Məhkəmə qərarları › İş №2(008)-1095/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1095/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1095/2025 07.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, ******* nömrəli akta əsasən dəymiş zərər kimi müəyyən olunan 777,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən evinə quraşdırılmış qaz sayğacı dəyişdirildikdən bir müddət sonra müəyyən etmişdir ki, onun adına olan **********30000 nömrəli abonent hesabında 777,60 manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edilmişdir. Təqdim edilmiş 0072 nömrəli, xx.xx.2024-cü il tarixli sayğacın laboratoriyada yoxlanması aktına əsasən evindən çıxarılan sayğac yoxlamadan keçmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan alt zavod plastmas plombunun üzərində və yuvasının ətrafında əzik cızıq izlərinin olduğu qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktdan və xx.xx.2024-cü il tarixli tələbnamədən ona aydın olmuşdur ki, Cavabdeh əməkdaşları evindən çıxarılan qaz sayğacının istismara yararsız olması səbəbindən 6480 kubmetr qaz itkisini dəymiş ziyan kimi hesablamışlar. Göründüyü kimi Cavabdeh əməkdaşları ona heç bir məlumat vermədən, qaz sayğacını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə onun təqsirini sübut etmədən, 6480 kubmetr qaz itkisi hesablamış və onun hesabına 777,60 manat borc yazmışlar. Onun evindən çıxarılmış qaz sayğacında baş verən nasazlığ onun müdaxiləsi və ya səhvi ucbatından baş verməmişdir. Cavabdeh aktlarında sayğacda aşkarlanan qüsur kimi sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan alt zavod plastmas plombunun üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olduğu qeyd olunmuşdur. Sayğacın küçədə yerləşdiyini nəzərə alsaq, istənilən bir şəxs sayğaca zərər vura bilər. Həmçinin sayğac çıxarıldıqdan sonra xüsusi qablaşdırmaya yerləşdirilərək yoxlanılması üçün laboratoriyaya aparılmalı olduğu halda Cavabdeh əməkdaşları bunu da etməmişlər. Belə olan halda sayğac yoxlamaya aparılarkən də müəyyən zədələrə məruz qala bilər. Hesab edir ki, həmin sayğacda olan qüsurlara görə o, məsuliyyət daşımır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan abonent saldosundan görünür ki, **********30000 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 777,60 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-nin Metrologiya Departamentinin aktına əsasən sayğac istismara yararsızdır. Dəymiş ziyan 6480 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 29 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x12x90=6480 m3 hesablanmışdır. İş materiallarında olan qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə 0072 nömrəli aktdan görünür ki, G-4 markalı **********2 nömrəli sayğacın hesablama məxanizminin qoruyucu şüşəsinin üzərinə vurulan alt-zavod plastmas plombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********30000 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan alt-zavod plastmas plombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunması ilə bağlı akt tərtib edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan alt-zavod plastmas plombunun üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olması iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli akta əsasən **********30000 nömrəli abonent İddiaçı qanunsuz olaraq hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Abonent kodu **********30000 olan İddiaçı ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt üzrə hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar