Məhkəmə qərarları › İş №2(008)-1364/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1364/2020

16.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1364/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı zəbt olunmuş fərdi yaşayış evindən çıxarılma və evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin həmin evə köçürülməsi və cavabdehin həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 evdən çıxarılmaları və özünün həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, 50 ilə yaxındır ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X15 küçəsində yaşayır. Cavabdeh1 onun evini zəbt edərək həmin evdən çıxmaq istəmir. Bununla bağlı dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsə də, bir nəticəsi olmamışdır. 3 nəfər qonşusunun notarial qaydada bildirdiyi ərizə qeyd edilən ünvanın onun əmlakının olduğunu təsdiq edir. Onlar kirayəşin kimi ayda 100 manat pul məbləğində evin kirayəsinə görə pozuluşsa da, nəticədə evdən çıxmırlar və heç bir ödəniş etmirlər. Bu səbəbdən o, küçələrdə qalır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədi və izahatında qeyd etdi ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X15 küçəsində yerləşən mübahisəli evi 2008-2009-cu illərdə iddiaçının oğlu Bünyatov Ələmdar şəxsən özü inşa etmişdir. Həmin evdə yaşayış olduğu üçün 2011-ci il tarixdə «xxxxxxxx» ASC tərəfindən X2 adına kod verilmiş və sayğac quraşdırılmış, hazırda həmin kod üzrə ödənişlər onun tərəfindən ödənilir. Bundan əlavə 2016-cı ilin fevral ayında «Azəriqaz» İB həmin ünvanda yaşayan X2 həyat yoldaşı Ağarzayeva Səadətin adına abonent kodu verilmiş və sayğac quraşdırılmışdır. xx.xx.2016-cü ildə iddiaçının oğlu Ələmdar qaynatası Ağaziya Ağarzayevə mülki etibarnamə verdikdən sonra 2017-ci ildə həyat yoldaşı ilə Almaniyaya köçmüşdür. İddiaçının digər oğlu Rasim Bünyatov həytyani sahəni və evin ona qardaşı tərəfindən bağışlandığını qonşularına bildirmiş və ora sahiblik etmək istəmişdir. Bu səbəbdən 2019-cu ilin yanvarında evin ona məxsus olduğunu bildirərək hər ay 100 manat ödənişlə ona kirayəyə vermişdir. Rasim Bünyatov evdə olan mebelləri və digər ev əşyalarını özününki kimi qələmə verərək bir hissəsini ona və digər hissələrini başqa şəxslərə satmışdır. Bu hadisədən sonra Ələmdar Bünyatov ona zəng edərək həmin evdə kirayə pulu ödəmədən, kommunal xərcləri ödəmək şərti ilə yaşamağa icazə vermişdir. Yaranmış hər-hansı bir problemlə üzləşdiyində Ağaziya Ağarzayevə müraciət etməyi tövsiyyə etmişdir. İddiaçının oğlu Rasim Bünyatov aylıq kirayə pulunun əldən çıxdığını və evi sata bilməyəcəyini biləndən sonra onun həmin evdən çıxması barədə atası vasitəsi ilə məhkəmədə iddia qaldıraraq yaşamağa evlərinin olmadığını bildirmişlər. Həmin evdən çıxmağa sərəncam vermək səlahiyyəti Ələmdar Bünyatova və onun etibarnamə üzrə nümayəndəsi Ağaziya Ağarzayevə məxsusdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qarayev küçəsi, ev 71 ünvanında qeydiyyatdadır (şəxsiyyət vəsiqəsi). Məhkəmə həmin evə baxiş keçirtmiş və aşağıdakılarını müəyyən etmişdir. Ev özbaşına tikili olmaqla iki otaqdan və mətbəxtdən ibarətdir. Həmin evdə iddiaçının oğlu, onun arvadı və üç uşağı yaşayırlar. Mübahisə predmeti olan ev həmin kəndin digər ünvanında yerləşir. Məhkəmə tərəfindən həmin evə də baxiş keçirilmişdir. Adıçəkilən ev də çox köhnə özbaşına tikilidir. Baxış zamanı cavabdeh mübahisəli evi iddiaçıdan aylıq 100 manat ödənişlə kirayəyə almışdır. Bir-iki dəfə kirayə pulunu vermiş sonra dayandırmışdır. İddia qaldırıldığı zaman evdən çıxmağa razılıq vermiş, lakin sonradan evin əsl sahibi iddiaçının oğlu Ələmdar Almaniyadan əlaqə yaradaraq evin ona məxsus olduğunu bildirmiş və çıxmamağı xahiş etmişdir. Odur ki, evdən çıxmaq niyyətində deyil. Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddianı qəbul etdiyini və Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qarayev küçəsi, 71 ünvanından yerləşən kirayə qaldığı evdən çıxmağa razı olduğun bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilkindən mübahisəli evin ünvanı Nardaran qəsəbəsi, Qarayev küçəsi, 71 göstərilmiş, araşdırmalar həmin ünvanın üzərində aparılmış olsa da, hər zaman tərəflərin niyyətində X15 küçəsində yerləşən ev olmuşdur. Mübahisəli evdə qay sayğacı iddiaçının adına quraşdırılmışdır (“Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış evdə quraşdırılmış sayğacın əvəz olunması prosesində iştirak etməsi barədə xx.xx.2019-cu il tarixli 02 №-li bildiriş, “Azəriqaz” İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* №-li aktı). Eyni zamanda, «xxxxxxxx ASC»-də mübahisəli evin abonenti iddaiçının Almaniyadakı oğlu Bünyatov Ələmdar olmuşdur. X1 məhkəməyə ünvanladığı izahatında atası Bünyatov Sərvərin himayəsində yaşadıqlarını, kommunl xərclərin vaxtında ödənilməməsi ailədə narazılıqlar yaratdığından atasının himayəsindən çıxaraq həyətyani boş və istifadəsiz qalmış hissəsində qaynatası Ağaziya Ağarzayevin maddi köməkliyi ilə özünə fərdi yaşayış evi inşa etdirdiyini və həyat yoldaşı ilə birgə təsərrüfatlarını idarə etdiklərini, 2015-ci ildə Almaniyaya köçdüklərini, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qarayev küçəsi ünvanındakı əmlakını idarə etmək və həmin əmlaka dair istənilən sərəncam vermək üçün qaynatası Ağaziya Ağarzayevə etibarnamə verdiyini, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evində Cavabdeh1 onun razılığı ilə kirayədə yaşadığını və onun həmin evdən çıxmasına sərəncam vermək səlahiyyətinin Ağaziya Ağarzayevə məxsus olmasını qeyd etmişdir. Nardaran qəsəbəsi, Ş.Tuti küçəsi, döngə 5, ev 6 ünvanında qeydiyyatda olan X6, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ş.Tuti küçəsi, döngə 4, ev 9A ünvanında qeydiyyatda olan X7 və Sabunçu rayonu, Nardaran qəsəbəsi, S.Ə.ünvan 4 ünvanında qeydiyyatda olan X3 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qarayev küçəsi, 71 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı məxsusdur. 50 ilə yaxındır ki, ailəsi ilə birlikdə adıçəkilən ünvanda yaşayır, həmin torpaq sahəsi onun istifadəsindədir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli və Nardaran Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli məktublardan görünür ki, Nardaran qəsəbəsi X14 (küçənin keçmiş adı X15) küçəsində yerləşən ev 17 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş bir qrup qəsəbə sakinlərinin ərizəsinə əsasən qəsəbə sakini İddiaçı tərəfindən inşa edilmişdir. Ev İddiaçı məxsusdur. Hazırda iddiaçı cavabdehlərin evdən çıxarılmalarını və özünün evə köçürülməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Cavabdehin həqiqətən mübahisəli evdə qanuni əsaslar olmadan yaşamağı işin mübahisəsiz halıdır. Mübahisə iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasından ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının belə bir hüququ mövcuddur. Belə ki, qeyd edildiyi kimi, ev özbaşına köhnə tikilidir. İddiaçının Almaniyadakı oğlu həmin evin mülkiyyətçisi olmadığından evə dair sərəncam vermək hüququ yoxdur. İddiaçının isə həmin evə dair mülkiyyət hüququ olmasa da, məhkəmə hesab edir ki, yuxarıda sadalan sənədlərdən həmin evə istifadə hüququnun mövcudluğu şübhə yaratmır. Cavabdeh də evin məhz iddiaçıdan kirayə aldığını, bir-iki ay kirayə haqqını məhz ona ödədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1 - ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X15 küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalı və iddiaçı həmin evə köçməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X15 küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. İddiaçı həmin evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar