Məhkəmə qərarları › İş №2(008)-1344/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1344/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1344/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, döngə 3,18 saylı evdə qeydiyyatda olan Cavabdeh istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, əvvəl Bakı şəhərinin mərkəzində yaşamış, satıb Maştağa qəsəbəsi, Nizami küçəsi, döngə 3,18 saylı 2 mərtəbəli ev olan 6 sot torpaq sahəsini almışdır. O, bu illərdə işləmiş, 2 oğlu, 2 qızı olmuşdur. Hamısı ailəli, hər birinin özünün ayrı evi vardır. Onun indiki evində yalnız oğlu Ramiz qeydiyyatdadır. Onun Biləcəri qəsəbəsində özünəməxsus, hər şəraitli evi, mağazası 2 ayrı-ayrı çıxışları olan kirayəyə vermək üçün evləri vardır. Neçə illərdir ata kimi ona heç bir qayğı göstərmir. O isə özümə aid evi satıb şəhərə göçmək istəyir. FM seriyalı, 018144 saylı qeydiyyat vəsiqəsinə əsasən Sabunçu rayon, Maştağa qəs., Nizami küçəsi, döngə 3-də yerləşən 2 otaqlı, yaşayış sahəsi 51 kvm-dən ibarət mülk ona məxsusdur. ******* N-li arayışa əsasən həmin evdə oğlu Cavabdeh qeydiyyatdadır. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iclasa gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı, X1, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 018144 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami döngəsi 3 ünvanındakı 18 nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2002-ci il tarixində qeydiyyatdan keçirilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-6519/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri üzrə daşınmaz əmlakın qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 5-/8-5/2- 1336/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, Maştağa qəsəbəsi, Nizami küçəsi, döngə 3, ev 18 ünvanında qeydiyyatda olan İddiaçı ərizəsinə əsas olaraq bildirilir ki, oğlu Həsənov X2 qəsəbəsi, Nizami küçəsi, döngə 3, ev 18 ünvanında qeydiyyatdadır, lakin yaşamır. Beləliklə mülki işin hallarından məlum olur ki, Cavabdeh oğlu iddiaçının oğludur. O, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Doğulduğu tarixdən hal-hazırki tarixədək mübahisəli mənzildə qeydiyyatdadır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 5-/8-5/2-1336/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh həmin ünvanda qeydiyyatda olsada, orada yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafıq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməzdən əvvəl, onun həmin mənzilə münasibətdə hazırda istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki işin hallarından məlum olur ki, cavabdeh iddiaçının oğludur və cavabdeh iddiaçıya məxsus olan fərdi yaşayış evində qeydiyyatdadır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 5-/8-5/2-1336/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, cavabdeh qeyd edilən ünvanda rəsmi qeydiyyatda olsa da, sözügedən ünvanda yaşamır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehin onun mülkiyyətində olan mənzilə istifadə hüququnun hazırda mövcud olmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınsada, uzun müddət orada yaşamaması cavabdehin istifadə hüququnu itirilməsinə səbəb olmuşdur. Mövcud olmayan hüququn itirilməsi də hüquqi baxımdan mümkünsüz olduğundan iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Cavabdeh həmin mənzildə pasport qeydiyyatında qalması iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən Cavabdeh mübahisəli mənzildə pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və onların həmin mənzildən istifadə hüququnun olmaması pasport qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, döngə 3,18 nömrəli evdə pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar