Məhkəmə qərarları › İş №2(008)-1294/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1294/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1294/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Elşən Mehdiyev küçəsində yerləşən həyət evinə aid **********30016 nömrəli abonent kodu üzrə 402.85 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Elşən Mehdiyev küçəsində yerləşən həyət evi ona məxsudur. Həmin evə aid işıq sayğacı və **********30016 nömrəli abonent kodu onun adına qeydə alınmışdır. İşıq sayğacına gələn elektrik xətlərində problem yarandığına görə "xxxx" ASC-nə müraciət etmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə evinə usta (montyor) göndərilmişdir. Usta sayğaca və elektrik xətlərinə baxış keçirmiş, həmin vaxt sayğacdan kənar elektrik enerjisindən istifadə halı aşkarlanmamışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları Bakı şəhəri Sabunçu rayonu Elşən Mehdiyev küçəsində yerləşən həyət evinə aid işıq sayğacına və naqillərə baxış keçirən zaman sayğacın giriş və çıxış faza xətlərinin xüsusi naqil vasitəsilə birləşdirilərək, sayğacın sxemdən kənarlaşdırıldığını müəyyən etmiş və bu barədə xx.xx.2023-cü il tarixli 034758 saylı akt tərtib edilərək, itirilmiş elektrik enerjisinin dəyəri hesablanaraq, onun abonent hesabına 402.85 manat borc məbləği yazılmışdır. O, yazılmış borc məbləği ilə razı deyil. Bu məbləğ tam əsassız yazılmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, sayğaca gələn naqillər kəsilib ayrılmış, evinə elektrik enerjisinin verilməsi qanunsuz olaraq dayandırılmışdır. Hətta elektrik enerjisindən sayğacdan kənar istifadə etmə halı olmuş olsa belə, o zaman da yazılmış borc məbləğinin həddən çox şişirdildiyi aydın görünür. Belə ki, sənədlərə nəzər salanda görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə evinə usta (montyor) göndərilmiş, həmin vaxt sayğacdan kənar elektrin enerjisindən istifadə halı olmamışdır. Daha sonra, yəni xx.xx.2023-cü il tarixdə növbəti dəfə sayğaca baxış keçirən "xxxx" ASCnin əməkdaşları sayğacın giriş və çıxış faza xətlərinin xüsusi naqil vasitəsilə birləşdirilərək, sayğacın sxemdən kənarlaşdırıldığını qeyd etmişlər. 21 noyabrdan 4 dekabra kimi cəmi 13 gün müddət edir. Bu müddət ərzində 402.85 manat dəyərində elektrik enerjisi istifadə etməsi mümkünsüzdür. Qeyd edilənlərə əsasən hesab edir ki, istifadə edilməyən elektrik enerjisinə görə əsassız yazılmış borc məbləği məhkəmə qaydasında silinməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, 034758 nömrəli xx.xx.2023-cü il tarixli aktın surətindən göründüyü kimi iddiaçının yaşadığı ünvanda elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın giriş və çıxış faza xətlərinin xüsusi naqil vasitəsilə birləşdirilərək, sayğacın sxemdən kənarlaşdırıldığı aşkar edilmişdir. Həmin akt əsasında itirilmiş elektrik enerjisinə görə 402.85 manat borc hesablanmışdır. Həmin abonentlə bağlı hər hansı şəkil və ya video görüntü təəssüf ki, yoxdur. Lakin hesab edir ki, bu yalnız abonentin marağına xidmət edir və bu səbəbdən iddia rədd olunmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: NDM nömrəli 034758 nömrəli xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın giriş və çıxış faza xətlərinin xüsusi naqil vasitəsilə birləşdirilərək, sayğacın sxemdən kənarlaşdırıldığı aşkar edilmişdir. Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, NDM nömrəli 034758 nömrəli xx.xx.2023-cü il tarixli akt əsasında itirilmiş elektrik enerjisinə görə 402.85 manat borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 7.20 manat, 12.80 manat və 382.85 manat olmaqla, cəmi 402.85 manat borc hesablanmışdır. NDM nömrəli 036631 nömrəli xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu, həmin kənar xəttin sayğacın giriş fazasının açılaraq birbaşa qoruyucu avtomata vurulduğu, sayğacın dövrədən kənarlaşdırıldığı, sayğacın alt qapaq möhürünün yerində olmadığı aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı abonent hesabına xx.xx.2023-cü il tarixdə 402.85 manat borc hesablanmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.2-ci bəndinə əsasən gərginliyi 1000 V və daha yüksək olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: 5.2.1. qapalı paylayıcı qurğulardakı keçid izolyatorunun xarici tərəfindəki birləşdiricisində və açıq paylayıcı qurğuların portalındakı dartıcı izolyatorlar zəncirinin gərilmə sıxacından çıxan naqildə; 5.2.2. qidalandırıcı, yaxud çıxış elektrik veriliş xətlərinin kabel və ya hava girimlərinin uclarında. 5.2.1-ci və 5.2.2-ci bəndlərində göstərilən birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilata həvalə olunur. 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının yaşadığı ünvandakı sayğac yaşayış evindən bayırda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsi qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Elşən Mehdiyev küçəsində yerləşən fərdi yaşayış evinə aid **********30016 nömrəli abonent koduna hesablanmış 402.85 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Elşən Mehdiyev küçəsində yerləşən fərdi yaşayış evinə aid **********30016 nömrəli abonent koduna hesablanmış 402,85 manat məbləğində borc silinsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar