Məhkəmə qərarları › İş №2(008)-1046/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1046/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1046/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Cavabdeh İB-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilin hesab koduna əsassız hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qaz xəttinin üzərində quraşdırımış 1602AZ**********03 nömrəli qaz sayğacına onun iştirakı olmadan baxış keçirilmiş, baxış zamanı "Azəriqaz” İB-yi tərəfindən quraşdırılmış G-4 markalı qaz sayğacın klapanının işləməməsi aşkar olunmuş və bu barədə onun imzası olmadan "‘Azəriqaz” İB-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt yazılmışdır. Həmin akt əsasında onun hesab koduna (**********00021) əsassız olaraq 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat dəymiş ziyan hesablanmışdır. "Azəriqaz” İB-nin hesabladığı dəymiş ziyan qanunsuz və əsassız olduğunu hesab edir. Belə ki, akt tərtib olunarkən "Azəriqaz" İB-yi tərəfindən ona məlumat verilməmiş, imzası olmadan tərtib olunmuşdur. Bundan başqa qaz sayğacı dövlət yoxlamasından keçirilərkən onun iştirakı olmadan keçirilmişdir. Qaz sayğacı "Azəriqaz” İB-nin nümayəndələri tərəfindən qaz xəttinin üzərindən çıxarılarkən sayğacın üzərində olan plomblar yerində olmuşdur. "Azəriqaz” İB-nin ərazi üzrə nəzarətçiləri hər ay sayğaca baxış keçirərək orada olan göstəriciləri bazaya işləyirlər. Əgər qaz sayğacının klapanı işləmirdisə nəyə görə bununla bağlı tədbir görülməmiş, məlumat verilməmişdir? İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatl verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onu iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan abonent saldosundan görünür ki, **********00021 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 777,60 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, 14-2-2/3-5-7157/Q001 nömrəli rəyə əsasən 1602AZ**********03 zavod nömrəli sayğacın klapanı işlək deyil, sayğac istismara yararsızdır. Dəymiş ziyan 6480 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 31 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x12x90=6480 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, sayğacın çıxarılma səbəbi sayğacın alarm rejimində olmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00021 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın klapanı işlək vəziyyətdə olmaması ilə bağlı akt tərtib edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın klapanı işlək olmaması iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən **********00021 nömrəli abonent İddiaçı qanunsuz olaraq hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abonent kodu **********00021 olan İddiaçı ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar