Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1386/2021 29.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kirayə haqqının, cərimənin ödənilməsi və alınmış pul vəsaitinin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kirayə haqqının, cərimənin ödənilməsi və alınmış pul vəsaitinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış əmlak kirayəsi müqaviləsinin bəndləri tam icra olunmadığına görə, aylıq kirayə haqqının 50 misli yəni, 17500 (on yeddi min beş yüz) manat məbləğində cərimə, alınmış pul vəsaitini, mənzilə vurulmuş maddi ziyanı və kirayə haqqını özündə ehtiva edən 1400 manat məbləğində pul olmaqla, ümumilikdə 18900 (on səkkiz min doqquz yüz) manat məbləğində pulun cavabdehdən alınaraq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin sabiq əməkdaşı Cavabdeh müraciətinə əsasən, mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 26 saylı evin 23 saylı mənzilini aralarında bağlanmış 14.05.2019-cu il tarixli kirayə müqaviləsinə əsasən, ona kirayəyə vermişdir. Qanunvericiliyin və müqavilənin 4-cü bəndinin tələblərinə əsasən, mənzili və mənzildəki bütün əşyaları akt əsasında Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh bir neçə ay mənzilində yaşadığı üçün ona inanıb etibar etmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində Cavabdeh mənzilə bəzi əşyaların lazım olduğunu bildirərək, həmin əşyaların alınması məqsədilə, ondan 800 (səkkiz yüz) manat pul istəmişdir. Cavabdeh etibar etdiyindən, 10.01.2020-ci il tarixdə həmin mənzilə ev əşyalarının alınması üçün 800 (səkkiz yüz) manat pul vermişdir. 2020-ci ilin mart ayından sonra Cavabdeh kirayə haqqını gecikdirib verməmiş, istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməmişdir. Mənzilə gedib Cavabdeh iştirakı ilə baxış keçirən zaman mənzilin xarici, daxili divarlarında, tavanında dağıntıların olmasını, divar kağızının korlanmasını, mətbəxdə asılan çilçırağın sındırılmasını, yataq otağındakı mebelin zədələnməsini, qaz plitəsinin istismara yararsız vəziyyətə salınmasını və başqa halları müşahidə etmişdir. Cavabdeh qısa zaman ərzində mənzilə vurduğu maddi zərəri aradan qaldıracağına, aldığı 800 (səkkiz yüz) manat məbləğində pulu geri qaytaracağına və kirayə haqqını ödəyəcəyinə söz vermiş və bu məqsədlə, ona vaxt verməsini xahiş etmişdir. Ona vaxt verərək, 2020-ci ilin mart ayından iyun ayına qədər gözləməsinə, dəfələrlə Cavabdehla telefon vasitəsilə əlaqə saxlamasına baxmayaraq, sonuncu mənzilə vurduğu maddi zərəri aradan qaldırılmamış və ev əşyalarının alınması adı ilə onu aldadıb aldığı 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini geri qaytarmamış, kirayə haqqını ödəməmişdir. Buna görə də, mənzilə vurulmuş maddi ziyan barədə Cavabdeh iştirakı ilə 12.06.2020-ci il tarixdə akt tərtib edilmişdir. Həmin aktda A. Əzimov tərəfindən mənzilə və mənzildə olan akt əsasında istifadə etmək üçün ona təhvil verilmiş əşyalara vurulmuş maddi ziyan barədə qeyd edilmişdir. Bundan başqa Cavabdeh tərəfindən bir aylıq kirayə haqqı ödənilməmişdir. Cavabdeh mənzilə vurduğu maddi ziyanın məbləği kirayə haqqı ilə birlikdə 600 (altı yüz) manat, cinayət xarakterli əməlləri nəticəsində ona vurulan maddi ziyanın ümumi miqdarı isə 1400 (min dörd yüz) manat təşkil edir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə 02.07.2020-ci il tarixdə şikayət ərizəsi göndərmişdir. Bundan sonra ona məlum olmuşdur ki, barəsində çoxsaylı şikayətlər olunmasına zəmin yaratdığına, icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəlikləri üzərinə götürdüyünə, xidməti yoxlama prosesində məsuliyyətdən yayınmaq məqsədi ilə qeyri-səmimi mövqe tutduğuna, xidmətdə mənfi xarakterizə olunduğuna görə və onun haqqında qüvvədə olan ciddi intizam tənbehi də nəzərə alınmaqla, polis baş serjantı Cavabdeh Baş Mühafizə İdarəsinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Cavabdehla aralarında bağlanılmış əmlak kirayəsi müqaviləsinin 1.1-ci bəndinin tələblərinə əsasən, kirayə verən mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilini yaşayış təyinatı ilə istifadə edilməsi üçün kirayəçiyə kirayəyə verməyi, kirayəçi isə kirayə predmentini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş kirayə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinin tələblərinə əsasən, hər ay üzrə kirayə haqqı kirayəçi tərəfindən kirayə verənə hər ayın 14-nə kimi nağd qaydada və ya köçürmə yolu ilə ödəniləcək. Müqavilənin 5.2.1-ci yarımbəndinin tələblərinə əsasən, kirayə verən müqavilə ilə müəyyən edilmiş kirayə haqqının kirayəçi tərəfindən müəyyən edilmiş müddətdə və tam ödənilməsini tələb etmək hüququna malikdir; 5.3.1-ci yarımbəndinin tələblərinə əsasən, kirayə haqqını vaxtında və tam ödəmək kirayəçinin öhdəliyidir, müqavilənin 5.3.4-cü yarımbəndinin tələblərinə əsasən, kirayə predmentinə təqsiri ucbatından dəymiş zərəri öz hesabına aradan qaldırmaq və ya zərərin əvəzini kirayə verənə ödəmək kirayəçinin öhdəliyidir. Həmin müqavilənin 7.4 və 7.5-cü bəndlərinin tələblərinə əsasən, müqavilənin bəndləri kirayəçi tərəfindən tam icra olunmadıqda kirayəçi kirayə verənə aylıq kirayə haqqının 50 misli məbləğində cərimə ödəyir. Cərimənin ödənilməsi tərəfləri öz müqavilə öhdəliklərindən azad etmir. Cavabdeh kirayə götürdüyü mənzili 2020-ci ilin avqust ayınadək təhvil verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh 2020-ci ilin aprel ayı üçün nəzərdə tutulan kirayə haqqını ödəməmişdir ki, bu məbləğ müqaviləyə əsasən, 350 manat təşkil edir. Bundan başqa, Cavabdeh mənzilin divarlarına, tavanına, əşya və avadanlıqlarına vurduğu zərəri Cavabdeh özü aradan qaldırmadığından, məcbur olub şəxsi vəsaiti hesabına usta çağıraraq divarın, tavanın korlanmış hissələrini təmir etdirmiş, əşya və avadanlıqları yeniləmişdir, həmçinin Cavabdeh istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmişdir ki, bütün bunlara 250 manat pul xərcləmişdir. Təmir üçün lazım olan materialları, eləcə də korlanmış əşya və avadanlıqları “8-ci km bazarı” adlanan ticarət mərkəzinin ətrafında yerləşən dükanlardan aldığından, ona alış-verişi təsdiq edən qəbz verilməmişdir. O, qeyd olunanlara əsasən, iddianın təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 14.05.2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən İddiaçı Bakı şəhəri, R.Rüstəmov küçəsində yerləşən 26 saylı binanın 23 saylı mənzilini kirayəçi Cavabdeh kirayəyə vermişdir. Müqavilənin şərtlərinə görə, müqavilənin müddəti 5 ildir, 1 aylıq kirayə haqqı 350 manat təşkil edir. İş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən 14.05.2019-cu il tarixdə tərtib edilmiş aktdan görünür ki, kirayə müqaviləsi əsasında İddiaçı məxsus Bakı şəhəri, R.Rüstəmov küçəsində yerləşən 26 saylı binanın 23 saylı mənzilindəki əşya və avadanlıqlar istismara tam yararlı formada Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən 12.06.2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh mənzildə yaşadığı zaman mənzilə aşağıdakı zərərlər vurulmuşdur: mətbəxdə çilçıraq sınmış, mətbəxin tavanının künc hissəsi qaralmış, dəhlizin tavanının kiçik bir hissəsi dağılmış, televizorda Azərbaycan kanallarının tutulması pozulmuşdur. Həmçinin yataq otağında şkafın təmirə ehtiyacı yaranmış, mənzilin çöl hissəsinin divarının dağıdılmış hissəsi təmir edilməmiş, qaz plitəsinin gözləri tutulmuş, qonaq otağında divar kağızı korlanmış, istifadə edilmiş elektrik enerjisinin dəyəri ödənilməmişdir. Cavabdeh 18.06.2020-ci il tarixədək yuxarıda qeyd olunan çatışmazlıqları aradan qaldıracağını və elektrik enerjisinin dəyərini ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış 10.01.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 800 manat pul vəsaiti alaraq, sonuncuya məxsus olan və kirayəçi kimi yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 26 saylı binanın 23 saylı mənzilinə 2020-ci ilin yanvar ayının sonunadək ev əşyalarını alıb qoyacağını öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 20.07.2020-ci il tarixli məktubda bildirilir ki, onun Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən mənzildə kirayədə yaşamış Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin polis nəfəri, polis baş serjantı Cavabdeh evdəki məişət əşyalarını yararsız hala salaraq kommunal borclarını ödəməməsi və məişət əşyaları alacağı adı ilə ondan 800 manat borc pul alaraq vədinə əməl etməməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və “102” Xidməti-zəng mərkəzinə ünvanladığı eyniməzmunlu müraciətlərinə baxılmışdır. Bildirilir ki, barəsində çoxsaylı şikayətlər olunmasına zəmin yaratdığına, icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəlikləri üzərinə götürdüyünə, xidməti yoxlama prosesində məsuliyyətdən yayınmaq məqsədilə qeyri-səmimi mövqe tutduğuna, xidmətdə mənfi xarakterizə olunduğuna və qüvvədə olan ciddi intizam tənbehi də nəzərə alınmaqla polis baş serjantı Cavabdeh Baş Mühafizə İdarəsinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İş materiallarına əlavə olunan 02.03.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh ümumilikdə 18900 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (448.2-ci maddə). Məhkəmə tərəfindən müəyyən olunur ki, Əliheydər Ağabala oğlu ilə Cavabdeh arasında öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, Cavabdeh İddiaçı 800 (səkkiz yüz) manat pul vəsaiti alaraq, sonuncuya məxsus olan və kirayəçi kimi yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 26 saylı binanın 23 saylı mənzilinə 2020-ci ilin yanvar ayının sonunadək ev əşyalarını alıb qoyacağını öhdəsinə götürməsinə baxmayaraq, həmin öhdəliyi yerinə yetirməmiş, kirayə qaldığı mənzilin çatışmayan əşyalarını almayaraq, götürdüyü 800 (səkkiz yüz) manat pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Müəyyən olunur ki, tərəflər əmlak kirayəsi müqaviləsi bağlamaqla, aralarında kirayə münasibətləri mövcud olmuşdur. Belə ki, iş materiallarında olan 14.05.2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən İddiaçı Bakı şəhəri, R.Rüstəmov küçəsində yerləşən 26 saylı binanın 23 saylı mənzilini kirayəçi Cavabdeh kirayəyə vermişdir. Həmin müqavilənin 5.3.1-ci yarımbəndinə əsasən, kirayə haqqını vaxtında və tam ödəmək kirayəçinin öhdəliyi, 5.3.4-cü yarımbənə əsasən, kirayə predmentinə təqsiri ucbatından dəymiş zərəri öz hesabına aradan qaldırmaq və ya zərərin əvəzini kirayə verənə ödəmək kirayəçinin öhdəliyidir. Müqavilənin 2.1-ci bəndinə əsasən, 1 aylıq kirayə haqqı 350 manat təşkil edir. Kirayəçi müqavilə bağlandığı tarixdən 2020-ci ilin mart ayınadək kirayə haqqını ödəsə də, aprel ayının kirayə haqqını (350 manat) ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh mənzildə yaşadığı zaman mənzilə və mənzildəki bəzi əşyalara zərərlər vurulmuş, istifadə edilmiş elektrik enerjisinin dəyəri ödənilməmişdir. İddiaçı öz vəsaiti hesabına elektrik enerjisinin dəyərini ödədiyini, mənzilində aşkar edilmiş çatışmazlıqları aradan qaldırdığını, buna görə 250 manat pul xərclədiyini, lakin təmir üçün lazım olan materialları, eləcə də korlanmış əşya və avadanlıqları “8-ci km bazarı” adlanan ticarət mərkəzinin ətrafında yerləşən dükanlardan aldığından, ona alış-verişi təsdiq edən qəbz verilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı əmlak kirayəsi müqaviləsinin 7.4-cü bəndinin tələbindən çıxış edərək, ona aylıq kirayə haqqının 50 misli məbləğində (17500 manat) cərimə pulu ödənilməli olduğunu bildirmişdir. Məhkəmə hesablanmış cərimənin aylıq kirayə haqqının məbləğinə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən, cavabdehdən ona qarşı irəli sürülən iddiaya münasibətini, iddiaya etirazı olub-olmadığını, etirazı olduğu təqdirdə, bunun hansı hallarla sübuta yetirilə biləcəyini aydınlaşdırmaq mümkün olmasa da, məhkəmə iş üzrə yekun nəticəyə gələrkən, iddiaçının təqdim etdiyi sübutlarla yanaşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 20.07.2020-ci il tarixli məktubu da nəzərə alır. Belə ki, həmin məktubda bildirilir ki, barəsində çoxsaylı şikayətlər olunmasına zəmin yaratdığına, icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəlikləri üzərinə götürdüyünə, xidməti yoxlama prosesində məsuliyyətdən yayınmaq məqsədilə qeyri-səmimi mövqe tutduğuna, xidmətdə mənfi xarakterizə olunduğuna və qüvvədə olan ciddi intizam tənbehi də nəzərə alınmaqla polis baş serjantı Cavabdeh Baş Mühafizə İdarəsinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunalara əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçıdan aldığı 800 (səkkiz yüz) manat, bir aylıq kirayə haqqı 350 (üç yüz əlli) manat, vurulmuş zərərə görə 250 (iki yüz əlli) manat və cərimə pulu 50 (əlli) manat olmaqla, ümumilikdə 1450 (min dörd yüz əlli) manat pul tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. Məhkəmə hesab edir ki, əsas borca münasibətdə iddia tələbi təmin edildiyindən, 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıdan aldığı 800 (səkkiz yüz) manat, bir aylıq kirayə haqqı 350 (üç yüz əlli) manat, vurulmuş zərərə görə 250 (iki yüz əlli) manat və cərimə pulu 50 (əlli) manat, cəmi 1450 (min dörd yüz əlli) manat və dövlət rüsumu 30 (otuz) manat olmaqla, ümumilikdə 1480 (min dörd yüz səksən) manat pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-1386/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1386/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver