Məhkəmə qərarları › İş №2(008)-1282/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1282/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1282/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “faiz borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı “ faiz borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11-266 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1840 (bir min səkkiz yüz qırx) manat əsas borca Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 829.75 (səkkiz yüz iyirmi doqquz manat, yetmiş beş qəpik) manat, xx.xx.2020-ci il tarxdən xx.xx.2020-ci il tarixədək 159,12 (bir yüz əlli doqquz manat, on iki qəpik) manat olmaqla, cəmi 988,87 (doqquz yüz səksən səkkiz manat, səksən yeddi qəpik) manat məbləğində əldən çıxmış faydanın həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1002 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASCnin Nərimanov filialı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə, 11-266 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% tətbiq edilməklə, 12 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə İddiaçı QSC borc tələbinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli, 2(008)-2815/2020 saylı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsində cavabdehdən İddiaçı QSC BOKT-nun xeyrinə kredit müqaviləsi başa çatanadək əsas borcu üzrə 985,19 (doqquz yüz səksən beş manat, 19 qəpik) manat, faiz borcu üzrə 254,70 (iki yüz əlli dörd manat, 70 qəpik) manat olmaqla, cəmi 1239,89 (bir min iki yüz otuz doqquz manat, 89 qəpik) manat məbləğində pul tutulması qət edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 11-266 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1840 (bir min səkkiz yüz qırx) manat əsas borca Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 829.75 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək isə 159,12 manat olmaqla, cəmi 988,87 manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Göründüyü kimi cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini xx.xx.2022-ci il tarixədək icra etməmişdir. Oxşar tələblə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş xx.xx.2021-ci il tarixli, 2(103)-6245/2021 saylı qətnaməsinə əsasən İddiaçı QSC -nin (cavabdeh X2 qarşı verilmiş əldən çıxmış fayda tələbi ilə bağlı) apellyasiya şikayəti təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-6245/2021 saylı qətnaməsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında qeyd olunub: “Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrininin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır”) iddiaçının əldən çıxmış faydanı Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablayıb, bu hesablama Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyinə zidd olmadığını bildirmişdir. Ali Məhkəmənin İddiaçı QSC-nin (cavabdeh X1 qarşı verilmiş əldən çıxmış fayda tələbi ilə bağlı) xx.xx.2021-ci il tarixli, 2(102)-5237/21 saylı qərarında da qeyd edilən hallar nəzərə alınmış və kasassiya instansiyası məhkəməsinin mövqeyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın ödənilməsini tələb edə bilər. Belə ki, iddiaçının iddia tələbindən kreditorun müqavilənin müddəti bitdikdən sonrakı müddətdə kredit borcunun qaytarılmasına görə dəymiş zərəri borcludan tələb edir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olduğu və icranın borclu tərəfindən gecikdirilməsi ona görə yol verilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edildiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü cü il tarixli qərarında qeyd olunan banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərdiyi və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum etdiyini, buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq, əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin bəndlərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrininin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında bankın hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ təsbit edilmiş və bu zərərin tərkibinə həm MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər həm MM-in 21.2-ci maddəsinə əsasən Bankın, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququn daxil olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini xx.xx.2022-ci il tarixədək icra etməmişdir. İddiaçının nümayəndəi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərərk bildirmişdir ki, iddia tələbinin xahiş etdim hissəsində əsas məbləğ xx.xx.2020-ci il tarixdək1385.19 manat əvəzinə 1840 manat kimi, xx.xx.2020-ci il tarixdəm xx.xx.2022-ci il tarixədək isə sözləri yerinə isə yalnışlığla xx.xx.2020-ci il tarixədək göstərilmiş olduğundan, əsas məbləğ xx.xx.2020-ci xil tarixədək 1385.19 manat kimi, xx.xx.2020-ci il tarixədək xx.xx.2020-ci il tarixədək göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, məhkəmənin icratında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə 2(008)- 7952/2022 saylı mülki iş vardır. Cavabdehin iddia ərizəsində təsdiq etdiyi kimi bu işə görə iddiaçının tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində məhkəmə araşdırması olmuşdur. 2(008)-2815/2020 saylı, xx.xx.2020-ci tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəmə qətnaməsi ilə iddiaçının iddiası qismən təmin olunmuş və cavabdehdən 985 manat əsas borc və 254,70 manat faiz borcu tutulmuşdur. Belə olan halda iddiaçının 1840 manat əsas borca əsaslanaraq hesabat aparması qanunsuzdur və heç bir əsası yoxdur. İddiaçı yalnız məhkəmə qətnaməsində müəyyən edilmiş borc məbləğindən, yəni 985 manatdan hesabat apara bilər. İddiaçı xx.xx.2012 -xx.xx.2020 müddətində əldə çıxmış faydanı tələb edir. Tərəfindən məhkəməyə 3 illik iddia müddətinin tətbiqi barədə ərizə verilmiş və xahiş etmişdir ki, xx.xx.2019-cu ildən əvvəlki dövrə iddia müddəti tətbiq edilsin. Ona görə də iddia yalnız xx.xx.2019-cu il xx.xx.2020-ci ilədək olan dövr üçün təmin edilə bilər. İddiaçının hesabatına görə xx.xx.2012-xx.xx.2020 müddətinə, yəni 2658 günə 829,75 manat, xx.xx.2020-xx.xx.2020 müddətinə, yəni 255 günə 159,12 manat, cəmi 988,17 manat əldən çıxmış fayda və 30 manat dövlət rüsumu tələb edilir. Ümumi halda iddiaçı (2658+255) = 2913 günə, cəmi 988,17 man əldən çıxmış fayda və 30 man dövlət rüsumu tələb edir. Cavabdehin iddia müddətinin tətbiqi ilə razılaşsaq onda hesabat xx.xx.2019-xx.xx.2020, yəni 357 gün müddətinə hesablanmalıdır. Belə olan halda əldən çıxmış fayda (357 gün x 988,17): 2913 gün = 121,10 man təşkil edəcəkdir. 121,10 man iddiaçının tələb etdiyi 988,17 manatın 12,25% ni təşkil etdiyindən onda bu nisbətdə də dövlət rüsumu - məhkəmə xərci cavabdehdən tutula bilər, yəni 30 man x 12,25% = 3,68 man. Beləliklə iddia müddəti tətbiq edilən halda cavabdehdən 121,10 man əldən çıxmış fayda və buna nisbətdə 3,68 man ödənilmiş dövlət rüsumu- məhkəmə xərci tutula bilər. Cavabdeh hüquqi yardım üçün, yəni məhkəmə xərci üçün 150 man vəkil bürosuna vəsait ödəmişdir. İddia müddətinin tətbiqi ilə əlaqədar iddiaçının tələbi 12,25% ödənilə bildiyi üçün həmin nisbətdə də cavabdehin hüquqi yardım üzrə ödədiyi vəsait - məhkəmə xərcləri iddiaya aid edilməli, qalan hissə iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır, yəni 150 man x 12,25% = 18,37 manat iddia tələbinə aid edilməli, qalan 150 man -18,37 man = 131,63 man məhkəmə xərci iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Beləliklə, iddia müddəti tətbiq edilsə cavabdehdən iddiaçının xeyrinə 121,10 man əldən çıxmış fayda (bu hesabatın 5-ci bəndi) və 3,68 man dövlət rüsumu (bu hesabatın 6-cı bəndi) tutulmalıdır, yəni cəmi (121,10+3,68) = 124,78 man cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia müddəti tətbiq edilən zaman iddiaçıdan cavabdehin xeyrinə 131,63 man məhkəmə xərci (bu hesabatın 9-cu bəndi) tutulmalıdır. Son olaraq nəzərə alsaq ki, cavabdeh iddiaçıya ümumi halda 124,78 man iddiaçı isə cavabdehə 131,63 man ödəməlidir belə halda iddia müddəti tətbiq edilməklə aparılmış hesabat əsasında əvəzləşmə aparsaq (131,63-124,78) = 6,85 man vəsait iddiaçıdan cavabdehin xeyrinə tutulmalı və bununla da işə xitam verilməli olduğunu bildirmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə iddia meddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə işinə baxışın dayandırılmasına səbəb olmuş Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarındakı mövqe banklarla borclular arasındakı münasibətlərdə yalnız müqavilənin ləğvi zamanı geçikdirilmiş faiz və digər ödənişlərin müqavilənin ləğvindən sonra da qüvvədə qalması hallarını nəzərdə tutur. Belə ki, həmin qərarda müqavilənin həm birtərəfli qaydada həm də məhkəmə tərəfindən ləğv edilməsi, mümkünlüyü bildirilmiş və qərarın 4-cü bəndində göstərilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. İndiki halda isə tərəflər arasındakı müqavilə ləğv edilməmişdir, belə ki, iddiaçının istinad etdiyi xx.xx.2011-ci il tarixili 11-26 saylı kredit müqaviləsi 12 ay müddətinə bağlanılmış və xx.xx.2022-ci ildə müddəti başa çatmış, xx.xx.2020-ci il tarixində isə qalıq borcun və faizlərin tutulması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2815/2020 saylı qətnaməsi qəbul edilmişdir. İndiki hala uyğun olaraq isə məhkəmənin nəzərinə xx.xx.2014-cü il tarixli Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarının 4-cü bəndini çatdırmağı vacib sayır. Belə ki, həmin maddədə göstərilmişdir. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Deyilənləri nəzərə alaraq və əvvəlki mövqeyini bir daha təsdiq edərək iddianın xx.xx.2019-cu il tarixindən əvvəlki dövrə düşən hissəsinə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə icıasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış Borc müqaviləsindən görünür ki, Cavabdeh 12 (on iki) ay müddətinə, illik 22 (iyirmi iki) % olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-2815/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 985.19 manat əsas borc və 254.40 manat faiz borcu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, bank cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin 11-266 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 829.75 (səkkiz yüz iyirmi doqquz manat, yetmiş beş qəpik) manat borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Azərbaycan Beynəlxalq Bank ASC ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə kredit müqaviləsinə əsasən bank cavabdehə 12 ay müddətinə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit vermişdir. Cavabdeh xx.xx.2012-ci il tarixin sonunadək ona verilmiş kredit məbləğini tam ödəmədiyindən bank məhkəməyə müraciət edərək sözügedən kredit borcunun qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-2815/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən ödənilməmiş 1239.89 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Beləliklə xx.xx.2011-ci il tarixli kredit müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin son icra müddəti xx.xx.2012-ci il tarixi müəyyən edilmişdir. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək öhdəliyin icrasının son müddətindən yəni xx.xx.2012-ci il tarixdən qətnamə çıxan tarixədək xx.xx.2020-ci il tarixədək əhatə edən borc məbləğinin gecikdirilməsi ilə əlaqədar illik 5 faizi tələb etmişdir. Göründüyü kimi Cavabdeh kredit üzrə yaranmış borcun qaytarılmasını qətnamə çıxan tarixədək 7 il 11 ay 26 gün müddətinə (xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixdək gecikdirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cavabdehdən gecikdirilmiş 7 il 11 ay 26 gün vaxt üçün illik beş faiz pul tutulmalıdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçı müqavilə üzrə müddətin bitdiyi vaxtdan gecikdirilmiş vaxt üçün illik beş faizi 10 il müddətində geri tələb etmək hüquq vardır. İddiaçı müqavilə üzrə müddətin bitdiyi vaxtdan yalnız 10 ildən artıq müddət keçdikdən sonra yəni xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən Ümumi iddia müddəti on il təşkil edir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İşin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı iddiaçı ilə cavabddeh arasında bağlanmış kredit müqaviləsinin son icra müddəti çatdığıı vaxtdan xx.xx.2012-ci il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 10 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı QSC BOKT Cavabdeh qarşı “11-266 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1385.18 manat əsas borca hesablanmış 5 faiz pulun tutulmas” tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin qətnamə çıxarlıdığı tarixdən pul məbləğinin tam ödənildiyi tarixədək hesablanmış 5 faiz pulun yəni 159.12 manatın tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki məcəllənin 445.7-ci maddəsinin məzmunundan da görünür ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin məhkəmə hesab edir ki, hazırki mülki üzrə kredit müqaviləsi üzrə ödənilməsi tələb edilən pul məbləğinin ödənilməsi üzrə Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə qətnaməsi çıxdığından və bu qətnamə ilə artqı tərəflər arasında bağlanmış öhdəlik münasibətlərinə xitam verildiyindən yəni artıq məhkəmə qətnaməsi çıxıdığı tarixdən tərəflər arasında öhdəlik münasibətləri olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar