Məhkəmə qərarları › İş №2(008)-1178/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1178/2023

02.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1178/2023 02.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli ünvan 1 ünvanında yerləşən özbaşına tikili olan fərdi yaşayış evindən ön tərəfdəki girişdən daxil olarkən üzbəüz yerləşən iki otağın dəhlizə açılan qapılarının bağlanması, Cavabdeh və oğlu Firdovsinin həyat yoldaşı ilə həmin iki otaqdan və orada əlavə inşa edilən hamam və mətbəxdən arxa tərəfdən açdıqları ayrı giriş-çıxış vasitəsilə istifadə etmələri, mənim və fəaliyyət qabiliyyətsiz qızının istifadəsində isə ön tərəfdən evə daxil olarkən dəhlizdən solda yerləşən bir otaq və sağda yerləşən mətbəx-hamam tikililərin saxlanılması formasında istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailələri 1988-ci ildə Ermənistan Respublikasının Vardenis rayonundan qaçqın düşmüşdür. Cavabdeh ilə 08 fevral 1989-cu ildə Xanlar rayon (indiki Göygöl) Quşqara kənd sovetliyində nikahlarını rəsmi qeyd etdirərək ailə qurmuşlar. Birgə nikahdan üç övladları olmuşdur və hər biri yetkinlik yaşına çatmışdır. Övladlarından 10 dekabr 1989-cu il təvəllüdlü X3 anadangəlmə uşaq serebral iflici xəstəsidir, lal-kardır, fəaliyyət qabiliyyətsizdir, müddətsiz 2-ci qrup əlildir və hazırda anası olaraq onun qayğısı altında olmaqla himayəsindədir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 17 mart 2022-ci il tarixli 102 saylı sərəncamına əsasən onun üzərində qəyyum təyin edilmişdir. Digər övladlarından qızı Durna ərə getmiş, əri ilə birlikdə Zabrat qəsəbəsində ayrıca təsərrüfatda yaşayır, oğlu Firdovsi isə evlənmiş və arvadı ilə onlarla birlikdə bir evdə yaşayır. Ailə qurduqları ilk vaxtlardan münasibətləri normal olmuş, övladlarını çətinliklərlə böyüdərək ərsəyə gətirmişlər. Əlil olan övladlarına hər ikisi bir valideyn kimi hər zaman qayğı göstərmişlər. Oğlu ailə qurandan sonra onunla münasibəti pozulmuş və bu əri ilə olan münasibətlərinə təsirsiz ötüşməmişdir. Nəticədə əri ona və əlil övladlarına qarşı olduqca aqressiv mövqe tutaraq hər zaman döyür, ölümlə hədələyir. Nikahları Göygöl Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Keçmiş əri Cavabdeh hərəkətlərindən dəfələrlə Sabunçu Rayon 15-ci polis bölməsinə şikayətlər etmiş, araşdırmalar aparılmış, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarlar qəbul edilsə də, əməllərində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edilmişdir. Ailələri artıq ərazi polis bölməsində münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür. Hətta əri anadangəlmə əlil olan qız övladlarına qarşı da, aqressivdir, Allah qorxusu olmadan onu döyməkdən, şəxsiyyətini alçaltmaqdan belə çəkinmir. Tərəfindən qısamüddətli mühafizə orderinin verilməsi ilə bağlı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edilmiş və 09 oktyabr 2019-cu il tarixdə 08 saylı qısamüddətli mühafizə orderi verilmişdir. Cavabdeh qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməklə yanaşı ona qarşı daha da aqressivləşərək mütəmadi olaraq döymüş, yaşadıqları evdə birlikdə istifadə etdikləri elektrik enerjisi, su və qaza görə yaranan borcu ödəməkdən imtina etmiş, fəaliyyət qabiliyyətsiz övladlarının müalicəsi üçün məhkəmə tərəfindən təyin olunan əlavə xərclərin ödənişini dayandırmışdır. Sonuncu dəfə 23 iyun 2022-ci il tarixdə onu yenidən döyərək xəsarətlər yetirmişdir. Bununla bağlı etdiyi şikayət əsasında Sabunçu RPİ-nin 15-ci PB-də araşdırma aparılmış, Cavabdeh əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan 13 iyul 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədiyindən, tərəfindən uzunmüddətli mühafizə orderinin verilməsindən ötrü Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə verilmiş və məhkəmənin 2(008)-5310/2022 saylı 27 iyul 2022-ci il tarixli qərarı ilə ərizəsi təmin olunaraq Cavabdeh barəsində uzunmüddətli mühafizə orderi verilərək icraya yönəldilmişdir. Mühafizə orderində Cavabdeh üzərinə qoyulan vəzifələrdən biri də birlikdə yaşadıqları evin ümumi istifadədə olan sahələrindən bir-birinə maneə yaratmadan birgə istifadə etmələri, evin kommunal xidmətlərinə (təbii qaz, işıq və su) görə xərclərin müştərək ödənilməsi olmuşdur. Hazırda ünvan 2 ünvanında yerləşən özbaşına tikili olan fərdi yaşayış evində cavabdeh oğlu Firdovsi, onun arvadı və uşağı ilə birlikdə yaşayırlar, onların isə yaşamağa başqa yerləri yoxdur. Bunun üçün birlikdə yaşadıqları fərdi yaşayış evindən istifadə qaydaları müəyyən edilməlidir. Mübahisəli ev ilkin olaraq üç otaqdan, dəhliz, mətbəx və hamamdan ibarət olsa da, oğlu ailə qurandan və münasibətləri kəskin pisləşəndən sonra arxa tərəfdən əlavə ayrıca hamam və mətbəx inşa edilmiş, hətta ayrıca giriş-çıxış qoyulmuşdur. Evin əvvəlki vəziyyətdə dəhlizdən daxil olarkən üzbəüz yerləşən iki otağından və sonradan artırılan tikililərdən keçmiş əri, oğlu və arvadı istifadə edirlər, dəhlizdən daxil olarkən solda yerləşən bir otaqdan və mətbəx hamamdan isə o, fəaliyyət qabiliyyətsiz qızı ilə istifadə edirlər. Aralarında tez-tez baş verən münaqişələrin qarşısının alınmasından ötrü evin dəhlizdən daxil olarkən üzbəüz yerləşən iki otağının dəhlizə açılan qapıları bağlanmalı, cavabdeh həmin iki otaqdan arxa tərəfdən açdıqları ayrı giriş-çıxış vasitəsilə istifadə etməlidir. Həmin hissədə cavabdehin ayrıca mətbəxi və hamamı da vardır. Onun və fəaliyyət qabiliyyətsiz qızının istifadəsində isə dəhlizdən evə daxil olarkən solda yerləşən bir otaq və sağda yerləşən mətbəx-hamam saxlanılmalıdır. Yalnız bundan sonra hər bir tərəflə istifadəsində olan sahə ilə bağlı təbii qaz, su və elektrik enerjisi təchizatı ilə bağlı ayrıca xidmət müqavilələri bağlana, ayrıca kodlaşma aparıla bilər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı çox vaxt onlarla yaşamır, qızı Dürdanəni də götürüb aylarla digər qızlarının yanında yaşayır. ünvan 3 ünvanında yerləşən qanunsuz tikilidən onun istifadə qaydaları iddiaçı tərəfindən kobud surətdə pozulur, iddiaçı onu təhqir edir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İ seriyalı, 365269 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasındakı nikah ləğv edilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 22 iyul 2021-ci il tarixdə 66 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası DİN Asan4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı və X3 ünvan 2 ünvanında qeydiyyatdadırlar. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 oktyabr 2020-ci il, 10 sentyabr 2021-ci il və 13 iyul 2022-ci il tarixli qərarların surətlərindən görünür ki, X1 şikayəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - Bakı şəhəri Sabunçu RHİ tərəfindən verilmiş 08 nömrəli 09 oktyabr 2019-cu il tarixli qısamüddətli mühafizə orderinin surətindən görünür ki, məişət zorakılığını törətmiş Cavabdeh məişət zorakılığına məruz qalmış X2 qarşı məişət zəminində fiziki və psixi zorakılıq, iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi qadağan edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Ailə münasibətlərinin pozulmasının nəticəsi olaraq, iddiaçının mübahisəli evdə yaşamasına cavabdeh tərəfindən maneçilik törədilmiş və iddiaçı mübahisəli evdən istifadə qaydalarının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu səbəbdən qeyd olunan fərdi yaşayış evi hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının həmin evə mülkiyyət hüququ əmələ gəlməmişdir. Belə olan halda, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsindən (hazırkı iş üzrə iddiaçı evin naturada bölgüsünü tələb edir) söhbət gedə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar