manat müəyyən edilməsi qət edilmişdir. Hazırda iddiaçı müavinət məbləğinin artırılmasını tələb edir.

Tətbiq edilən hüquq:

11. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsindən görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat müəyyən edilmişdir.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi:

14. Göründüyü kimi iddiaçı cavabdehin təqsiri ucbatından xəsarət almış və ona İİ dərəcəli müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Həmçinin hər il ölkə üzrə yaşayış minimumu artırılan zaman qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müavinət məbləği artırılmışdır. 2024-cü il üçün yaşayış minimumu artırıldığından iddiaçı da təyin edilmiş müavinət məbləğinin artırılmasını tələb etməkdə haqlıdır. Bu səbəbdən iddia təmin edilməli və iddiaçıya hər ay 270 manat müavinət məbləği təyin edilməlidir.

Nəticə:

15. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq İddiaçı aylıq ödənilən müavinət məbləği artırılaraq hər ay 270 manat müəyyən edilməlidir.

16. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verilərkən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən alınıb dövlət büdcəsinə köçürülməlidir.

17. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq İddiaçı aylıq ödənilən müavinət məbləği artırılaraq hər ay 270 manat müəyyən edilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınıb dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar