Məhkəmə qərarları › İş №2(008)-1073/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1073/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1073/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB – Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 16525 manat məbləğində zərərin, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc və iddiaçı tərəfindən ödənilmiş 140 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 16965 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 03.05.2018-ci il tarixli, AKX- 1/1109 saylı "Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə" (bundan sonra Müqavilə) əsasında Cavabdeh Ələşrəf oğlunun sahibliyində və istifadəsində olan istixananı təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********01030 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yerləşən istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində G-6 markalı, 28196065 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehinn sahibliyində və istifadəsində olan istixanaya quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 17.03.2017-ci il tarixli, ******* nömrəli akta əsasən 1440 manat, 20.10.2017-ci il tarixli, ******* nömrəli akta əsasən 1394 manat, 29.12.2017-ci il tarixli, ******* nömrəli akta əsasən 522.80 manat, 31.05.2018-ci il tarixli, ******* nömrəli akta əsasən 4320 manat, 24.12.2018-ci il tarixli, ******* nömrəli akta əsasən 2016 manat, 30.11.2020-ci il tarixli, ******* nömrəli akta əsasən 1929.60 manat olmaqla, İddiaçınə, cəmi 11622,40 manat ziyan dəymişdir. Bununla yanaşı, cavabdehin 2011-2016-cı illər üzrə 4680 manat məbləğində qalıq borcu mövcuddur (11622,40 + 4680 = 16302,40 manat). Hazırda cavabdehin İddiaçı İB-nə 2018-ci il tarixində sərfiyyata uyğun hesablanmış borcu ilə ödənilmiş borc məbləğləri ilə birlikdə 16525 manat borcu yaranmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 16525 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəm iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.05.2018-ci il tarixli, AKX-1/1109 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, Cavabdeh 2020-ci ilin sonu üçün 16525 manat məbləğində borcu olmuşdur. İş matriallarına əlavə edilmiş aktlardan görünür ki, İddiaçı tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə müxtəlif vaxtlarda - 17.03.2017-ci il tarixli, ******* nömrəli akta əsasən 1440 manat, 20.10.2017-ci il tarixli, ******* nömrəli akta əsasən 1394 manat, 29.12.2017-ci il tarixli, ******* nömrəli akta əsasən 522.80 manat, 31.05.2018-ci il tarixli, ******* nömrəli akta əsasən 4320 manat, 24.12.2018-ci il tarixli, ******* nömrəli akta əsasən 2016 manat, 30.11.2020-ci il tarixli, ******* nömrəli akta əsasən 1929.60 manat olmaqla, cəmi 11622,40 manat ziyan məbləği hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, iş materiallarında olan 0114201, 0125266, 0130992, ******* nömrəli, ******* saylı aktlarda “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 7302.4 manat yox, 3651.2 manat edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 3651.2 manat həcmində təmin edir. 31.05.2018-ci il tarixli, ******* nömrəli akta əsasən 4320 manat abonentə hesablanmış borcun tutulması hissəsində da hesab edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı 31.05.2018-ci il tarixli, ******* nömrəli aktla müəyyən olunmuş sayğacda yaranan deşiklə əlaqədar hesablanmış cərimə hissəsinə də münasibət bildirərək göstərir ki, sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissəsədə təmin oluna bilməz. Məhkəmə iddia tələbinin cavabdehin 2016-ci ildən 4680 manat məbləğində borcun tutulub iddiaçıya ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin borcun məbləği cavabdehə məxsus olan saldoda görünsə də, yaranma əsasları mülki işin materiallarına əlavə edilməmişdir. Belə olan halda, o cümlədən məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi həmin hissədədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 140 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 140 manat məbləğində dövlət rüsumunun 40 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3651.2 (üç min altı yüz əlli bir manat, iyirmi qəpik) manat məbləğində dəymiş zərər, ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu və 150 (bir yüz əlli) manat vəkil xərci İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3651.2 (üç min altı yüz əlli bir manat, iyirmi qəpik) manat məbləğində dəymiş zərər, ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu və 150 (bir yüz əlli) manat vəkil xərci İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar