Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-109/2025 04.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Fərəcova Nigar Zeyni qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinin boşaldılması və ilkin vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinin boşaldılması və ilkin vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən cavabdehin istifadəsində və dövlət mülkiyyətində olan 28172,7 kv.m torpaq sahəsinə bitişik dövlət mülkiyyətində olan 0,5 ha torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin xx.xx.2004-cü il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən ödənilmiş 40 manat mediator xərcinin əvəzinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində, ünvan 1 ünvanında yerləşən “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyətinin istifadəsində və dövlət mülkiyyətində olan 28172.7 kv.m torpaq sahəsinə bitişik dövlət mükiyyətində olan 0.50 ha torpaq sahəsinin zəbt edilərək ümumi istifadədə olan əraziyə birləşdirilməklə həmin ərazidə “ünvan 2ulatları” ASC tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektinin inşa edildiyi aşkar olunmuşdur. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqram”na uyğun olaraq, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 45 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin ünvan 2ulatları zavodunun bazasında “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və onun səhmləri xx.xx.2004-cü il tarixdə tam özəlləşdirilmişdir. Cəmiyyətin səhmləri tam özəlləşdirilsə də, onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikinti işləri xx.xx.2004-cü il tarixli texniki pasportda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.46-cı yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və işlərinin aparilmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə, monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək; 3.0.36-cı yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən iddia qaldırmaq Xidmətin vəzifələridir. Beləliklə, qanunvericiliyə əsasən cavabdeh tərəfindən dövlət mülkiyyətində və onun istifadəsində olan torpaq sahəsində müvafiq tikinti işlərinin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınmalı olduğu halda, cavabdeh belə bir razılıq almadan tikinti işlərini aparmışdır ki, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsində iddia tələbinə etiraz edərək bildirmişdir ki, etiraza əlavə olaraq təqdim etdiyi sənədlər və iddiaçı tərəfindən təqdim edilmiş sənədlər arasında ciddi uyğunsuzluqlar var. İddiaçının iddia tələblərinin əsasını təşkil edən ədlərdən biri olaraq, ASC-nin emissiya prospektindən çıxarışdır. Emissiya prospekti iki orijinal nüsxə olaraq tərtib edilməklə, biri iddiaçıda, digəri ondadır. İddiaçı tərəfindən təqdim edilən emissiya prospektindən çıxarışda (məlumat) torpaq sahəsi 28172,7 kv.m kimi göstərildiyi halda, onda olan nüsxədəki həmin səhifədə ölçü 35000 kv.m kimi qeyd edilmişdir. Məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən həmin sənəddə ölçünün sonradan düzəlişlə məhkəmə baxışına təqdim edilməsini obyektiv araşdırma üçün zəruri hesab edir. İddiaçı tərəfindən təqdim edilmiş texniki pasportla bağlı bildirir ki, texniki pasportun tərtib edilməsi üçün əsas hər bir halda tərəfindən verilmiş ərizə olmalıdır. Belə bir müraciətin olduğunu xatırlamır. Eyni zamanda bildirmək istəyir ki, onda texniki pasport yoxdur. Bu baxımdan həmin sənədin verilmə əsaslarının da məhkəməyə təqdim edilməsini də ədalətli araşdırma üçün vacib hesab edir. Əlavə olaraq bildirir ki, bəhs edilən torpaq sahəsi ilkin olaraq Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 2/16 saylı, 15 aprel 1980-ci il tarixli qərarına əsasən ayrılmışdır ki, həmin qərarda müəssisənin faktiki istifadəsində olmuş torpaq sahəsinin həmin müəssisəyə təhkim edilməsi qərara alınmış, torpaq ölçüsü göstərilməmişdir. Həmin qərar da məhkəməyə təqdim edilir. Hesab edir ki, qərarda konkret ölçü göstərilməsə də, digər dəlillərin də məcmu tətbiqi ilə torpaq sahəsinin məhz indiki faktiki ölçülərə uyğun ayrılmış olmasını sübut edə biləcək. Qeyd olunanlara əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/3702 saylı ekspert rəyindən görünür ki, faktiki istifadə olunan 28172.7 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuşdur. Sahənin daxilində əlavə tikililər sonradan inşa edilmiş, bəzi tikililər yararsız vəziyyətdədir. Həmçinin 4849.0 kv.m torpaq sahəsi artıqdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan başqa, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməklə yanaşı, ərazinin yaxınlığında çox sayda neft quyusu mövcuddur. Yuxarıda qeyd olunduğu kimi sahənin daxilində əlavə tikililər sonradan inşa edilmiş, bəzi tikililər yararsız vəziyyətdədir. Həmçinin 4849,0 kv.m torpaq sahəsi artıqdır. Ümumi ərazi ilə bağlı koordinatları əks etdirən izahlı sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikasının Torpaq Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına əsasən, yuxarıda sadalanan maddələrdə göstərilən “müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərinin həyata keçirilməsi dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsində qanunvericiliyin tələbinə zidd olaraq, müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan özbaşına tikililər inşa edilmişdir. Cavabdehin həmin torpaq sahəsinə və tikililərə dair heç bir hüquq müəyyənedici sənədləri mövcud deyil. Ona görə də, məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən cavabdehin istifadəsində və dövlət mülkiyyətində olan 28172,7 kv.m torpaq sahəsinə bitişik dövlət mülkiyyətində olan 0,5 ha torpaq sahəsi boşaldılmalı və torpaq sahəsinin xx.xx.2004-cü il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətin bərpa edilməsi vəzifəsi cavabdeh “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 40 manat mediasiya xərcini ödəmiş, həmçinin xx.xx.2025-ci il tarixli, 10/3702 nömrəli ekspert rəyinin verilməsinə görə 100 manat aparılmış tətqiqatın dəyəri hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbini və iddianın təmin edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün ödənilmiş 40 manat mediasiya xərcinin əvəzi cavabdeh “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyətindən alınaraq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə ödənilməli, həmçinin 100 manat ekspertiza xərcinin əvəzi də cavabdehə aid edilməklə, ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən cavabdehin istifadəsində və dövlət mülkiyyətində olan 28172,7 kv.m torpaq sahəsinə bitişik dövlət mülkiyyətində olan 0,5 ha torpaq sahəsi boşaldılsın və həmin torpaq sahəsinin xx.xx.2004-cü il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətinin bərpa edilməsi vəzifəsi cavabdeh “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat mediasiya xidmət haqqının əvəzi cavabdeh “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyətindən alınaraq, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə ödənilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci cavabdehə aid edilməklə, ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-109/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-109/2025
04.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver