Məhkəmə qərarları › İş №2(008)-1200/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1200/2021

05.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1200/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin Cavabdeh qarşı özbaşına tutulmuş bələdiyyə torpaqlarının geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Bakıxanov Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən özbaşına zəbt edilmiş Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 600,0 kv m olan torpaq sahəsinin boşaldılması və həmin ərazinin Bakıxanov bələdiyyəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin mülkiyyətində daşınar və daşınmaz əmlak mövcuddur. Bələdiyyə üzvləri tərəfindən əraziyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 600,0 kv m olan torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq istifadəyə götürülərək özbaşına zəbt edilmiş, bu barədə Akt tərtib edilmiş, cavabdeh Aktın məzmunu ilə tanış olmuşdur. Ona bələdiyyə tərəfindən iki dəfə xəbərdarlıq edilmiş və ərazinin boşaldılması tələb edilmişdir. Lakin cavabdeh bunu etməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). Bakı şəhəri Bakıxanov Bələdiyyəsi tərəfindən Cavabdeh 06.07.2018-ci il tarixli, 163 №-li və 05.10.2020-ci il tarixli 99 №-li zəbt olunmuş torpaq sahəsinin boşaldılması və bələdiyyənin mülkiyyətinə qaytarılması barədə xəbərdarlıq məktubları ünvanlanmışdır. 29.09.2020-ci il tarixdə Bələdiyyənin iclasında məhkəmə müraciət etmək barədə qərar verilmişdir (Bələdiyyənin protokolundan çıxarış). Hazırda Bakı şəhəri Bakıxanov Bələdiyyəsi cavabdeh tərəfindən özbaşına zəbt edilmiş Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 600,0 kv m olan torpaq sahəsinin boşaldılması və həmin ərazinin Bakıxanov bələdiyyəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri ətləb edə bilər. Lakin, iddiaçı Bakı şəhəri Bakıxanov Bələdiyyəsi adıçəkilən torpaq sahəsinə olan mülkiyyət hüququna dair hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının belə bir iddia verməyə subyektiv hüququ möcud deyil. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin Cavabdeh tərəfindən özbaşına zəbt edilmiş Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 600,0 kv m olan torpaq sahəsinin boşaldılması və həmin ərazinin Bakıxanov bələdiyyəsinə qaytarılması barədə iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar