Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-889/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Ağamehdi oğlunun, onun vəkili və nümayəndəsi Vəkil Cavabdeh MMC-nin vəkili nə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ağamehdi oğlunun Cavabdeh MMC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağamehdi oğlu Cavabdeh MMC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa və sair” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin işdən azad edilməsi barədə 02.07.2020-ci il tarixli 120 saylı nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması, ona məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi, cavabdeh işgötürənin istehsalatda aldığı əmək xəsarətinə görə 15.000 manat birdəfəlik, hər ay 500 manat məbləğində aylıq ödənc ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-cı ildən 11 iyun 2019-cu il tarixə qədər Cavabdeh MMC-də ağır şəraitli işdə qeyri-rəsmi, 11.06.2019-cu il tarixdən rəsmi şəkildə fəhlə (usta köməkçisi) işləmişdir. İşlədiyi müddətdə cavabdeh əməyin mühafizəsi qaydalarına əməl edilmədiyi üçün dəfələrlə səhhətinə zərər dəymişdir. Sonuncu dəfə 07 fevral 2020-ci il tarixdə işdə ağır xəsarət almış, aldığı xəsarət nəticəsində sol qol sümüyünün qapalı və yerdəyişmiş sınığı baş vermiş, bu səbəbdən 12 fevral 2020-ci ildə əməliyyat edilmişdir. Hazırda sol qolunun əvvəlki funksiyası tam bərpa olunmamış və demək olar ki, o ömürlük şikəst qalmışdır. Buna görə o uzun müddət bülletendə olmuş və işə gedə bilməmişdir. O, bülletendə olarkən ona nə əmək haqqı, nə də bülleten pulu ödənilməmişdir. İşə getmək istədikdə isə pandemiya ilə əlaqədar ona işin olmadığını bildirilmişdir. Cavabdeh idarə ona dəyən ziyanı qarşılamadığına görə Nizami rayon Prokurorluğuna müraciət etmişdir. Daha sonra isə cavabeh idarəyə yazılı müraciət etmişdir. Cavabdeh MMC tərəfindən 02 noyabr 2020-ci il tarixli cavab məktubu ilə ona işə getmədiyinə görə onun əmək müqaviləsinə 02.07.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyi bildirilmişdir. Cavabdehin onların günahı ucbatından (əməyin mühafizəsi qaydalarına əməl edilmədyi üçün) işdə xəsarət aldığını və şikəst qaldığını nəzərə almamış, ona dəyən ziyanı qarşılamaq, onu daha yüngül işlə təmin etmək, əmək haqqı və bülleten pulu ödəmək əvəzinə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Ona son haqq-hesab verilməmiş, əmək kitabçasını isə 16 noyabr 2020-ci ildə gedib işdən götürmüşdür. Belə məlum olur ki, cavabdeh onun xəsarət almağı barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməmiş, çünki bu barədə ona hər hansı akt təqdim olunmamışdır.Cavabdehin 02.07.2020-ci il tarixli 120 nömrəli əmrini tam qanunsuz hesab edir. Həmin əmr ləğv edilməli, o əvvəlki işə bərpa edilməli, ona ödənilməl olan əmək haqqı və bülleten pulu, eyni zamanda cavabdehin təqsiri üzündən sağlamlığına dəyən ziyan ödənilməlidir. Cavabdeh iddia tələbinin əsası kimi Mülki Məcəllənin 1119-cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləği”nin 1.3-cü, 2.2-ci 3.3-cü bəndlərini tələblərini və Mülki Məcəllənin 1119.1-ci və 1119.3-c maddəslərini əsas gətirmişdir. Məhkəmə iclasında İddiaçı Ağamehdi oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, bildirdi ki, MMC-də fəhlə yox, usta köməkçisi işləmişdir. Onun Nizami rayon Prokurorluğunda qeyd olunana izahatınıda qeyd etdiyi kimi ondan profil istəyən adını bilmədiyi şəxsə anbardan profil vermək üçün gedərkən yerə bərkidilmiş təhlükəsizlik borusuna ayğının ilişib yerə yıxılmasını və nəticədə xəsarət almasının həmin təhlükəsizlik borusunun (məhəccər dəmir reşotkanın) möhkəm bərkidilməməsi ilə əlaqələndirir. O həmin məhəccərdən tutaraq keçmişdir. O möhkəm olsa idi yıxılıb xəsarət almazdı. Orada bir tərəf hasar, iki tərəf mühərrik, 1 tərəf də məhəccər olmuşdur. Ora girməyə onun ixtiyarı olmuşdur. Oradan çıxaraq anbara gedə bilmək üçün məhəccərin üstündən aşmalı idi. Ona xəsarət aldıqdan sonra əməliyyata görə 1500 manat verilmişdir. Əməliyyatdan sonra xərcini ödəməmişlər. Ancaq müraciətindən sonra 500 manat da bir vermişlər. Bu vəsaitdən əlavə ona yardım edilməmişdir. Cavabdehin təklif etdiyi bağban kimi başqa işdə işləmə təklifini qəbul etmir. O daha aşağı maaşlı işdir. O işləyərkən portalda nə qədər əmək haqqı almasına baxmamış, imza etməklə əldən 1500 manat əmək haqqı almışdır. Əlillik üçün müraciət etməmişdir. O işdən azad olmasını 02.11.2020-ci il tarixli işdən azad olması barədə məktub gələndən sonra bilmişdir. Məhkəmə iclasında Vəkil qız iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O həmçinin bildirdi ki, işəgötürən tərəfindən əməyin mühafizəsi üzrə təlimatın tələblərinə lazımi qaydada yerinə yetirilməsi, əmək rejiminə əməl edilməsinə düzgün və vaxtında nəzarət olunmaması İddiaçı xəsarət alması ilə nətəcələnən hadisənin baş verməsinə səbəb olmuşdur. İddiaçı cavabdeh “X4 MMC-də bədbəxt hadisə nəticəsində xəsarət alması sübuta yetirilsə də, bu barədə Dövlət Əmək müfəttişliyinə məlumat verilməmiş, İZ formalı akt tərtib edilməmişdir. Əksinə İddiaçı qanunsuz olaraq işdən azad edilmişdir. Hətta ona əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə də əmək haqqı ödənilməmişdir. Müşviqin müraciəti əsasında araşdırma aparılmış, cinayət işinin başlanılmasının rədd olubnmasna səbəb Cinayət Məcəlləsinin 162.1-ci maddəsindən “və ya az ağır” sözünün çıxarılması olmuşdur. Lakin qərarda da qeyd edilir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, əməyin mühafizəsi üzrə təlimatın tələblərinə lazımi qaydada yerinə yetirilməsinə, əmək rejiminə əməl edilməsinə düzgün və vaxtında nəzarət olunmaması İddiaçı xəsarət alması ilə nətəcələnən hadisənin baş verməsinə səbəb olmuşdur. Həmçinin o bildirdi ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilə bilməz, iddiaçı prokurorluğa müraciət etmişdir. Müşviq işdən azad olmasını bu barədə əmri alarkən noyabrda bilmişdir. İstehsalatda baş verən bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları ilə tənzimlənməsini, Müşviq xəsarət alsa da həmin Qaydaların 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. İddiaçı A-ğamehdi oğlunun Cavabdeh MMC-də bədbəxt hadisə nəticəsində xəsarət alması sübuta yetirilsə də, bu barədə Dövlət Əmək müfəttişliyinə məlumat verilməmiş, İZ formalı akt tərtib edilməmişdir. Əksinə İddiaçı qanunsuz olaraq işdən azad edilmişdir. Hətta ona əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə də əmək haqqı ödənilməmişdir. İşçi məcburi sığotra edilməmiş, hadisə zamanı işəgötürən əmək müfəttişliyini dəvət etməmiş və hadisə ilə bağlı müvafiq akt tərtib olunmamışdır. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X6 iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək hazırki işə iddia müddətinin tətbiq olunmasını və iddianın təmin olunmamasını xahiş etdi. O bildirdi ki, iddiaçı 23.05.2020-ci il tarixdə bülleteində olma müddəti bitməsinə baxmayaraq işə çıxmamışdır. Bununla bağlı ona 09.06.2020-ci il tarixdə (tranzaksiya nömrəsi: SS662538003AZ) məktub göndərilərək işə çıxması xahiş edilmişdir. Bundan sonra onun ünvanına məktub göndərilməsinə, mobil telefon vasitəsi ilə əlaqə saxlanılmasına baxmayaraq o zənglərə və telefonlara cavab verməmiş və işə çıxmamışdır. Ona görə də onunla əmək müqaviləsinə 70-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçının bülleteini bitdikdən sonra işə getməsinin, ona karantin rejimi ilə bağlı işləməmələrinin bildirilməsi və bu səbəbdən də işə çıxmaması ilə bağlı bildirir ki, karantin rejimində istehsalat müəssisəsi kimi onların fəaliyyətinə icazə verildiyi üçün müəssisə işləmişdir. Ona görə də iddiaçının söylədikləri reallığı əks etdirmir. O əmək müqaviləsinə xitam verilməsindən xəbərdar olmuşdur. Bundan əlavə işin mahiyəti ilə bağlı bildirir ki, İddiaçı Ağamehdi oğlu xəsarət alması ilə bağlı Bakı şəhəri Nizami rayon Prokurorluğuna müraciəti əsasında araşdırılma aparılmış və 22.07.2020-ci il tarrixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərara qəbul edilmişdir. Həmin iş üzrə onun tərəfindən araşdırmaya verilən izahatında o, müəssisədə 07.02.2020-ci il tarixdə saat 10:00 radələrində armatur sexində dəzgahların arasında armaturların sərbəst seçilməsi üçün qaynaq işi görərkən adının bilmədiyi malyar işləyən şəxsin ondan profil istəməsini, bununla bağlı anbara gedərkən ayağının yerə bərkidilmiş təhlükəsizlik dəmir hasarına ilişərək yıxılmasının və xəsarət almasını bildirmişdir. Müəssisə tərəfindən işlək vəziyyətdə olan mator işçilərin təhlükəsizliyi ilə bağlı məccərlə (dəmir raşotka) bağlanılmışdır. İddiaçı yerə yıxılıb zədələnməsinin həmin məhəccərin içəgötürən tərəfindən təhlükəsiz bərkidilməsi və bunun nəticəsində xəsarət almasını bildirir. İddiaçının həmin profili malyara təqdim etməsi onun vəzifə funksiyasında müəyyən olunmamışdır ona bunu etməsi barədə göstəriş verilməmişdir. Aparılan araşdırma zamanı hadisə yerinə baxış zamanı anbara yeganə yolun məhs məhəccərin ustundən atlanaraq keçilə bilməsi təsdiq edilməmişdir. İşçi özü mühafizə olunan işlək vəziyyətdə olan matorun mühəccərin üstündən atlayarkən ayağı ilişərək yıxılmışdır. Bunun nəticəsindədə xəsarət almışdır. Bunda işəgötürənin təqsiri olmamışdır. İşəgötürənin təqsiri olmadan onun özü tərəfindən bu hərəkət edildiyi üçün bunda müəssisənin rəhbərliyini təqsirləndirməsi absurddur. İşçi onun işdən azad olunmasından xəbərdar olmuşdur. Ona görə prokurorluq orqanına müraciət etmişdir. Həmçinin o bildirdi ki, iddiaçıya 188,16 manat məbləğində son-haqq hesab, və bülletendə olmasına görə 178,28 manat hesablanmış, lakin ödənilməmişdir. Bu vəsaitlərin ona ödənilməsi işəgötürən tərəfindən ödəniləcəkdir. İşəgötürən tərəfindən işçinin məcburi sığortası aparılmamışdır. Cinayət işinin başlanılması haqqında qərarda müəssisənin təhlükəsizlik qaydalarına əməl etməsi ilə yox iddiaçının təhlükəsizlik qaydalarına əməl etməməmsi ilə bağlı müəssisəyə digər işçiləri təlimatlandırmaq vəzifəsi həvalə edilmişdir. Məhkəmə iclasınada şahid qismində ifa də vermiş X3 bildirmişdir ki, 2018-ci ilin dekabr ayında Cavabdeh MMC-yə armatur sexinə fəhlə vəzifəsinə işə götürülmüşdür. Onunla Əmək müqaviləsini 03.02.2020-ci il tarixdə xitam verilərək işdən azad olmuşdur. Müşviq sonuncu dəfə xəsarət alanda o müəssisədə işləməmişdir. Lakin o müəssisədə işləyərkən müşviq belindən yaralanmışdır. Onu həkimə aparmışdılar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MMC ilə İddiaçı Ağamehdi oğlu arasında bağlanılmış 11.06.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmaqla həmin tarixdən fəhlə vəzifəsinə işə götürülmüşdür. - Cavabdeh MMC-nin İddiaçı Ağamehdi oğluna ünvanlanmış və 08.06.2020-ci il tarixli (tranzaksiya nömrəsi: SS662538003AZ) məktubundan görünür ki, ona heç bir üzrlü səbəb göstərmədən 13.05.2020-ci il tarixdən həmin tarixədək işə çıxmaması, Dəfələrlə mobil telefonuna edilən zənglərə cavab verməməmsi, ona işə gəlmədiyi günlə bağlı iki gün ərzində müvafiq sənəd təqdim etmədiyi təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Ağamehdi oğlu ilə Cavabdeh MMC arasında bağlanılmış 11.06.2019cu il tarixdə əmək müqaviləsinə 02.07.2020-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsasına əsasən xitam vermişdir. - Cavabdeh MMC-nin 02.07.2020-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı Ağamehdi oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə tutduğu vəzifədən azad edilmiş, onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmiş və istifadə edilməmiş 22 günlük əmək məzuniyyətinə görə ona pul əvəzinin ödənilməsi əmr edilmişdir. - Cavabdeh MMC-nin İddiaçı Ağamehdi oğluna ünvanlanmış 02.11.2020-ci il tarixli məktubundan görünür ki, onun 29.10.2020-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, dəfələrlə mobil nömrəsi ilə əlaqə yaradılması, zənglərə cavab verməməsi, 09.06.2020-ci il tarixində şirkət tərəfindən unvanına işə gəlməməsi barədə “Azərpoçt” vasitəsi ilə (tranziksiya nömrəsi: SS662538003AZ) 08.06.2020-ci il tarixli məktub göndərilməsi, məktubda ona işə gəlmədi günlərlə bağlı mobil telefonuna cavab verməməsi 2 (iki) gün ərzində işə gəlməməsi ilə bağlı sənəd təqdim etmədikdə Azərbaycan Respulikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi, həmin 2 (iki) gün ərzində də şirkətə gəlmədiyinə baxmayaraq onunla əmək müqaviləsinə 02.07.2020-ci il tarixində Azərbaycan Respulikası Əmək Məcəlləsinin 70-ci madəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir. Nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinin 1-ci bəndinə əsasən işçi həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildikdə işçiyə kompensısiya ödənilmir. Əmək haqqı isə işə gəlmədiyi üçün hesablanmamışdır. Əmək kitabçasınıı yaxınlaşıb şirkətdn götürə bilməsi bildirilmişdir. - SN 00006 seryalı 802747 saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, MMC-nin İddiaçı Ağamehdi oğlu sol mil sümüyünün başının yerdəyişmiş sınığı, əməliyyatdan sonrakı vəziyyət diaqnozu ilə bağlı 18.04.2020-ci il tar ixdən 12.05.2020-ci il tarixədək işdən azad olunmuş. İşə başlama vaxtı 13.05.2021-ci il tarix müəyyən olunmuşdur. - AZS-003 749\142 saylı Satasionar Xəstənin tibbi kartasının sürətindən görünür ki, İddiaçı Ağamehdi oğlu sol mil sümüyünün başının və boynunun yerdəyişmiş sınığı, qapalı qəlpəli yerdəyişmiş sınığı diaqnozu ilə stasionar müayinəyə 12.02.2020-ci ildə daxil olaraq 15.02.2020-ci il tarixdə çıxmışdır. Əmək qabiliyyətini müvəqqəti itirilməsi qeyd edilməklə əmək qabiliyyətli olmama barədə SN 00002 seryalı 536294 saylı vərəqə 12.02.2020-ci il tarixdə açılmış, 15.02.2020-ci il tarixdə bağlanılmışdır. - Bakı şəhəri, Nizami rayon Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 22.07.2020-ci il tarixli qərarının surətindən görünür ki, ünvan 1 ünvanda fəliyyət göstərən Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətdə fəhlə işləyən İddiaçı 07.02.2020-ci il tarixdə saat 10 radələrində yerə bərkidilmiş təhlükəsizlik hasarına ayağının ilişib yerə yıxılması nəticədə sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər alması faktı əsasında toplanılmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən 578-C-20 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarla qeyd olunan hadisənin «X4” MMC-in işçilərinin ümumi yığıncağında geniş müzakirə edib hadisənin baş verməsinə şərait yaradan halların aradan qaldırılması, yol verilmiş pozuntulara görə məsul işçilərin barəsində müvafiq tədbirlər görülməsi məqsədi liə Cavabdeh MMC-nə təqdimat göndərilməsi qərara alınmışdır. Eyni zamanda həmin qərarda araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 2019-cu ilin iyul ayından etibarən MMC-də fəhlə işləyir. 07.02.2020-ci il tarixdə saat 10 radələrində armatur sexində dəzgahların başından armaturların sərbəst keçməsi üçün qaynaq işi görərkən sexin daxilində şkatur işləri görən, adını bilmədiyi şəxs ona yaxınlaşıb profil istəmişdir. Profil gətirmək üçün anbara getmək istədikdə ayağı yerə bərkidilmiş təhlükəsizlik dəmir hasarına ilişib yerə yıxılmış və nəticədə sol qolundan xəsarət almışdır. Əməyin təhlükəsizliyinə dair mühəndis Elxan onu Travmatologiya İnstitutuna aparmışdır. Tibb müəssisəsində qoluna gibs qoyulub evə buraxılmışdır. Səhərisi gün o, aldığı xəsarətlə bağlı Mərkəzi Nefiçilər xəstəxanasında müayinədən keçmiş və 12 fevral 2020-ci il tarixdə üzərində əməliyyat aparılaraq 4 gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdır. Lakin sonradan cəmiyyətin rəhbərliyi ona işə çıxmadığı günlər üzrə əmək haqqı vermədiyindən məcbur olub 10.03.2020-ci il tarixdə şikayət etmişdir. - Cavabdeh MMC-nin 25.08.2021-ci il tarixli 049\21 saylı arayışından görünür ki, İddiaçı cəmiyyətdə işlədiyi müddət ərzində son haqq hesabı 188,16 manat təşkil edir. - Cavabdeh MMC-nin 03.09.2021-ci il tarixli 052\21 saylı arayışından görünür ki, İddiaçı xəstəliklə bağlı bülletendə olduğu müddət ərzində bülleten puli 178,28 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Göründüyü kimi, İddiaçı hüququnun pozulması 02.07.2020-ci il tarixdə ildə məlum olsa da, o, həmin müddətdən 4 aydan çox müddət keçdikdən sonra sonra, yəni 18.11.2020ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh «X4” MMC isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbinə əsasən mübahisə tərəfinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddiaçı tərəfindən 1 aylıq iddia müddəti əmrin ləğv edilməsi və işəbərpa hissəsində buraxıldığından iddia həmin hissələrdə rədd edilməlidir. Məhkəmə işin mahiyyəti ilə bağlı bildirir ki, iddia tələbi mahiyyəti üzrə baxıldığı halda da qismən əsassız olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Ağamehdi oğlu ilə 11.06.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmaqla Cavabdeh MMC-də fəhlə vəzifəsinə işə qəbul edilmişdir. 07 fevral 2020-ci il tarixdə işdə saat 10:00 radələrində armatur sexində dəzgahların arasında armaturların sərbəst seçilməsi üçün qaynaq işi görərkən adının bilmədiyi malyar işləyən şəxsin ondan profil istəmiş, bununla bağlı anbara gedərkən ayağı yerə bərkidilmiş təhlükəsizlik dəmir hasarına ilişərək yıxılmış və xəsarət almışdır. Onun əməliyyat olunması ilə bağlı işəgötürən tərəfindən ona 1500 manat vəsait, sonradan isə 500 manat maddi yardım şəkilində vəsait ödənilmişdir. Lalin işçiyə istifadə etmədiyi 22 gün üzrə məzuniyyət pulunun və əmk qabiliyyətinin müvəqqəti itirdiyi vaxta görə vəsait ödənilməmişdir. İddiaçının xəsarət alması faktla bağlı onun 10.03.2020-ci il tarixli müraciətinə əsasən Bakı şəhəri Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1ci maddəsi, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına zərər vurulması ilə bağlı cinayət işi açılmış, lakin iddiaçının sağlamlığa az ağır zərər vurulduğundan və buna görə əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı 13.05.2021-ci il tarixdən işə çıxmalı olduğunu və cavabdeh tərəfindən ona bu barədə 08.06.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərildiyi bildiyi halda işə çıxmamış, işə çıxmamasının üzrlü səbəbdən olması barədə işəgötürənə sübutlar təqdim etməmişdir. İşgötürən tərəfindən işçiyə 08.06.2020-ci il tarixli məktub çatdırıldıqdan sonra bir aya yaxın müddət keçdikdən sonra, yəni 02.07.2020-ci il tarixdə onun əmək müqaviləsinə əsaslı olaraq üzürlü səbəb olmadan işə gəlməməsi səbəbindən Azərbaycan Respulikası Əmək Məcəlləsinin 70-ci madəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iddia tələbinin “cavabdeh işgötürənin istehsalatda aldığı əmək xəsarətinə görə 15.000 manat birdəfəlik, hər ay 500 manat məbləğində aylıq ödənc ödəməsi barədə” hissəsi ilə bağlı bildirir ki, Bakı şəhəri, Nizami rayon Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 22.07.2020-ci il tarixli qərarı ilə iddiaçının xəsarət alması ilə bağlı cinayət tərkibinin olmaması müəyyən edildiyi üçün iddia tələbi həmin hissələrdə də əsassız olduğu üçün təmin edilməməlidir. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq Cavabdeh MMC ilə İddiaçı Ağamehdi oğlu arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsi bağlanmış və o, cəmiyyətə 11.06.2019-cu il tarixdə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə İddiaçı Ağamehdi oğlunun “Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndini əsas götürüb qüvvədə olan əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, onun yenidən öz iş yerinə bərpa olunması” tələbini əsassız sayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bundan sonra Cavabdeh MMC-nin 02.07.2020-ci il tarixli Əmri ilə, İddiaçı Ağamehdi oğlunun AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə 22 gün pulun əvəzinin ödənilməsi əmr edilmişdir. Beləliklə, Cavabdeh MMC “İşəgötürən” ilə İddiaçı Ağamehdi oğlu “İşçi” arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Məhkəmə onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş Cavabdeh MMC nümayəndəsi, xəstəxananın qəbul etdiyi əmrlərin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Ağamehdi oğlunun Cavabdeh MMC-yə qarşı işdən azad edilməsi barədə 120 saylı nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması, ona məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi, cavabdeh işgötürənin istehsalatda aldığı əmək xəsarətinə görə 15.000 manat birdəfəlik, hər ay 500 manat məbləğində aylıq ödənc ödəməsi barədə tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının 02.07.2020-ci il tarixli 120 nömrəli əmrlə əmək müqaviləsi ləğv edilərkən istifadə edilməmiş 22 günlük əmək məzuniyyətinə görə ona 188,16 manat pul əvəzinin ödənilməsi əmr edilsə də ona bu vəsait və əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr ərzində verilməli olan məbləğ 178,28 manat ödənilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan vəsaitlərin cəmi, yəni 366,44 manat vəsait Cavabdeh MMC-dən İddiaçı Ağamehdi oğlunun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, tələb isə təmin edilməmişdir, cavabdehə aid edilə bilməz, ona görə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbı̇ qı̇ smən təmı̇ n edı̇ lsı̇ . "xxxx" MMC-dən İddiaçı Ağamehdi oğlunun xeyrinə istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmış son haqq-hesab qismində 178,28 manat, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr üçün isə ödənilməli olan 178,28 manat, olmaqla ümumilikdə 366,44 manat məbləğində vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-889/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-889/2021
03.09.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver