Məhkəmə qərarları › İş №2(007)-953/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-953/2025

14.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-953/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “müavinətindən tutularaq çıxılan pulun gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab edilməsi və müavinətin qaytarılması” tələbi) İddiaçı Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı “müavinətindən tutularaq çıxılan pulun gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab edilməsi və müavinətin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “müavinətindən tutularaq çıxılan pulun gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab edilməsi və müavinətin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işlədiyi SOCAR-ın X1 28 may Neft və Qazçıxarma İdarəsi tərəfindən xx.xx.2023cü-xx.xx.2023-cü illər üzrə ödənilən birdəfəlik 16429,29 manat müavinətdən çıxılan 4304 manat məbləğində müavinətin tutularaq gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab olunması və 4304 (dörd min üç yüz dörd) manat müavinətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən alınaraq ona qaytarılması barədə qəttnamə qəbul edilməsini xahiş etmişdir.

2. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir.

3. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizəsinə əsəsən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi cavabdehlər siyahısından çıxaralaraq, “Azneft” İstehsalat Birliyi iş üzrə cavabdeh kimi cəlb edilmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə təqaüdə çıxmaqla əlaqədar olaraq işdən azad edilməsi və SOCAR və ANNQSİHİRK arasında 2020-2023-cü illlər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin verilməsi barədə 28 may NQÇT-nin rəisi Şahəddin İsmayılova ünvanlanmış ərizənin cavabı olaraq, iddiaçıya birdəfəlik müavinət olaraq 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat məbləğində pul ayrıllb və həmin məbləğdən aşağıda qeyd olunan vergilər tutulub. İşsizlik ödənişi-işçidən 82,15 AZN, 3% ə/h-dan DSMF-ə tutulma, Həmkarlar İttifaqından 164,29, gəlir vergisi olaraq 3355,12 manat, icbari tibbi sığorta olaraq 229,31 manat olmaqla vergilər tutulub və ona 12105,54 manat məbləğində pul ödənilib. Bu məbləğ ona müavinət olaraq ödənildiyi üçün yuxarıda qeyd olunan məbləğ ondan tutulmamalı və məbləğ tam şəkildə ona ödənilməli idi. O, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Birliyindən Yaşa görə pensiya hüququ yarandığı üçün işdən azad edilməsi və işdən azad edilən zaman ona orta əmək haqqının beş misli həcmində ödənilən müavinətdən gəlir vergisi tutulması və bu haldan şikayətçidir və araşdırılmasını xahiş edib. Bundan başqa Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfətişliyi Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-23721/2023 nömrəli məktubu ilə göndərilən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azneft İstehsalat Birliyi (VÖEN **********) tərəfındən yaşa görə pensiya çıxma ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətdən tutulan gəlir vergisi barədə xx.xx.2023-cü il tarixli müraciətə baxılıb. Buna əsasən müraciətdə göstərilən halda işçinin pensiya yaşına çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə ona ödənilən müavinətlər Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan güzəşt tətbiq edilən gəlirlərə aid olmadığından həmin gəlirlər ümumi qaydada gəlir vergisinə cəlb olunurlar. Haqq hesab vəsiqəsindən göründüyü kimi xx.xx.2023-xx.xx.2023cü il ərzində əmək haqqı dövründə ona 16429,29 manat mənləğində pul hesablanıb. Həmin məbləğə son haqq-hesab və müraciət əsasında hesablanan müavinət daxildir. Hesablanma qaydası aparılarkən ona ümumi məbləğdən vergi borcu tutulmaqla dövlətin büdcəsinə 4000 (dörd min) manat əlavə məbləğ ödənilib. Belə ki, müavinətdən rüsum tutulmamalı idi. 4304 manat məbləğində pulun ona geri qaytarılmasına köməklik etməsinə dair xx.xx.2023-cü il tarixdə ərizə ilə DSMF-yə müraciət edib və alacağı cavab bəllidir. Bundan başqa, xx.xx.2023-cü il tarixli,764/23 nömrəli sorğuya cavab olaraq bildirilib ki, onun təqaüdə çıxması ilə əlaqədar SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020- 2023-cü illər üçün sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə Pensiya yaşına çatdıqda AR ƏM-nin 70-ci maddəsinin a və b bəndinə əsasən işçilər sərbəstlikdə onlara orta əmək haqqının 5 misli həcmində birdəfəlik və ya sosial dayanıqlığın təmin edilməsi məqsədilə qüvvədə olan Proqram üzrə müavinət vermək) əsasən orta əmək haqqının 5 misli məbləğində müavinət verilib. Pensiya yaşına çatdığı üçün işçiyə verilmiş müavinətlərin gəlir vergisindən azad olunması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmadığı üçün həmin müavinət gəlir vergisinə cəlb edilməsi qeyd olunub. Hesab edir ki, Milli Gəlirlər Vergisi ona ünvanlanan cavab məktubunda müavinətin gəlir vergisindən azad olmasını tam açıq şəkildə bildirdiyi halda 4304 manat məbləğində pulunun vergiyə cəlb olunması qanunsuz və əsassızdır.

Etirazların dəlilləri:

5. Cavabdeh “Azneft” İstehsalat Birliyinin nümayəndəsi və vəkili Vəkil2 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixində İddiaçı əmək müqaviləsi yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar olaraq ləğv edilib və işdən azad olunub. 28 May" Neft və Qazçıxarma İdarəsinin keçmiş işçisi İddiaçı Abdüləli oğluna təqaüdə çıxması ilə əlaqədar, SOCAR və ANQSİ arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-ci bəndinə (Pensiya yaşına çatdıqda, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" və "b" bəndinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 (beş) misli həcmində birdəfəlik və ya sosial dayanıqlığın təmin edilməsi məqsədilə qüvvədə olan Proqram üzrə müavinət vermək) əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində olmaqla 14618,35 manat müavinət hesablanıb. Qeyd olunan məbləğdən isə 3129,59 manat məbləğində gəlir vergisi tutulub. AR-nın Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Eyni zamanda, Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. AR-nın Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. İşin faktiki hallarına görə İddiaçı əmək müqaviləsi 77.3-cü maddədə sadalanan hallar səbəbindən ləğv edilməyib, əksinə, o, yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar olaraq işdən azad edilib. Bu səbəbdən də İddiaçı ödənilən müavinət “işdənçıxarma müavinəti” kimi qiymətləndirilə bilməz. Odur ki, 175.4-cü maddənin tətbiq dairəsinə düşmür. Həmçinin, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. Hazırki işdə İddiaçı əmək müqaviləsi sadalanan hallar əsasında ləğv edilməyib. Nəticə etibarilə, ona ödənilən müavinətə azadolma tətbiq olunmur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən də qeyd edilməlidir ki, işəgötürənin ödədiyi və gəlir vergisindən azad edilən müavinətlərə məhz Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş işdənçıxarma müavinətinin aid edilməsi onların xarakterindən və təyinatından irəli gəlir. Çünki bu ödəmə işçinin iradəsi və təqsiri olmadan, habelə onun şəxsiyyəti ilə bağlı olmayan hallardan irəli gələrək işdən çıxarılması səbəbi ilə üzləşə biləcəyi maddi və mənəvi zərəri kompensasiya etmək məqsədi ilə qanunvericinin imperativ tələbi üzrə işəgötürən tərəfindən ödənilir. Bununla yanaşı, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürənin könüllü olaraq ödədiyi kompensasiya isə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müqavilə şərti kimi çıxış edir. Yuxarıda qeyd olunanlar nəzərə almaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma idarəsi tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq xitam verilib və şəxsə birdəfəlik müavinət olaraq ödəmə həyata keçirilib. İddiaçı təqdim etdiyi “haqq-hesab vərəqəsi”nə əsasən qanunvericiliyə uyğun olaraq fiziki şəxsin gəlirindən aidiyyəti üzrə tutulmalar həyata keçirilib. Hesab edirlər ki, aşağıda qeyd olunan müddəalara əsasən iddia ərizəsi təmin olunmamalıdır. Belə ki, iddiaçı ərizəsində ona orta aylıq əmək haqqının 5 misli miqdarında ödənilmiş müavinətdən gəlir vergisinin tutulmasının qanunsuz olduğunu və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən həmin ödəmənin vergidən azad olunduğunu bildirib. İş materiallarından da anlaşıldığı üzrə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçinin yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar olaraq xitam verilmişdir. Halbuki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi yalnız konkret əsaslarla şəxslərə ödənilən ödənişlərin gəlir vergisindən azad edilməsini nəzərdə tutur. Belə ki, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bu müavinət həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilib. Qeyd olunan maddəyə görə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməyib, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndi əsasında deyil, 69-cu maddəsinin 3-cü hissəsi əsasında xitam verilib. Başqa sözlə, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olub. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq bildirilir ki, həmin maddə vergi azadolması müəyyən etmir və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan vergi azadolmasını tamamlayır. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər hansı azadolma müəyyən etmir və həmin normanın məhkəmə tərəfindən genişləndirici şəkildə təfsir olunması yolverilməzdir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Yekun olaraq, Əmək Məcəlləsinin müvafiq maddəsi hər hansı əlavə azadolma müəyyən etməməklə yanaşı əmək müqaviləsinə xitam verilən zaman işçilər üçün nəzərdə tutulmuş təminatlardan işdənçıxma müavinətinin vergiyə cılb olunmadığını konkretləşdirib. İşdənçıxma müavinətinin ödənilmə hallarına münasibətdə isə, həmin Məcəllənin 77.3-cü maddəsinə baxdıqda aydın olur ki, işdənçıxma müavinəti əmək müqaviləsinə işəgötürən tərəfindən, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş qaydada xitam verildiyi hallarda işçilərə verilən təminat olaraq müəyyən edilir. Hazırki iş materialları üzrə Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrindən aydın olur ki, əmək müqaviləsinə işçinin pensiya yaşına çatması ilə əlaqədar olaraq Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsilə nəzərdə tutulmuş əsasla xitam verilib. Odur ki, iddiaçıya pensiya yaşına çatması ilə əlaqədar olaraq ödənilmiş birdəfəlik müavinət Əmək Məcəlləsi ilə vergidən azad edildiyi nəzərdə tutulan işdənçıxma müavinəti hesab olunmur. Nəticə etibarilə, vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bütün digər hallarda (Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstərilənlər istisna olmaqla) fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

İş materialları:

7. X1 28 may Neft və Qazçıxarma İdarəsinin xx.xx.2023-cü il tarixli 01-12/246 saylı sorğuya cavabından görünür ki, “28 May” Neft və Qazçıxarma idarəsinin keçmiş işçisi İddiaçı təqaüdə çıxması ilə əlaqədar, SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020- 2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə (Pensiya yaşına çatdıqda, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a" və “b" bəndinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 (beş) misli həcmində birdəfəlik və ya sosial dayanıqlığın təmin edilməsi məqsədilə qüvvədə olan Proqram üzrə müavinət vermək) əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində müavinət verilmişdir. Pensiya yaşına çatdığı üçün işçiyə verilmiş müavinətin gəlir vergisindən azad olunması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmadığı üçün, həmin müavinət gəlir vergisinə cəlb olunmuşdur.

8. İddiaçı Abdüləli oğlunun haqq-hesab vərəqəsinin surətindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə onun təşəbbüsü ilə xitam verilməsi ilə əlaqədar ona 14618,35 manat məbləğində bir dəfəlik müavinət hesablanmışdır. Həmin məbləğdən tutulan gəlir vergisi 3355,12 manat təşkil edir.

Tərəflərin izahatları:

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etirazın dəlillərinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 etirazın dəlillərinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 2-ci bəndinin “a” və “e” yarımbəndlərinə əsasən tərəflərdən birinin təşəbbüsü və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarına aid edilmişdir. 69.3-cü maddəsinə əsaəsn işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər 75-ci maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “a” bəndinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərdə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. 175-ci maddəsinin 1-ci, 2-ci (a) və 4-cü hissəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

İşin faktiki halı:

15. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Abdüləli oğlu cavabdeh “Azneft” İstehsalat Birliyinin “Azneft” İstehsalat Birliyində çalışmış və birliyin xx.xx.2023-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıması ilə bağlı ləğv edilmişdir. İddiaçının haqq-hesab vərəqəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə onun təşəbbüsü ilə xitam verilməsi ilə əlaqədar ona 14618,35 manat məbləğində bir dəfəlik müavinət hesablanmışdır. Həmin məbləğdən tutulan gəlir vergisi 3355,12 manat təşkil edir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

17. Məhkəmə Əmək Məcəlləsinə istinadən ilk növbədə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsaslarından biri tərəflərdən birinin (işçinin və ya işəgötürənin) təşəbbüsüdür. Eyni zamanda, bu məsələdə təşəbbüs göstərən tərəfdən asılı olaraq, əmək müqaviləsinin ləğv edilməsi qaydası və əsasları müəyyən edilmişdir. Belə ki, əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinin bir neçə, o cümlədən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi əsası müəyyən olunmuş və əsaslardan hər biri ilə əmək müqaviləsinin ləğv edilməsinin hüquqi nəticələri və qaydası fərqləndirilmişdir. Bu da öz növbəsində konkret əsasın göstərilməsinin zəruriliyini şərtləndirmişdir.

18. İşçilərin sayının və ya ştatlarının ixtisar edilməsi əmək müqaviləsinin ləğv edilməsinin müstəqil əsası kimi müəyyən edilməklə işçinin şəxsiyyəti və təqsirli hərəkətləri ilə əlaqələndirilməmişdir. Başqa sözlə, bu əsas işçinin təqsirli davranışı nəticəsində yaranmır. Bu səbəbdən həmin əsasla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən aidiyyəti tədbirlər görülməli, o cümlədən işçinin başqa işə köçürülməsinin mümkünlüyü araşdırılmalı, stajından asılı olaraq müəyyən edilmiş müddət əvvəl bu barədə xəbərdarlıq edilməli və işdənçıxarma müavinəti ödənilməlidir. Ən əsası da işçilərin sayı və ya ştatları real olaraq ixtisar edilməlidir. Bu təminatlar çərçivəsində ödənilən işdənçıxarma müavinəti gəlir vergisindən də azad edilmişdir.

19. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə əsasən xitam verilmişdir. Bu maddə də əmək müqaviləsinin məhz işçinin, yəni iddiaçının təşəbbüsü əsası ilə ləğv edilməsini təsdiq edir. Belə ki, həmin maddə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Sadəcə olaraq, iddiaçı bu məsələdə təşəbbüs göstərən tərəf olaraq, qeyd edilən maddə ilə ona verilmiş hüquqdan istifadə edərək, ərizəsini cavabdehə təqdim etmiş və yaşa görə təqaüdə çıxmaq istəyini bildirmişdir.

20. İddiaçı yaşa görə təqaüdə çıxmaq üçün ərizə ilə cavabdehə müraciət etmiş və hüquqi nəticə etibarı ilə onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə məhz bu ərizəyə əsasən, yəni iddiaçının təşəbbüsü ilə xitam verilmişdir.

21. Cavabdeh tərəfindən iddiaçıya orta aylıq əmək haqqının 5 misli məbləğində, yəni 16429,29 manat məbləğində birdəfəlik müavinət ödənilmiş və həmin məbləğdən 3355,12 manat məbləğində gəlir vergisi tutulmuşdur.

22. Belə ki, qüvvədə olan Vergi Məcəlləsində hansı növ müavinətlərin və ya təminatların gəlir vergisindən azad olunduğu konkret göstərilmiş və vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəaların yalnız həmin Məcəllə ilə müəyyənləşdirildiyi, başqa digər normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəaların nəzərdə tutulmasının qeyri-mümkün olduğu təsbit edilmişdir. Lakin işçinin təşəbbüsü ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilmiş (nəzərə alınmalıdır ki, bu hal üçün müavinətin ödənilməsi nəzərdə tutulmamış və bu ödəniş tərəflərin razılaşmasına, xüsusilə də cavabdehin təşəbbüsünə əsasən aparılır) müavinətin gəlir vergisindən azad olması nəzərdə tutulmamışdır. Bu da öz növbəsində iddiaçıya ödənilmiş müavinətin muzdlu işlə əlaqədar alınan gəlir olduğunu təsdiq edir və bu məbləğdən gəlir vergisinin tutulmasını şərtləndirir.

23. Bununla belə, cavabdeh (işəgötürən) iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla hər hansı qanun pozuntuya yol verməmiş və hazırki halda dövlət büdcəsi xeyrinə tutulmuş vəsaitin geri qaytarılması üçün əsas yoxdur. Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri Vergi Məcəlləsi ilə tənzimlənir və xüsusi tənzimlənən bu münasibətlərə Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinin geniş və qeyri-müəyyən təsfirinin tətbiqi yolverilməzdir.

Nəticə:

24. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı “müavinətindən tutularaq çıxılan pulun gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab edilməsi və müavinətin qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir.

Məhkəmə xərcləri:

25. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını və iddianın təmin edilməməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı “müavinətindən tutularaq çıxılan pulun gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab edilməsi və müavinətin qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar