Məhkəmə qərarları › İş №2(008)-1120/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1120/2023

14.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1120/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə qaydalarının müəyyən olunması” tələbinə dair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “istifadə qaydalarının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Maştağa Tərəvəzçilik-südçüük sovxozu ərazisində 0,56 ha torpaq sahəsinin 200 kv m. üzərində tikilmiş evin bir otağının ona aid istifadə qaydasının müəyyən edilməsi, həmin otaqdan onun hesabına əlavə qapının açılması, mediasiya sessiyası üçün ödənilmiş 50 (əlli) manat, dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 03.2012-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan bir övladı xx.xx.2013-cü il təvəllüdlü X8 dünyaya gəlmişdir. Ailə qurmamışdan əvvəl yüngül formada epilepsiya xəstəliyi var idi. Uşaq dünyaya gələndə, doğuşu çox pis keçirtdiyinə görə xəstəliyi daha da gərginləşdi. İddiaçıya İİ qrup əlillik təyin olundu. Bunlara baxmayaraq, uşağının qayğısına həmişə qalmışdır, iddiaçıdan asılı olmayaraq və evdə olan ona qarşı pis münasibət tez-tez epilepsiya tutmalarına səbəb olurdu. Xəstəliyinə görə fürsət düşən kimi onu yoldaşı evdə təhqir edir, alçaltmağa çalışırdı. Qəsdən əsəbiləşdirirdi ki, onun tez-tez epilepsiya tutmaları olsun, reanimasiyaya düşsün. Bütün dərmanlarının xərcini, həkimin xərcini onun atası və anası çəkiblər. Artıq belə vəziyyət dözülməz olduğundan o, məcbur olub evdən çıxaraq, atasıgilə getmişdir. Nikaha daxil olmamışdan əvvəl, onun atası ona Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, Maştağa Tərəvəzçilik-Südçülük sovxozu ərazisinə aid yerdə etibarnamə əsasında X1 ona ayrılmış 0.56 ha torpaq sahəsinin 200 kv.m üzərində bütün səlahiyyətləri iddiaçıya vermişdir. Bunun əvəzində atası ona pul ödəmişdir. Nikaha daxil olduqdan sonra birgə nikah dövründə həmin torpaq üzərində ev tikilmiş və orada ailəsi ilə yaşamışdır. Hazırda münasibətlər yuxarıda qeyd etdi səbəblərə görə cavabdeh tərəfindən pozulmuş, həmin evdə onun oğlu, cavabdeh və onun anası yaşayır. Birgə nikah dövründə tikilən ev olduğu üçün onun da evə dair pay hüququnun və həmin evdə köçüb yaşamaq hüququnun təmin edilməsi üçün iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(008)-1246/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, Maştağa Tərəvəzçilik- Südçülük sovxozu ərazisində yerləşən 0.56. ha torpaq sahəsinin 200 kv m. üzərində tikilmiş evə köçürülməsi qət edilmişdir. İcraçılar tərəfindən evə köçürülmə çox çətinliklə olsa da, icra edilmiş, cavabdehə icraçı tərəfindən iddiaçının sərbəst maneəsiz evə gəlib getməyi, yaşaması dəfələrlə bildirilsə də, cavabdeh evə daxil olmağımda maneələr yaradır, sərbəst şəkildə əvvəllər yaşadığı otağa girib qapını bağlayıb içəridə otura bilmir, sonuncu dəfə böyük çətinliklə çarpayıda olan yataq dəstini yumaq üçün götürmüşdür. Hər dəfə evə gedəndə konfliktlə üzləşir. Həm cavabdeh tərəfindən, həm də anası tərəfindən. Sonuncu dəfə evə gedən də artıq oğlunu da ona qarşı istəfadə edərək, uşağa psoxoloji təzyiq göstərərək uşağı öyrətmişdir ki, onun “o evdə həş nəyim yoxdur, orda mənim evim yoxdur" kimi ifadələr işlətsin. Bu isə onun səhhətinə çox pis təsir etmişdir. Birgə nikah dövründə tikdirdirdikləri ev 3 otaqdan və yardımçı sahələrdən (hamam, tualet, mətbəx) ibarətdir. Ev fərdi yaşayış evi olduğu üçün onun qaldığı otağa əlavə qapı açmaq imkanı var. Ona görə də, istifadə qaydalarının müəyyən edilərək həmin otağın ona ayrılmasını və giriş-çıxış üçün əlavə qapının açılmasına zərurət vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və eyni zamanda bildirdi ki, iddiaçının istifadə etmiş olduğu otaq yhəyatyanı torpaq sahəsinə baxdığından həmin otaqdan qapı açılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı psixoloji xəstədir. Onun yanında kimsə olmadan özü-özünü idarə edə bilmir. Qapının açılması mümkün olmadığını, iddiaçının istifadəsində olan otağın həyatyanı sahəyə baxmış olsada, oradan qapı açıldığı təqdirdə ev tək daşla hörüldüyü üçün evin daxilmasına səbəb olacağını bildirərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Maştağa Tərəvzçilik-südçülük sovxozu ərazisində yerləşən 0,56 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdən 99 il müddətinə xx.xx.2008-ci il tarixli 581 nömrəli icarə müqaviləsi və xx.xx.2010-cu il tarixli 3M-03- 477,478 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında Abşeron rayon İcra Hakimiyyyəti tərəfindən X2 icarəyə verilmişdir. -xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 Bakı şəhəri, Maştağa qəsəbəsi, Maştağa südçülük sovxozu ərazisində yerləşən 0,56 ha torpaq sahəsinin 200 kv metr sahəsinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi X4 50 il müddətinə etibar etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1246/2022 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, X5 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvzçilik-südçülük sovxozu ərazisində yerləşən 0,56 ha torpaq sahəsinin 200 kv metr üzərində tikilmiş evə köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1435 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin 1 mərtəbədən ibarət olduğunu həmçinin, divarları mişarlanmış əhəng daşlarındab hörülməklə öz yükünü daşıdığını nəzərə alaraq həmin evin divarları həyətyanı torpaq sahəsinə tərəf olan otaqlarından əlavə olaraq qapının açılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Aprılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. İlkin mediasiya sessiyasından sonrakı prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, X6 50 (əlli) manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23-cü maddəsinə əsasən Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. Beləliklə məhkəmə ilk öncə onu qeyd etməyi zərurui hesab edir ki, iddiaçı Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1246/2022 nömrəli qətnaməsi ilə cavabdehin yaşadığı özbaşına tikiliyə köçürülmüşdür. Hazırda tərəflər arasında münasibətlər gərgin olduğundan, cavabdeh iddiaçının köçürülmüş olduğu evdən sərbəst istifadə etməsinə maneələr yaratdığından, iddiaçı məhkəməyə müraciət edərək onun köçürülmüş olduğu yaşayış evində istifadəsində olan otaqdan əlavə qapının açılaraq özbaşına tikilidən sərbəst istifadə etməsinə maneə olan halın aradan qaldırılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın vermiş oldğu rəydən də məlum olur ki, mübahisə predmeti olan fərdi yaşayış evinin divarları həyətyanı torpaq sahəsinə tərəf olan otaqlarından əlavə olaraq qapının açılmasının texniki cəhətdən mümkün hesab edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı köçürülüdüyü evdən sərbəst istifadə edə bilmədiyindən və onun hazırda istifadə etmiş olduğu otaq həyatyanı torpaq sahəsinə baxmış olduğundan, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Maştağa Tərəvəzçilik-südçüük sovxozu ərazisində 0,56 ha torpaq sahəsinin 200 kv m. üzərində tikilmiş evin iddiaçının istifadəsində olan həyatyanı torpaq sahəyə baxan otaqdan iddiaçının hesabına əlavə qapı açılmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin mediasiya sessiyası üçün ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək iddia tələbi təmin edildiyindən məhkəmə xərcləridə cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələb təmin edildiyindən mülki iş üzrə təyin edilmiş ekspertizanın keçirilməsinə dair exspertiza xərci də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsaslanaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Maştağa Tərəvəzçiliksüdçülük sovxozu ərazisində 0,56 ha torpaq sahəsinin 200 kv.m olan hissəsində tikilmiş evin İddiaçı istifadəsində olan həyatyanı torpaq sahəyə baxan otaqından İddiaçı hesabına əlavə qapı açılsın. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci və 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar