Məhkəmə qərarları › İş №2(008)-1060/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1060/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1060/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023- cü il tarixli, ******* saylı akta əsasən dəymiş zərər kimi müəyyən olunan 4147,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 onun anasıdır. O, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 102 (ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacı mərhum anasının adına qeydiyyatda qalmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 102- yə quraşdırılmış qaz sayğacı sonuncu dəfə 2023-cü ilin mart ayında dəyişdirilmişdir. Bir müddət əvvəl müəyyən etmişdir ki, mərhum anasının adına olan **********00000 saylı abonent hesabında 4147,20 manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edildi. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan və xx.xx.2023-cü il tarixli tələbnamədən ona aydın oldu ki, Cavabdeh əməkdaşları evindən çıxarılan qaz sayğacının istismara yararsız olduğu səbəbindən 34560 kubmetr qaz itkisini dəymiş ziyan kimi müəyyən etmişlər. Göründüyü kimi, Cavabdeh əməkdaşları qaz sayağını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə abonentin təqsirini sübut etmədən, 34560 kubmetr qaz itkisi hesablamış və abonent hesabına 4147,20 manat borc yazmışlar. Evindən çıxarılmış qaz sayğacında baş verən nasazlıq onların müdaxiləsi və ya səhvi ucbatından baş verməyib. Cavabdeh aktlarında sayğacda aşkarlanan qüsur kimi sayğacın dişli çarxlarına müdaxilə edildiyi qeyd olunub. Sayğacın küçədə yerləşdiyini nəzərə alınsa, istənilən bir şəxs sayğaca müdaxilə edə bilər. Bundan əlavə sayğacın dişli çarxlarına müdaxilə edilməsi üçün sayğac açılmalıdır. Bu zaman isə mütləq şəkildə sayğacın plombları qırılmalıdır. Lakin evindən çıxarılan qaz sayğacının plombları qırılmamışdır. Həmçinin sayğac çıxarıldıqdan sonra xüsusi qablaşdırmaya yerləşdirilərək yoxlanılması üçün laboratoriyaya aparılmalı olduğu halda Cavabdeh əməkdaşları bunu da etməmişlər. Belə olan halda hesab edir ki, həmin sayğacda olan qüsurlara görə abonent məsuliyyət daşımır. Onların sayğacın dişli çarxlarına müdaxilə etməyi üçün heç bir əsas, sübut da yoxdur. Həmçinin sayğacda plombların qırılması halı və yaxud da başqa qüsur da aşkarlanmayıb. Bildiyi kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı həyata keçirir. Bura fiziki şəxsə münasibətdə sayğacın düzgün işləməməsi də aid edilir. Göründüyü kimi onun evində öz vəsaiti hesabına qaz sayğacım quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçı olaraq onların təqsirini sübuta yetirmədən, abonentə qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Qaz qurğusu gündəlik istifadədə olan, məişət xarakterli, təyinatı üzrə istifadə edilən avadanlıqdır. Lakin qaz qurğusu dedikdə qaz sayğacı başa düşülməməlidir. Göründüyü kimi, qeyd olunan müqavilə şərtlərində qaz paylayıcısının heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ, eləcə də, istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Əksinə, qazın mövcud alqı-satqı müqaviləsində göstərilmişdir ki, istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Həmçinin həmin müqavilədə göstərilmişdir ki, tərəflər arasında yaranmış və bu müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər “Qazdan istifadə qaydaları" - na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir. Bu Müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə cavabde olan Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçıdan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydaları”-nın tələblərinə, cavabdehlə bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Güc və ya məcburetmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Bundan başqa, hesab edir ki, məhkəmə işin faktiki hallarını, maddi və prosessual hüquq normalarını nəzərə alaraq, iddiaçı olaraq onun yuxanda qeyd etdiyi ünvanda yerləşən evində olan qaz sayğacı üzrə Cavabdeh Aktı əsasında məcburetmə tədbirinin tətbiq olunması, bu üsulla vurulmuş zərərin birtərəfli qaydada hesablanması və mülki-prosessual qanunla, habelə icra haqqında qanunvericiliklə tənzimlənən metodlardan kənar maliyyə-pul sanksiyasının tətbiq edilməsi yolverilməz sayılmalıdır, Cavabdeh qanuna zidd hərəkətlərinə son qoymalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X2 məxsus **********00000 nömrəli abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə istehlakçıya 2023-cü ilin mart ayı üçün qalıq və aktlar üzrə 4147.2 manat borcu yaranmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt surətindən görünür ki, sayğacın dişli çarxlarına müdaxilə edilmiş nəticədə sayğacdan keçən qaz qeydə alınmır. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair təəbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, 34560 kub metr qar sərfi olmuşdur. 4 saylı Aasn Xidmət Məkzəi Qeydiyyat şöbəsi tərəfindən verilmiş Az İİ 358119 nömrəli ölüm haqqında şəhadətnaməsən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00000 nömrəli abonent X1 istifadəsinə verilmiş sayğacın dişlı çarıxlarının müdaxilə edilməsi qeyd edilmiş və bunun əsasında itirilmiş qazın həcmi 34560 kub metr hesablanaraq dəymiş zərər 4147.20 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın dişlı çarıxlarının müdaxilə edilməsi məhz iddiaçının təqsiri səbəbindən olması öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması cavabdehliyinin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən **********00000 saylı abonentə hesablanmış 4147.20 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən **********00000 saylı abonentə qanunsuz olaraq hesablanmış 4147.20 (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar