Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1332/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi X32 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil Əyyub oğlunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "mənzildən çıxarılma, özbaşına tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanındakı bağ sahəsindən və həmin bağ sahəsi üzərində tikilmiş fərdi yaşayış evindən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X14 2012-ci ildə vəfat etdikdən sonra ünvan 1 vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmiş və həmin bağ sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı №1157088 saylı Çıxarışına əsasən İddiaçınun adına dövlət qeydiyyatına alınmışdır. Mülki iş üzrə cavabdeh şəxslər bir neçə ildir ki, iddiaçının mülkiyyətində olan bağ sahəsini və orada yerləşən fərdi yaşayış evini zəbt edərək qanunsuz olaraq həmin fərdi yaşayış evində yaşayırlar. Cavabdehlərdən biri qardaşının oğludur, digər cavabdeh isə mərhum həyat yoldaşının nikahdan kənar bir müddət yaşadığı qadındır. Neçə dəfə həmin şəxslərdən bağ sahəsini və orada yerləşən fərdi yaşayış evini tərk etməyi tələb etsə də, cavabdehlər evi tərk etmirlər. Hal-hazırda da cavabdehlər xüsusi mülkiyyətində olan ünvan 1 ünvanındakı bağ sahəsində tikilmiş fərdi yaşayış evində qeydiyyatsız və qanunsuz yaşayırlar. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə digər iddiaçılar X6 və X11 da adından ərizə ünvanlayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı, X6 və X11 mülkiyyətində olan ünvan 1 ünvanındakı bağ sahəsindən və həmin bağ sahəsi üzərində tikilmiş fərdi yaşayış evindən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılması, torpaq sahəsində tikilmiş özbaşına tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin həcminin artırılması barədə xahişini mümkün hesab etmiş və X12 və X15 da iş üzrə iddiaçılar kimi işə cəlb etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil Əyyub oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 gedə biləcəyi başqa yaşayış yeri olmadığından iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı, X4 və X13 adına hər birinin payı 1/3 hissəsi olmaqla xx.xx.2017-ci ildə rəsmiləşdirilmişdir. - Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş "Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə"dən görünür ki, X3 Kəklik Yadigar qızının atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 768 nömrə ilə qeyd edilmişdir. - Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 251331 nömrəli "Doğum haqqında şəhadətnamə"dən görünür ki, X17 xx.xx.1995-ci ildə doğulmuş, atası X16, anası İddiaçı Rücail qızıdır. - Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 251330 nömrəli "Doğum haqqında şəhadətnamə"dən görünür ki, X22 xx.xx.1992-ci ildə doğulmuş, atası X16, anası İddiaçı Rücail qızıdır. - Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 613027 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X16 xx.xx.2012-ci ildə vəfat etmişdir. - 26.01.2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X23 ünvan 2 ünvanında yerləşən 18 kv.m olan mənzili tam mülkiyyət üzrə qardaşı X21 bağışlamışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında X18 adına xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmişdir. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-1433/2020 saylı qətnaməsinə əsasən iddiaçı X7 cavabdeh X19 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbi barədə iddiası təmin edilməmişdir. - Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 5968/2020 saylı qətnaməsinin surətindən görünür ki, X7 apelyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-1433/2020 saylı qətnaməsi ləğv edilərək yenidən iddiaçı X7 cavabdeh X19 qarşı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mərhum X5 rəsmi arvadı olmuşdur. Sonuncusu xx.xx.2012-ci ildə vəfat etmişdir. ünvan 1nin mülkiyyətçisi əvvəl X14, daha sonra isə payı 1/3 hissə olmaqla vərəsəlik qaydasında iddiaçı Mətanət Əkbarovaya, digər hissələri X8 və X2. Cavabdeh1 isə X14 ilə faktiki nikah münasibətlərində olmuşdur. Cavabdeh2 İddiaçı qardaşı oğludur. Cavabdehlər ünvan 1ndə X1 tikili inşa etmişlər. Hazırkı iş üzrə mübahisələndirilən hal həmin tikiliyə Cavabdeh1 və X5 hər hansı hüququn yaranıb-yaranmamasından ibarətdir. Cavabdehlərin çıxarılması tələb olunan tikilinin mərhum Əkbərov Şəmmədin sağlığına tikilməsi işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8-ci maddəsinə əsasən, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı xx.xx.2015-ci il tarixli Qərarından görünür ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş "mülkiyyət" anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "mülkiyyət hüququ" kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından "mülkiyyət" hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999- İİ). "Mülkiyyət" anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda "qanunidir". Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). Baxmayaraq ki, ünvan 1nə iddiaçının mülkiyyət hüququ mövcuddur, nəzərə almaq lazımdır ki, həmin torpaq sahəsi mərhum yoldaşından vərəsəlik qaydasından keçmişdir. İşin mübahisəsiz halından göründüyü kimi, torpaq sahəsinin üzərində yerləşən və mübahisəli ev olan özbaşına tikilinin inşası o zamankı mülkiyyətçisi X1 tikilmiş və belə nəticəyə gəlinir ki, bu mərhumun razılığı ilə olmuşdur. Məhkəmədə bu hal mübahisələndirilməmiş və əksi sübuta yetirilməmişdir. Beləliklə, cavabdehlərin mübahisəli evə dair hüquqları qeydiyyatdan keçməsə də, onların qeyd olunan evə dair "qanuni gözlənti" hüququ var və bu səbədən də onların həmin evdən çıxarılması gələcəkdə yarana biləcək mülkiyyət hüquqlarından məhrum olunması ilə nəticələnə bilər. Cavabdeh1 və X14 mübahisəli evdə əvvəlki mülkiyyətçinin iradəsinə əsasən, Mənzil Məcəlləsinin 8-ci maddəsində göstərilən ümumi əsaslara yaşamışlar və tikili inşa etmişlər. Məhkəmə hesab edir ki, onların orada yaşamaq hüququ var və tikiliyə olan hüquqlarına onlara iddiaçılar tərəfindən müvafiq kompensasiya verilmək yolu ilə xitam verilə bilər. Ona görə də qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli qəbzlə 100 manat dövlət rüsumu ösənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "mənzildən çıxarılma, özbaşına tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli qəbzlə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-1332/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1332/2024
30.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver