Məhkəmə qərarları › İş №2(008)-1282/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1282/2024

30.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1282/2024 30.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "uşağın onun yanında saxlanması və uşağın saxlanması üçün alimentin tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X2 onun himayəsində saxlanılması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, 40 manat dövlət rüsumunun və mediasiya üçün ödədiyi 60 manat rüsumun cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdehlə nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X3 doğulmuş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)- 1027/2023 nömrəli qətnaməsi ilə cavabdehlə onun arasında olan nikah pozulmuşdur. X3 hal-hazırda onun yanındadır və cavabdeh uşaqla marağlanmır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək bildirdi ki, xx.xx.2022-ci ildə Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatında cavabdehlə barışıq sazişi bağlayaraq razılığa gəlmiş, həmin sazişə əsasən, cavabdehdən aliment tələb etməmişdir. Cavabdeh maddi yardım göstərəcəyini bildirmiş, lakin sonradan sözünə əməl etmədiyinə görə o, məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə xx.xx.2021-cü il tarixli ərizə verərək bildirmişdir ki, iddianı qəbul edir, xx.xx.2016-cı il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanılmasına və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Həmin ərizədə cavabdeh işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə məhkəmə baxışı onun iştirakı olmadan keçirildi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı və Cavabdeh xx.xx.2015-ci ildə 4 saylı Bakı "ASAN Xidmət" mərkəzində nikah bağlamış, həmin nikahdan onların xx.xx.2016-cı ildə X3 adlı uşağı doğulmuşdur. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci ildə Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmış, sazişdə İddiaçı birinci tərəf, Cavabdeh ikinci tərəf adlandırılmışdır. Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdakı kimi müəyyən edilmişdir:

1. "Tərəflər" aralarında bağlanmış nikahın məhkəmə qaydasında onlara barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razılıq verirlər.

2. "İkinci tərəf" onların birgə nikahından doğulmuş 15 avqust 2016-cı il təvəllüdlü X2 "Birinci tərəf"in yanında qalmasına razılıq verir.

3. "Birinci tərəf" "İkinci tərəf"dən uşağa görə aliment tələb etmir.

4. "Birinci tərəf" "İkinci tərəf"in 15 avqust 2016-cı il təvəllüdlü X2 hər həftənin şənbə və bazar günləri, 2 və ya daha artıq qeyri-iş günündən ibarət bayram günlərində həmin günlərin yarısı qədər "İkinci tərəf"in yanında qalması qaydasında onunla ünsiyyətdə olmasına razılıq verir. Uşaq hər həftənin şənbə günü günün birinci yarısı "Birinci tərəf"in yaşayış yerindən götürülür, bazar günü axşam "Birinci tərəf"ə qaytarılır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-1027/2023 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. İşdə olan AZ-İİİ seriyalı 830780 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2016-cı ildə doğulmuş X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan AZ-İ seriyalı 452752 nömrəli "Nikah pozulması haqqında şəhadətnamə"nin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-1027/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında 4 saylı Bakı "ASAN Xidmət" mərkəzinin Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2258 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2015-ci tarixli nikah pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.2-ci maddəsinə görə, ərarvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Həmin Məcəllənin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Sadalanan normalardan göründüyü kimi, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, məhkəməyə nikahın pozulması barədə ərizə verildiyi gündən azı 1 ay müddət keçmişdirsə, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Eyni zamanda, ər-arvad arasında müvafiq saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə nikahın pozulması barədə qətnamədə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli, eləcə də ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı və ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. İşdən görünür ki, iddiaçı ilə cavabdeh arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Tərəflərin bağladığı barışıq sazişində uşağın kimdə qalması və alimentin ödənilməsi məsələləri razılaşdırıldığına görə qətnamədə həmin məsələlər həll edilməmişdir. Lakin bundan sonra İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə xx.xx.2016-cı ildə doğulmuş X2 hansı valideynin yanında qalması məsələsi ilə bağlı qeyd edir ki, iddiaçı və cavabdeh faktiki olaraq ayrılıqda yaşayır, uşaq hazırda iddiaçının yanında qalır və cavabdeh uşağın iddiaçının yanında qalmasına razıdır. Məhkəmə uşağın mənafeyini əsas götürməklə onun ana qayğısına ehtiyacının olmasını və tərəflərin qarşılıqlı razılaşmasını nəzərə alaraq, uşağın İddiaçı yanında qalmasının müəyyən olunmasını məqsədə müvafiq sayır. Uşağın saxlanması üçün alimentin tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsi). "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2024cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşdən görünür ki, iddiaçı cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə ərizə verərək bununla razı olduğunu bildirmişdir. Ona görə də məhkəmə bu qərara gəldi ki, xx.xx.2016-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməli, aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü ildən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü ildə ********** nömrəli qəbzlə 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tələb edilən alimentin bir illik miqdarı (235 manat x 12ay) 2820 manat təşkil edir. Bu iddiaya görə (30 manat + 1820 manat : 100 x 1 %) 48,20 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd olunan məbləğdən 40 manat iddiaçı tərəfindən ödənildiyindən, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, qalan 8,20 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, işdən görünür ki, 60 manat məbləğində mediasiya xərci xx.xx.2023-cü ildə iddiaçı tərəfindən Mediasiya Şurası Bakı 16 saylı Mediasiya təşkilatının hesabına ödənilmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, 60 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi:

Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı və Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü ümumi uşağı olan X2 İddiaçı yanında qaldığı müəyyən edilsin. xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün xx.xx.2023-cü ildən başlamaqla hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 40 manat dövlət rüsumu və 60 manat mediasiya xərci alınaraq İddiaçı qaytarılsın. Cavabdeh 8,20 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin alınması ilə bağlı hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir.

Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar