Məhkəmə qərarları › İş №2(008)-133/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-133/2023

05.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-133/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən məcburi qaydada çıxarılma və mənzilə daxil olmaq üçün yaradılmış maneələrin arardan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən məcburi qaydada çıxarılma və mənzilə daxil olmaq üçün yaradılmış maneələrin arardan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi, 28 saylı evin 34 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 36 saylı mənzildən çıxarılması və onun tərəfindən iddiaçının həmin mənzilə daxil olmağı üçün yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi, 28 saylı evin 34 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 36 saylı mənzil xx.xx.2005-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin evdə iddiaçının oğlu 1996-cı il təvəllüdlü X7, 1989-cu il təvəllüdlü qızı X4, 1929-cu il təvəllüdlü X1 pasport qeydiyyatındadır. Lakin iddiaçının bacısı Cavabdeh qız-ı iddiaçının razılığı olmadan 2019-cu ilin yanvar ayının axırlarında qanunsuz olaraq iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi, 28 saylı evin 34 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 36 saylı mənzilə köçmüş, həmin mənzildə giriş qapısının qıfıllarını və açarlarını dəyişmiş və iddiaçının həmin mənzildən istifadə etməyinə imkan vermir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq, İddiaçı Cavabdeh qarşı mənzildən məcburi qaydada çıxarılma və mənzilə daxil olmaq üçün yaradılmış maneələrin arardan qaldırılması tələbinə dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən irəli sürülən hazırkı tələb tam şər və böhtan xarakterli bir iddia tələbidir. Belə ki, həmin mənzil cavabdehin atasına X3 məxsudur, lakin bacısı İddiaçı tam qanunsuz şəkildə, yəni saxta imzadan istifadə etməklə tərtib edilmiş bağışlanma müqaviləsi əsasında mənzili öz adına özgəninləşdirmiş və bu barədə X1nun xəbəri olmamışdır. Təxminən 2019-cu ilin oktyabr ayında atası yuxarıda qeyd etdiyi mənzil ilə bağlı vəsiyyətnamə vermək üçün Asan Xidmət Mərkəzinə müraciət etmiş və orada ona məlum olmuşdur kı, artıq həmin mənzil ona məxsus deyil və mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi, 28 saylı evin, 36 saylı mənzil digər şəxsin adına özgəninləşdirilmişdir. X1 Asan Xidmət Mərkəzindən ona aid mənzilin kimin adına, hansı mülki əqd əsasında və hansı notariat kontorunda özgəninləşdildiyi barədə məlumat almaq istəsə də, istədiyi məlumat fərdi məlumat olduğundan ona bu barədə məlumatın verilməsindən imtina olunmuşdur. Bundan sonra vəkilinin sorğularına cavab olaraq alınmış məlumatlardan müəyyən edilmişdir ki, qeyd olunan mənzil guya 27 iyul 2005-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi əsasında bacısı İddiaçı xeyrinə özgəninləşdirilmişdir. Buna görə də dərhal X5 tərəfindən cavabdehlər İddiaçı və 16 saylı Dövlət Notariat Kontoruna qarşı Sabunçu Rayon Məhkəməsində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xasməmmdov küçəsi, 28 saylı evin 36 saylı mənzilinə dair 27 iyul 2005-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi irəli sürülmüş və həmin 2(008)- 1219/2020 saylı mülki iş əvvəlcə hakim Samir Talıbovun icraatında olmuş, lakin sonradan isə hakim Tahirə Əsədovanın icraatına keçərək məhkəmə baxışı xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Hal-hazırda məhkəmə qərardadı əsasında həmin mübahisəli mənzilin üzərinə həbs qoyulmuş və özgəninləşdirilməsi cavabdeh İddiaçı qadağan edilmişdir. İddiaçı iki övladı ilə orada qeydiyyatda olsalar da, heç vaxt həmin mənzildə yaşamamışlar. Həmin mənzildə hal-hazırda cavabdeh və X1 yaşayır . İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 245515 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi, 28 saylı evin 34 kv.m-dən ibarət olan, 2 otaqlı, 36 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. - Sabunçu Rayon Məhkəməsinin 2(008)-225/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə-510 reyestr nömrəsi ilə təsdiq edilmiş X6 ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi, 28 saylı evin 36 saylı mənzilin bağışlanması barədə müqavilə etibarsız hesab edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, mübahisəli mənzil hal-hazırda iddiaçının sahibliyində deyil, cavabeh isə orada yaşayır. İddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnun yaranmasına əsas olan sənəd xx.xx.2005-ci il tarixli X6 ilə İddiaçı arasında bağlanmış bağışlama müqaviləsidir. İddiaçının istinad etdiyi halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçı ona məxsus torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması tələbi ilə məhkəməyə müraciət etsə də, qeyd olunan maddənin tələblərinə görə belə iddia irəli sürülməsi üçün iddiaçı ilk öncə mülkiyyətçi olmalıdır. Lakin, iddiaçının nə qeyd olunan evə, nə də evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. Belə ki, iddiaçı xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsi əsasında aldığı 245515 saylı qeydiyyat vəsiqəsinə istinad edir, lakin Sabunçu Rayon Məhkəməsinin 2(008)-225/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin bağışlama müqaviləsi etibarsız hesab olunmuşdur. Odur ki, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı mənzildən məcburi qaydada çıxarılma və mənzilə daxil olmaq üçün yaradılmış maneələrin arardan qaldırılması tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar