Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-96/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi və qeydiyyata alınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi və qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 noyabr 2019-cu il tarixdə vəfat etmiş anası X8 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65-ci mənzili miras qalmışdır. Həmin mənzildə həmişə anası ilə o və onun qızı yaşayıb və onlar indi də orada yaşayırlar. Miras qoyan anasının xəstəliyi müddətində ona qulluq etmiş və bütün maddi və fiziki tələbatlarını o, ödəmişdir. Bundan başqa miras qalmış mənzili müəyyən vaxtaşırı tam yararsız vəziyyətə düşməsin deyə təmir etdirmiş və bu da onun dəyərinin artmasına səbəb olmuşdur. Cavabdeh bacısı anasının xəstə vaxtlarında onun qulluğunda durmamış, yalnız ayda bir neçə dəfə onu ziyarət etməklə kifayətlənmişdir. Belə olduğu halda o, cavabdeh notariat ofisinə müraciət edərək mirasın 1/2 hissəsinə pay almış və artıq həmin hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmışdır. Mirasa dair bütün sənədlərin əsillərinin onda olduğu halda notarius vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etməli idi. Hesab edir ki, cavabdeh notarius bölgünü ədalətli aparmamışdır. Buna görə də, Cavabdeh2 Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-101 nömrə ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsinə, 13 noyabr 2019-cu il tarixdə vəfat etmiş anası X8 miras qalmış Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65-ci mənzilinə onun payının 2/3, Cavabdeh2 payının 1/3 hissədə olmaqla qanun üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsinə və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazında göstərmişdir ki, İddiaçı cavabdeh ona yəni Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin noyabr ayının 13-də rəhmətə gedən anaları X9 adına Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 10 saylı evin 65 saylı mənzilinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, güya həmin mənzildə həmişə o, qızı ilə yaşamış və hal-hazırda da o yaşayır. O, iddia tələbinin əsasları ilə razı deyil və belə hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, o, mübahisəli mənzildə anadan olmuşdur. Anası rəhmətə gedənə qədər ona bir övlad kimi baxmış, qulluğunda durmuşdur. Ona bazarlıq etmiş, xəstəliyini müalicə etdirmişdir. Anasına əməliyyat olunanda bütün əməliyyat xərclərini o, tək özü ödəmişdir. Bunu qonşular da təsdiq edə bilərlər. Onu da qeyd edir ki, iş üzrə iddiaçı bacısı Elladanın rayonda da evi vardır. Göründüyü kimi bugün iddiaçının mübahisələndirildiyi evin çox hissəsinin ona yəni Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 10 saylı evin 65 saylı mənzilinin 2/3 hissəsinin payının iddiaçıya, 1/3 hissədə payın ona verilməsi ədalətsizlik olar. Belə ki, onlar bir ananın övladlarıdır. İkisi də eyni hüquqlara malikdir. İddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib izahatlarında bildirmişdir ki, miras əmlak tərəflərə onların anasından qalıb. İddiaçı halhazırda həmin mənzildə yaşayır. İddiaçı uzun müddət anası ilə orada yaşayıb. Cavabdehin özünün isə ayrıca evi var. İddiaçı mənzildə yaşaya-yaşaya oranı təmir etdirib. Bundan başqa, iddiaçı mənzildə təmir işləri aparıb, buna görə də mənzilin qiyməti artıb. Bu halda iddiaçının daha çox pay almaq hüququ yaranıb. İddiaçının evdə təmir işləri aparması şahid ifadəsi ilə təsdiq edilir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib, etirazında göstərdiklərini müdafiə edib izahatında bildirmişdir ki, iddiaçı onun bacısıdır, iddiaçı nənəsinin evini satmış, pulunu da xərcləmişdir. O isə anasına baxmış, poliklinikaya aparmışdır. Düzdür, sadaladıqlarını bacısı da edib, lakin xərclərini o, çəkmişdir. Bacısı ilə münasibəti yoxdur, mübahisə predmetini mülkiyyətə keçirəndə iddiaçı olan bacısına demişdir ki, “xərcləri sən çək”, amma Ellada heç nə etməmişdir. Bundan başqa, şahid Yeganə Hacıyevanın dediyinə görə guya o, sözügedən mənzildə yaşamamışdır. Lakin, o, hər dəfə oraya gedəndə Mədinə və digər qadınlar həyətdə otururdular, o isə həmişə əlində çantalarla evə gəlmişdir. O da bir övlad kimi anasının qulluğunda olmuşdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə işə həmin nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ellada xanım onun qonşusudur. O, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı binanın 1-ci blok, 1-ci mərtəbəsində yaşayır. Ellada xanım isə həmin binanın 4-cü mərtəbəsində yaşayır. Olqa xanımı uşaqlıqdan tanımışdır, lakin sonuncu öz evinə köçəndən sonra görməmişdir. Ellada xanım anası, yoldaşı, anası və qızı ilə birlikdə o, evdə yaşayıb. Ellada xanımın təmizlik işləri etdiyini görmüşdür. Olqa xanımı həyətdə oturanda görməmişdir, ola bilər ki, işdə olmuşdur, lakin Olqa xanımı görməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, o, Elladanın qonşusudur, 30 ildir qeyd olunan ünvanda yaşayır. Elladanı tanıyır, belə ki, o, birinci, Ellada isə dördüncü mərtəbədə yaşayır. O, əvvəl işləyirdi, səhər gedib, axşam gəlmişdir, indi isə təqaüdçüdür. Olqanı isə ilk dəfədir məhkəmədə görür. Ellada anası öldükdən sonra mənzildə təmir işləri aparıb. Elladanın elektrik çağırdığını, mənzildən köhnə əşyaları çıxardığını görmüşdür. O, avtobusda işləmişdir. 4 ildir ki, Elladanın anası rəhmətə gedib. Elladanın qızı var, adı Sabinadır. Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş və reyestrdə 2V-101 nömrə ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən 13 noyabr 2019-cu ildə ölmüş X9 vərəsəsi Cavabdeh2 miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsində X11 verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47,4 kv.m olan mənzildən ibarətdir. Miras əmlakın 1/2 hissəsi açıq buraxılmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 47,4 kv.m sahəli mənzilə Cavabdeh2 1/2 hissədə payı müəyyən edilmiş və xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə reyestrdə qeydə alınmışdır, mənzilin 1/2 hissəsinə pay açıq qalmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli sorğuya cavabından görünür ki, X9 adına ünvan 1 qeydiyyata alınmışdır və hazırda adındadır. Məlumat verilir ki, mərhum X9 adında hal-hazırda Bakı şəhəri üzrə qeyd olunan mənzildən başqa digər daşınmaz əmlakın qeydiyyatda olmasına dair məlumat aşkar edilməmişdir. - RPA********** nömrəli BB 365926 seriyalı Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, ünvan 1 Cavabdeh2 müraciətinə əsasən "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il saat 00:00-dan xx.xx.2021-ci il saat 00:00-dək 25.000 manat məbləğində sığortalanmışdır. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzili hazırkı iş üzrə tərəflərin anası X9 mülkiyyətində olmuş və X12 13 noyabr 2019-cu il tarixdə vəfat etdikdən sonra, mərhumun qızı hazırkı Cavabdeh2 Bakı şəhəri 15 saylı Notariat ofisinə müraciət etmiş və onun həmin miras əmlaka 1/2 hissədə payı müəyyən edilmiş, ona bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 47,4 kv.m sahəli mənzilə Cavabdeh2 1/2 hissədə payı müəyyən edilmiş və xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə reyestrdə qeydə alınmışdır, mənzilin 1/2 hissəsinə isə pay açıq qalmışdır. Hazırda iddiaçı mərhum anası vəfat etdikdən sonra həmin mənzili təmir etdirdiyini, bununla da mənzilin qiymətinin artdığını bildirərək, Cavabdeh2 Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-101 nömrə ilə qeyd edilmiş xx.xx.2020ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsinə, 13 noyabr 2019cu il tarixdə vəfat etmiş anası X8 miras qalmış Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65-ci mənzilinə onun payının 2/3, Cavabdeh2 payının 1/3 hissədə olmaqla qanun üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsinə və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin: 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1195-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1202.1 və 1202.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Beləliklə işin hallarından məlum olur ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzili hazırkı iddiaçı və cavabdehin anaları olan X5ra miras qalmışdır. Miras qoyanın övladı, hazırkı Cavabdeh2 isə miras əmlakının açıldığı yer üzrə notariat ofisinə müraciət edərək mərhum analarından qalmış miras əmlaka məcburi pay hüququnu tələb etmiş, digər cavabdeh 15 saylı notariat ofisinin xüsusi notariusu isə miras əmlakını qəbul etməkdə maraqlı olan vərəsələrin müraciətlərini nəzərə alaraq həmin mənzilin 1/2 hissəsinə dair Cavabdeh2 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Həmin Təlimatın 96-cı bəndinin 4-cü hissəsinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Göründüyü kimi, Cavabdeh2 qanunvericiliklə onun hüququ olaraq müəyyən edilmiş qaydada, vərəsə kimi mərhum anasından miras qalmış əmlakın qəbul edilməsi üçün ərizə ilə notariusa müraciət etmiş və bunun əsasında ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi hissəsində təmin edilməsi üçün əsaslar yoxdur, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1299.1-ci maddəsinə əsasən, miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır. 1299.2-ci maddəsinə əsasən, əmlak bölgüsü zamanı miras payının bərabərləşdirilməsi məbləği mirasın ümumi məbləğindən çıxılır və bərabərləşdirmə tələbinə hüququ olan miras şərikinin payına əlavə edilir. Məhkəmə iddia tələbinin mübahisə predmeti olan mənzilə payın həcminin mübahisələndirilməsi ilə bağlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilə bilməz, belə ki, iddiaçı bununla bağlı mötəbər sübutlarını təqdim edə bilməmiş, iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahid ifadələri ilə də iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsas hesab edilə, miras əmlaka payın miqdarını müəyyən etmək baxımından mötəbər sübut kimi qəbul edilib qiymətləndirilə bilməz. Buna görə də, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi və qeydiyyata alınması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi və qeydiyyata alınması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-96/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-96/2024
13.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver