Məhkəmə qərarları › İş №2(007)-90/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-90/2020

10.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-90/2020 10.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilin satılması və pul məbləğinin paylara uyğun bölünməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilin satılması və pul məbləğinin paylara uyğun bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı sahəsi 73,74 kv.m. olan 3 (üç) otaqlı 47 saylı mənzilin satılması və əldə olunan pul məbləğinin Nizami rayon Məhkəməsinin 2(007)-2425/2016 saylı iş üzrə 12 iyul 2016-cı il tarixli qətnaməsində göstərilən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15.03.2018-ci ildə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı Çıxarışda göstərilən paylara uyğun (29,96 % hissəsi İddiaçı1, 29,96 % hissəsi İddiaçı2, 13,36 % hissəsi Cavabdeh1, 13,36 % hissəsi Cavabdeh2, 13,36 % hissəsi Cavabdeh3) bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı sahəsi 73,74 kv.m. olan 3 (üç) otaqlı 47 saylı mənzil ataları X5 mülkiyyətində olmuşdur. X1 01iyun 2005ci ildə vəfat etdikdən sonra ataları X2 Qəmər Səfərovna ilə ailə qurmuş və həmin nigahdan İlahə və Fidan adlı iki övladları olmuşdur. Atamız 14 avqust 2015-ci ildə vəfat etmişdir.Onun ölümündən onlar iki qardaş (X10, İddiaçı2),atalarının ikinci həyat yoldaşı Cavabdeh1 və onların birgə nigahdan olan iki övladı Cavabdeh2 və Cavabdeh3 birlikdə yuxarıda göstərilən mənzildə yaşamışlar. Onlar sonradan mirasın vərəsələr arasında qanunauyğun formada bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Nizami rayon Məhkəməsinin 2(007)-2425/2016 saylı iş üzrə 12 iyul 2016-cı iltarixli qətnaməsi ilə miras qalmış Bəkı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 50, 47 saylı mənzilin 29,92 faiz hissəsinə ayrı-ayrılıqda İddiaçı1 və İddiaçı2, 13.32 faiz hissəsinə isə ayrı-ayrılıqda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüquqları tanınmışdır. Göstərilən qətnaməyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15.03.2018-ci ildə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı Çıxarış verilmişdir. Həmin Çıxarışa əsasən ünvan 1 ünvanındakı sahəsi 73,74 kv.m. olan 47 saylı mənzilin 29,96 % hissəsi İddiaçı1, 29,96 % hissəsi İddiaçı2, 13,36 % hissəsi X6, 13,36 % hissəsi Cavabdeh2, 13,36 % hissəsi Cavabdeh3 məxsusdur. Lakin hazırda onların birlikdə həmin mənzildə yaşamaları qeyi-mümkündür və bu halın davam etməsi gələcəkdə çox pis nəticələrə gətirib çıxara bilər. Gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının alınması üçün onlar iki qardaş yuxarıda göstərilən mənzildən onların payınıza düşən 59,92 kv.m sahəni satmaq qərarına gəlmişlər və qanunvericiliyin tələbinə uyğun olaraq həmin hissəni almağı Cavabdeh1 təklif etmiş və bu barədə ona 05.02.2019-cu ildərəsmi məktubla müraciət etmişlər. Lakin həmin şəxs onların müraciətlərinə cavab verməmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdilər ki, mənzildəki paylarının alınmasını cavabdehə təklif etmişlər, lakin cavabvdeh təklifi qəbul etməmişdir. Onların da cavabdehlərin paylarının alınması üçün maddi imkanları yoxdur. Ona görə də, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərdi ki, o və digər cavabdeh övladlarının iddiaçıların məzilə olan paylarını almağa maddi imkanı yoxdur. Ona görə də təkilfi və ümumiyyətlə iddia tələbini qəbul etmir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 73.74 kv.m olan Bəkı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 50, 47 saylı mənzil 29,96 % hissəsi İddiaçı1, 29,96 % hissəsi İddiaçı2, 13,36 % hissəsi X4, 13,36 % hissəsi Cavabdeh2, 13,36 % hissəsi Cavabdeh3 adına 15 mart 2018-ci il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh1 ünvanlanmış 05 fevral 2019-cu il tarixli müraciətdən görünür ki, İddiaçı1 və İddiaçı2 onların bir mənzildə yaşamalarının gələcəkdə xoşagəlməz hadisələrə səbəb ola biləcəyini nəzərə alaraq onlar yaşadıqları mənzilin öz paylarına düşən 59,92 %-ni 65000 manata (altmış beş min)satmaq qərarına gəldiklərini, ona görə də həmin sahəni almağı onlara təklif etdiklərini, 45 günərzində onlara cavab verilməsini, əks halda həmin sahəni başqa şəxsə satmaq üçün tərəflərindən lazımı tədbirlər görüləcəyini bildirmişlər. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli, 2(007)-2425/2016 nömrəli qətnaməsindən görünür ki, miras qalmış Bakı şəhəri, ünvan 2 evin 47 saylı mənzilinin 29.92 faiz hissəsinə ayrı-ayrılıqda icdiaçılar İddiaçı1 və İddiaçı2, 13.32 faiz hissəsinə isə ayrı-ayrılıqda cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüquqları tanınmışdır. - Məhkəmənin qərardadı əsasında təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 03 dekabr 2019-cu il tarixli 17509 nömrəli rəyindən görünür ki, Bəkı şəhəri, ünvan 2 ünvanda yerləşən 47 saylı mənzilin 29/92 və 13/32 paylarına uyğun olaraq təcrid şəklində bölünməsi “İnşaat Norma və Qaydaları”-nın 1.1,2.2,2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. - Məhkəmənin qərardadı əsasında mübahisəli mənzilin qiymətləndirilməsi aparılmışdır, "xxxx" MMC-nin 02 mart 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bəkı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 50, 47 saylı mənzilin hazırkı bazar dəyəri təqribən 8111.4 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən, miras qalmış Bakı şəhəri, ünvan 2 evin 47 saylı mənzilinin 29.92 faiz hissəsinə ayrı-ayrılıqda iddiaçılar İddiaçı1 və İddiaçı2, 13.32 faiz hissəsinə isə ayrı-ayrılıqda cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüquqları tanınmışdır. Hazırda iddiaçılar, paylı mülkiyyətdə olan payın naturada ayrılması, bu, mümkün olmadığı təqdirdə əmlakın açıq hərracda satılması və pulun paylara mütənasib bölüşdürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Müəyyən edilmişdir ki, əşya mülkiyyətçiləri öz aralarında razılığa gələ bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını tələb etmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Qeyd olunduğu kimi, paylı mülkiyyətdə olan Bəkı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 50, 47 saylı mənzil 29,96 % hissəsi İddiaçı1, 29,96 % hissəsi İddiaçı2, 13,36 % hissəsi X4, 13,36 % hissəsi Cavabdeh2, 13,36 % hissəsi Cavabdeh3 adına 15 mart 2018ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçılar ilə cavabdeh mənzilin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Ekspert rəyinə əsasən mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı üçün məhkəmə hesab edir ki, iddianın həmin hissədə təmin edilməsi üçün əsas yoxdur, yalnız əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının istinad olunan rəyi əsaslı olduğundan və işin faktiki halları ilə uyğun gəldiyindən, yekun qərar qəbul edilərkən həmin ekspert rəyi əsas götürülməlidir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən müəyyən etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən əməl edilmişdir. Hansı ki, həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Təklif edilməsinə baxmayaraq, Cavabdeh1 iddiaçıların payını almaq istəməmişdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Bununla da, müəyyən edildi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, lakin mübahisənin məhkəmədən kənar həlli imkanı itirildikdən sonra məhkəməyə müraciət etmişdir. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə bağlı ekspert rəyi də verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yolu ilə mübahisə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanındakı sahəsi 73,74 kv.m. olan 3 (üç) otaqlı 47 saylı mənzil açıq hərracda satılmalı, əmlakın satışından əldə olunan pul vəsaiti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15.03.2018-ci ildə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı Çıxarışda göstərilən paylara uyğun olaraq, 29,96 % hissəsi İddiaçı1, 29,96 % hissəsi İddiaçı2, 13,36 % hissəsi Cavabdeh1, 13,36 % hissəsi Cavabdeh2, 13,36 % hissəsi Cavabdeh3 verilməklə, bölüşdürülməli, mənzilin hərracda ilkin satış qiyməti 81 111 (səksən bir min yüz on bir) manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30,0 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat məbləğində pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanındakı sahəsi 73,74 kv.m. olan 3 (üç) otaqlı 47 saylı mənzil açıq hərracda satılsın, əmlakın satışından əldə olunan pul vəsaiti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15.03.2018-ci ildə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı Çıxarışda göstərilən paylara uyğun olaraq, 29,96 % hissəsi İddiaçı1, 29,96 % hissəsi İddiaçı2, 13,36 % hissəsi Cavabdeh1, 13,36 % hissəsi Cavabdeh2, 13,36 % hissəsi Cavabdeh3 verilməklə, bölüşdürülsün. Mənzilin hərracda ilkin satış qiyməti 81 111 (səksən bir min yüz on bir) manat məbləğində müəyyən edilsin İddia qalan hissədə təmin edilməsin. İddiaçı1 Aqşin oğlu tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100,0 manat məbləğində pul Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar