Məhkəmə qərarları › İş №2(007)-889/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-889/2022

16.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-889/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, “Azərsutikinti” xəstəxanasının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “Azərsutikinti” Xəstəxanasına qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərsutikinti” Xəstəxanasına qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 19 noyabr 2019-cu il tarixdə Azərsutikinti Xəstəxanasında ocaqçı işinə qəbul edilmişdir və əmək fəaliyyətinə başlamışdır. Onunla Azərsutikinti xəstəxanası arasında əmək müqaviləsi 28 fevral 2020-ci il tarixdə bağlanmışdır. Həmin müqavilə üzrə o, Azərsutikinti Xəstəxanasında istilik məntəqəsində ocaqçı vəzifəsində işləmişdir. O, 19 noyabr 2019-cu il tarixdən işləməyinə baxmayaraq əmək haqqını 28.02.2020-ci il tarixdən hesablamışlar. Onun işlədiyi 3 ay 11 günlük əmək haqqı ödənilməmişdir. O, 19 noyabr 2019-cu il tarixdə işə başlayarkən 2021ci ilin noyabr ayının 01-i tarixinə kimi hər gün tabellə işə giriş-çıxışa imza etmişdir. Sonuncu olaraq istilik məntəqəsinin qeyri-rəsmi müdiri Oqtay İsrafilov tərəfindən işdən qovularaq onun göstərişi ilə X2 tərəfindən təhqir olunaraq döyülmüş, söyülərək təhqir edilmişdir və həmin gündən qanunsuz olaraq Azərsutikinti Xəstəxanasında istilik məntəqəsindən işdən azad olunduğu üçün işə buraxılmamışdır. O, döyüldüyü və təhqir edildiyi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etmişdir. Polis araşdırması aparılmış, o, xəsarət almadığı üçün işə xitam verilmişdir. Azərsutikinti Xəstəxanasının baş həkiminə bu barədə müraciət etmiş, ancaq müraciətləri cavabsız qalmışdır. Qanunsuz olaraq işdən azad olunduğu üçün Bakı şəhər Əmək Müfəttişliyinə ərizə ilə şikayət etmiş, Əmək Müfəttişliyində araşdırma aparıldıqda məlum olmuşdur ki, 02.12.2021-ci il tarixli Azərsutikinti Xəstəxanasının rəhbərliyinin Əmək Müfəttişliyinin Bakı Şəhər İdarəsinə ünvanladığı məktubda və əlavə edilmiş sənədlərdə onun, 28.02.2020-ci il tarixdən müəsissənin 84-k saylı 28.02.2020-ci il tarixli əmrinə əsasən ocaqçı vəzifəsində çalışdığı bildirilmişdir. Həmçinin Azərsutikinti Xəstəxanasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyi məlum olmuşdur. Müraciəti əsasında Bakı Əmək Müfəttişliyi tərəfindən yoxlama aparılmış və müəyyən edilmişdir ki, onun Azəsutikinti Xəstəxanasında işlədiyi müddətdə məzuniyyət haqqı mənimsənilmişdir. Əmək Müfəttişliyinin araşdırmasından sonra Azərsutikinti Xəstəxanasının rəhbərliyi tərəfindən onun 1 illik məzuniyyət haqqı qismən ödənilmişdir. Onun Azərsutikinti Xəstəxanasında ocaqçı vəzifəsindən 01 noyabr 2021-ci il tarixdə işdən azad edilməsinə baxmayaraq Bakı Məşğulluq İdarəsinin sorğusuna əsasən Azərsutikinti Xəstəxanasının 07.12.2021-ci il nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda xitam verildiyi məlum olmuşdur. Qeyd edilənlərə əsasən onun Azərsutikinti Xəstəxanasının müdiriyyəti tərəfindən əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinin ləğv edilməsi, işə bərpa edilməsi, qanunsuz işdən çıxarıldığı üçün məcburi buraxılmış iş günlərinin ödənilməsi, məzuniyyət haqqının düzgün hesablanması, hazırki günə kimi əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclası zamanı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmək kitabçasında qeyd edilmiş Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə dair qeydin ləğv edilməsi, işə bərpa edilməsi və 19.11.2019-cu il tarixdən 28.02.2020-ci il tarixədək ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, işdən qanunsuz olaraq döyülərək qovulmuşdur. O, 3 ay 11 gün müqavilə bağlanılmadan işləmişdir. Onunla müqavilə 28.02.2020-ci ildə bağlanmışdır və o, rəsmi işə başlamışdır. 01.12.2021-ci ildə isə işdən çıxarılmışdır. Məzuniyyət haqqı isə Əmək Müfəttişliyinə müraciətdən sonra ödənilmişdir. O, 19.11.2019-cu il tarixdən 28.02.2020-ci il tarixədək işlədiyi müddət ərzində almalı olduğu maaşını istədikdə Oktay İsrafilov bildirmişdir ki, “Müşfiq işdən azad olunmayıb, buna görə əmək haqqının ödənilməsi gecikir”. Əmək haqqını istədiyi üçün ona qarşı münasibət dəyişmişdir. Daha sonra Oktay həmin şəxsin maaş kartını ona vermişdir ki, ordan pul çıxartsın. O, razılaşmamış və kartı bir neçə əməkdaşın şahidliyi ilə kadrlar şöbəsinə qaytarmışdır. Bundan sonra münasibətlər pozulmuş və nəticədə onu işdən azad etmişlər. Onu işdən azad edərkən, Oktay və oğlu onu döyüb, iki dişini sındırıb qovublar. Döyülmə ilə bağlı polisə müraciət etmişdir. Artıq 6 aydır ki, işsizdir. Əmək haqqından 19.11.2019-cu il tarixdən 28.02.2020-ci il tarixədək yəni 3 ay 11 günün pulu ödənilməyib, amma məzuniyyət haqqı tam ödənilib. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil izahatında bildirdi ki, o, iddiaçı Müzabil Hüseynovun icraatda olan əmək mübahisəsi üzrə mülki işlə bağlı iddiasını qəbul etmir. Bildirir ki, xəstəxananın Təsərrüfat heyətinin ocaqçısı (qazanxanaçı) vəzifəsini tutmuş X3 01.12.2021-ci il tarixli 597-k nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə vəzifəsindən azad edilmişdir. Prosedurlara uyğun olaraq, işçinin işə çıxmamasının səbəbini öyrənmək üçün dəfələrlə mobil nömrəsi ilə əlaqə saxlanılıb işə dəvət olunmuş, 29.11.2021-ci il tarixdə saat 10:24-də zəng edilərək sonuncu xəbərdarlıq olunsa da, o, cavabında demişdir ki, “istəyirsinizsə məni lap meskomun (Həmkarlar İttifaqının) protokolu ilə işdən çıxardın, mən daha ora işə gəlməyəcəm, mənim işim polis idarəsindədir,nə vaxt həll olar onda işə çıxaram”. Halbuki polis idarəsindən xəstəxanaya heç bir rəsmi müraciət və ya sorğu daxil olmamışdır. Vətəndaş vəzifə öhdəliklərin yerinə yetirmədiyinə və işə çıxmadığına görə rəhbərliyin qərarı ilə tutduğu vəzifəsindən azad edilmişdir. Hətta vəzifəsindən azad edildikdən sonra əlaqə saxlanıb əmək kitabçasının təhvil verilməsi üçün dəvət edilsə də gəlməmişdir. İddiaçı sonuncu dəfə işdə 15 aprel 2021-ci ildə olmuşdur, sonra isə ümumiyyətlə işə gəlməmişdir. Əvvəlki günlər isə qeyd kitabında qeyd olunmuşdur. Mübahisə isə Orxan İsrafilov və iddiaçı arasında deyil, işçilər arasında olmuşdur. İddiaçının son haqq hesabı ödənilmişdir, lakin biraz gecikmə olmuşdur. Buna görə də xəstəxana barəsində inzibati xəta haqqında protokol tərtib olumuşdur və cərimələnmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi Vəkil 16 may 2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, hazırkı iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddianı qəbul etməməklə yanaşı, mülki iş üzrə iddia qaldırma müddətinin ötürülməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində bildirdi ki, o, iddiaçının iş yoldaşı olmuşdur. O, xəstəxanaya 01 noyabr 2019-cu il tarixdə işə düzəlmişdir. Bir-iki həftə sonra Müzabil işə düzəlmişdir. Bir müddət bir yerdə işləmişlər. X1 xəstəxanada təxminən 15 aprel 2021-ci ilədək işləmiş, daha sonra işdən ayrılmışdır. Ondan bir müddət sonra Müzabildə işdən çıxmışdır. Müzabilin işdən niyə çıxdığını bilmir. O, hər ay 317 manat maaş almışdır, maaşı kartla alırdı. Müzabil də maaşı kart vasitəsi ilə alırdı, işə düzəldikdən 1 həftə sonra maaş kartı verilmişdir, maaş kartı öz adına olub, yolunun uzaq olması ilə və Oktay müəllimlə biraz münasibətlərin soyuq olması ilə bağlı işdən ayrılmışdır. Oktay müəllim çətin insandır, hər kəslə yola getmir, o, işdən ayrılanda Müzabil hələ işləyirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahidin ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Azərsutikinti” xəstəxanası ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, tərəflər arasında 02 mart 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 2.4-cü bəndlərinə əsasən, işçi təsərrüfat heyətində ocaqçı vəzifəsinə işə qəbul edilmiş, 28 fevral 2020-ci il tarixdən işə başlaması qeyd edilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “Azərsutikinti” xəstəxanasının səlahiyyətli şəxsi X4 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi 28.02.2020-ci il tarixli xxxxxxx000100 nömrəli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. - ******* nömrəli əmək kitabçasının və əmək müqaviləsi bildirişlərinin elektron qeydiyyatı sistemindən çıxarışların surətindən görünür ki, İddiaçı 28.02.2020-ci il tarixli 84- K nömrəli əmrlə “Azərsutikinti” xəstəxanasında təsərrüfat heyətinin qazanxanaçı vəzifəsinə işə qəbul edilmiş, 01.12.2021-ci il tarixli 597-K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir. - “Azərsutikinti” xəstəxanasının Baş həkimi tərəfindən verilmiş 01.12.2021-ci il tarixli 597-K nömrəli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ikinci hissəsinin “ç” bəndinə əsasən 01.12.2021-ci il tarixdən xitam verilmişdir. - Bakı Şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Hüseyn Quliyev tərəfindən qəbul edilmiş 10.11.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirilməsi ilə bağlı İddiaçı ərizəsi üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. - MŞB/5-00149 saylı, 14 yanvar 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci İddiaçı Əli oğlu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “Azərsutikinti” xəstəxanası İddiaçı ilə müqavilə bağlayaraq 28.02.2020-ci il tarixli 84-K nömrəli əmrlə xəstəxanada təsərrüfat heyətinin qazanxanaçı vəzifəsinə işə qəbul edilmişdir və “Azərsutikinti” xəstəxanasının baş həkiminin 01.12.2021-ci il tarixli 597-K nömrəli əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq “Azərsutikinti” xəstəxanası ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsi bağlanmış və İddiaçı xəstəxanada təsərrüfat heyətinin qazanxanaçı vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə İddiaçı iddia tələbinin “əmək kitabçasında qeyd edilmiş Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə dair qeydin ləğv edilməsi, işə bərpa edilməsi” hissəsini əsassız sayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı əmək vəzifələrini kobud şəkildə pozmuş, ona dəfələrlə üzrlü səbəb olmadan işə gəlməməsi halı olduğundan bununla bağlı müvafiq məlumat verməsi və işə gəlməsi tələb olunmaqla xəbərdarlıqlar edilmiş və sonuncu isə işinin polis idarəsində olduğunu və nə vaxt qərar çıxarsa o vaxt da işə gələcəyini, eyni zamanda döyüldüyü üçün ora getmədiyini bildirmiş, lakin iş materiallarından görünür ki, dərəcəsi təyin edilməyən xəsarət yetirilməsi ilə bağlı İddiaçı ərizəsi üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi İddiaçı səhhətində iş buraxma üçün ciddi problemlər olmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, o, yalnız həmin gün polisə getmişdir, lakin iş materiallarından görünür ki, 01 noyabr 2021-ci il tarixdən bir ay ərzində işə gəlməmiş və 01.12.2021-ci il tarixli 597-K nömrəli əmrilə haqlı olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkətlərinə haqq qazandırmağa çalışmış, bundan sonra “Azərsutikinti” xəstəxanasının Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş, keçirilmiş iclasda gündəlik mövzu araşdıralaraq baxılmış və xəstəxanada fəhlə işləyən X5 tərəfindən əmək vəzifəsinin kobud şəkildə pozulması hesab edilən hallar nəzərə alınmaqla İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmiş və “Azərsutikinti” xəstəxanasının baş həkiminin 01.12.2021-ci il tarixli 597-K nömrəli əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, “Azərsutikinti” xəstəxanasının Həmkarlar İttifaqı Komitəsinin iclasının 30.11.2021-ci il tarixli 02 nömrəli protokolundan görünür ki, protokolda İddiaçı 01.12.2021ci il tarixədək müdriyyətə xəbərdarlıq etmədən və heç bir sənəd təqdim etmədən üzrsüz səbəbdən işə çıxmaması barədə iştirakçıların fikirlərini bildirmələri xahiş edilmişdir. Komitə üzvlərinin iştirakları ilə keçirilmiş iclasda gündəlik mövzu araşdıralaraq baxılmış və xəstəxanada fəhlə işləyən İddiaçı tərəfindən əmək vəzifəsinin kobud şəkildə pozulması hesab edilən hallar nəzərə alınmaqla onun işdən azad edilməsi etiraz edilmədiyi bildirilmişdir. Beləliklə, işəgötürən “Azərsutikinti” xəstəxanası ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Məhkəmə onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh qəbul edilmiş əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Məhkəmə iddia tələbinin “19.11.2019-cu il tarixdən 28.02.2020-ci il tarixədək ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı 28.02.2020-ci il tarixdə işə qəbul edilmiş, bu barədə həmin tarixdə 84-K saylı əmr verilmişdir. İddiaçı isə qeyd olunan xəstəxanada 19.11.2019-cu il tarixdən işə qəbul edilməsi barədə izahat versə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, iddianın həmin hissədə də təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Cavabdehin nümayəndəsi hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyünü iddia edir və iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Bununla belə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı 07 dekabr 2021-ci il tarixli əmrlə işdən azad edildikdən sonra əmək kitabçasını, işdən azad edilməsi barədə əmri əldə etdikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliyin tələbinə uyğun olaraq, əmək mübahisəsinin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş, MŞB/5-00149 saylı, 14 yanvar 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən həmin tarixdə ona məhkəməyə müraciət etmək hüququ izah edilmiş və 18 yanvar 2022-ci il tarixdə o, ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətinin ötürülməsi barədə göstərdiklərinin hüquqi əsası yoxdur. İddia tələbinin 19 noyabr 2019-cu il tarixdən 28 feval 2020-cil tarixədək əmək haqqının ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən iddiaçı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 il müddətini ötürmüşdür. Belə ki, iddiaçı hazırki tələblə mediasiya təşkilatına 2022-ci ilin yanvar ayında müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azərsutikinti” Xəstəxanasına qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, tələb isə təmin edilməmişdir, cavabdehə aid edilə bilməz, ona görə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azərsutikinti” Xəstəxanasına qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar