Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1024/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş zərər kimi müəyyən olunan 1555,20 manat borcun silinməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş zərər kimi müəyyən olunan 1555,20 manat borcun silinməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Abşeron küçəsində yerləşən həyət evi ona məxsusdur. Həmin evə aid qaz sayğacı üzrə **********00000 nömrəli abonent hesabı mərhum əri X1 adına qeydə alınmışdır. Əri xx.xx.2011-ci ildə vəfat etmişdir. Evə quraşdırılmış sayğac xx.xx.2023-cü ildə dəyişdirilmiş və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra müəyyən etmişdir ki, abonent hesabına 1555,20 manat borc yazılmışdır. Ona təqdim edilmiş xx.xx.2023-cü il tarixli aktdan və xx.xx.2023-cü il tarixli tələbnamədən öyrənmişdir ki, cavabdehin əməkdaşları tərəfindən evdən çıxarılan sayğacın sərfiyyatı qeyd etməməsi səbəbindən 12960 kub.m qaz itkisi dəymiş ziyan kimi müəyyən edilmişdir. Cavabdeh sayğacı ona məlumat vermədən başqası ilə əvəz etmiş, sayğacda aşkarlanan qüsurlarda onun təqsirini sübut etmədən 12960 kub.m qaz itkisi hesablamış və onun hesabına 1555,20 manat borc yazmışdır. Əslində, çıxarılan sayğacda baş verən nasazlıq onun müdaxiləsi və ya səhvi ucbatından baş verməmişdir. Sayğac küçədə yerləşdiyinə görə ona istənilən şəxs müdaxilə edə bilər. Həmçinin, sayğac çıxarıldıqdan sonra xüsusi qablaşdlrmaya yerləşdirilərək yoxlanılması üçün laboratoriyaya aparılmalı olduğu halda, cavabdehin əməkdaşları bunu da etməmişlər. Sayğacın sərfiyyatı qeyd etməməsində onun heç bir təqsiri yoxdur, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Belə olan halda, o, sayğacda olan qüsurlara görə məsuliyyət daşımır. Həm də sayğacda plombların qırılması və ya başqa bir qüsur aşkarlanmamışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə məhkəmə baxışı onun iştirakı olmadan keçirildi. Cavabdeh həmin ərizədə iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, iddiaçının istifadəsində olan qaz sayğacına cavabdehin əməkdaşları tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçının kənar təsiri nəticəsində sayğacın qaz sərfiyyatını qeydə almadığı aşkar olunmuşdur. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ünvan 1 evdə yaşayır və həmin ev üzrə istehlakçının hesab kodu iddiaçının mərhum əri X1 (işdəki bəzi sənədlərdə səhvən X6 göstərilmişdir) adına açılmışdır. X5 xx.xx.2011-ci ildə vəfat etmişdir. Cavabdeh işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"da göstərilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ünvan 1 ünvanda abonentin sayğacına baxış keçirilərkən sayğacın sərfiyyatı qeyd etmədiyi aşkar olundu. Aktda bu da göstərilmişdir ki, yoxlama X1 iştirakı ilə aparılmış, lakin o, aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra sayğac çıxarılaraq başqası ilə əvəz edilmişdir. Daha sonra cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"də göstərilmişdir ki, istehlakçı Əliyev Əliyə məxsus olan Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ünvan 1 evdə "Qazdan istifadə qaydaları"nın tələblərinə zidd olaraq sayğacın təbii qaz sərfini qeyd etməməsinin aşkar edildiyi göstərilmiş, dəymiş ziyanın həcmi isə belə hesablanmışdır: qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 kub.m, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə (6 kub.m x 24 saat x 90 gün) cəmi 12960 kub.m. Hər kub.m qazın dəyəri 0,12 manat hesablanmaqla (12960 kub.m x 0,12 manat) 1555,20 manat borc iddiaçının mərhum ərinin abonent saldosuna daxil edilmişdir. İşdə olan, "Abonentin saldosu"ndan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ünvan 1 ev üzrə istehlakçının hesab kodu X9 adına açılmış və xx.xx.2020-ci ildə ZENNER G4T mexaniki tipli **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. İşdə olan "Evlənmək haqqında şəhadətnamə"dən görünür ki, X5 və X4 xx.xx.1969-cu ildə evlənmiş və arvada Əliyeva soyadı verilmişdir. İşdə olan "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, X5 xx.xx.2011-ci ildə vəfat etmişdir. İşdə olan, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"ın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ünvan 1 ünvanda abonentin sayğacına baxış keçirilərkən sayğacın sərfiyyatı qeyd etmədiyi aşkar olunmuşdur. Aktda göstərilmişdir ki, yoxlama X9 iştirakı ilə aparılmış, lakin o, aktı imzalamaqdan imtina etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt"dan görünür ki, X9 adına olan **********0 nömrəli qaz sayğacı sərfiyyatı qeyd etməməsi səbəbindən çıxarılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli "Abonentin saldosu"ndan görünür ki, onun akt üzrə 2023-cü ilin may ayına 12960 kub.m qaza görə borcu 1555,20 manat təşkil edir. Həmin borc qaz sayğacının nominal qaz sərfi 6 kub.m, orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 90 gün qəbul edilməklə (6 kub.m x 24 saat x 90 gün = 12960 kub.m x 0,12 manat = 1555,20 manat) hesablanmışdır. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın tələbinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3-cü bənd). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4-cü bənd). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1-ci bənd). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5 - 6.7-ci bəndlər). Həmin Qaydaların 4.8-ci bəndində deyilir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşdən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" sayğacın kənar təsir nəticəsində müdaxilə səbəbindən qaz sərfiyyatının qeyd olunmaması ilə bağlı tərtib edilmiş və 1555,20 manat məbləğində borc həmin akt əsasında hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacın işlək vəziyyətdə olmamasının müəyyən edilməsi halı mübahisəsiz olsa da, sayğaca İddiaçı, yaxud iddiaçı ilə birlikdə yaşayan ailə üzvləri tərəfindən müdaxilə edilməsi barədə heç bir sübut yoxdur, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, "Qazdan istifadə Qaydaları"nın tələbinə uyğun olaraq, qaz paylayıcısı qazın verilməsinin dayandırılmasını və bərpa edilməsini istehlakçının iştirakı ilə həyata keçirməli olduğu və aktın bir nüsxəsini istehlakçıya təqdim etməli olduğu halda, bunu etməmiş və 2011-ci ildə vəfat etmiş istehlakçı X1 güya aktın tərtib olunmasında iştirak etdiyini və aktı imzalamaqdan imtina etdiyini göstərmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1555,20 manat borcun hesablanması qanunsuz olmuşdur. Ona görə də iddia təmin edilərək həmin borc silinməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"a əsasən İddiaçı mərhum əri X2 hesablanmış 1555,20 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2(008)-1024/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1024/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver