Məhkəmə qərarları › İş №2(007)-988/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-988/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-988/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “müqavilənin ləğv edilməsi və pul”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə 24 fevral 2023-cü il tarixdə aralarında bağlanmış müqavilənin ləğv edilməsini və Cavabdeh MMC-dən 1550 manat və ödənilmiş 35,50 manat dövlət rüsumu, ümumilikdə 1585,50 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “Saray Group'’ MMC ilə aralarında 24 fevral 2023-cü il tarixdə vasitəçilik xidmətlərinin göstərilməsi haqqında 210223 nömrəli müqavilə bağlanmışdır. Cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən “sifarişçi” Azərbaycan Dövlət İpoteka Fondundan 70000 manat ipoteka kreditinin ayrılması və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Ramana Sosial Evlər” yeni yaşayış kompleksində yerləşən 3 otaqlı mənzillərin, bron edilməsi xidmətlərinin göstərilməsini sifariş verib icraçıya 1550 manat xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada e.gov.az hökumət portalından sifarişçiyə ipoteka kreditinin ayrılması xidmətini və ms.sosiaİ.gov.az hökumət portalından sosial evlərin ayrılması xidmətlərini (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür və sözügedən xidmət haqqının, yəni 1550 manatı icraçı müqavilə bağlanan gündən sifarişçi tərəfindən icraçıya ödənilməsi, icraçı müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıması və nəticədə xidmətlərin yerinə yetirilməsi üçün verilmiş məbləğin sifarişçiyə geri qaytarılması və bundan sonra tərəflər arasında cavabdehin müqaviləsi əsasında göstərilmişdir ki, tərəflər arasında yaranmış mübahisələr 9.2-ci maddədə göstərilmiş qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaqdır. Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh MMC aralarında bağlanmış müqaviləyə əsasən öhdəliyini layiqincə yerinə yetirməmiş, hər gün eyni bahanələrlə onu aldadaraq yola vermiş, ən əsası isə ondan alınmış pul vəsaitini bu günə kimi verilməmişdir. Hesab edir ki, Cavabdeh MMC ilə aralarında bağlanmış müqavilə ləğv edilərək, ondan alınan 1550 manat pul vəsaiti ona qaytarılmalıdır. Belə ki, cavabdeh barəsində DİN-nə şikayət ərizəsi verilsə də DİN-nin məktubunda qeyd edilmişdir ki, məhkəmə orqanlarına müraciət edilməsi məqsədə müvafiqdir. Cavabdeh onun telefonlarına cavab verməməklə və hazırda ofislərinə getdikdə müdir heyətinin orada olmaması bəhanələri bildirilmiş, bir sözlə, onunla görüşməkdən qəsdən yayınmışdır.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehnə məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. 25.01.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 36 manat dövlət rüsumu ödəmişdir.

8. İddiaçı Cavabdehnə ünvanlandığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh 10 gün ərzində xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərinin könüllü icra edilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

9. Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X1 barədə mülki qaydada məhkəmə orqanlarına müraciət edilməsi məqsədə müvafiqdir.

10. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2023-cü il tarixli 23223 nömrəli müqavilədən görünür ki, “sifarişçi” Azərbaycan Dövlət İpoteka Fondundan 70000 manat ipoteka kreditinin ayrılması və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Ramana Sosial Evlər” yeni yaşayış kompleksində yerləşən 3 otaqlı mənzillərin, bron edilməsi xidmətlərinin göstərilməsini sifariş verib icraçıya 1550 manat xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada e.gov.az hökumət portalından sifarişçiyə ipoteka kreditinin ayrılması xidmətini və ms.sosiaİ.gov.az hökumət portalından sosial evlərin ayrılması xidmətlərini (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür və sözügedən xidmət haqqının yəni 1550 manatı icraçı müqavilə bağlanan gündən sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. 3.2-ci bəndinə əsasən “İcraçı” bu Müqavilədə nəzərdə tutulan xidməti 45 gün müddətində həyata keçirilməlidir. 4.1-ci bəndinə əsasən “İcraçı” müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır və nəticədə xidmətlərin yerinə yetirilməsi üçün verilmiş məbləğ “Sifarişçi”yə geri qaytarılır.

İşin faktiki halları:

11. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2023-cü il tarixli 23223 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC-nin Azərbaycan Dövlət İpoteka Fondundan 70000 manat ipoteka kreditinin ayrılması və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Ramana Sosial Evlər” yeni yaşayış kompleksində yerləşən 3 otaqlı mənzilin bron edilməsi xidmətlərinin göstərməsi müqabilində İddiaçı 1550 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür və müqavilə bağlanan gün 1550 manat xidmət haqqını Cavabdeh MMC-yə ödəmişdir. Müqavilədə nəzərdə tutulan xidmət 45 gün müddətində icra edilməli idi. Lakin cavabdeh tərəfindən həmin müddət ərzində heç bir xidmət göstərilməmişdir və iddiaçı tərəfindən ödənilmiş 1550 manat xidmət haqqı da qaytarılmamışdır. Hazırda iddiaçı Cavabdeh MMC ilə 24 fevral 2023-cü il tarixdə aralarında bağlanmış müqavilənin ləğv edilməsini, müqavilə üzrə ödənilmiş 1550 manat xidmət haqqının və 35,50 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1585,50 manat pul vəsaitinin Cavabdeh MMC-dən alınıb ona verilməsini tələb edir.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

15. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, ödənilmiş xidmət haqqını iddiaçıya geri qaytarılmalıdır.

16. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2023-cü il tarixli 23223 nömrəli müqaviləyə əsasən İddiaçı Azərbaycan Dövlət İpoteka Fondundan 70000 manat ipoteka kreditinin ayrılması və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Ramana Sosial Evlər” yeni yaşayış kompleksində yerləşən 3 otaqlı mənzilin, bron edilməsi xidmətlərinin göstərilməsini sifariş verib icraçıya 1550 manat xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada e.gov.az hökumət portalından sifarişçiyə ipoteka kreditinin ayrılması xidmətini və ms.sosiaİ.gov.az hökumət portalından sosial evlərin ayrılması xidmətlərini göstərməyi öhdəsinə götürür və sözügedən xidmət haqqını, yəni 1550 manat müqavilə bağlanan gündən sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. 3.2-ci bəndinə əsasən “İcraçı” bu Müqavilədə nəzərdə tutulan xidməti 45 gün müddətində həyata keçirilməlidir. Göründüyü kimi tərəflər arasında müqavilənin müddəti 45 gün müəyyən edilmiş və cavabdeh müqavilədə nəzərdə tutulan xidməti 45 gün müddətində yerinə yetirməmişdir. Beləliklə, cavabdeh müqavilənin tamamilə icrasından birtərəfli şəkildə imtina etmişdir. Odur ki, 24 fevral 2023-cü il tarixli 23223 nömrəli müqavilənin müddəti bitdiyindən artıq ləğv edilmiş sayılır. Bu səbəbdən iddia bu hissədə təmin edilməməlidir.

17. Məhkəmə iddia tələbinin Cavabdeh MMC-dən 1550 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilənin 4.1-ci bəndinə əsasən “İcraçı” müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır və nəticədə xidmətlərin yerinə yetirilməsi üçün verilmiş məbləğ “Sifarişçi”yə geri qaytarılır. Müqaviləyə əsasən 24 fevral 2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə 1550 manat xidmət haqqı ödənilmişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, Cavabdeh MMC müqavilədə nəzərdə tutulan xidmətləri icra etmədiyindən İddiaçı tərəfindən ödənilmiş 1550 manat xidmət haqqı geri qaytarılmalıdır.

18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 1550 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.

Nəticə:

19. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 1550 manat məbləğində pul vəsaiti və 35,50 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

20. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 35,50 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir.

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdehndən 1550 manat məbləğində pul vəsaiti və 35,50 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar