Məhkəmə qərarları › İş №2(008)-1271/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1271/2024

03.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1271/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Ərizəçi, Tərcüməçi Axund-zadə Ayşən Elimxan qızının iştirakları ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, anası, xx.xx.1948-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1948-ci il təvəllüdlü X1 anasıdır. O, anası ilə birlikdə ünvan 1 ünvanında yaşayırdılar. Uzun illərdir idi ki, X5 ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi. O, mütəmadi olaraq xəstəliyə qarşı müalicələr alırdı. xx.xx.2023-ci il tarixdə X2 səhhəti qəfil pisləşdi, həmin vaxt o, anasının yanında idi. O, təcili tibbi yardıma zəng vurmuşdur. Tibb işçiləri gələnə kimi anası dünyasını dəyişdi. X5 Hövsan qəbirstanlığında dəfn olundu. Müəyyən sənədləşmə işləri görmək üçün mərhum anasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də o, mərhum anası X2 ölüm haqqında şəhadətnaməsini almaq üçün 12 nömrəli Şəhər Poliklinikasına və Qeydiyyat şöbəsinə müraciət etmişdir. 12 nömrəli Şəhər Poliklinikası “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən, Qeydiyyat şöbəsi isə “ölüm haqqında şəhadətnamə”nin verilməsindən imtina etdi. Həmçinin, Qeydiyyat şöbəsinin cavab məktubunda ona mərhum anası X2 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olundu. Mərhum anasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməsinin mümkünsüzlüyünü nəzərə alaraq hesab edir ki, məhkəmə qətnaməsi ilə mərhum anasının ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, Dmitriy ilə qonşudur, Dmitriy 2-ci mərtəbədə, o, isə 1-ci mərtəbədə yaşayır. O, 24 noyabr 2023-cü il tarixdə axşam radələrində təcili tibbi yardım maşınının gəldiyini görmüş, qonşunun xəbər verməsindən sonra ərizəçinin anasının rəhmətə getdiyini bilmişdir. Dmitriy ona evə gəldiyini və mənzilə daxil olarkən anasının yerə yıxılıb artıq rəhmətə getdiyini bildirmişdir. Dmitriy işdə olduğu üçün mərhum evdə tək olmuşdur. Təcili tibbi yardım mərhumun ölüm səbəbinin ürək problemləri ilə bağlı olduğunu bildirmişdir. Mərhum Suraxanı qəbiristanlığında dəfn olunmuşdur. O, həm dəfndə, həm də yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, Dmitriy ilə həm üzbəüz binada qonşu, həm də dostdurlar. O, evdə olarkən axşam radələrində məhəllədə mərhumun rəhmətə getdiyini eşitmişdir. O, Dmitrinin evinə qalxarkən Dmitrinin evdə olduğunu və onun anasının rəhmətə getdiyini görmüşdür. Mərhum 24 noyabr 2023-cü ildə rəhmətə getmişdir. Təcili tibbi yardım maşını gəlmiş və lazımi prosedurları etmişdir. O, yasda iştirak etməyib. Mərhumun ürəyindən şikayəti var idi. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, Dmitriy ilə qonşudur. O, axşam radələrində evə gələrkən mərhumun rəhmətə getdiyini eşitmişdir. O, mərhum və ərizəçinin yaşadığı evə qalxmış və həqiqətən də mərhumun öldüyünü görmüşdür. Təcili tibbbi yardım maşını gəlmişdi və ölüm səbəbi kimi ürəktutmasını göstərdi. Mərhum 24 noyabr 2023-cü ildə rəhmətə getmiş, Suraxanı qəbiristanlığında dəfn olunmuşdur. O, dəfndə iştirak etməyib, lakin yas mərasimlərində iştirak edib. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AZE seriyalı 03550147 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1948-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. - AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X6, anası X3. - Təcili və X7 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X5 həkim gələnə qədər ölmüşdür. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-15-1276/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi ərizəçiyə tövsiyə edilmişdir. - Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş 19 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və D.Qorqud qəbirstanlığında dəfn edilmişdir. - qəbir daşının fotoşəkillərindən görünür ki, X5 xx.xx.1948-ci il tarixdə doğulmuş, xx.xx.2023-cü il tarixdə ölmüşdür. - 12 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4 TTTYS-nın 12 saylı bölməsinin xx.xx.2023-cü il tarixli 1/677 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsinin verilməsinə baxmayaraq, bu günə qədər müəssisəyə hər hansı xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1948-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1948-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar