Məhkəmə qərarları › İş №2(008)-1190/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1190/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1190/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB tərəfindən tərtib edilmiş ******* nömrəli akta əsasən dəymiş zərər kimi müəyyən olunan 777 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 yanvar 1962-ci ildə Bərdə rayonu, Lənbəran kəndində doğulmuş, Birinci Qarabağ müharibəsində iştirak etdikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Polis orqanlarında bir müddət çalışmış və Birinci Qarabağ müharibəsində aldığım zədələnmə və travmalar səbəbindən səhhətimlə əlaqədar olaraq məcburi işdən ayrılmışdır. Daha sonra yaşayış ünvanının dəyişməsi ilə əlaqədar Bakı Şəhəri, Sabunçu rayonuna köçmüşdür. 2002-ci ildən ailəsi ilə birlikdə Sabunçu rayonu İlyas Aslanov küçəsində yaşayır. 2012-ci ilin iyun ayında Cavabdeh İB-nin, Bakı şəhəri və ətraf rayonlarda qaz xətlərinin yeniləri ilə əvəz olunması zamanı, yaşadığı ünvanda da qaz xətti yenisi ilə əvəz olunmuş və yuxanda qeyd etdiyi eyni tarixdə “İtron” sayğacı quraşdırılmışdır. 2023-cü ilin noyabr ayına qədər həmin sayğac heç bir nasazlıq və problem olmadan işləmişdir və dəfələrlə İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və sayğacda heç bir qırılma, müdaxilə halları aşkar olunmamışdır. Belə ki, 2023-cü ilin noyabr ayında hamam otağında kombi sisteminin quraşdırılması zamanı, yanlışlıqla su xəttinin qaz xəttinə quraşdırılması səbəbindən qaz xəttinə su dolmuş və sayğac da su dolması səbəbilə sıradan çıxmışdır. Ertəsi gün Azəriqaz İstehsalat birliyinin qaynar xəttinə müraciət edərək qaz sayğacında yaranan problemlə bağlı məlumat vermiş və əvəzində birlik tərəfindən yeni “Zenner” sayğacı quraşdırılmış və adına abonent kodu və smart sayğac kartı ilə təmin olunmuşdur. Təqribən cari ilin avqust ayından etibarən smart sayğac kartına yüklədiyi pul vəsaitinin tam yarısı kartda əks olunurdu. Bunun qaz limitini keçdiyini fikirləşərək adi hal olduğunu fikirləşdi. Lakin 2 dekabr 2024-cü ildə Azəriqaz istehsalat birliyinin 104 qaynar xəttinə zəng edərkən qaynar xətt əməkdaşları 777 manat cərimə olunduğu haqqında məlumat verdi. Bu halın əsassız olduğunu bildirmiş. Çünki Azərbaycan Respublikası X4 Əliyev tərəfindən Birinci Qarabağ müharibəsi qazisi olduğuna görə verilən aylıq 80 manat təqaüd kommunal xidmətlərin ödənilməsi üçün çətinliklə kifayət edir. Əgər Cavabdeh İB əməkdaşları tərəfindən, abonent olaraq tətbiq olunan cərimə haqqında məlumatlandırılsaydı, cərimə tətbiq olunduğu gündən etibarən məhkəmə instansiyasına müraciət etmiş olardı. Tətbiq olunan 777 manat cərimənin əsassız olmasını əsas gətirərək Sabunçu rayon qaz idarəsinə müraciət etmiş və oradan yaşadığı yer üzrə məhkəmə orqanına müraciət etməyini bildirdilər. 2012-ci ildən etibarən yaşadığı ünvana quraşdırılan köhnə qaz sayğacının heç bir problemsiz işləməsini və onun, eyni zamanda ailə üzvləri tərəfindən sayğaca hər hansı bir müdaxilənin olmaması, sayğacın plombunda, baxış şüşəsində və gövdəsində hər hansı bir zədələnmə və qırıq olmaması haqqında 2023-cü ilin noyabr ayında yeni sayğacın quraşdırılması zamanı Sabunçu rayonu qaz idarəsinin əməkdaşları tərəfindən yerindəcə şifahi rəy alınmışdır. Eyni zamanda köhnə sayğaz quraşdırıldığı gündən etibarən 11 il ərzində Sabunçu rayon qaz idarəsinin əməkdaşları tərəfindən dəfələrlə yoxlamalar aparıldığı zaman köhnə qaz sayğacının plombunda hər hansı bir zədə və ya qoparılma halı, baxış şüşəsinin sındırılması və sayğacın gövdəsinin zədələnməsi halları müşahidə olunmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2025-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğac Metrologiya Departamentin 0196 nömrəli aktına əsasən istismara yararsız olduğu aşkar olunmuşdur. - xx.xx.2023-cü il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********00390 abonent kodu olan İddiaçı qalıq və aktlara görə 2024-cü iln mart ayı üçün 777,60 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya məxsus qaz sayğacı Metrologiya Departamentin 0196 nömrəli aktına əsasən istismara yararsız olması əsası ilə akt tərtib edilmiş, akta əsasən 6480 m³ qaza görə 777,60 manat ziyanın vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə qanunvericiliyin "istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi" tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "Azəriqaz" İB tərəfindən hesablanmış 777,60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iddianın qiymətinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddia təmin edildiyinə görə məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00390) əsassız hesablanmış 777,60 manat məbləğində borc silinsin. Cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar