Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-137/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Ağayeva Səmayə Abdurəhim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X7, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 552/T saylı bağ sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı Qəsəbəsi, 552\T saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin bağ sahəsi xx.xx.2018-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində iddiaçının adına hüquqi qeydiyyatdan keçmişdir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının mərhum qardaşı X8 arvadı, Cavabdeh2 və X9 isə onun övladlarıdır. Onlara iddiaçının razılığı əsasında mülkiyyətində olan bağ sahəsində müvəqqəti olaraq yaşamağa icazə verilmişdir. Qardaşının vəfatından sonra cavabdehlərdən dəfələrlə mülkiyyətində olan bağ sahəsindən çıxmalarını tələb etmiş, lakin cavabdehlər onun tələblərinə məhəl qoymamış və bağ sahəsindən çıxmamışlar. Cavabdehlərin bu hərəkətini qanunsuz və əsassıdır. Bu hal iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozur. Göstərilənlərə əsasən nümayəndə və vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1, iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə razı deyildir. Yenidən ekspertiza təyin edilməlidir. O, 23 ildir ki, mübahisəli bağ sahəsində yaşayır, onların yaşadığı bağ sahəsinin iddiaçının mülkiyyətində olan bağ sahəsi ilə üst-üstə düşməsi mümkün deyil. Onların yaşadığı bağ sahəsinin nömrəsi 552/T deyil. İki qızı ilə qalmağa başqa yeri yoxdur. Cavabdeh göstərilənlərin nəzərə alınaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2, iddia tələbini qəbul etməyərək Cavabdeh1 izahatına uyğun izahat verib, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh X9 məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 552/T saylı bağ sahəsi xx.xx.2018-ci il tarixdə İddiaçı xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci məktubundan aydın olur ki, Cavabdeh1, Cavabdeh2 və X2 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 552/T saylı bağ sahəsində yaşadığı müəyyən olunmuşdur. Məhkəmənin qərardadı əsasında təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/6763 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki: - **********68 reyestr nömrəli çıxarış və plan-ölçü sənədinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.12 ha 552/T saylı bağ sahəsinin İddiaçı xüsusi mülkiyyətində olmaqla sərhədləri Mərkəzə təqdim edilmiş “kadastrportali.az” elektron kadastr portalı məlumat bazası vasitəsilə müəyyən edildi. Həmin ünvanda yerləşən 551/T saylı bağ sahəsinin hüquqmüəyyənedici və plan- ölçü sənədləri iş materiallarına əlavə edilmədiyi və mütəxəssis rəyi təqdim edilmədiyi səbəbindən sərhədlərini müəyyən etmək mümkün olmamışdır. -İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 552/T saylı bağ sahəsinin sərhədlərinin cavabdehlərin faktiki istifadələrində olan bağ sahəsinin sərhədləri ilə üst-üstə düşdüyü, bir ədəd bir mərtəbəli fərdi yaşayış evinin, bir ədəd üstü açıq qalmış yarımçıq tikilinin və eləcə də, köməkçi tikililərin 552/T saylı bağ sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixdə mübahisə predmeti olan əraziyə yerli baxış təyin edilsə də, cavabdehlərin maneə yaratmaları səbəbindən, yerli baxışın keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin huquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Məhkəmə, hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4cü maddəsi tətbiq olunmalıdır. Həmin normanın mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi, məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 552/T saylı bağ sahəsinin sərhədlərinin cavabdehlərin faktiki istifadələrində olan bağ sahəsinin sərhədləri ilə üst-üstə düşdüyü, bir ədəd bir mərtəbəli fərdi yaşayış evinin, bir ədəd üstü açıq qalmış yarımçıq tikilinin və eləcə də, köməkçi tikililərin 552/T saylı bağ sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə həmin rəyi və iş üzrə digər sübutları araşdırıb belə nəticəyə gəlir ki, rəydə göstərilənlər məhkəmə tədqiqatı ilə müəyyən edilmiş xüsusatlarla uzlaşır, ona görə də rəylə razılaşmamaq üçün əsas yoxdur. Belə ki, MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı, onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 552/T saylı bağ sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 çıxarılmaları tələbini irəli sürməkdə haqlı olmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmiş, eyni zamanda, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməli, eyni zamanda, məhkəməyə təqdim edilmiş 0.11.2023-cü il tarixli, 10/6763 nömrəli ekspert rəyinin verilməsinə görə 50 manat məbləğində məhkəmə xərci cavabdehlərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 552/T saylı bağ sahəsindən çıxarılsınlar. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilsin. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-137/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-137/2024
06.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver