Məhkəmə qərarları › İş №2(008)-1371/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1371/2023

13.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1371/2023 13.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 MMC-nə qarşı mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti olmaqla “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və.s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh1 MMC-yə qarşı mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti olmaqla “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və.s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlarla Cavabdeh1 MMC arasında bağlanmış əmək müqavilələrinə xitam verilmiş hesab edilməsi və əmək müqavilələrinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə onlrlaa İraq vətəndaşı Nozad X9 Al-Zeebaree-nin direktoru olduğu Cavabdeh1 MMC arasında əmək müqaviləsi bağlanmışdır. Lakin həmin şəxs Azərbaycan Respublikasını tərk etmiş və Cavabdeh1 MMC ümumiyyətlə fəaliyyət göstərə bilməmişdir. Bu səbəbdən onunla bağlanmış əmək müqavilələrini ləğv etmək mümkün olmamışdır. MMC-nin direktorunu tapa bilmədiyindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 06 iyun 2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etmişlər. X7 Xidmətinin 14 iyun 2022-ci il tarixli, **********1 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X7 Xidmətinin səlahiyyətləri xaricindədir. Beləliklə, Cavabdeh1 MMC-nin direktoru tərəfindən işəgötürən kimi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin icrası mümkün olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindən qalmışlar. Məsələnin başqa həlli yolu olmadığından və adlarına sözügedən əmək müqavilələrinin mövcud olması onların hüquqlarının pozulmasına səbəb olduğundan hesab edir ki, iddiası təmin ediməli, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X6 iddia tələbinə etiraz etmədiyini, iddia tələbinin həlli məsləsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışının surətindən görünür ki, Cavabdeh1 MMC xx.xx.2019-cu il tarixdən VÖEN ********** nömrəsi ilə təşkilatı-hüquqi forması Məhdud məsuliyyətli cəmiyyət olmaqla nizamnamə kapitalında mayaların miqdarı İddiaçı1 49 %, X12 X9 51 % qeyd edilməklə hüquqi şəxs yaradılmışdır. Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışının surətindən görünür ki, Cavabdeh1 MMC xx.xx.2019-cu il tarixdən VÖEN ********** nömrəsi ilə qanuni təmsilçisi Al Zeebaree X1 qeyd edilmiş, çıxarış xx.xx.2019-cu il tarixdə, **********583400 nömrəsi ilə verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinə İddiaçı1 adından yazılmış ərizədən də görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 ilə xx.xx.2019-cu il tarixdə İraq vətəndaşı Al Zeebaree X2 tərəfindən Cavabdeh1 MMC-də əmək müqaviləsi imzalanmışdır. Sonra o şəxs ölkəni tərk etdiyindən və bir daha qayıtmadığından onların əmək müqaviləsinə xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli cavab məktubundan görünür ki, qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X7 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X7 Xidmətinə həvalə edilmədir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, R/N- 2289 nömrəli Nozad X9 AL-Zeebaree-yə ünvanlanmış məktubunun surətindən görünür ki, onun rəhbərlik etdiyi Cavabdeh1 fəaliyyəti təkrar araşdırılmış və şirkətin fəaliyyəti olmadığından müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması ilə bağlı xx.xx.2019-cu il tarixli müraciəti barədə qəbul edilmiş qərar qüvvədə saxlanılması barədə məlumatlandırılmışdır. Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, direktoru X1 Cavabdeh1 MMC ilə İddiaçı3 arasında bağlanmış müddətli əmək müqaləsi əsasında, İddiaçı3 Cavabdeh1 MMC–də katibə vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin müddəti xx.xx.2019-cu il tarixə kimi müəyyən edilmişdir. Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı2 arasında bağlanmış müddətli əmək müqaləsi əsasında, İddiaçı2 Cavabdeh1 MMC–də kargüzar vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin müddəti xx.xx.2019-cu il tarixə kimi müəyyən edilmişdir. Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış müddətli əmək müqaləsi əsasında, İddiaçı1 Cavabdeh1 MMC–də müdür müavini vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin müddəti xx.xx.2019-cu il tarixə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xİdmətinin Sərhəd Nəzarətinin xx.xx.2023cü il tarixli, 3-38-33/2-899/2023 nömrəli İAMAS bazasında əldə edilmiş məlumatlardan görünür ki, X12 X9 sonuncu dəfə xx.xx.2019-cu il tarixdə ölkədən çıxış etmiş, ölkəyə giriş barədə hər hansı bir məlumatı yoxdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/5-03609 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçılar tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin tələbinə görə:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 İraq vətəndaşı Nozad X9 Al-Zeebaree-nin direktoru olduğu Cavabdeh1 MMC arasında əmək müqaviləsi bağlanmışdır. Lakin həmin şəxs Azərbaycan Respublikasını tərk etmişdir. İddiaçıların əmək müqaviləsi ilə nəzərdə tutulmuş müddət başa çatmış olsada, tərəflər arasında bağlanmış mək müqaviləsinin ləğv edilməsinə dair bildirişi elekton sistemə yerləşdirilməsi işə götürən tərəfindən icra edilməmişdir. Bundan sonra iddiaçılar əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron sistemə yerləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etmiş olsalar belə onlar imtina cavabı almışlar. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1 ilə Cavabdeh1 MMC, İddiaçı2 ilə Cavabdeh1 MMC və İddiaçı3 ilə Cavabdeh1 MMC arasında bağlanmış əmək müqavilələrinə xitam verilmiş hesab edilməli, əmək müqavilələrinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 ilə Cavabdeh1 MMC, İddiaçı2 ilə Cavabdeh1 MMC və İddiaçı3 ilə Cavabdeh1 MMC Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqavilələrinə xitam verilmiş hesab edilsin. Əmək müqavilələrinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar