Məhkəmə qərarları › İş №2(008)-1044/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1044/2024

08.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1044/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə AZ-İİ 483109 nömrəli 195 qeydli şəhadətnamə ilə təsdiq edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2022ci il tarixdə AZ-İİ 483109 nömrəli 195 qeydli şəhadətnamə ilə nikah təsdiq edilmişdir. Lakin nikahın qeydiyyata alınmasına baxmayaraq, bu günkü günə qədər toy olmamış, faktiki ailə münasibətlərinə başlanılmamışdır. Bundan əlavə, cavabdeh gələcəkdə də onunla ailə qurmaq niyyətinin olmadığını bildirir. Qeyd olunan məsələ ilə bağlı aralarında xx.xx.2023cü il tarixli mediasiya barışıq sazişi bağlanılmış, nikahın formal xarakter daşıması və məhkəmə qaydasında etibarsız hesab edilməsi barədə razılığa gəlinmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizələr göndərərək, ərizəçi ilə ailə qurmaq niyyətinin olmadığını, aralarında faktiki ailə münasibətlərinin mövcud olmadığını, nikahın formal xarakter daşıdığını etiraf etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və nikahın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İİ seriyalı 483109 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 195 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Salahova soyadı verilmişdir. - xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01846 №-li barışıq sazişindən görünür ki, birinci tərəf İddiaçı bu Saziş imzalandıqdan sonra ikinci tərəf Cavabdeh ilə Bakı şəhəri 4 saylı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə № 195 qeydi ilə bağlanan nikahın formaİ xarakter daşıdığını, ikinci tərəflə faktiki ailə münasibətlərinin olmadığını etiraf edir və nikahın məhkəmə qaydasında etibarsız hesab edilməsi ilə razıdır; Birinci tərəf İddiaçı bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və ikinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Bu mübahisə ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür; İkinci tərəf Cavabdeh Bu Saziş imzalandıqdan sonra birinci tərəf İddiaçı ilə Bakı şəhəri 4 saylı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə № 195 qeydi ilə bağlanan nikahın formaİ xarakter daşıdığını, birinci tərəflə faktiki ailə münasibətlərinin olmadığını etiraf edir və nikahın məhkəmə qaydasında etibarsız hesab edilməsi ilə razıdır; İkinci tərəf Cavabdeh bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir. Bu mübahisə ilə bağlı birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə nikah bağlansa da, faktiki olaraq ailə münasibətləri mövcud olmamış, cavabdehin iddiaçı ilə ailə qurmaq niyyəti olmamışdır. Cavabdeh məhkəməyə iddia tələbinin etiraf edilməsinə dair ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, iddiaçı ilə aralarında bağlanmış nikahın etibarsız hesab edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi barədə ərizədə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, iddia tələbinin etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir. Tərəflərin hər ikisinin ailə qurmaq niyyəti olmadığından, bağlanan nikahın (saxta nikah) etibarsız sayılmasına dair tərəflərin qarşılıqlı razılığa gəlmələri müəyyən edildiyindən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 195 nömrəli akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 195 nömrəli akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilsin. Cavabdeh 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar