Məhkəmə qərarları › İş №2(008)-1338/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1338/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1338/2024 20.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçının Cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi, akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) müraciət edərək, NDM 033839 №-li xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 952,61 manat borcun **********30154 №-li abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun istifadəsindədir. Həmin ünvanda elektrik enerjisindən, təbii qazdan və digər kommunal xidmətlərdən iddiaçı və ailəsi istifadə edirlər. Evində istifadə olunan elektrik enerjisinin ölçülməsi üçün olan işıq sayğacı yaşayış sahəsindən kənarda, açıq şəraitdə, ictimai istifadə ərazisi olan küçədə quraşdırılaraq, sayğac faktiki olaraq ictimai istifadəyə verilmişdir. Bir müddət əvvəl, xx.xx.2023-cü il tarixdə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu rayon RETSİ əməkdaşları tərəfindən evində quraşdırılmış işıq sayğacına güya müdaxilə olunduğu üçün, ona 963 manat cərimə yazılmışdır. Sonradan təqdim olunan aktdan da ründüyü kimi, iddiaçının adı, soyadı, iştirakı və imzası həmin aktda yoxdur. Halbuki, həmin işıq sayğacına heç bir kənar müdaxilə olmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu rayon RETSİ əməkdaşları sayğaca kənar müdaxiləyə dair hər hansı bir sübutu ona təqdim etmədilər. Hesab edirə ki, cavabdehin hərəkətləri və onların tərtib etdikləri "Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında" aktı və digər sənədlər etibarsız hesab edilməli, həmin aktın əsasında hesablanmış borclar silinməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatın dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ünvan 1 ünvanında **********30154 №-li kodla abonent kimi qeydiyyat alınmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndələri iddiaçıya məxsus sayğaca baxış keçirmiş, NDM 033839 №-li xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirmişdilər. Həmin akta əsasən sayğacın qoşulma ardıcıllığı pozulmuş, kənar mənbədən «O» xətti götürülməklə, sayğac sxemdən kənarlaşmışdır. Həmin akt əsasında abonentin hesab koduna 8288 kvts enerjiyə görə 952,61 manat borc yazılmışdır. Həmin məbləğ cavabdeh tərəfindən aşağıdakı qaydada hesablanmışdır: (1,5 kvt x 24 saat x 0,7 x 365 gün) – 910 kvts = 8288 kvts. Hazırda iddiaçı 952,61 manatın silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın: 7.4-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.6-cı maddəsinə görə enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.1-ci bəndinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsi abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə hesab edir ki, istehlakçının təqsiri sübuta yetirilmədiyindən akt üzrə hesablaşma bir ay nəzərə almaqla hesablanmalıdır: (1,5 kvt x 24 saat x 0,7 x 30 gün) = 756 kvts x 0,08 manat = 60,48 manat. Belə olan halda məhkəmə hesab edir ki, 892,13 manat (952,61 – 60,48) iddiaçının hesab kodundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa səasən istehlakçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edlidiyi dövlət rüsumu, iddia tələblərini təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindan dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. NDM 033839 №-li xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 892,13 manat məbləğində borcun **********30154 №-li abonent kodundan silinsin. İddia qalan hissədə rədd edilsin. 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar