Məhkəmə qərarları › İş №2(008)-1045/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1045/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1045/2023 08.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «borcun ondan tələb edilməsinin qadağan edilməsi, aktlar üzrə borcun silinməsi və mənəvi ziyanın tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 1 ünvan üzrə keçmiş abonent X5 tərəfindən istehlak olunmuş qazdan istifadəyə yaranmış 6353,28 manat borcun cavabdeh tərəfindən hesablanmasının və ondan tələb edilməsinin qadağan edilməsi, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-xi il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il taixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə yazılmış aktlar üzrə borcun silinməsi, mənəvi ziyanla bağlı Cavabdeh İB-dən iddiaçının xeyrinə 100 manat mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə qazdan istifadə olunması barədə keçmiş abonent X5 arasında müqavilə bağlanmışdır. Mülkiyyətçi X6 ilə xx.xx.2022ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmaqla evi almışdır. Kommunal xidmətlərlə bağlı sayğacları adına keçirməklə bağlı rəsmiləşdirmə aparanda müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-xi il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il taixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə “abonent təbii qazdan sayğacsız istifadə” edilməsi ilə bağlı aktlar tərtib edilmişdir. Tərtib edilmiş aktlar üzrə ümumi borc 6353,28 manat təşkil edir. Keçmiş abonent X5 və mülkiyyətçi X6 tərəfindən istehlak olunmuş qazdan istifadəyə yaranmış borcun ondan tələb edilməsi qanunsuz və əsassısdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən əsassız olaraq aktların tərtib edilməsi nəticəsində hal-hazırda mülkiyyətçi kimi onun və ailə üzvlərinin qazdan istifadə edə bilməmələri sarsıntılar keçirməklə üz-üzə qoymuşdur. Hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən mənəvi sarsıntılara görə təyin etdiyi simvolik məbləği tutulsa, cavabdeh tərəf işinə daha məsuliyyətli yanaşacaq. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını təhqiq edib, hesab edir ki, iddia qisman təmin edilməlidir. Hazırkı işin faktiki halları aşağıdakılardır. İddiaçı ünvan 1 fərdi yaşayış evini X1 almışdır (31 saylı notariat ofisində 4Ə-82 reyestr nömrə ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi” ). Həmin fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrə və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, qeydiyyat nömrəsi **********). Cavabdeh İB-nin əməkdaşları tərəfindən **********000 abonent kodu üzrə X2 adına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müxtəlif tarixlərdə tərtib edilmiş aktlara əsasən, abonentin təbii qazdan qeyri qanuni sayğacdan kənar xəttdən istifadə etməsi aşkar edilmişdir. Cavabdeh İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamələrdən görünür ki, itirilmiş qazın miqdarı hesablanmış, həmin tələbnamələrdə X2 adına tərtib edilmişdir. Göründüyü kimi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş aktlar X2 adına tərtib edilmiş və aktlar əsasında borc da onun adına hesablanmışdır. Cavabdeh tərəfindən aktlar üzrə X2 adına 6353,28 manat məbləğində borc hesablanmışdır (Abonentin saldosu). Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar İddiaçı adına deyil, X2 adına tərtib edilmişdir. Hazırda iddiaçı keçmiş abonent X5 tərəfindən istehlak olunmuş qazdan istifadəyə yaranmış 6353,28 manat borcun cavabdeh tərəfindən hesablanmasının və ondan tələb edilməsinin qadağan edilməsi, yazılmış aktlar üzrə borcun silinməsi, mənəvi ziyanla bağlı Cavabdeh İB-dən iddiaçının xeyrinə 100 manat mənəvi ziyanın tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1-ci maddəsinə əsasən qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2-ci maddəsinə əsasən istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Yuxarıda qeyd edildiyi kimi cavabdeh mübahisə predmeti olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktları X2 adına tərtib etsə də və aktlar əsasında onun adına borc hesablasa da, həmin borcu iddiaçıdan tələb edir. Həmçinin iş materiallarina əlavə edilmiş sənədlərlə müəyyən olunur k, İddiaçı ünvan 1 fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə, yəni aktlar tərtib olunduqdan sonra Alqı-Satqı yolu ilə əldə etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının kənar xətdən istifadə etməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Odur ki, Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə X4 hesablanmış 6353,28 manat məbləğində borcun İddiaçı tələb edilməsi qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İddianın yazılmış aktlar üzrə borcun silinməsi hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Belə ki, aktlar iddiçı barəsində deyil, X5 barəsində tərtib edilmişdir. Mənəvi ziyana dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə araşdırması zamanı iddiaçı özünün mənəvi zərər çəkməsini sübut edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia mənəvi ziyanın tutulması hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvan üzrə keçmiş abonent X5 tərəfindən istehlak olunmuş qazdan istifadəyə yaranmış 6353,28 manat borcun Cavabdeh İB tərəfindən İddiaçı tələb edilməsi qadağan edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar