Məhkəmə qərarları › İş №2(008)-1290/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1290/2020

06.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1290/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X7, Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Zabrat qəsəbəsi 2, Səttar Bəhlulzadə (keçmiş Montin) küçəsi, 9 ünvanda yerləşən mənzildən çıxaırlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Zabrat qəsəbəsi 2, Səttar Bəhlulzadə (keçmiş Montin) küçəsi, 9 ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. Qeyd olunan ev ona vərəsəlik qaydasında keçib. Oğlu İbrahim cavabdeh ilə 2009-cu ildə nikaha girib həmin evə gəlin gəlmişdir. Sonradan Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə oğlu ilə cavabdeh arasındakı nikah pozulmuşdur. Onlar arasında nikah pozulduqdan sonra Cavabdeh ona, onun oğlu İbrahimə, X1 və X2 qarşı “yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair Sabunçu rayon məhkəməsində iddia qaldırmışdır. Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008) 1451/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.Bakı Apellyasia Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)315/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin bu iş üzrə qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 ilə birlikdəBakı şəhəri, Zabrat qəsəbəsi 2, Səttar Bəhlulzadə (keçmiş Montin) küçəsi, 9 ünvanındakı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İddiaçı Bakı Apellyasia Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2019-cu il tarixli, 2(103)315/2019 saylı qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5687/19 saylı, xx xxxxxxxx 2019-cu il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir.Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən ona əsaslanmışdır ki, Bakı şəhəri, Zabrat qəsəbəsi 2, Səttar Bəhlulzadə(keçmiş Montin) küçəsi, 9 ünvanda yerləşən yaşayış sahəsinə dair vərəsəlik münasibətləri hər hansı formada rəsmiləşdirilməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsində göstərilir: “Məhkəmə kollegiyası həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsinin mülkiyyətçisi müəyyən olunduqdan sonra, şəxslərin oradan istifadə ilə bağlı hüquqlarına mülkiyyətçiyə münasibətdə yenidən baxıla bilər.” Kassasiya instansiyası eyni əsaslarla Bakı Apellyasiya məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsinin dəyişdirmədən saxlamışdır.İddiaçı bildirir ki, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Zabrat qəsəbəsi 2, Səttar Bəhlulzadə(keçmiş Montin) küçəsi, 9 ünvanda yerləşən mənzil üzərində onun mülkiyyət hüququna dair çıxarış verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X13 iddia tələbini müdafiə edərək izahatında bildirdirlər ki, cavabdehin əşyaları həmin evdə olduğuna və həmin evə gəlib-getdiyinə görə mübahisələri yaranır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahatında bildirdi ki, cavabdehin mənzilə köçürülməsi barədə qətnamə mövcuddur. Həmin iş üzrə icraat davam etdiriləcək. Əvvəldən bu iş icraata götürülməməli idi. Bundan başqa, iddiaçı hələ o evə tamamilə köçürülməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, (Montin) ünvanda yerləşən 9 saylı mənzil xx.xx.2019-cu ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008) 1451/2018 saylı qətnaməsi qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər X5 və X2 qarşı yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddia tələbi təmin edilməmişdir. - Bakı Apellyasia Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)315/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin bu iş üzrə qətnaməsi ləğv edilmiş, Cavabdeh azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Zabrat qəsəbəsi 2, Səttar Bəhlulzadə (keçmiş Montin) küçəsi, 9 ünvanındakı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5687/19 saylı, xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-315/2019 saylı qətnaməsi dəyidirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1451/2018 saylı qətnaməsinin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-319/2019 saylı qətnaməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.09.019-cu il tarixli, 2(102)-5687/2019-cu il tarixli saylı qərarının yeni açılmış hallar üzrə icraat qaydasında ləğv edilməsi barədə cavabdeh İddiaçı ərizəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmaması qərara alınmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, hazırki iş üzrə Cavabdeh mübahisəli mənzilə məhkəmə qətnaməsi ilə köçürülmüşdür. Cavabdeh həmin mənzilə köçürülməsini təmin edən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində köçürülmənin əsası kimi Bakı şəhəri, Zabrat qəsəbəsi 2, Səttar Bəhlulzadə (keçmiş Montin) küçəsi, 9 ünvanındakı fərdi yaşayış evinin mülkiyyətçisinin kim olmasının müəyyən olunmaması qeyd olunmuşdur. Həmin qətnamədə həmçinin vurğulanmışdır ki, (qətnamənin 5-ci səhifəsi) yaşayış sahəsinin mülkiyyətçisi müəyyən olunduqdan sonra şəxslərin oradan istifadə ilə bağlı hüquqlarına mülkiyyətçiyə münasibətdə yenidən baxıla bilər. Sözügedən qətnamədə qeyd olunan bu əsas Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında da öz əksini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki işə cavabehin mülkiyyətçisi İddiaçı olan evə dair istifadə hüquqlarının olub olmaması məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz hallarından göründüyü kimi cavabdeh mübahisəli evə xx.xx.2009 il tarixdə köçmüş, yəni tərəflər arasında sözügedən evlə bağlı münasibətlər həmin tarixdən sonra yaranmaqla iddia tələbinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Beləliklə müəyyən olundu ki, sözügedən ev iddiaçıya məxsus olmuş, hazırda onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçməsinə dair ona çıxarış verilmişdir. Cavabdeh qayınanasına məxsus evə köçüb yaşasa da, həmin evə dair onun istifadə hüququ yaranmamışdır. Belə ki, cavabdeh mülkiyyətçinin evindən istifadə hüququ əldə edə biləcək qohumları sırasında yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin Bakı şəhəri, Zabrat qəsəbəsi 2, Səttar Bəhlulzadə (keçmiş Montin) küçəsi, 9 ünvanındakı fərdi yaşayış evinə dair hər hansı hüququ yaranmadığından onun həmin evdə yaşaması və cehiz əşyalarının olması iddiaçıya hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Zabrat qəsəbəsi 2, Səttar Bəhlulzadə (keçmiş Montin) küçəsi 9 saylı fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar