Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-925/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1931-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanına isifadə hüquqlarına xitam verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı onun xüsusi mülkiyyətindədir. Həmin mənzil 18 dekabr 2013-cü il tarixdə Bakı şəhərində yerləşən 50 saylı notariat kontorunun AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən mülkiyyətçi X2 tərəfindən ona satılmışdır. Qeyd edilən mənzil xüsusi mülkiyyəti kimi 28 dekabr 2013cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikas Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən onun adına Seriya RX ******* blank sayla Çıxarış verilmişdir. AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə 18 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinin tələblərinə uyğun olaraq mənzildə yaşayan şəxslər vaxtında mənzildən çıxmışlar. Eləcə də bununla əlaqədar mənzil ona təhvil verildikdən sonra, yəni 18.02.2014-cü il tarixədək qeydiyyatdan çıxmalı idilər. Ancaq mənzildə qeydiyyatda olan sakinlərdən ikisi, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu günədək qeydiyyatdan çıxmamışlar. Hal-hazırda da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları yer ona məlum deyil. Beləliklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməlidir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Rəsulova Yeganə Kamil qızı ilə İddiaçı arasında 18 dekabr 2013-cü il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-06/1422 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Rəsulova Yeganə Kamil qızı ünvan 1 ünvanında yerləşən mənzilini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir; Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 39225 manata satmış, alıcı isə həmin qiymətə almışdır; Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 2 ay müddətində alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 13-cü bəndinə əsasən satıcı 2 ay müddətinə mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili 28 dekabr 2013-cü il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzilində qeydiyyatdadırlar; - 83 saylı MKİS-nin 19 yanvar 2022-ci il tarixli Aktından görünür ki, İlham Müzəffər oğlu küçəsi, ev 1, mənzil 7 ünvanında əvvəllər yaşamış Cavabdeh1 və Cavabdeh2 2013cü ildə mənzili alqı-satqı ilə satdıqdan sonra bu mənzildə yaşamırlar, harada yamaları haqqında məlumat yoxdur; - Cavabdeh2 notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, o, keçmiş həyat yoldaşı Rəsulova Yeganə Kamil qızının ünvan 1 ünvanında yerləşən əmlakı öz mülahizəsinə uyğun qiymətə satmağına razıdır. - Azərbaycan Respublikasının Daxili İşlər Naziliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 25.04.2022-ci il tarixli 018/39-1147; 1149 saylı məlumatından görünür ki, xx.xx.1931-ci il təvəllüdlü Cavabdeh1 20.04.2010-cu il tarixdə Nizami rayonu, İlham Müzəffər oğlu küçəsi, ev 1, mənzil 7 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mənzil Rəsulova Yeganə Kamil qızının mülkiyyətində olmuşdur. Rəsulova Yeganə Kamil qızı 18 dekabr 2013-cü il tarixdə İddiaçı ilə daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilə bağlayıb, mülkiyyətində olan həmin mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ 28 dekabr 2013-cü il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin köhnə sakini olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzildən köçsələr də, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmışlar, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, Rəsulova Yeganə Kamil qızı 18 dekabr 2013-cü il tarixdə bağladığı daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilini İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Hazırda mənzil iddiaçının xüsusi mülkiyyətində olsa da, keçmiş mülkiyyətçinin ailə üzvləri alqı-satqı müqaviləsi əsasında öhdəlik götürmələrinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışlar. Bununla yanaşı, Cavabdeh2 mənzilin satılmasına etiraz etməməsi barədə notarial qaydada ərizə vermişdir. Hansı ki, alqı-satqı müqaviləsinin bağlanmasından dərhal sonra mənzil iddiaçıya təhvil verilmişdir, Cavabdeh2 həmin vaxtdan mənzildə yaşamamışdır. Cavabdehlərin hal-hazıradək mənzildə qeydiyyatda qalmaları mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 mübahisəli mənzilə mənzil iddiaçıya satılmamışdan əvvəl qeydiyyata alınmışdır. Belə ki, iş materiallarında görünür ki, Cavabdeh1 20.04.2010-cu ildən həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır və mənzilin alqı-satqısına dair müqavilə bağlanarkən mənzildə qeydiyyatda olmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının tələbi əsaslıdır, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-925/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-925/2022
23.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver