Məhkəmə qərarları › İş №2(008)-1316/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1316/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1316/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı X1 cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli akta əsasən dəymiş zərər kimi müəyyən olunan 3110,40 manat borcun slinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Azəriqaz" İB-nin əməkdaşları yaşadığı evə quraşdırılmış G-4 İtron qaz sayğacını sökmüş və yerinə G-4 İtron markalı yeni sayğac quraşdırmışlar. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Sonradan ona məlum olmuşdur ki, sökülən qaz sayğacı ekspertizaya aparılmışdır və yararsız hesab olunmuşdur. Eyni zamanda cavabdeh tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. Aktın tərtib edilməsi səbəbi olaraq qeyd edilmişdir ki, 14-2-2/3-5-4425- 1 nömrəli rəyə əsasən 1602AZ**********33 zavod nömrəli sayğacın qoruyucu örtüyünün üzərindəki plombun rəngi fərqlidir. Cərimələnməyi qanunsuz və əsassızdır. "Azəriqaz" İBnin əməkdaşlarının ilk olaraq sayğacı necə sökdükləri, köhnə sayğacla necə davrandıqları ona məlum deyil. Sayğacın qoruyucu örtüyünün üzərindəki plombun rənginin fərqli olmasına gəldikdə isə bu yağışın, qarın təsirindən yaranan təbii prosesdir və abonentin heç bir təqsirinin nəticəsi deyil. Vaxtında işlədilən qazın pulunun ödənilməsi, hətta işlədilən qazın pulundan əlavə balansa artıq pul ödəməyi də sübut edir ki, o, sayğaca müdaxilə etməyib. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirdi ki, sayğaca müdaxilə aşkar olunub. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, X2 məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacın qoruyucu örtüyünün üzərindəki plombun rəngi fərqlidir. - xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 25920 m³ hesablanmışdır. - 24.08.2022-ci il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********10000 abonent kodu olan X1 2023-cü il üçün qalıq və aktlara görə 3110,40 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya məxsus qaz sayğacının qoruyucu örtüyünün üzərindəki plombun rənginin fərqli olması əsası ilə akt tərtib edilmiş, akta əsasən 25920 m³ qaza görə 3110,40 manat ziyanın vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə qanunvericiliyin "istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi" tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "Azəriqaz" İB tərəfindən hesablanmış 3110,40 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı X2 (abonent kodu **********10000) əsassız hesablanmış 3110 (üç min yüz on manat) 40 (qırx) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar