Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-9/2024 10.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “işə bərpa, əmək haqqının tam şəkildə ödənilməsi və iş vaxtından artıq işlənmiş iş saatlarının əvəzinin ödənilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı olan “işə bərpa, əmək haqqının tam şəkildə ödənilməsi və iş vaxtından artıq işlənmiş iş saatlarının əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, əmək haqqının tam şəkildə ödənilməsi və iş vaxtından artıq işlənmiş iş saatlarının əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən işə bərpa olunması, aylıq əmək haqqlarının tam şəkildə ödənilməsi və iş vaxtından artıq işlədiyi iş saatlarının əvəzinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən işə bərpa olunması, bərpa olunmaqla bağlı verilməli əmək haqqının ödənilməsi, işlədiyi dövrlərə aid verilməmiş əmək haqqı məbləği olan 1552.87 manat pul məbləğinin ödənilməsi və ixtisara salınmaqla bağlı ödənilməmiş 800 manat pul məbləğinin ödənilməsi, işdən çıxarılmaqla bağlı ödənilməmiş 400 manat pul məbləğində son haqq hesab məbləğinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında qeydiyyatda olan “NET" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 11 oktyabr 2018-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlayaraq, aylıq 400 manat pul məbləğində əmək haqqı təyin olunmaqla, X2 yaxınlığında yerləşən, həmin təşkilata məxsus mağazaya satıcı-kassir peşəsinə təyin olunmuşdur. Aralarında bağlanmış əmək müqaviləsində həftəlik iş saatının 40 saatdan çox olmamağı müəyyənləşdirilsədə və veriləcək əmək haqqının tam şəkildə, növbəti ayın 5-dən gec olmayaraq veriləcəyi təyin olunsada, işəgötürən tərəfindən əmək müqaviləsinin və qanunvericiliyin tələblərinə zidd olaraq həm həftəlik iş saatından artıq işləməyə məcbur olunmuşdur, həm də əmək haqqı müqavilədə göstərildiyi kimi hər ayın 5-i tarixində deyil, gecikdirilərək sonrakı müddətlərdə, həmdə tam olaraq deyil, qismən hissəsi ödənilmişdir. Bundan əlavə bu günə qədər də normadan artıq işlədiyi iş saatlarının əvəzi olaraqda heç bir pul məbləği də ödənilməmişdir. Belə ki, təşkilat tərəfindən bu günə qədər əmək haqqı olaraq, bank kartına xx.xx.2018-ci il tarixində 130.71 manat, xx.xx.2018-ci il tarixində 94.61 manat, xx.xx.2019cu il tarixində 94.61 manat, xx.xx.2019-cu il tarixində 96.50 manat, xx.xx.2019-cu il tarixində 193 manat və son olaraq da 29 mart və 02 aprel 2019-cu il tarixlərində olmaqla nağd şəkildə cəmi 193 manat pul məbləği ödənilmişdir. Ümumilikdə 609.43 manat pul məbləği bank kartına köçürülməklə və son olaraq da 193 manat pul məbləği nəğd şəkildə olmaqla cəmi 802.43 manat əmək haqqı ona ödənilmişdir. Bundan əlavə Şamaxı rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında aylıq əmək haqqından xx.xx.2018-ci il tarixində 94.61 manat, xx.xx.2019-cu il tarixində 94.61 manat, xx.xx.2019-cu il tarixində 96.50 manat olmaqla, ümumilikdə cəmi 285.72 manat pul məbləği tutularaq "xxxx" KB-nin hesabına köçürülmüşdür. İşin içində olan faktiki sənədlərdən də görünür ki, Cavabdeh MMC tərəfindən bu günə qədər 802.43 manat pul məbləği əmək haqqı olmaqla, 285.72 manat “Unibank" KB-nin hesabına keçirilməklə ümumilikdə 1088.15 mant pul məbləğində əmək haqqı hesablanmışdır. 2019-cu ilin yanvar ayının 21-də razılığı olmadan faktiki işlədiyi, həmin təşkilata məxsus X2 yanındakı mağazadan, Neftçilər Metrostansiyasının yanındakı mağazaya köçürülmüş, həmin ayın 28-də isə Neftçilər Metrostansiyasının yanındakı mağazadan, X1 yanındakı mağazaya köçürülərək yaşayış yerindən xeyli uzaqda işləməyə məcbur olunmaqla yanaşı, həmdə iş vaxtının başlanma saatı, əmək müqaviləsində göstərilən səhər saat 09.00-da deyil, əvvəlki işlədiyi mağazada olduğu kimi, səhər saat 08.00-a, iş saatının bitmə tarixi isə əmək mücaviləsində göstərildiyi kimi axşam saat 18.00-da deyil, axşam saat 22.00-a təyin olunmuşdur. Aralarında bağlamış əmək müqaviləsinə əməl olunaraq həm iş vaxtının normal rejimə salınması, həm əmək haqqının tam şəkildə ödənilməsi, həm də iş saatından artıq işlədiyi saatların əvəzinin ödənilməsi barədə dəfələrlə rəhbərliyə öz iradını bildirməyinə baxmayaraq, heç bir müsbət dəyişiklik olmamış, əksinə, 2019-cu ilin yanvar ayının 26-dan həmin sahənin bölgə direktoru olan Xaliq adlı şəxs tərəfindən, qanunvericiliyin tələblərinə zidd olaraq ərizə yazıb işdən çıxmağa məcbur olunmuşdur. Son olaraq da 07 mart 2019-cu il tarixindən, əmək müqaviləsinə xitam verilmədən, 29 mart 2019-cu il tarixinədək, onların istəyinə uyğun olaraq, ərizə yazıb işdən çıxmadığı üçün iş yerinə buraxılmamışdır. Bununla bağlı olaraq 11 mart 2019-cu il tarixində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Əmək Müvəttişliyinə, pozulmuş hüquqlarının bərpa olunmasına köməklik göstərilməsi məqsədilə müraciət etmişdir. 29 mart 2019-cu il tarixində şirkətin yerləşdiyi ofisə çagrılaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən xitam verildiyi bildirilərək, bununla bağlı olaraq, 07 mart 2019-cu il tarixli bildirişə imza etdirilməklə ixtisara salındığı bildirilmişdir. İxtisara salındığı gün 52 manat pul məbləği olmaqla və 02 aprel tarixində 141 manat pul məbləği olmaqla cəmi 193 manat nəğd şəkildə ödənilmiş, həmin ayın və əvvəlki ayların əmək haqqlarının qalan hissəsi, ixtisara salınmaqla bağlı olan kompensasiya məbləği və iş vaxtından artıq işlədiyi iş saatlarının da əvəzi olaraq da heç bir pul məbləğidə ödənilməmişdir. Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından da görünür ki, Cavabdeh MMC, onunla bağlanmış əmək müqaviləsinin və qanunvericiliyin tələblərinə əməl etməyərək, əmək müqaviləsinə faktiki olaraq işə buraxılmadığı halda qanunsuz olaraq xitam verilmiş, aylıq əmək haqqlarını tam şəkildə ödənilməmiş və iş vaxtından artıq işlədiyi iş saatlarının da əvəzini də ödəməmişdir.
İş materialları :
4. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanılmaqla satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir.
5. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 18-231 saylı Əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə 70-ci maddənin b bəndinə əsasən xitam verilərək işdən azad olunmuş və İddiaçı son haqq-hesabın ödənilməsi əmr edilmişdir.
6. İş materiallarına Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məxaric xəzinə orderindən görünür ki,İddiaçı tərəfindən 400 manat pul vəsaiti qəbul edilmişdir.
7. Bank Respublika ASC tərəfindən təqdim edilmiş İddiaçı adına açılmış **********668955000 nömrəli hesab üzrə xx.xx.2018-xx.xx.2019-cu il tarixli dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, İddiaçı əmək haqqı olaraq xx.xx.2018-ci il tarixində 130.71 manat, xx.xx.2018-ci il tarixində 94.61 manat, xx.xx.2019-cu il tarixində 94.61 manat, xx.xx.2019-cu il tarixində 96.50 manat, xx.xx.2019-cu il tarixində 193 manat ödəniş edilmişdir.
8. "xxxx" KB ASC tərəfindən təqdim edilmiş İddiaçı adına açılmış AZ88UBAZ**********1010AZN002 saylı hesab üzrə xx.xx.2018-xx.xx.2019-cu il tarixli dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixdə 94.61 manat, xx.xx.2019-cu il tarixdə 94.61 manat, xx.xx.2019-cu il tarixdə 96.5 manat ödəniş edilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti 3 saylı region üzrə X3 rəis müavini Anar Baqiyevin İddiaçı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin rəisi vəzifəsini icra edən cənab Fuad Heydərova ünvanlandırdığı xx.xx.2019-cu il tarixli,**********1 saylı məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-də (VÖEN **********) əmək haqqının və son haqq hesabın əmək müqaviləsində və qanunvericiliydə nəzərdə tutulan müddətdə ödənilməməsi, işlədiyi artıq saatlara görə haqqını ala bilməməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin elektron ünvanına etdiyi müraciətin cavabının İddiaçı çatmaması ilə əlaqədar növbəti müraciətə 3 saylı region üzrə X5 tərəfindən baxılmış, əvvəlki müraciətin nəticəsi olaraq Cavabdeh MMC-nin (VÖEN **********) rəhbəri Sahin Salim Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq 1300 (bir min üç yüz) manat məbləğində cərimə edilmiş, qeyd edilənlərlə əlaqədar xx.xx.2019-cu il tarixli **********5 saylı müraciətdə qeyd edildiyi (ünvan 3 ünvanına cavab məktubu göndərilmiş, lakin həmin cavab məktubu bu və ya digər səbəbdən İddiaçı çatmaması səbəbi ilə 3 saylı region üzrə X4 geri qaytarılmamış, eyni zamanda növbəti xx.xx.2019-cu il tarixli **********9 saylı müraciətə cavab qeyd edilən (ünvan 4 ünvana göndərilmiş, həmin müraciətlər 3 saylı region üzrə X5 tərəfindən xx.xx.2019-cü il tarixli **********5 saylı və xx.xx.2019-cu il tarixli **********4 saylı məktublarla cavablandırılmışdır.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi vergi xidməti müşaviri Lalə Cəfərovanın məhkəməyə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli məktubunda “Net" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) rəhbəri Şahin Salim, hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152 olduğunu, eyni zamanda xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin ləğv olunması barədə məlumatın aşkar edilmədiyi və "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdə vergi uçotuna alınması və fəaliyyətinin xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılması barədə məlumatın mövcud olduğu bildirilmişdir.
11. "xxxx" KB ASC-nin məhkəməyə təqdim edilmiş İddiaçı adına açılmış AZ88UBAZ**********1010AZN002 saylı hesab üzrə xx.xx.2018-xx.xx.2019-cu il tarixli dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixdə 94.61 manat, xx.xx.2019-cu il tarixdə 94.61 manat, xx.xx.2019-cu il tarixdə 96.5 manat ödəniş edilmişdir.
12. Bank Respublika ASC-nin məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qərarda qeyd olunan 5335 99** **** 5234 (**********6********) saylı kart hesabı İddiaçı məxsus olmuş və sözügedən kart hesabı 30 noyabr 2023-cü il tarixində bağlanılmış və hesab üzrə 609.43 manat ödəniş edilmişdir.
Tərəflərin izahatları :
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
14. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirməklə, məhkəmə iclasını iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
16. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixində əmək müqaviləsi bağlanmış və İddiaçı Cavabdeh MMC-də müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə təyin edilmişdir. Həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqı 400.00 (dörd yüz manat 00 qəpik) məbləğində müəyyən edilmişdir və xx.xx.2019-cu il tarixində isə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “b” bəndinə əsasən xitam verilmişdir.
17. Hazırda İddiaçı əmək müqaviləsi ilə işlədiyi müddət ərzində ona əmək haqqının verilmədiyini bildirməklə işlədiyi dövrlərə aid verilməmiş əmək haqqı olan 1552,87 manat pul məbləğinin, ixtisara salınmaqla bağlı ona ödənilməmiş 800 manat pul məbləğinin, işdən çıxarılmaqla əlaqədar ödənilməmiş 400 manat pul məbləğində son haqq hesab məbləğinin ödənilməsini və işə bərpa olunmağını, bərpa olunmaqla bağlı verilməli əmək haqqının ödənilməsini tələb edir.
Məhkəmə Baxışının Hədləri :
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar;
21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin :
2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; 12.1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; 54.1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 154.2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71.1. işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76.1. işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 78.1. müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 84.3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
99. 1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 165.1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. 177.1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. 177.4. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır. 177.5. Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.
299. Fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz.
300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
Məhkəmənin mövqeyi :
24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
25. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, əmək haqqının tam şəkildə ödənilməsi və iş vaxtından artıq işlənmiş iş saatlarının əvəzinin ödənilməsi” tələbini onun ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi üzrə müəyyən olunmuş əmək haqqının cavabdeh tərəfindən tam şəkildə ödənilməməsi, iş vaxtından artıq işləməsi ilə əlaqədar əmək haqqının ödənilməməsi, əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilməsi, ixtisara salınmaqla bağlı kompensasiya verilməməsi ilə əsaslandırmışdır.
26. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbi şərti olaraq aşağıdakı hissələrdən ibarətdir: a. İşə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi; b. Ödənilməmiş aylıq əmək haqqının tam şəkildə ödənilməsi; c. İxtisara görə ödənilməli olan işdənçıxarma müavinəti; d. İş vaxtından artıq işə görə əmək haqqının ödənilməsi.
İddia tələbinin işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsi ilə bağlı:
27. İddiaçı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbini onunla əsaslandırmışdır ki, o, işəgötürən tərəfindən qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməklə işdən çıxarılmışdır.
28. Məhkəmə ilk növbədə qeyd edir ki, işə bərpa tələbinə qiymət vermək üçün ilk növbədə işçinin işdən çıxarılmasının əsasını təşkil edən əmrin qanuni və ya qanunsuz olduğu araşdırılmalıdır.
29. Məhkəmə tərəfindən tədqiq edilən Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 18-231 nömrəli əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilmiş və əmrin verilməsi üçün əsas İddiaçı şəxsi ərizəsi olmuşdur.
30. Əmək qanunvericiliyinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatlarının ixtisar edilməsidir. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
31. Məhkəmə qeyd edir ki, ixtisarın qanuni olması üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr.
32. Müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür.
33. Məhkəmə qeyd etmişdir ki, ştatları ixtisar etmək işəgötürənin hüququdur. Bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulub. Lakin hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Bu qadağa Mülki Məcəllənin 560.1-ci maddəsində nəzərdə tutulub, mülki münasibətlərlə yanaşı əmək münasibətlərinə də şamil olunur.
34. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən mübahisəli əmr qəbul edilən zaman əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.
35. Belə ki, əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi üçün əsas işçilərin sayının və ya ştatların ixtisarı barədə əmr verilməsi olmasına baxmayaraq, işçinin ərizəsi əsası ilə bu bənd ilə əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə habelə Həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
36. Məlumdur ki, işçinin əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsi olduqda Əmək Məcəlləsinin 69-cu maddəsi ilıə müəyyən edilmiş qaydalara riayət edilməklə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilir.
37. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 18-231 nömrəli əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla verildiyi üçün qanunsuzdur.
38. Əmək qanunvericiliyinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.
39. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyindən və iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi olduğundan Cavabdeh MMC tərəfindən qəbul edilmiş əmr ləğv edilməli, İddiaçı işə bərpa ediməli və xx.xx.2019-cu il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
İddia tələbinin ödənilməmiş aylıq əmək haqqının tam şəkildə ödənilməsinə dair hissəsi ilə bağlı:
40. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək qanunvericiliyində qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin əsas hüquqlarından biri olaraq müəyyən edilmişdir.
41. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək haqqının miqdarı tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsi ilə müəyyən edilir.
42. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və tərəflər əmək münasibətlərinə girmişlər. Əmək müqaviləsinə əsasən iddiaçı satıcı-kassir vəzifəsinə işə qəbul edilməklə əmək haqqı 400 manat olaraq müəyyən edilmişdir.
43. İşin məhkəmə tərəifndən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən İddiaçı aylıq əmək haqqı tam şəkildə ödənilməmişdir.
44. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, cavabdeh tərəfindən ona bank kartına xx.xx.2018-ci il tarixində 130.71 manat, xx.xx.2018-ci il tarixində 94.61 manat, xx.xx.2019-cu il tarixində 94.61 manat, xx.xx.2019cu il tarixində 96.50 manat, xx.xx.2019-cu il tarixində 193 manat və son olaraq da 29 mart və 02 aprel 2019-cu il tarixlərində nağd şəkildə cəmi 193 manat pul məbləği ödənilmişdir. Bundan əlavə Şamaxı rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında aylıq əmək haqqından xx.xx.2018-ci il tarixində 94.61 manat, xx.xx.2019-cu il tarixində 94.61 manat, xx.xx.2019-cu il tarixində 96.50 manat olmaqla, cəmi 285.72 manat pul məbləği tutularaq "xxxx" KB-nin hesabına köçürülmüşdür. Ümumilikdə 609.43 manat bank kartına köçürülməklə və son olaraq da 193 manat nəğd şəkildə olmaqla, 285.72 manat "xxxx" ASC-yə olan kredit borcuna tutulmaqla, cəmi 1088.15 manat əmək haqqı ona ödənilmişdir.
45. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş, o cümlədən məhkəmə sorğusu əsasında əldə edilmiş "xxxx" ASC və "xxxx" ASC tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş hesabdan çıxarışa əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də olan əmək haqqı hesabına cəmi 609.43 manat və "xxxx" ASC-də olan kredit hesabına cəmi 285.72 manat pul köçürülmüşdür.
46. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli NT000000101 nömrəli məxaric xəzinə orderindən görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçıya 400 manat pul vəsaiti ödənilmişdir.
47. Cavabdeh tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli əmrdə iddiaçıya son haqq-hesabın ödənilməsi əmr edilmiş və xx.xx.2019-cu il tarixdə iddiaçıya 400 manat ödənilmişdir. Bu onu deməyə əsasə verir ki İddiaçı son haqq-hesab olaraq 400 manat məbləğində pul vəsaiti ödənilmişdir. Əmək qanunvericiliyinə əsasən son haqq-hesab istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələrdən ibarətdir.
48. Yuxarıda qeyd edilən məxaric xəzinə orderi məhkəmə iclasında tədqiq edilən zaman iddiaçı həmin məbləği almadığını qeyd etməsinə baxmayaraq, həmin sənəddə olan imzanın ona məxsus olduğunu təsdiq etmişdir.
49. İddiaçı tərəfindən həmin məbləğin qəbul edilməməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aşağıdakı hesablama qaydası nəzərə alınmaqla, cəmi 2235 manat əmək haqqı ödənilməli idi:
a. 2018-ci il oktyabr ayı üçün əmək haqqı – 400 (aylıq əmək haqqı) / 23 (oktyabr ayı üçün iş günlərinin sayı) x 15 (işlənilən günlərin sayı) = 261 manat; b. 2018-ci ilin noyabr, dekabr ayları və 2019-cu ilin yanvar, fevral ayraları üçün - 4 (ay) x 400 (aylıq əmək haqqı) = 1600 manat; c. 2019-cu ilin mart ayı üçün 400 (aylıq əmək haqqı) / 15 (iş günlərinin sayı) = 26 manat (bir günlük əmək haqqı). 400-26=374 manat.
51. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC tərəfindən 746.85 manat (2235 manat - 1088.15 manat və 400 manat=746.85) əmək haqqı ödənilməmişdir.
52. Məhkəmə qeyd edir ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir.
53. Qeyd edilənlər nəzərə alınmaqla məhkəmə qeyd edir ki, Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqının əvəzi qismində 746.85 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
İddia tələbinin ixtisara görə ödənilməli olan işdənçıxarma müavinətinə dair hissəsi ilə bağlı:
54. Əmək qanunvericiliyinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq ƏM ilə müəyyən edilmiş müddətlərdə rəsmi xəbərdar edilməlidir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
55. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam veriləcəyinə dair xəbərdar edilməmiş (bunu həm də əmək müqaviləsinə ƏM 70-ci maddə “b” bəndi ilə xitam verilməinə baxmayaraq əmrdə əsas kimi işçinin ərizəsi qeyd edilməsi halı da təsdiq edir) və işdənçıxarma müavinəti ödənilməmişdir.
56. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozularaq işdənçıxarma müavinəti ödənilmədiyi üçün işdənçıxarma müavinəti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
57. İşdənçıxarma müavinətinin məbləği ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyinin yuxarda qeyd etdiyimiz tələblərindən görünüdüyü kimi ödənilməli olan müavinətin məbləği həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən edildiyindən və iddiaçının cavabdeh ilə bağladığı əmək üqaviləsi üzrə əmək stajı bir ildən az olduğundan Cavabdeh MMC-dən 400 manat məbləğində işdənçıxarma müavinəti tutularaq iddiaçıya ödənilməlidir.
58. Belə ki, əmək qanunvericiliyinə əsasən bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında işdənçıxarma müavinəti ödənilir. Orta əmək haqqı isə ƏM-nin 177.1-ci mddəsinə əsasən işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.
İddia tələbinin iş vaxtından artıq işə görə əmək haqqının ödənilməsi hissəsi ilə bağlı:
59. Əmək qanunvericiliyinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqı ödənilir.
60. İddiaçı Cavabdeh MMC tərəfindən iş vaxtından artıq işlərə cəlb edilməsinə baxmayaraq məhkəməyə iş vaxtından artıq işə cəlb edilməsini, hansı müddətə iş vaxtından artıq işə cəlb edilməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
61. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X5 Xidməti 3 saylı region üzrə X3 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçı əmək haqqının, son haqq-hesabın ödənilməməsi, iş vaxtından artıq işlərə görə əməkk haqqının ödənilməməsi ilə əlaqədar müfəttişliyə müraciət etmiş və Cavabdeh MMC barəsində Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsi ilə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
62. Məhkəmə tərəfindən tədqiq edilən qeyd edilən məktuba əsasən cavabdeh tərəfindən iddiaçının iş vaxtından artıq işlərə cəlb edilməsini müəyyən etmək mümkün olmamışdır.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddənin məzmunundan göründüyü kimi sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar, cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
65. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).
66. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
67. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
68. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz.
Məhkəmə xərcləri :
69. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
70. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir.
71. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ödəməkdən azad edildiyi 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
Nəticə :
72. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, əmr ləğv edilməli, İddiaçı işə bərpa ediməli və xx.xx.2019-cu il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməli, 746.85 manat məbləğində ödənilməmiş əmək haqqı və 400 manat məbləğində işdənçıxarma müavinəti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
73. İddiaçı ödəməkdən azad edildiyi 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2019-cu il tarixli 18-231 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin və ona məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanıb ödənilsin. Ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının əvəzi olaraq 746.85 manat məbləğində pul vəsaiti və 400 manat məbləğində işdənçıxarma müavinəti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddiaçı ödəməkdən azad edildiyi 100 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva