Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-955/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsiX1nın iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 04 noyabr 2020-ci il tarixli 324 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi iş buraxmaya görə cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsi və AR ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemində 04.11.2020-ci il tarixli xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh direktoru V.Qarayev arasında imzalanmış 12 yanvar 2019-cu il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh Hospitalda (MMC-də) qangötürmə şöbəsində tibb bacısı vəzifəsində işə başlamışdır. Sözügedən əmək müqaviləsi bir həftə sınaq müddəti müəyyən edilməklə bir il müddətinə bağlanmışdır. Əmək müqaviləsi üzrə əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Həkiməqədər tibbi yardım göstərmək; Xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək; Həkim təyinatının həyata keçirilməsini təmin etmək. İşlədiyi müddətdə intizamlı olmuş, işinə məsuliyyətlə və vicdanla yanaşmışdır. Barəsində hər hansı bir intizam tənbehi tədbirləri verilməmişdir. Lakin Hospitalda narazı olduğu bəzi neqativ hallara görə işdən öz arzusu ilə ərizə yazıb çıxmaq istədiyini 03 noyabr 2020-ci il tarixində Labotoriya şöbə müdiri Ülvi Nəsirova bildirmişdir. Səhəri gün, yəni 04 noyabr 2020-ci il tarixində səhər işə gedərkən onunla telefon vasitəsilə əlaqə saxlanılaraq, onun əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin "ç” maddəsinə əsasən xitam verildiyi bildirilmişdir. Həmin gün əmək kitabçasını, 23.11.2020-ci il tarixində isə işdən çıxma əmrini hospitsldan götürmüşdür. Cavabdeh MMC –nin 04 noyabr 2020-ci il tarixli 324 nömrəli əmri aşağıdakılara görə qanunsuz və əsassızdır. Cavabdeh MMC-nin 04 noyabr 2020-ci il tarixli 324 nömrəli əmri məzmunu sadə formaca qanunvericiliyin tələbinə zidd olaraq tərtib edilmişdir. Belə ki, əmrin məzmununda emək müqaviləsinin xitam verilməsinə səbəb olan hal (intizam xətası) göstərilməmiş, əmr əsaslandırılmamış, əmr müəssisənin möhürü ilə təsdiq edilməmiş, 04.11.2020-ci il tarixi sonuncu iş günü olmasına və əmrin surətini dəfələrlə tələb etməyinə baxmayaraq əmrin surəti 23.11.2020-ci il tarixində ona verilmişdir. Halbuki onun əmək müqaviləmə xitam verilməsi ilə əlaqədar həmkarlar ittifaqı təşkilatı tərəfidən çağırılmamış, həmkarların əsaslandrırılmış yazılı qərarı mövcud deyildir. Beləliklə, onun əmək müqaviləsinə xitam verilərkən yuxarıda qeyd edilənlərdən göründüyü kimi işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuş, bu səbəbdən hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli, işə bərpa edilməli, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində 04.11.2020-ci tarixli xxxxxxx0002X0 nömrəli əmək müqaviləsi bildirişinin 1.2-ci bəndindəki qeydlərin ləğv edilməli və məcburi iş buraxmaya görə mənə əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X1 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı 12.01.2019-cu il tarixdən 04.11.2020-ci il tarixədək Cavabdeh MMC-də qanalma kabinetində tibb bacısı vəzifəsində çalışdığı müddətdə dəfələrlə daxili intizam qaydalarını pozmuş, şifahi xəbərdarlıqlar edilmişdir. Sonuncu halda heç bir üzrsüz səbəb olmadan işə gəlməmişdir, İzahat yazmaq tələb edilməsinə baxmayaraq yazmaqdan imtina etmişdir. Klinikaya gələn pasientlərə və işçi kollektivlərinə qarşıda kobud münasibətidə sonuncu dəfə tərəflərindən ədalətli şəkildə araşdırılmış, sübuta yetirilmişdir. Bu barədədə izahat yazmaq tələb edilsədə təkrar olaraq İzahat yazmaqdan imtina etmişdir. İddiaçın əməlləri kollektiv tərəfindən AKT-laşdırılmış, Təqdimat yazılmış, ƏMR- ləşdirilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, istifadə etmədiyi məzuniyyət günləri və son haqq-hesab hesablanaraq əmək haqqı kartına ödənilmişdir, ƏMƏK KİTABÇASİ şəxsən özünə təhvil verilmişdir. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 12 yanvar 2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də tibb bacısı vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi bir il müddətinə bağlanmış və işçinin aylıq əmək haqqı məbləği 220 manat müyyən edilmişdir. - İddiaçı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olumuş surətindən görünür ki, İddiaçı 12 yanvar 2019-cu il tarixli 23 nömrəli əmrlə Cavabdeh MMC-də tibb bacısı vəzifəsinə işə qəbul edilmiş və 04 noyabr 2020-ci il tarixli 324 nömrəli əmrlə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. - Cavabdeh MMC-nin 04 noyabr 2020-ci il tarixli 324 nömrəli Əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. - Baş tibb bacısı Yeganə Şahbazova, insan resursları şöbəsinin müdiri Nərgiz Tağıyeva, xəzinadar Aya Əmirova, Labaratoriya müdiri Ülvi Nəsirov, qeydiyyatçı Ləman Namazova tərəfindən Cavabdeh MMC-nin direktoru V.M.Qarayevaya göndərilmiş təqdimatın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 30 oktyabr 2020-ci il tarixdə labaratoriya şöbəsinin qan alma otağının tibb bacısı İddiaçı saat 09.54 radələrində pasient Nüsrət Şirinov “xolesterin” analizini gəlib verərkən tibb bacısı “qapıda gözləyin” deyib, bir neçə dəqiqə pasient gözlədikdən sonra təkrar yaxınlaşıb deyib “işə gecikirəm, otaqda heçkəs yoxdur məni niyə qəbul etmirsiniz?” tibb bacısı otaqda oturarkən qoğalla çay içirmiş, buna görə pasiyent əsəbiləşib və qeydiyyata yaxınlaşaraq analizi verməkdən imtina edib. İşçiyə bu halın niyə yaşandığını soruşduqda isə “nə məsələdir ki? 8 manatlıq analizdir, ödənişi edə bilərəm” demişdir. Bu haqda İddiaçı izahat yazmaqdan imtina etmişdir. - Baş tibb bacısı Yeganə Şahbazova, insan resursları şöbəsinin müdiri Nərgiz Tağıyeva, xəzinadar Aya Əmirova, Labaratoriya müdiri Ülvi Nəsirov, qeydiyyatçı Ləman Namazova tərəfindən 04 noyabr 2020-ci il tarixdə tərtib edilmiş aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh MMC-də tibb bacısı vəzifəsində çalışan İddiaçı 30 oktyabr 2020-ci il tarixdə saat 09.54 radələrində pasiyent Şirinov Rüstəmə qarşı kobudluq edərək, onu qəbul etməmişdir. Pasiyent R.Şirinov narazı halda klinikanı tərk etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 12 yanvar 2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Cavabdeh MMC-də tibb bacısı vəzifəsinə qəbul edilmişdir. Bununla bağlı olaraq 12 yanvar 2019-cu il tarixli 23 nömrəli əmr verilmişdir. 04 noyabr 2020-ci il tarixli 324 nömrəli əmrlə İddiaçı, Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Hazırda İddiaçı işə bərpa olunması və sair tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq Cavabdeh MMC-“İşəgötürən” ilə İddiaçı-“İşçi” arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsi bağlanmış və İddiaçı 12 yanvar 2019-cu il tarixli 23 nömrəli əmrlə Cavabdeh MMC-də tibb işçisi vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə İddiaçı “Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndini əsas götürüb 12 yanvar 2019-cu il tarixindən qüvvədə olan əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, onun yenidən öz iş yerinə bərpa olunması” tələbini əsassız sayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Baş tibb bacısı Yeganə Şahbazova, insan resursları şöbəsinin müdiri Nərgiz Tağıyeva, xəzinadar Aya Əmirova, Labaratoriya müdiri Ülvi Nəsirov, qeydiyyatçı Ləman Namazova tərəfindən 04 noyabr 2020-ci il tarixdə tərtib edilmiş aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh MMC-də tibb bacısı vəzifəsində çalışan İddiaçı 30 oktyabr 2020-ci il tarixdə saat 09.54 radələrində pasiyent Şirinov Rüstəmə qarşı kobudluq edərək, onu qəbul etməmişdir. Pasiyent R.Şirinov narazı halda klinikanı tərk etmişdir. Bundan başqa Baş tibb bacısı Yeganə Şahbazova, insan resursları şöbəsinin müdiri Nərgiz Tağıyeva, xəzinadar Aya Əmirova, Labaratoriya müdiri Ülvi Nəsirov, qeydiyyatçı Ləman Namazova tərəfindən Cavabdeh MMC-nin direktoru V.M.Qarayevaya göndərilmiş təqdimatın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 30 oktyabr 2020-ci il tarixdə labaratoriya şöbəsinin qan alma otağının tibb bacısı İddiaçı saat 09.54 radələrində pasient Nüsrət Şirinov “xolesterin” analizini gəlib verərkən tibb bacısı “qapıda gözləyin” deyib, bir neçə dəqiqə pasient gözlədikdən sonra təkrar yaxınlaşıb deyib “işə gecikirəm, otaqda heçkəs yoxdur məni niyə qəbul etmirsiniz?” tibb bacısı otaqda oturarkən qoğalla çay içirmiş, buna görə pasiyent əsəbiləşib və qeydiyyata yaxınlaşaraq analizi verməkdən imtina edib. İşçiyə bu halın niyə yaşandığını soruşduqda isə “nə məsələdir ki? 8 manatlıq analizdir, ödənişi edə bilərəm” demişdir. Bu haqda İddiaçı izahat yazmaqdan imtina etmişdir. Beləliklə, Cavabdeh MMC “İşəgötürən” ilə İddiaçı “İşçi” arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Məhkəmə onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş Cavabdeh MMC-nin nümayəndəsi, Cəmiyyətin qəbul etdiyi əmrlərin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Məhkəmə iddia tələbinin “məcburi iş buraxmaya görə cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsi və AR ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemində 04.11.2020-ci il tarixli xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin ləğv edilməsi” hissəsinə münasibtədə qeyd edir ki, iddia tələbinin həmin hissəsi irəli sürülən “cavabdehin 04 noyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də tibb bacısı vəzifəsinə bərpa edilməsi” tələbindən irəli gələn, törəmə tələbdir, əsas tələbin əsassız olması, təmin edilməməli olmaması müəyyən edildiyi halda törəmə tələbin də təmin edilməsi üçün əsaslar yoxdur, ona görə məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-nin 04 noyabr 2020-ci il tarixli 324 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi iş buraxmaya görə cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsi və AR ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemində 04.11.2020-ci il tarixli xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, tələb isə təmin edilməmişdir, cavabdehə aid edilə bilməz, ona görə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-nin 04 noyabr 2020-ci il tarixli 324 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi iş buraxmaya görə cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsi və AR ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemində 04.11.2020-ci il tarixli xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri Dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-955/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-955/2021
12.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver