Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1002/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları 02 yanvar 2019-cu il təvəllüdlü X5 və 19 noyabr 2021-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən, hazırda əmlaklarının olduğu fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 19 yanvar 2018-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan 02 yanvar 2019-cu il təvəllüdlü X5 və 19 noyabr 2021-ci il təvəllüdlü X6 adlı iki övladları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamışlar, lakin sonradan münasibətləri kəskinləşmiş, xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1559/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021ci il təvəllüdlü X2 onun himayəsində saxlanılması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1559/2022 saylı qərardadının icrası (tutmalar aparılmışsa) nəzərə alınmaqla, Cavabdeh onun xeyrinə, xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər birinə görə hər ay 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, ailə qurarkən gəlin kimi Bakı şəhəri Zabrat qəsəbində fərdi məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış evinə gəlin gəlmişdir. Ailə tərkibinin artımına görə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə ünvan 1-ə 3 otaq, bir mətbəxdən ibarət məcburi köçkünlər üçün salınmış evə köçmüşlər. Verilmiş evin 3 otaqlı olmasına səbəb onun cavabdehlə nikahda olması və birgə nikahdan övladlarının olmasıdır. Belə ki, əgər cavabdehlə nikah olmasa idi 3 nəfərlik ailəyə 1 otaqlı, maksimun, 2 otaqlı ev verilərdi. O, sözügedən ünvanda 2021-ci ilin avqust ayına qədər yaşamışdır. Uşağın müayinəsi üçün həkimə getdikdən sonra evə qayıtmaq istəsə də, cavabdeh onu evə buraxmamışdır. Hazırkı tarixədək onun bütün cehiz əmlakları həmin ünvandadır. Cehiz əşyaları, ona məxsus əmlaklar cavabdehin səhlənkarlığı ucbatından və baxımsızlıqdan korlanmaq üzrədir. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Həmçinin, o, övladları ilə birlikdə sözügedən ünvanda müvəqqəti qeydiyyatdadırlar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etdi və iddiaçının övladları ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı 810 YYK bina 4, 43 saylı mənzilə köçürülməsinə etiraz etmədiyini bildirdi. O, ailə qurduğuna görə 1 otaq əlavə verilmişdir. Uşaqların yaşaması üçün 1 otağın onlara verilməsinə etiraz etmir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 431430 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27 dekabr 2022-ci il tarixdə 527 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1559/2022 nömrəli xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanılmaları, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1559/2022 saylı qərardadının icrası (tutmalar aparılmışsa) nəzərə alınmaqla, Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər birinə görə hər ay 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli 2021- 10941 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. - Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Sabunçu rayon Kürdəxanı qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1368 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür və hal-hazırda Sabunçu rayonu Kürdəxanı 810 YYK bina 4 mənzil 43 ünvanında müvəqqəti qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ailə qurduqdan sonra cavabdehlə birlikdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı 810 YYK bina 4, 43 saylı mənzildə yaşamışdır. Ailə münasibətlərinin pozulmasının nəticəsi olaraq, iddiaçının mübahisəli mənzildə yaşamasına cavabdeh tərəfindən maneçilik törədilmiş və iddiaçı başqa yaşayış yeri olmadığından hüquqlarının təmin olunması məqsədi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisəli mənzil iddiaçı ilə cavabdehin yaşayış yeridir. Cavabdehin iddiaçını həmin mənzildə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasının: 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi üzərində cavabdehin mülkiyyət hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzildə yaşamasına mane olma) qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladları 02 yanvar 2019-cu il təvəllüdlü X5 və 19 noyabr 2021-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı 810 YYK bina 4, 43 saylı mənzilə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tərəflər məcburi köçkün olduğundan məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı övladları 02 yanvar 2019-cu il təvəllüdlü X5 və 19 noyabr 2021-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı 810 YYK bina 4, 43 saylı mənzilə köçürülsün. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-1002/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1002/2023
01.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver