Məhkəmə qərarları › İş №2(007)-897/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-897/2022

18.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-897/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Zülfiqar oğlunun iştrakı ilə, İddiaçı Zülfiqar oğlunun cavabdehlər Cavabdeh, X7, X8 və X10 qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Zülfiqar oğlu cavabdehlər Cavabdeh, X7, X8 və X10 qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və yetkinlik yaşına çatmayan uşaqları X5, X6 və X9 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizamı rayonu, Məmmədəli Şərifli küçəsi, 104B saylı evin, 3 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizamı rayonu, Məmmədəli Şərifli küçəsi, 104B saylı evin, 3 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzili o, 28.02.2017-ci il tarixdə AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 almış, həmin mənzilə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakı Dövlət Reyestri Xidməti tərəfindən onun adına 02.03.2017-ci il tarixli, ********** saylı çıxarış verilmişdir. X4 ona mənzili satandan sonra söz vermişdir ki, tezliklə ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxacaqlar. O, bu günə kimi onların qeydiyyatdan çıxdıqlarını düşünmüş, lakin Asan 4 xidmət Mərkəzindən əldə etdiyi arayışdan cavabdehlərin qeydiyyatda qaldığı aydın olmuşdur. Cavabdehlərin mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaları səbəbindən onun yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Məhkəmə iclasında İddiaçı Zülfiqar oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh, X11, X12 və X14 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 28.02.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 ona məxsus olan Bakı şəhəri, Nizamı rayonu, Məmmədəli Şərifli küçəsi, 104B saylı ev, 3 saylı mənzil İddiaçı Zülfiqar oğluna satmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Zülfiqar oğlunun adına 02.03.2017ci il tarixdə qeydə alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 24.12.2021-ci il tarixli Arayışdan görünür ki, cavabdehlər Cavabdeh, X11, X12 və X14 ünvan 1 ünvanındakı mənzildə qeydiyyatdadır. - Cavabdeh tərəfindən X2 adına yazılmış notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, X3 məxsus olan Bakı şəhəri, Nizamı rayonu, Məmmədəli Şərifli küçəsi, ev 104B, 3 saylı mənzilinin satılmasına etiraz etmədiyini və nəzərəd tutulmuş müddətdə mənzili tərk etməyi və daimi qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, X4 ilə İddiaçı Zülfiqar oğlu arasında bağlanmış 28.02.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X4 ona məxsus olan Bakı şəhəri, Nizamı rayonu, Məmmədəli Şərifli küçəsi, 104B saylı ev, 3 saylı mənzil İddiaçı Zülfiqar oğluna satmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 02.03.2017-ci il tarixli, ******* saylı Çıxarışına əsasən həmin mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Zülfiqar oğlunun adına 02.03.2017-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 24.12.2021-ci il tarixli arayışın əsasən, Cavabdeh, X11, X12 və X9 Bakı şəhəri, Nizamı rayonu, Məmmədəli Şərifli küçəsi, ev 104B, 3 saylı mənzildə qeydiyyatda olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən X2 adına yazılmış notarial qaydada təsdiq olunmuş ərizə ilə o, X3 məxsus olan Bakı şəhəri, Nizamı rayonu, Məmmədəli Şərifli küçəsi, ev 104B, 3 saylı mənzilinin satılmasına etiraz etmədiyini və nəzərəd tutulmuş müddətdə mənzili tərk etməyi və daimi qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1)mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifad prinsipi, 2)mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi ahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatlarının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizamı rayonu, Məmmədəli Şərifli küçəsi, 104B saylı evin, 3 saylı mənzilinə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdeh mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirmiş və o və onunla birlikdə yetkinlik yaşına çatmayan şəxslər də, həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh ilə birlikdə yetkinlik yaşına çatmayan X12, X11 və X9 da mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan X12, X11 və X14 ilə birlikdə, Bakı şəhəri, Nizamı rayonu, Məmmədəli Şərifli küçəsi, ev 104B, 3 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh və onunla birlikdə yetkinlik yaşına çatmayan X6, X5 və X9 Bakı şəhəri, Nizamı rayonu, Məmmədəli Şərifli küçəsi, ev 104B, 3 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı Zülfiqar oğlu tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar