Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1244/2022 09.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53,3 kv metr olan fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddia tələbini onunla əsaslandırmışdır ki, 12.03.2021-ci il tarixdə Bakı şəhəri 16 saylı notariat ofisində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53,3 kv metr olan fərdi yaşayış evinin 1/2 hissəsinin İddiaçı1, digər 1/2 hissəsinin İddiaçı2 mülkiyyətinə verilməsinə dair Cavabdeh1 ilə aralarında AN-İ № ******* №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Buna baxmayaraq, cavabdehlər həmin ünvanda qeydiyyatda qalmışdılar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsində qeyd olunan ünvana məktub göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulan qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reysetrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53,3 kv metr olan fərdi yaşayış evi (sonradan – mübahisəli ev) iddiaçılar İddiaçı1 və İddiaçı2nun xüsusi mülkiyyətindədir. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin” notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 mübahisəli evin 1/2 hissəsini İddiaçı1 satmışdır. Satıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 evin satılmasına razılıq vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, mübahisəli evdə İddiaçı1 və İddiaçı2 ilə yanaşı Cavabdeh2 və Cavabdeh1 qeydiyyatdadırlar. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, mübahisəli evi İddiaçı1 alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 almışdır. Qeyd olunan ev hal-hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2nun xüsusi mülkiyyətindədir. Mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvləri mübahisəli mənzili satmaqla özgəninkiləşdirməsinə və oradan köçüb getmələrinə baxmayaraq, qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onların xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir, cavabdehlərin istifadə hüquqları yoxdur, onların qeydiyyatı formal xarakter daşıyır. Ona görə də İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehin ailə üzvləri ilə birlikdə İddiaçı1 və İddiaçı2nun mülkiyyətində olan evə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53,3 kv metr olan fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh2 və Cavabdeh1 mənzilə olan qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1244/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1244/2022
09.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver