Məhkəmə qərarları › İş №2(008)-110/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-110/2022

17.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-110/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2, cavabdehlərin vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağ sahəsinin zəbt edilmiş hissəsinin cavabdehlərin qanunsuz zəbtindən azad edilməsi, onların həmin torpaq sahəsindən çıxarılması və zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq, iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 463 №-li bağ sahəsinin zəbt edilmiş hissəsinin cavabdehlərin qanunsuz zəbtindən azad edilməsi, onların həmin torpaq sahəsindən çıxarılması və zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq, iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10.01.2007-ci il tarixli, 7834 №-li müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 463 №-li bağ sahəsi (sonradan – mübahisəli sahə) mərhum yoldaşı X7 istifadəsinə verilmişdir. X8 06.05.2011-ci il tarixdə öldükdən sonra Bakı şəhəri, 5 saylı notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Mübahisəli sahənin özəlləşdirilməsi ilə əlaqədar DƏDRX-yə müraciət edilmiş, lakin oradan gələn cavab məktubundan müəyyən olunmuşdur ki, mübahisəli sahə müxtəlif şəxslər tərəfindən zəbt edilmişdir. Polis orqanına şikayətlə müracəit etdikdən sonra torpaəq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi müəyyən edilmişdir. Cavabdehər tərəfindən iddia ərizəsinə etiraz verilmişdir. Həmin etiraz onunla əsaslandırılmışdır ki, Maştağa Bələdiyyəsi tərəfindən 0.012 ha (1200.0 kv.m) torpaq sahəsi fərdi bağ evinin tikintisi üçün Cavabdeh1 adına verilmiş, eyni zamanda torpaq sahəsinin “yerləşmə sxemi” də təqdim edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi müqavilə natamamdır və heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, məhkəməyə təqdim olunmuş nüsxə iki səhifədən ibarət olmalı olduğu halda yalnız bir səhifəsi təqdim edilmişdir. Həmin müqavilənin hər iki səhifəsində X6 və İstismarı Birliyinin qanunla müəyyən edilmiş möhürü olmalıdır. İddaçının məhkəməyə təqdim etdiyi “müqavilə”də isə birinci səhifəsində belə bir möhür yoxdur, (müqavilənin ikinci səhifəsi isə ümumiyyətlə yoxdur). Həmin torpaq sahəsində tikdikləri ikimərtəbəli evə əmlak vergisi ödəmişdilər, hal-hazırda da vergi ödəyicisidilər. 12.11.2008-ci ildə Bakı Elektrik şəbəkə ilə, sonrakı müddətə isə may 2016-cı ildən AZƏRİŞİQ ASC ilə müvafiq olaraq “enerjitəhcizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı müqavilələri bağlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı Kazakova (nikahdan sonra Zamanova) Lyudmila Vladimirovna və X8 03.03.1998-ci il tarixdə nikahlarını bağlamışdılar (Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş 302349 №-li nikah haqqında şəhadətnamə ). X8 06.05.2011-ci il tarixdə ölmüşdür (5 saylı notariat ofisinin notariusu təərfindən verilmiş məktub). Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi və X8 arasında mübahisəli sahənin 10 il müddətinə istifadəyə verilməsi haqqında 7834 №-li 10.01.2007-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən istifadəçi (X8) tərəfindən öhədliklərin yerinə yetirildiyi təqdirdə müqavilənin yeni müddətə artırılması nəzərdə tutulmuşdur. Müqavilənin 6-cı bəndində istifadəçinin öhədlikləri əks olunmuşdur – bağdan təyinatı üzrə istifadə etmək, hər il öz xərci və vəsaiti hesabına aqrotexniki işləri görməyi və sair. Müqavilənin 16-cı bəndində müqavilənin müddəti 10 iyun 2001-ci il tarixdən 10 iyun 2011-ci il tarixədək müəyyən edilmişidr (qeyd edildiyi kimi müqavilə 10 il müddətinə 10.01.2007-ci il tarixdə bağlanmışdır). Müqavilə DƏDRX-nin arxivində saxlanılmışdır, lakin müqavilədə X2 və İstismarı Birliyinin möhürü mövcud olmamışdır. Bakı şəhəri, 5 saylı notariat ofisinin notariusu İ.A.Məmmədov tərəfindən 16.04.2019-cu il tarixdə DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə müraciət olunaraq, X7 ölümü ilə əlaqədar onun arvadı İddiaçı müraciəti əsasında vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən olunması barədə məlumat verilmiş və mübahisəli torpaq sahəsinə çıxarışın verilməsi xahiş olunmuşdur. İddiaçı bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə müraciət etmişdir. Oradan gələn 19.07.2019-cu il tarixli cavab məktubuna əsasən sözügedən bağ sahəsi sənədlə 1200 kv metr olsa da, faktiki olaraq göstərilən sahə 274,0 kv metr və 1345 kv metr olmaqla ayrı-ayrı şəxslər tərəfindən istifadə olunur. Cavabdehlər ər-arvaddır ( Bərdə rayon VVAQ şöbəsi tərəfindən verilmiş 399777 №li nikahın bağlanması haqqında şəşhadətnamə). Maştağa Bələdiyyəsi tərəfindən Cavabdeh1 0,012 ha satılmışdır (Bələdiyyənin 19.09.2006-cı il tarixli qərarı, torpaqların alqı-satqısına dair Akt). Cavabdeh1 həmin torpaq sahəsinə dair vergi ödəyicisi kimi Maştağa Bələdiyyəsi tərəfindən uçota alınmışdır (5796 №-li 16.10.2019-cu il tarixli şəhadətnamə). Cavabdehlər tərəfindən həmin ərazidə ev inşa edilmişdir, Həsənova X5 abonent kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzi tərəfindən verilmiş 11.01.2022-ci il tarixli 10/6069 №-li ekspert rəyinə əsasən mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyətindədir, bağların bölgüsüsünə dair sxematik xəritədə qeyd olunan bağların nömrələnmə ardıcıllığına əsasən iddia edilən ərazinin 463 nömrəli bağ sahəsinin yerləşmə mövqeyinə uyğun olması müəyyən edilmişdir (DƏDRX tərəfindən verilmiş cavaba əsasən). Ekspert rəyi Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsi tərəfindən hazırlanmış mütəxəssis rəyi əsasında verilmişdir. Hazırda iddiaçı mübahisəli sahənin cavabdehlərin qanunsuz zəbtindən azad olunmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpağa olan hüququnu təsdiq edə bilməmişdir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş müqavilə özüözlüyündə ziddiyyətli müqavilədir. Belə ki, həmin müqavilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyinin möhürü ilə tsdiq edilməmişdir. Bundan başqa, qeyd edildiyi kimi, müqavilə 10.01.2007-ci il tarixdə 10 il müddətinə bağlanmışdır, yəni 10.01.2007-ci il tarixdən 10.01.2017-ci il tarixədək. Lakin, müqavilənin 16-cı bəndində müqavilənin müddəti 10 iyun 2001-ci il tarixdən 10 iyun 2011-ci il tarixədək müəyyən edilmişdir. Göründüyü kimi, müqavilənin bəndləri biri birinə uyğun gəlmir. Müqavilənin 2-ci bəndinə əsasən istifadəçi (X8) tərəfindən öhədliklərin yerinə yetirildiyi təqdirdə müqavilənin yeni müddətə artırılması nəzərdə tutulmuşdur. Lakin, araşdırma zamanı iddiaçı tərəfindən 10.01.2007-ci il tarixdə bağlanmış müqavilə əsasında yalnız 2019-cu ildə torpağı öhəlləşdirmək niyyətinə düşməsi görünür. Yəni, X8 tərəfindən müqavilədə onun üzərinə götürülən öhdəliklərin 10 il ərzində yerinə yetirilmədiyi görünür. Bu əsasdan məhkəmə hesab edir ki, müqavilə yeni müddətə uzadılmamışdır. Ekspert rəyinə dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinə dair koordinatlar verilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Odur ki, məhkəmə hesab edir ki, torpağın koordinatları mövcud olmadıqda onun dəqiq yerləşməsini də müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir, 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinə hüququnu təsdiq edə bilmədiyindən belə bir iddia qaldırmağa onun subyektiv hüququ olmamışdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddiaçının subyektiv hüququnun olmamasını nəzərə alaraq cavabdehlərin mübahisəli torpaq sahəsinə olan hüququnu araşdırmağı zəruri hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmənin təşəbbüsü ilə iş üzrə ekspertiza təyin olunmuş, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Eyni zamanda mütəxəssis rəyi məhkəmənin sorğusuna əsasən verildiyindən iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən 311 manat xərcin 155,50 manat hissəsi İddiaçı, 155,5 manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Kapital bank ASC-nin Xətai vilialı, KOD 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ013501**********, Benefisiarın adı Kadast və Yerqur Layihə TADQ MAR, Benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən 311 manat xərcin 155,50 manat hissəsi İddiaçı, 155,5 manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Kapital bank ASC-nin Xətai vilialı, KOD 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ013501**********, Benefisiarın adı Kadast və Yerqur Layihə TADQ MAR, Benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar