Məhkəmə qərarları › İş №2(008)-1167/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1167/2021

28.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1167/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X2 iştiraklraı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3, 41 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X5 ilə 30.12.2017-ci il tarixdə AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3, 41 saylı 2 otaqlı mənzili almış, aldığı həmin mənzili AR ƏMDK DƏDRX-də qeydiyyata saldırmaqla xüsusi mülkiyyətinə keçirmiş və onun adına 23.01.2018-ci il tarixli, RX seriyalı ******* saylı çıxarış verilmişdir. Mənzili alan zaman cavabdehlər qeydiyyatda olmuşlar və cavabdehlər alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunduqdan sonra ən geci 3 ay ərzində qeydiyyatdan çıxacaqlarına söz ver vermişlər. Lakin cavabdehlər müxtəlif bəhanələr gətirməklə xüsusi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmırlar. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). İddiaçı İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3, 41 saylı mənzili (sonradan-mübahisəli mənzil) X1 aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən satın almışdır (30.12.2017-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinin surəti). Mübahisəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li 23.01.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış). Cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadırlar (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 5 saylı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li 29.09.2020-ci il tarixli arayış). Məhkəmə aşağıdakı qeyd olunan əsaslara görə iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı mübahisəli mənzili qanuni yollə əldə etmiş, lakin cavabdehlər mənzil üzərində hər hansı hüquqa malik olmadıqları halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə müəyyən etmişdir ki, cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olmalarına baxmayaraq iddiaçının ailə üzvü deyildirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının ailə üzvü olmadığından, mübahisəli mənzil üzrə istifadə hüququnun yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşma olmadığından, həmçinin belə razılaşmanın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onların həmin mənzilə istifadə hüquqları yaranmamışdır. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalması yalnız formal xarakter daşıyır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin qərarda qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Eyni zamanda adıçəkilən qərarla müəyyn edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Hazırki tələblə bağlı inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar