Məhkəmə qərarları › İş №2(008)-1100/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1100/2025

10.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1100/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Əliyev küçəsi 25, bina 5 , mənzil 19-dan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayon Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 25, bina 5 mənzil 19 (Akkord binaları) mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzili alqı-satqı müqaviləsinə əsasən almışdır. Evi alarkən cavabdeh şəxs həmin mənzilə müvəqqəti yaşayacağını, daha sonra isə başqa mənzilə köçəcəyini söyləmişdir. Pandemiya dövrünə təsadüf etdiyi və cavabdeh şəxs heç bir yerde işləmədiyi üçün iddiaçı ilə eyni mənzildə yaşamağı daha çox vaxt aldı və ondan zaman aldı. Pandemiya bitdikdən sonra onu evi boşaldması ilə bağlı dəfələrlə danışıqları olsa da, o, sözünə əməl etməmişdir. Cavabdelə 2002-ci ildə rəsmi ailə qurmuş və bu nikahdan iki övladı doğulmuşdur. Böyük qızı universitetin 3-cü, oğlu isə 1-ci kurs tələbəsidir. Lakin ailədə keçimsizlik səbəbindən və cavabdehin yaşadıqları mənzilə əxlaqsız qadınlarla gəldiyinə əmin olduqdan sonra Sabunçu rayon məhkəməsinə boşanma üçün müraciət etmiş, xx.xx.2018 ci ildə boşanmışlar. O gündn etibarən cavabdeh şəxs onlarla yaşamış, dəfələrlə mübahisələrinin olmasına baxmayaraq o, evdən getməmişdir. Lakin onun evə tez-tez içkili vəziyyətdə gəlməsi, onu təhqir etməsi yetkinlik yaşına çatmış uşaqların yanında küçə söyüşlərini söyməsi onları təngə gətirmiş, uşaqlarda ciddi psixoloji gərginliyə gətirib çixarmışdır. İddiaçı ərizə göndərərək işə iştirakı olmadan baxılması və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin o, məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ilə cavabdeh keçmiş ər-arvaddılar. Onların arasındakı nikah Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2018 ci il tarixli qətnaməsi əsasında pozulmuş, nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmişdir (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 506632 №-li nikahın pozulması haqqında şəhadətnamə). "xxxx" ASC Bakı şəhərində, Sabunçu rayonu ərazisində 2595 №-li məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa etdiyi 5 №-li binanın, 1 blok, 18 №-li 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv metr olan mənzilə xx.xx.2011-ci il tarixli 15090 №-li müqavilə əsasında 64688,7 manat məbləğində X1. "xxxx" ASC, X5 və İddiaçı arasında xx.xx.2020-ci il tarixldə əlavə razılaşma imzalanmış, həmin razılaşmaya əsasən qeyd edilən mənzilə dair bütün hüquqlar iddiaçıya ötürülmüş və mənzilin təhvil-təslimi həyata keçirilmişdir. Cavabdeh iddiaya etiraz verməmiş, məhkəmə iclaslarında iştirak etməmiş, həmin evdə yaşamadığına və ya evə olan hüquqlarına dair sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən cavabdehə mübahisəli mənzilin ünvanına göndərilmiş bildirişlər geri qayıtmamışdır. Hazırda iddiaçı cavabdehin həmin mənzildən çıxarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı daşınmaz əmlaka cavabdehlə olan nikahı pozulduqdan sonra mülkiyyət hüququnu əldə etdiyinə görə cavabdeh həmin evdən çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Əliyev küçəsi 25, bina 5 ,mənzil 19-dan çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar