Məhkəmə qərarları › İş №2(008)-1146/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1146/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1146/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1036,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 664 saylı ev ona məxsusdur və şəxsi istifadəsindədir. Qeyd edir ki, o, həmin evdə ailə üzvlərilə birlikdə yaşayır və mövsümə uyğun olaraq qazdan istifadəyə görə vaxtlı-vaxtında ödənişlər etmiş və tərəfindən heç bir zaman qaz sayğacına müdaxilə olunmamışdır. xx.xx.2023-cü il tarixində, evində qaz sayğacı yenisilə əvəz olunmuşdur, əvəz olunma vaxtı Cavabdeh əməkdaşları sayğacın istismar müddətinin bitməsi səbəbilə çıxarıldığını bildirmişlər. xx.xx.2023-ci il tarixində mobil nömrəsinə mesaj vasitəsilə ona 1036 manat, 80 qəpik borc hesablandığı barədə məlumat göndərilmişdir. Bundan sonra dəfələrlə Qaz istismar idarəsinə müraciət etmişdir. Cavab olaraq bildirmişlər ki, sayğacda korroziya və klapanın sıradan çıxmış vəziyyətdə olunduğu aşkar olunmuşdur. Bu sıradan çıxmaların onun günahı ucbatından olmadığını bildirmişdir və borcun silinməsini tələb etmişdir. Onlar isə öz növbəsində bu məsələni yalnız məhkəmədə həll etmək mümkün olduğunu bildirmişlər. Hal-hazırda kartına ödənişlər edərkən əlavə məbləğlər tutulur. Bu isə onun maddi vəziyyətinə uyğun deyildir. Bir daha qeyd etmək istəyir ki, tərtib olunmuş aktla razı deyildir. Belə ki, o, heç bir müdaxilə etmədiyi halda sayğacda yaranmış yararsızlıqlara görə onun məsuliyyət daşımağı düzgün deyildir. Həmçinin sayğacın hansı şəraitdə çıxardıldığı, nöqsanların hansı vasitə ilə aşkar olunduğu, borcun hansı əsaslarla hesablandığı barədə ona heç bir məlumat verilməmişdir. Bütün göstərilənləri əsas götürərək ondan qanunsuz olaraq tələb olunan 1036 manat, 80 qəpik məbləğində borcun silinməsini və artıq tutulmuş məbləğin hesabına qaytarılmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən, iddiaçı iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsi əsassızdır. Belə ki, əməkdaşlar tərəfindən əraziyə baxış keçirilərkən sayğaca müdaxilə halları aşkar edilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib olunaraq 1036,80 manat dəymiş ziyan hesablanmışdır. Qeyd olunanların və istehlakçı tərəfindən sayğaca müdaxilə edildiyini nəzərə alınaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli aktdan görünür ki, abonent kodu **********00000 olan, istehlakçı İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş və sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması halları aşkar edilmiş və müvafiq akt tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının maksimal saatlıq qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 8640 m3 itki və 1036,80 manat ziyan məbləği hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Beləliklə, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq, iddiaçı istifadə etdiyi qaz sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh daşıdığından, mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə, iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə, o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən sonrakı hallar üzrə qanunsuz xəttə qoşulması, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı istifadəsində olan **********00000 saylı abonent koduna əsassız olaraq hesablanmış 1036,80 manat məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə, hesab edir ki, iddia tələbi təmin edildiyindən 30,36 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 432-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı istifadəsində olan **********00000 saylı abonent koduna əsassız olaraq hesablanmış 1036,80 (min otuz altı manat, səksən qəpik) manat məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 30,36 (otuz manat, otuz altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar