Məhkəmə qərarları › İş №2(008)-1053/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1053/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1053/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçı iştirakları ilə İddiaçı Cavabdehnə qarşı müqavilənin şərtlərinin dəyişdirilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdehnə qarşı müqavilənin şərtlərinin dəyişdirilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 iyul 2022-ci il tarixli №TR-130169 saylı müqaviləyə 1 saylı əlavənin 2.4-cü bəndi və həmin Müqavilənin 4-cü bəndi Mülki Məcəllənin 419.1 -ci maddəsinə əsasən müqavilənin tərkib hissəsinə çevrilməmiş hesab edilməsi, həmin müqavilənin 6.3-cü bəndi (“A” və “B” yarımbəndləri) və 6.4-cü bəndi, həmçinin 1 saylı əlavənin 2.3-cü bəndi Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq tərəfər arasında “beh” razılaşması kimi təfsir edilməsi, iddiaçı tərəfindən ödənilmiş məbləğ haqqında razılaşma yazılı formada bağlanmış olmasına (1 saylı əlavənin 2.1.1 bəndi) və ödənişin alınmasını təsdiq edən qəbzin mövcudluğuna rəğmən ödədiyi 600 (altl yüz) manatın “beh” ödənişi hesab edilməsi, cavabdehə ödədiyi 600 (altı yüz) manat pul məbləğinin iddiaçıya qaytarılmasının təmin edilməsi, Mülki Məcəllənin 492.2-ci maddəsinə müvafiq olaraq bağlanmış müqavilənin icra edilməməsi üçün cavabdeh (beh alan tərəf) təqsirli olduğundan iddiaçıya ödədiyi 600 (altı yüz) manat pul məbləğinin (behin) iki mislini ödəməsi , müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələb etmək hüququndan məhrum edən müddəaların etibarsız sayılması (MMnin 420.3.7 maddə) tələb etmək hüququnun müqavilənin məzmunundan asılı olmayaraq mövcud olması qənaətilə- cavabdehdən müqaviləni icra etməmə səbəbindən iddiaçıya vurulmuş zərərin ödənilməsinin təmin edilməsi, həmin zərərin məbləğini daxili istehlak bazarında sürətli bahalaşmanı nəzərə almaqla iddiaçı tərəfindən ödənilmiş 600 (altı yüz) manatın 10%-i həcmində qiymətləndirilməsi, cavabdehin pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanması səbəbindən, cavabdehə teleqramla iradını bildirdiyi xx.xx.2022-ci il tarixdən hesablamaqla həmin (600 manat) pul vəsaitinin məbləğindən faizlər ödəməsinin təmin edilməsi, cavabdehdə saxlanılan, X1 məxsus ümumvətəndaş pasportunun qaytarılması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 tam orta məktəbi bitirdikdən sonra, ali təhsil müəssisələrinə imtahan ərəfəsində instaqram səhifəsində attestatla Türkiyə universitetlərində təhsil almağa 100 % təminata dair reklamla rastlaşdıqdan sonra Cavabdeh MMC ilə əlaqə saxlamışdır. Telefon danışıqları zamanı özünü həmin MMC-nin məsləhətçisi olduğunu bildirən Nəzrin adlı xanım həqiqətən də qəbulun 100 % təminatlı baş tutacağını bildirərək öz ofislərinə dəvət etmişdir. İddiaçının oğlu yetkinlik yaşına çatmadığından, həm də bir valideyn kimi iddiaçı oğlu ilə birlikdə həmin ofisə gedib Nəzrin xanımla görüşmüşlər. Söhbət zamanı Nəzrin xanım bir daha qəbulun baş tutacağına dair vəd verdikdən sonra tərəflər arasında müqavilə bağlamaq qərarına gəlmişlər. İddiaçı müqavilədə 100 % təminata dair müddəa olmadığına baxmayaraq qarşı tərəfin “alicənab” davranışına və oğlunun xətrinə müqavilə bağlamaq qərarına gəlmişdir. Bağlanmış №TR- 130169 saylı müqaviləyə və ona 1 saylı əlavəyə uyğun olaraq öncədən 600 manat ödəyərək müvafiq qəbz almış, iyul ayının ikisindən xx.xx.2022-ci il tarixinədək qarşı tərəfdən heç bir cavab gəlmədiyindən onlara teleqramla müraciət etmişdir. Onların əlaqə saxlamadıqlarını bir daha görərək, iddiaçı cavabdehin ofisinə getməyi qərara almış, bu dəfə özünü MMC-nin məsul şəxsi kimi təqdim edən bir nəfər şəxs arxayın olmaqlarını, 3-4 günə məlumat verəcəklərini bildirmişdir. Lakin hazırki günədək, telefon və sms əlaqələrinə cavab verməkdən yayınırlar. İddiaçı oğluna məxsus attestatı onlardan alsa da, etdiyi ödəniş və xarici pasport barədə heç bir məlumat yoxdur. xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, 02 iyul 2022-ci il tarixli №TR-130169 saylı müqaviləyə 1 saylı əlavənin 2.4-cü bəndi və həmin Müqavilənin 4-cü bəndi Mülki Məcəllənin 419.1 -ci maddəsinə əsasən müqavilənin tərkib hissəsinə çevrilməmiş hesab edilməsi, həmin müqavilənin 6.3-cü bəndi (“A” və “B” yarımbəndləri) və 6.4-cü bəndi, həmçinin 1 saylı əlavənin 2.3-cü bəndi Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq tərəfər arasında “beh” razılaşması kimi təfsir edilməsi, iddiaçı tərəfindən ödənilmiş məbləğ haqqında razılaşma yazılı formada bağlanmış olmasına (1 saylı əlavənin 2.1.1 bəndi) və ödənişin alınmasını təsdiq edən qəbzin mövcudluğuna rəğmən ödədiyi 600 manatın “beh” ödənişi hesab edilməsi, cavabdehə ödədiyi 600 manat pul məbləğinin iddiaçıya qaytarılmasının təmin edilməsi, Mülki Məcəllənin 492.2-ci maddəsinə müvafiq olaraq bağlanmış müqavilənin icra edilməməsi üçün cavabdeh (beh alan tərəf) təqsirli olduğundan iddiaçıya ödədiyi 600 manat pul məbləğinin (behin) iki mislini ödəməsi, müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələb etmək hüququndan məhrum edən müddəaların etibarsız sayılması (MM-nin 420.3.7 maddə) tələb etmək hüququnun müqavilənin məzmunundan asılı olmayaraq mövcud olması qənaətilə- cavabdehdən müqaviləni icra etməmə səbəbindən iddiaçıya vurulmuş zərərin ödənilməsinin təmin edilməsi, həmin zərərin məbləğini daxili istehlak bazarında sürətli bahalaşmanı nəzərə almaqla iddiaçı tərəfindən ödənilmiş 600 (altı yüz) manatın 11%-i həcmində qiymətləndirilməsi, cavabdehin pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanması səbəbindən, cavabdehə teleqramla iradını bildirdiyi xx.xx.2022-ci il tarixdən hesablamaqla həmin (600 manat) pul vəsaitinin məbləğindən faizlər ödəməsinin təmin edilməsi, cavabdehdə saxlanılan, X1 məxsus ümumvətəndaş pasportunun qaytarılması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilmsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddianın həcminin artırılması barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, №TR-130169 saylı xidmət müqaviləsindən görünür ki, İnterstudent Azerbaijan MMC, İddiaçı üçün bu müqavilədə göstərilən xidmətləri həyata keçirməyi və İddiaçı isə razılaşdırılmış xidmət haqqını müqavilə şərtlərində nəzərdə tutulan qaydada ödəməyi öz öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli müqaviləyə 1 Saylı Əlavənin 2.1-ci maddəsindən görünür ki, müqavilə üzrə xidmət haqqı 1650 manat təşkil edir. Əlavənin 2.1.1-ci maddəsinə əsasən sifarişçi müqavilə məbləğinin 600 manat hissəsini müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürür. Əlavənin 2.1.2-ci maddəsinə əsasən sifarişçi müqavilə məbləğinin 1050 manat hissəsini universitetdən qəbul cavabı gəldiyi gündən 3 gün ərzində ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 600 manat məbləğində pul İnterstudent Azerbaijan MMC-nin hesabına ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı ilə İnterstudent Azerbaijan MMC arasında xx.xx.2022-ci il tarixdə xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, həmin tarixdə 1 saylı Əlavədə qeyd olunan 600 manat məbləğində ödənişi etmişdir. Lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının oğluna məxsus ümumvətəndaş pasportu cavabdehdə qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasn mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Yuxarıda sadalanan qanunvericilik aktlarını və işin araşdırılmış hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələbində müqavilənin dəyişdirilməsi və ləğvini birbaşa tələb etməsə də, onun bir çox bəndlərinin “təfsir” edilərək faktiki olaraq dəyişdirilməsini xahiş edir. Lakin, göründüyü kimi, qeyd olunan bəndlər müqavilənin hər iki tərəfindən razılaşdırılaraq imzalanmış və qüvvəyə minmişdir. Həmin müqavilənin şərtlərinin dəyişdirilməsi də 421-ci maddənin müddəalarına əsasən tərəflərin razılaşması əsasında, bu mümkün olmadıqda isə yalnız 421.2-ci maddəyə əsasən, yəni tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, qeyd olunan normalarda müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları kimi tərəflərin razılaşması, Mülki Məcəllədə və ya müqavilədə müəyyən edilmiş hallar və tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı yuxarıda göstərilən qaydada müqavilənin ləğvi və dəyişdirilməsi üçün nəzərdə tutulmuş qaydalara əməl etməmiş, müqavilənin ləğv olunması və ya dəyişdirilməsi üçün cavabdehə müraciət etməmiş, müqavilənin birtərəfli qaydada, özünün düzgün hesab etdiyi kimi təfsir edilərək icra olunmasını tələb etməyi seçmişdir. Bunları nəzərə alaraq məhkəmə iddia tələbinin 1,2,3-cü bəndlərini tərəflər arasında bağlanmış müqavilənin təfsiri yox, elə müqavilənin şərtlərinin dəyişdirilməsi hesab edir və bu hissədə əsassız olduğuna görə təmin etmir. İddia tələbinin 4-cü bəndi, yəni 600 manat pulun iddiaçıya qaytarılması tələbini məhkəmə əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi cavabdeh lazımi vicdanlılıqla hərəkət etməmiş və üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir, yəni sifarişçi üçün razılaşdırılmiş xidməti həyata keçirməmişdir. buna görə də, iddiaçı tərəfindən ödənilən 600 manat pul ona geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə iddia tələbinin müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələb etmək hüququndan məhrum edən müddəaların etibarsız sayılması (MM-nin 420.3.7 maddə) tələb etmək hüququnun müqavilənin məzmunundan asılı olmayaraq mövcud olması qənaətilə- cavabdehdən müqaviləni icra etməmə səbəbindən iddiaçıya vurulmuş zərərin ödənilməsinin təmin edilməsi, həmin zərərin məbləğini daxili istehlak bazarında sürətli bahalaşmanı nəzərə almaqla iddiaçı tərəfindən ödənilmiş 600 manatın 11%-i həcmində qiymətləndirilməsi, cavabdehin pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanması səbəbindən, cavabdehə teleqramla iradını bildirdiyi xx.xx.2022-ci il tarixdən hesablamaqla həmin (600 manat) pul vəsaitinin məbləğindən faizlər ödəməsinin təmin edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbində 600 manatın 11%-i həcmində pulun və xx.xx.2022-ci il tarixdən hesablanmaqla 600 manatın pul vəsaitindən faizlər ödənilməsini tələb edərkən bunu vurulmuş zərər kimi qiymətləndirsə də, onu əsaslandırmalı, həqiqətən də mülki dövriyyə şəraitində həmin məbləğdə pul əldə edəcəyinə dair məhkəməyə sübutlar təqdim etməli idi ki, iddiaçı bunu etməmiş və tələb bu hissədə də təmin edilməməlidir. Məhkəmə X1 məxsus ümumvətəndaş pasportunun qaytarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, xidmət müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən X1 məxsus ümumvətəndaş pasportu iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İnterstudent Azerbaijan MMC-dən 600 (altı yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. X1 məxsus ümumvətəndaş pasportu cavabdehdən alınaraq, iddiaçıya qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar